Əriniz belə edirsə... mütləq boşanın! – Könül Cəfərli yazır...

Əriniz belə edirsə... mütləq boşanın! – <span style="color:red;">Könül Cəfərli yazır...
20 noyabr 2017
# 11:00

Hamiləliyinin son ayı idi. Axşam zəng gəldi ki, qızı xəstəxanaya aparıblar. Əvvəl sevindik, sonra məlum oldu ki, uşaq doğulmayıb, əri yenə möhkəm əzişdirib. Təpik qarnına dəydiyindən qanaxması olub. Əri yalvar-yaxar edib ki, mənim adımı vermə, həbs etsələr, uşaqlara kim baxacaq-zad? O da balalarını düşünərək və azərbaycanlı abrına qısılaraq, yalandan deyib ki, pilləkəndən yıxılmışam. Amma müayinə zamanı bədənindəki göyərtilər həkimi şübhələndirib. Əri polisə düşmədən, məsələni “həll” edə bilib. Nə isə, qızın canı bərk olub, ciddi zərər görməyib. Yoldaşı da götürüb evə gətirib. Olan uşağa oldu, atasından “yediyi” təpik sayəsində vaxtından tez doğuldu.

Hadisədən qohum-əqrəba xəbər tutdu. Hamı bildi, amma heç kim səsini çıxarmadı. Bir də ki, döyüb öz arvadını döyüb. Bizdə qadının kötəklənməsi ailə həyatının bir parçasıdır. Həm də əmi-dayı etiraz edib nə söyləsin? Kürəkən deməz ki, guya özünüz döymürsünüz ki? Beləcə, kişi həmrəyliyi qadın zorakılığını davam etdirir.

Yazıq qız 10 ildir zülm çəkir. İlk vaxtlar boşanmaq istəyəndə anası qoymayıb. “Ərsiz qadının adına tez söz çıxar” deyə-deyə susdurublar. Hələ “hamımız döyülə-döyülə arvad olmuşuq, yaşlananda yerə qoyacaq” söyləyən baldızları da var. Yalan demirlər ha, gerçəkdən cavanlıqları kötək yeməklə keçib. Dözüb oturublar, indi hərəsinin 60-dan çox yaşı var. Ancaq yaşlanandan sonra ağ günə çıxıblar. Gəlinə də təsəlli verirlər ki, səbr elə, qocalanda düzələcək. Təsəvvür edirsinizmi? Həyatının 25-30 ili, gənclik çağların təpiyin altında keçməlidir ki, saç ağarandan, diş töküləndən sonra dinclik tapasan. Bizdə “yaxşı gəlin” olmağın bədəli budur. Yəqin eşitmiş olarsınız, deyirlər filankəs elə yaxşı gəlindir, əri döyüb-söyür, səsi də çıxmır.

Keçən gün bizimkini yenə əri döyüb. Qız həyətə düşüb, o qədər öz başını ağaca çırpıb ki, axırda ürəyi gedib. Uşaqlar yerdə sifəti, saçı qan içində tapıblar. Səhəri gün görməyə gedəndə tanımadım. Yanağı şişib, sağ gözü görünmür. Sifətini göstərib, “özüm də bilmədim necə oldu. Bir o yadımda qalıb ki, bərk hirsli idim, həyətə düşdüm. Gerisini xatırlamıram. Ayılanda gördüm ki, qızım başım üstündədir, əlində də qanlı pambıq. Dəli oldum, elə bildim o, yaralanıb. Sonra güzgüdə üzümü görəndə qorxdum”-dedi.

İndi boşanmaq haqqında ümumiyyətlə fikirləşmir. Deyir övladlarımı düşünürəm, sonra kimsə başlarına qaxar, həm də hər oğlan qayıtmış ananın qızını almaq istəməz.

Ailə cinayətləri ilə bağlı xəbər oxuyanda həmin qohumum yadıma düşür. Tək fiziki zərər görmür, psixikası da ciddi zədələnib. O, tək deyil, eyni durumda olan başqa tanıdığım qadınlar da var. Ərlərindən ayrılmaq ağıllarından da keçmir. Yanlış anlamayın, boşanmağı təbliğ etmirəm. Amma əgər qadın fiziki-psixoloji zərər görür, həyati təhlükəsi varsa, bütün cəsarətini toplayıb bu addımı atmalıdır.

Boşanma əlbəttə ki, çətin qərar, ağrılı prosesdir. Amma biz onu olduğundan qat-qat ağır və vahiməli təsəvvür edirik. Çox zaman ana balasını düşünərək bu yolu seçmir. Halbuki ən çox zərbə uşağa dəyir. Ağır münaqişəli ailədə övladın xoşbəxtliyindən söhbət gedə bilməz. Dava-dalaş, qan, bıçaq, balta görən, psixikası korlanmış uşaq nə qədər qayğısız ola bilər ki?

Önəmli olan normal şərtlərlə ayrılmaqdır. Düşmən olmadan, ən azı köhnə tanışlar kimi bitirməyi bacarmaq, sivil boşanma ilə uşaqların maksimum az zədə almasına çalışmaq lazımdır.

Boşanma ilə bağlı ictimai rəy də mənfidir. Az qala bunu ayıb bilən ailələr var. Həm də dul qadının adına tez söz çıxa bilir. Məsələn, gərək hərəkətlərinə daha çox diqqət edəsən, bir balaca ehtiyatsız davranış asanlıqla dilə sala bilər. Bir az baxımını artırsan, camaat şübhələnməyə başlayacaq. Hamı namusunu təftiş edəcək.

Hələ inancları demirəm. Guya boşanmış qadın “təhlükəlidir”, düşər-düşməzi ola bilər. Məsələn, kiminsə cehizinə baxsa, təzə gəlinin qarşısından keçsə zərər verər, onların da ailəsi dağılar. Sanki boşanma “virus”u daşıyır.

Bütün bu cəfəngiyatı bildikləri üçün qadınlar ayrılmaq istəmir.

Qəribə də olsa, inanclar, ictimai qınaq ancaq qadına aiddir, boşanmış kişilərə dəxli yoxdur.

Çox erkən, cəmi 24 yaşında bir oğlu ilə dul qalmış yaxın qohumum var. Qonaq gedəndə gördüm ki, yeməyin kartofu yoxdur. Dedi ki, almağı unutmuşam, evə çatanda yadıma düşdü, ikinci dəfə mağazaya enə bilmədim. Adamlar şübhələnər ki, görəsən ərsiz qadın niyə təkrar aşağı düşüb?

Bizdə boşanmış qadın olmaq budur.

Kişilər zəif tərəfimizi yaxşı bilir və bundan sui-istifadə edir. Əmindirlər ki, nə qədər zülm etsələr də, arvad ayrılmayacaq.

Odur ki, ailədə zorakılıqların qarşısını almaq üçün öncə boşanma ilə bağlı ictimai fikir kökündən dəyişməlidir. Qadın bilməlidir ki, onun da adam kimi yaşamaq haqqı var, kişi evdə padşah, o isə kölə deyil, bərabərhüquqludur. Müdafiə olunmağa fiziki gücü çatmırsa, polisə müraciət edə bilər. Boşanmaq da evlənmək qədər təbii haldır. Qadının zorakılığa dözmək məcburiyyəti yoxdur, bunu ondan heç kəs-nə valideynləri, nə övladları tələb edə bilməz. Hər gün ağzı-burnu qanayan, təhqir olunan ananı görmək uşaqlar üçün də işgəncədir.

Qorxmayın, siz əriniz dediyi qədər də əfəl, heç nəyə yaramayan, bacarıqsız deyilsiniz. Güc toplasanız, özünüzə də baxarsınız, övladınıza da. Asan olmasa da, mümkündür. Yetər ki, qadını əzən el qınağının, batil inancların, “camaat nə deyər” qorxusunun qarşısında dayana biləcək iradəniz olsun...

# 1233 dəfə oxunub

Oxşar xəbərlər

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

21:00 10 dekabr 2024
# # #