7 il Dubayda əsir qalan azərbaycanlı qadının HƏYAT HEKAYƏTİ

<b>7 il Dubayda əsir qalan azərbaycanlı qadının <span style="color:red;">HƏYAT HEKAYƏTİ </b>
1 mart 2018
# 13:00

Günel Natiq

Sosial şəbəkədəki rəsmi səhifəmə bu dəfə fərqli bir mesaj gəldi:

“Siz həyat qadınlarından yazırsınız? Mən öz həyatımı nəql etmək istəyirəm. Bəlkə ürəyimdəki yükdən azad oldum. Həm də gənc qızlara ibrət dərsi olsun.”

Daha əvvəl ünvanıma oxşar məktublar gəlmişdi, amma ciddi qəbul etməmişdim. Bu mesaj ciddiyyəti ilə seçilirdi. Hiss və həyəcan sanki sətirlərə hopmuşdu.

Qərara gəldim ki, Lalənin (ad şərtidir) həyatını qələmə alım. Bəlkə doğrudan da bu hekayət kimisə yanlış addım atmaqdan çəkindirdi?

Hərçənd belə bir fikir var ki, başqalarının yıxılmağı bizə yeriş öyrədə bilməz. Biz özümüz yıxıla-yıxıla yeriməyi öyrənirik. Yəni başqalarının deyil, öz səhvlərimiz bizə həyatı öyrədir.

Amma insanlığın yaşam təcrübəsini heçə saymaq olmaz. Elə insanlıq da öz təcrübələrini nəsil-nəsil ötürdüyü üçün mövcuddur. Biz də ona görə varıq ki, pis-yaxşı nələrisə mənimsəmişik. Gələcək də ona görə var olacaq ki, biz bu gün varıq və həyatımızı ələkdən keçirə-keçirə onlar üçün ən yaxşı, ən faydalı olanları saxlayırıq.

***

Lalə şəhərə oxumaq adıyla gəlib. Rayonda istəklisi olub, amma Lalə sevgilisini əmin edib ki, yalnız onu sevir və institutu bitirən kimi evlənəcəklər...

Tələbələrin təşkil etdiyi ziyafətlərin birində İmran adlı oğlanla tanış olur. Elə ilk baxışda İmran Laləni başdan-ayağa süzüb: “Qəşəng qızsan, ancaq baxımsızsan, -deyir, - üzərində işləsələr o biri qızlar əlinə su da tökə bilməz.”

Laləyə bu söz əcaib gəlir. Necə yəni üzərində işləmək lazımdır? İmran ona uca-uca dağlar vəd edir... Lalə düşünür ki, bəlkə doğrudan da onun gələcəyi əlçatmaz bir yerdədir?

İmran onu tanış modelyerlərin yanına aparır, son dəbli paltarlar sifariş edir. Lalə dəyişir, tamamilə başqa bir qadına çevrilir.

Axşamları rəngli keçirdi. İçki məclisləri gecəyə qədər uzanırdı. Əvvəllər içə bilmirdi, ürəyi bulanırdı, sonra alışdı. Həyat necə də sadə imiş. O, isə həyatı mürəkkəbləşdirməyə, ciddi planlar qurmağa hazırlaşırdı! İndi Lalə belə düşünürdü.

Sonra bu hamiləlik... Sözsüz ki, İmran uşağına sahib çıxmalıydı, axı bu onun canından bir parça idi. İmran uşağı abort etməyi təklif edir, Lalə razılaşmayanda zarafat etdiyini deyib bildirir ki, onlar evlənəcəklər və bu uşaq hökmən dünyaya gələcək.

Bir axşam Lalə evə qayıdanda qarşısını bir adam kəsib üstündəkiləri çıxarmağı əmr edir. Lalə tərəddüd edir. Adam qızın çantasını əlindən alır, özünü də itələyir. Sonra hardansa daha bir neçə adam peyda olub onu vəhşicəsinə döyürlər. “Qarnımı bərk-bərk qucaqlayıb qışqırırdım, amma harayıma gələn yox idi. Handan-hana onlar məndən əl çəkib getdilər. Huşumu itirdim. Sonra məni bir bomj tapıb. Yazığı gəlib. Yaxınlıqdakı binanın gözətçilərinə yalvarıb ki, kömək etsinlər. Onlar da təcili yardıma zəng vurublar. Beləcə xilas olmuşam. Yəni mən... Uşaq isə tələf olmuşdu”.

Lalənin istəklisi rayondan gəlib çıxanda o, xəstəxanada yatırdı. Hər şeydən xəbərsiz idi. Bəlkə də qızı tək buraxdığı üçün özünü söyürdü. Çətinliklə də olsa, xəstəxananın yerini öyrənə bilir. Tibb bacılarından eşitdikləri onu dəhşətə gətirir: “Hansı Lalə? Uşağını salan qadını deyirsiz?” “Yox, uşaq salan yox, mənim Laləm” - deyə oğlan qışqırır. Və ordan uzaqlaşır.

“Onu bir də görmədim. İndi xatirələrdən başqa bir kəsim yox idi. Onlar da bir müddətlik qonaq idilər; məndən üz döndərib yaddaşımdan uzaq düşürdülər”.

Lalə xəstəxanadan çıxan gün İmran bir buket güllə gəlir. Başının çox qarışıq olduğunu, amma bütün qəlbiylə onun yanında olduğunu deyir. Lalə yenə əvvəlki “rəngli” həyatına qayıdır.

***

“Mənim həyatım filmə bənzəyir, - müsahibim hekayətini yarıda kəsib yazdı, - elə bil həyatımın ssenarisini usta bir ssenarist yazıb. Ona görə dəyişiklik etmək mümkün olmadı.”

Sözlərindəki məyusluq mənə də sirayət edir, təəssüflə gülümsəyirəm, ağır atmosferə baxmayaraq, “həyat qadını”ndan hekayətinin davamını nəql etməsini xahiş edirəm...

***

Bir gün İmran Laləni restorana dəvət edir. “Bu axşam xüsusilə gözəl və cazibədar görünməlisən. Səni bir vacib adamla tanış edəcəyəm”, - deyir. Laləni restoranda tək qoyub çıxır.

“Stolun başında tək-tənha oturub İmranın getməzdən qabaq qədəhimə süzdüyü şampan şərabından içirdim. Düzü, həyatdan gözləntilərim yox idi. Kimin və nə üçün gələcəyi də elə də maraqlı deyildi.”

Lalənin gözlədiyi naməlum adam hansısa bir şirkətin sahibi olan Alik adlı (özünün dediyinə görə) 40-45 yaşlarında birisi idi. O da dəbdəbəli saraylardan, “qızıl dağları”ndan dəm vurur. O danışır, Lalə isə bir ucdan içərək key-key ona baxırdı.

“Axırda lap kefləndim və Alikin məni bir başqa mənzilə apardığının da fərqinə varmadım. Səhər özümə gələndə “hələlik burda yaşayacaqsan”, - dedi. İmranı soruşdum, dedi: “İmran artıq yoxdur, mövcud deyil”. Bunu deyib güldü. “Səni bizə satıb o. Artıq bizimsən, bizim malımızsan”.

Lalə: “Mən heç kimin təhkimlisi deyiləm, sən dəli olmusan!” - deyib çığıranda Alik “çox da vay-şivən salma, İmran da heç mələk-zad deyil. İstəyirsən, sənə bir sirr açım? Elə bilirsən, sənin döyülməyin təsadüf idi? Bunun arxasında duran adamın kim olduğunu bilmək istəyirsən?

“Tanış adı eşitməmək üçün qulaqlarımı tutdum. Bu qədər zərbə yetərli idi”.

Hər şey indi aydınlığa qovuşurdu. Amma artıq çox gec idi.

“Sən özün mənə lazım deyilsən, amma şirkət üçün işləyəcəksən,”- Alik çıxanda deyir. “Bir neçə gündən sonra Dubaya yola düşürük. Səninki ofis işidir. Öhdəsindən gələrsən”,- deyir.

Dubayda onu yeni iş gözləyirdi. Amma Alikin dediyi kimi ofis işi deyil, müştərilərin qulluğunda duran, onlara hər cür xidmət göstərən fahişəlik işi. Pasportunu əlindən almışdılar, indi o “təhkimli işçi” idi.

“7 il həyatım elə keçdi”, - Lalə deyir. “Hər günüm cəhənnəm əzabı idi. Müştərilərdən yaxşı davrananlar da olurdu, çoxu isə mənimlə məzələnir, başıma itin oyununu açırdılar. Şəhvətlərini söndürmək üçün ən murdar işlərə sövq edirdilər. Artıq hüquqsuz cariyə idim, dediklərini etməli idim. Yoxsa cəzam ağır olurdu.

Bir dəfə kefli bir ərəb gəldi. Nadürüstün biriydi. Əvvəllər də bir-iki dəfə görmüşdüm, o gedəndən sonra qızlar “əyyaş” deyə arxasınca söyürdülər.

Bütün gecəni əlində əsir-yesir oldum. İnsanlığını itirmiş, yırtıcıya dönmüşdü. Bədənim ağrılardan keyimişdi, özümü hiss eləmirdim. Yenidən yaxınlaşmaq istəyəndə pis söydüm onu, itələdim. Dəliyə döndü. “Bu sənə ağır başa gələcək”,- dedi. Üzümü cırıq-cırıq elədi. O çapıqlar indiyə kimi üzümdədir, hər baxanda o məşum günləri xatırladır...

7 ildən sonra məni azad elədilər. Bir az pul yığmışdım, yalnız onu götürməyə icazə verdilər. Beləcə vətənə gəldim, bir müddət psixoloji müalicə aldım. Normal adam o əzablara tab gətirə bilməz...”

***

Qadın susdu. Mən də susdum. Nə yazacağımı bilmirdim. Təsəllimi edim, ovudummu, “hər şey qabaqdadır”, -deyimmi? İkimiz də bilirik ki, yaşananlar yaşanıb. Daha bir həyat yaşamaq lazımdır ki, o ağrıları ruhundan, bədənindən, ürəyindən qoparasan. Çapıqlar problem deyil. Ağrılı olan yaddaşın cızıqları, çapıqlarıdır...

# 2721 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #