İntihar niyyəti güdməyən özünəxəsarət – Etimad Başkeçid yazır...

İntihar niyyəti güdməyən özünəxəsarət – <span style="color:red;">Etimad Başkeçid yazır...
22 iyun 2018
# 12:10

Kulis.az Etimad Başkeçidin “Bir hüzn evidir dünya bizimçün...” yazısını təqdim edir.

“Hüzn özü də yetərlidir, amma ondan yaxşıca zövq almaq üçün başqalarıyla da bölüşməlisən”

Mark Tven

Fazil Mustafa ilə əzadarlar (millət vəkilinin şərti opponentləri) arasında səngimək bilməyən mübahisə məni bu yazını qələmə almağa sövq etdi.

Qüsura baxmayın, mənə elə gəlir ki, Fazil bəyin müzakirə, disput açmaq, «ağlaşma»nın sosiomədəni kontekstini araşdırmaq məqsədiylə səsləndirdiyi fikirləri ya auditoriya düzgün anlamır, ya da qəsdən müəllifi mübahisəyə çəkirlər ki, ara qarışsın, məzhəb itsin. Axı çoxdan məlumdur: «dedim-dedi» janrında söz güləşdirməklə, intellektual səviyyəsindən asılı olmayaraq, heç kəsi fikrindən döndərmək mümkün deyil; mübahisə heç bir anlaşılmazlığı aradan qaldırmır, əksinə ixtilafı daha da dərinləşdirir…

Əslində isə, ortada heç bir ixtilaf yoxdur, millət olaraq bir-birimizin fərqli görüşlərini həzm etməmək, sinirə bilməmək problemi var.

Dostlar, əzadarlıq – özünə işgəncə vermənin tarixi çox qədimlərə dayanır. Bu barədə külli miqdarda ədəbiyyat var – yəni hüznün, yas tutmanın bu şəkli dünyaya çoxdan məlumdur və illah da Hüseyn aşiqlərinin icadı deyil. Antik dövrün yazılı mənbələrində tez-tez Diana kultundan söz açılır. Bu kultun çeşidli yönləri var, bunlardan biri də özünü dəmir çubuqla və xüsusi hazırlanmış işgəncə alətləri ilə döyməkdir.

Əzadarlıq askeza – tərki-dünyalığın ayrılmaz tərkib hissəsi olaraq bütün dinlərdə yer alır; erkən xristianlıqda isə buna xüsusi önəm verilirdi. “İnsanlığı xilas etmiş İsa Məsihin əzablarını öz bədənində hiss etmək”, “ruhən təmizlənmək”, “Tanrının oğluna təziyə saxlamaq”, “Tanrı səltənətini möhkəmləndirmək” və s. kimi şüarları rəhbər tutub əzadarlıq edənlərə indi də rast gəlinir. Amma hazırda dünyada daha çox onların obrazını görürük – incəsənətdə, ədəbiyyatda, kinoda. Əzadarlar – flagellantlar (lat. qırmanclayan, şallaqlayan) indinin özündə, psixoloqların, sosioloqların, filosofların, yaradıcı insanların tədqiqat obekti olaraq qalır. Hollandiyalı məşhur rəssam Piter Ların “Əzadarlar”, ispan rəssam Fransisko Qoyanın “Əzadarların yürüşü” kimi qiymətli sənət əsərlərini, Den Braunun bestsellerə çevrilmiş “Da Vinçi kodu”nu - əzadar monax-albinos Saylasın iztirablarını xatırlayaq…

Orta əsrlərdə Avropada əzadarlıq böyük vüsət almışdı. İş o yerə çatmışdı ki, əzadarlarların fanatizmindən istifadə edən xarici qüvvələr ayrı-ayrı ölkələrin, o cümlədən də, Almaniyanın təhlükəsizliyini təhdid etməyə başlamışdılar. Nəticədə Almaniya imperatoru Sigizmundun təkidi ilə 1414-cü ildə Roma papası işə qarışmalı olmuşdu. İş burasındadır ki, flagellantlar bütün əndazələri aşmışdılar: dinin ehkamlarını hər addımda pozur, məlum “səbəb”lərdən yəhudiləri qırır, özünüdöymə mərasimlərinə uşaqları da cəlb edirdilər və s. Əzadarların qəribə rituallarından biri də uşaqları qanına qəltan etmək və onları öz qanında xaç suyuna çəkmək idi…

Avropalılar yalnız on beş il sərasər mübarizə apardıqdan sonra özünü döyə-döyə ölkələri dolaşan əzadarların, şəbeh çıxaranların hərəkatı öləziməyə başlamışdı.

Mən burada hər hansı tarixi paralellər aparmaq fikrindən uzağam, sadəcə, faktları sadalayıram.

Fikirləşirəm ki, ola bilsin, müsəlman dünyasının ən böyük problemi öz “papa”sının və “müqəddəs sinod”a bənzər bir qurumunun olmamasıdır. Ona görə, hər ağızdan bir hava gəlir, peyğəmbərlərin, imamların sözlərini hərə bir yerə yozur.

Ağlaşma-özünüdöymə, müəyyən mənada, hansısa tarixi dövrlərin kollektiv mentallığını əks etdirir; din kimi qəbul edilən Hindistan-Çin mənşəli təlimləri nəzərə almasaq, əsas dinlərin hamısınında olub, var. Buna müəyyən tarixi zəmində formalaşmış adət-ənənələrin, normaların, dəyərlərin ifadəsi kimi də baxmaq olar. Amma, dediyimiz kimi, sekta xarakterli yarıleqal icmaları bir kənara qoysaq, bütün mədəni xalqlar bu praktikadan çoxdan imtina ediblər. Buna sadəcə tarixi-mədəni relikt kimi baxırlar; mədəniyyətdə, ədəbiyyatda buraxdığı izləri öyrənir, daim dəyişilən insanın və sosiumun həyat prinsiplərinin, davranış modellərinin formalaşmasında onun rolunu tədqiq edirlər.

Bu, mədəni dünyanın gəldiyi nöqtədir. Hazırda insanlara bu praktikanın özü yox, onun psixoloji aspektləri daha maraqlıdır. Müasir psixiatriyada bu cür hərəkətlər nonsuicidal self-injury kimi təsnifləndirilir. Yəni «intihar niyyəti güdməyən özünəxəsarət». Məlum olur ki, bu ritualı yerinə yetirərkən, insan sanki zamansızlığa yuvarlanır, öyrəşdiyi sosial çərçivədən kənara çıxır, insanın özündən və gerçəklikdən təcrid olunmasına, hətta trans və ekstaz vəziyyətinə düşməsinə səbəb olur. Deyilən ağıların, vurulan zərbələrin monotonluğu, üstəgəl, fiziki ağrı vəziyyəti daha da qəlizləşdirir. Bu praktikayla məşğul olan insanlarda ağrıdan asılılıq yaranır; özü də bu, narkotik asılılığı kimidir – özünə işgəncə verməkdən həzz ala bilmək üçün getdikcə daha çox, daha şiddətli ağrıya ehtiyac duyursan…

Bütün bunlar qərb alimlərinin vaxtilə qərbdə keçirilən ayinlər barədə gəldiyi qənaətlərdir.

Bizsə… adama elə gəlir ki, hansısa tarixi mərhələdə ilişib qalmışıq və ya höcətə düşmüşük – nə deyilənləri eşitmək istəyirik, nə də başqalarının keçdiyi yola baxıb, ibrət götürmək.

Bu yerdə yazının qaralamasıyla tanış olduqdan sonra dostum-qardaşım İlqar Rəsulun dedikləri: “Cəmiyyətlər inkişaf etdikcə, insan sağlamlığına, düşüncəsinə zərər vuran, xəsarət yetirən belə ayinləri özlərindən aşağı toplumlara – az inkişaf etmiş cəmiyyətlərə ötürərək onlardan yaxalarını qurtulublar. Əzadarlığın bizdə bu qədər aktual olması, mətbuata çıxarılarkən əleyhdarları qədər də tərəfdarlarının hay-küy salması onu göstərir ki, top çoxdandır bizim sahəmizə ötürülüb və oyun yetərincə qızışıb. İndi bir cəmiyyət olaraq bizim borcumuz onu ən pis halda özümüzdən az inkişaf etmiş hansısa cəmiyyətə ötürərək qurtulmaq, ən yaxşı halda isə bu topu sadəcə auta göndərməkdir....”

İndi Fazil Mustafanın əzadarlıqla və ekstaz vəziyyətində yad təsirlərə müqavimət hissini itirmiş insanlarımızın davranışı ilə bağlı dedikləri yaxın perspektivdə nə dərəcədə vəziyyəti dəyişə bilər? Bunu bilmirəm. Bir şeyi dəqiqdir: vaxt keçəcək, bütün mədəni xalqların çoxdan arxada qoyduğu tarixi mərhələ bizmçün də retrospektivə çevriləcək. Ona görə də, gəlin bir-birimizlə «dalaşanda» elə dalaşaq ki, gələcəkdə ilə barışmağa üzümüz olsun; bu umu-küsünü özümüzlə İlon Maskın bizim üçün kəşf edəcəyi uzaq planetlərə də aparmayaq.

# 2489 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #