Uşağını qisas üçün öldürən analar – Sevinc Elsevər yazır...

Uşağını qisas üçün öldürən analar – Sevinc Elsevər yazır...
26 iyul 2017
# 13:10

Səhəri tükürpədən xəbərlə açdıq. Şəmkirdə bir qadın iki azyaşlı uşağıyla özünü qatarın altına atıb. Qatarın maşinisti nə qədər çalışsa da, faciədən qaçmaq mümkün olmayıb.

Hələlik məlumdur ki, qadın əri ilə, ərinin bibisi ilə (ərinin bibisinin evində yaşayırmışlar) mübahisə eləyib, atası evinə getdiyini bəhanə eləyərək evdən çıxıb. Yəqin ki, evdən çıxarkən məqsədi elə özünü də, uşaqları da öldürmək olub.

Belə hadisə birinci dəfə olmur ölkəmizdə. Yadımdadır, hardasa 10-12 yaşım vardı. Rayonumuza bitişik kəndin içərisindən axan arxda bir qadın uşaqlarıyla özünü boğmuşdu. Onda çox sarsılmışdı hamı. Hələ uşaqlar daha çox. Dərhal öz anam haqqında düşündüm. Görəsən, anam da məni, qardaşlarımı aparıb arxda belə boğarmı?! Axı mənim də anamla atam tez-tez dalaşırdılar.

Uşaqlarını boğan qadın uşaqlarının ayaqlarına daş bağlamışdı hətta. Özünün ayaqlarına yox. Təsəvvür edin, heç bir xilas yeri də qoymaq istəməmişdi körpələr üçün. Özündən arxayın olsa da, uşaqlarının ölmək istəmədiyini bilirdi. Ona görə, uşaqların ayağına daş bağlamışdı.

Mən hələ də bu əhvalatı tez-tez xatırlayıram və düşünürəm ki, adam bu qərara ani olaraq gələ bilməzdi.

Deməli, yüz ölçüb, bir biçib. Daş tapıb, kəndir tapıb. O daşı kəndirlə uşaqların ayağına bağlayıb. Yəqin ki, uşaqları başa düşüblər, ağlayıblar, yalvarıblar, sudan qorxublar. Amma ürəyi qəzəbdən, kindən daşa dönmüş ana fikrindən dönməyib.

Amaliya Pənahovanın baş rolda oynadığı “Medeya” tamaşasına AzTV kanalından baxmışdım, onda da uşaq idim. 9-10 yaşlı qızcığaz idim, tamaşanı axıra qədər izlədim və aldığım təəssüratı heç unutmadım.

Onda anladım ki, qadının qəzəbi elə bir alovlu qəzəbdir ki, onu dəryalar soyuda bilməz. “Su meymunun boğazına çatanda balasını da tapdayır” - bu cür əhvalatları eşidəndə adamlar belə deyirlər.

Qadın uşağını niyə öldürür? Qisas üçün. Kişini yandırıb-yaxmaq, bir ömür boyu peşman etmək üçün. Bəlkə uşaqları anasız qoymaqdansa, kimsəsiz buraxmaqdansa, öldürməyi tərcih edir? Yaxud ən qiymətli varlıqlarını özündən sonra kimsəyə miras qoymaq istəmir? Mənim olmadı, qoy sənə də qismət olmasın! Mən balalarımdan oldum, sən də balalarından olasan deyibən qadın uşaqlarını da özüylə birgə öldürür.

Uşaqlarımızı onlardan soruşmadan dünyaya gətirmişik. Zatən bunun özü nə qədər ağır bir şeydi? Şansımız yoxdu ki, onlardan xəbər alaq: əzizim, bu dünya qanlı-qadalı, aclığı, soyuğu, istisi, cəhənnəmi olan dünyadır. Belə bir dünyaya gəlmək istərsənmi?

Həm də özümüz dəfələrlə dünyaya gəldiyimizə peşiman olduğumuz halda, yenə dünyaya uşaqlar gətiririk. Sonra da həmin uşaqlardan “Bu dünyada qalmaq sənə xoşdurmu? Ölmək istəyirsənmi?” - deyə xəbər almadan onları öldürmək?!

Onlarla qadın tanıyıram, deyirlər ki, ərimlə dalaşmışdım, hamilə idim, getdim uşağımı abort elətdirdim.

Belə də qisas olar?!

Nikol Kidmanın baş rolda oynadığı “Başqaları” adlı film var. Orda da qadının əri müharibəyə yollanır. Qadın ərinin ölüm xəbərini alır, çox əziyyət çəkir. Uşaqlarını yastıqla boğur, özünü də öldürür.

Sən demə, o biri dünyada üzləşmək varmış. Adamın ölüsü belə peşman olurmuş. Uşaqlarının üzünə baxmağa utanırmış...

Hamıdan eyni şəkildə güclü olmağı tələb eləmək də olmur. Amma uşaqlardan güc almaq olar, onları öc almaq vasitəsinə çevirməksə...

Heç cür ağlıma sığışdıra bilmirəm.

# 2705 dəfə oxunub

Oxşar xəbərlər

Kayli Minouqdan etiraf: "İkinci dəfə xərçəngə tutulduğumu hamıdan gizlətdim"

Kayli Minouqdan etiraf: "İkinci dəfə xərçəngə tutulduğumu hamıdan gizlətdim"

13:12 21 may 2026
Narkotik təbliğatında təqsirli bilinən reperlə bağlı məhkəmə qərarı

Narkotik təbliğatında təqsirli bilinən reperlə bağlı məhkəmə qərarı

12:36 21 may 2026
"Sənət dialoqu”  layihəsi çərçivəsində növbəti görüş

"Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş

12:06 21 may 2026
Qadına verilən “əyləncə pulu”... - Kişilər niyə aliment verməkdən imtina edirlər?

Qadına verilən “əyləncə pulu”... - Kişilər niyə aliment verməkdən imtina edirlər?

12:00 21 may 2026
Tural Cəfərlinin şeirlər kitabının təqdimatı olacaq

Tural Cəfərlinin şeirlər kitabının təqdimatı olacaq

11:25 21 may 2026
Nə Folkneri bəyənirdi, nə də Heminqueyi - Bir gülləyə iki yazıçını vuran qatil

Nə Folkneri bəyənirdi, nə də Heminqueyi - Bir gülləyə iki yazıçını vuran qatil

11:00 21 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər