Dənizçi “Dəniz bizi Allaha yaxınlaşdırır ”  MÜSAHİBƏ

Dənizçi “Dəniz bizi Allaha yaxınlaşdırır ”  MÜSAHİBƏ
20 may 2016
# 12:38

"Bir gəmidə 17 nəfərlik heyətlə üzürük. 17 ailə başçısı ilə aylarla dənizdə bu limandan o limana neft daşıyırıq. Bir tərəfdən dəniz təhlükəsi, digər tərəfdən tonlarla odun üstündə getmək asan deyil. İşimi o qədər sevirəm ki, bu yolda heç bir təhlükə sənət sevgimə mane ola bilməz. Mən hər dəfə səfərə çıxanda kəlmeyi-şəhadətimi deyirəm, amma o səfərdən zövq almağı da bilirəm”.

Bu sözləri bizimlə söhbətində 5 ildir çörəyini dənizdən çıxaran müsahibimiz İlkin Zamanlı deyir. İlkin gəmidə mexanikdir. Onun sözlərinə görə, gəmidə mexanik işləmək gəminin ürəyi olmaq deməkdir: "Əgər matros gəminin gözüdürsə, bu peşə sahibləri gəminin döyünən ürəkləridir. Ürək döyünürsə, həyat davam edir. Ürək döyünməsə, göz görüb irəliyə gedə bilməz. Mexanik də olmasa gəmi "ölər”, hərəkət edə bilməz. Bizim sənətin sahibləri demək olar ki, gəminin bütün işlək mexanizmlərinə cavabdehdir”.

"Dənizə vuruldum”

25 yaşlı gənc dənizçi orta məktəbi bitirdikdən sonra Azərbaycan Dəniz Balıq Sənaye Kollecinin Gəmi mexaniki fakültəsinə daxil olub. Xəzər Dəniz Gəmiçiliyində gəmi motorçusu kimi işə başlayıb. 4 il motorçu kimi işlədikdən sonra mexanik vəzifəsini icra edib. İlkin deyir ki, bu sənəti ona dayıları sevdirib: "Dəniz elədir ki, burada işləyənlərin əksəriyyətinin hər hansı bir qohumu, yaxını dənizdə işləyir. Mənim də dayılarım dənizçi, gəmi kapitanıdır. Mənə dənizi sevdirən, məni dəniz həyatına gətirən dayım olub. Dayımın işini gördükdən sonra mən də dənizə vuruldum. Dəniz mənə dayımın verdiyi əbədi dolanışıq qapısıdır”.

"Dəniz evdən uzaqlaşdırır, Allaha yaxınlaşdırır”

Sənətinin vurğunu olan həmsöhbətimiz deyir ki, dənizdə işləmək hər gün təhlükənin üzərinə getmək deməkdir: "İşimin çətin tərəfləri çoxdur. Bəzi insanlar düşünür ki, dənizdə pul var, orada işləmək lazımdır. Amma pul qazanmaq asan deyil. Təhlükə üzərinə getmək, dənizin ortasında güclü küləklə üz-üzə qalmaq, böyük dalğalarla mübarizə aparmaq asan deyil. Ən çətini isə evdən uzaq olmaq, sevdiklərinə həsrət qalmaqdır. Dəniz bizi evdən uzaqlaşdırır, Allaha yaxınlaşdırır. Mən buna görə dənizi çox sevirəm. Bütün bu çətinliklərə baxmayaraq, uzaq sahillərdən gəldikdə səni sevən, yolunu gözləyən ailənin olması sevindiricidir. Aylarla onlardan uzaq olur, hər gün sevdiklərinizi düşünürsünüz. Maraqlısı odur ki, bu qədər təhlükədən, darıxmaqdan danışıram, amma dənizi niyə bu qədər sevdiyimi anlaya bilmirəm. Yəni gəmidə xarici ölkələri gəzmək, dənizlə təmasda olmaq heç də düşünüldüyü qədər asan deyil”.

"Torpağın həsrətini çəkirəm”

İlkin deyir ki, dənizdə olarkən hər zaman torpağın həsrətini çəkir: "Biz dənizçilər torpağı sizdən daha çox sevirik. Dənizdə ətraf yalnız mavi sulardan ibarətdir. Qarşıda nə bir ada, nə də sahil görünür. Bax, o zaman bilirsən yerin, torpağın qədrini... Bir dənizçi üçün dünyada ən gözəl duyğu səni çox-çox uzaqda – sahildə gözləyən kimsənin olmasıdır. Onlar da mənim ailəm, sevdiklərim və həyat yoldaşımdır. Hələ övladın olduqdan sonra bu həsrət daha da böyüyür. Bu nüanslar gəmidə məni Allaha yaxınlaşdırır”.

"Həsrət çəkirdim”

Müsahibimiz dənizdə başına gələn maraqlı hadisələri də bizimlə bölüşdü: "Elə günlər olur ki, dənizdə uzun yol gedirik. Rabitə kəsilir. Günlərlə, aylarla evdən xəbər ala bilmirik. Telefonumuzda şəbəkə olmur. Gəmi kapitanları xəbərdarlıq edir ki, bir saat sonra gəmidə şəbəkə olacaq. Cəld gəminin üstünə çıxıb əlini yuxarıda saxlayırsan ki, şəbəkə gəlsin, sevdiklərindən xəbər alasan. Mən ailəmə, sevdiklərimə bağlı insanam. Hələ günlərlə uzaqda qaldıqda sevdiyindən xəbər ala bilməməyin necə dəhşətli hiss olduğunu təsəvvür etməzsiniz. Düzdür, ata, ana sevgisi başqadır. Amma sevdiyinin həsrətini çəkmək, ondan xəbər almamaq dəhşətlidir. Aşiq olursan, daim onu düşünürsən, amma danışa, səsini eşidə bilmirsən. Bu, çox çətindir. Valideyn sevgisi isə elə bir hissdir ki, bu qədər həsrət çəkdiyin halda şəbəkə olan kimi ilk olaraq onlara zəng vurursan”.

"6 ay dənizdə yaşadıq”

Gənc dənizçi dənizdə dəfələrlə ölüm təhlükəsi ilə üzləşib. Ən təhlükəlisi isə Rusiya sularında olub: "2012-ci ildə ilk iş aylarım idi. Rusiya sularında dəhşətli külək və dənizin sərt sifətiylə mübarizədə imtahan verdim. İki gün özümə gəlmədim. Üstümüzə gələn 7 metrlik dalğalar gəminin içərisindəkiləri vahiməyə salmışdı. Gəmidə yaşca ən kiçik mən olduğum üçün diqqət mərkəzində idim. İş yoldaşlarım mənə təsəlli versə də, özləri də yanacaqla dolu tankerin böyük dalğalarla üzləşməsini sakit qəbul edə bilmirdilər. 7 metrlik dalğa bizim irəliləməyimizə imkan vermirdi. Amma kapitanımızın işini bilməsi, ustalığı bütün heyətin həyatını xilas etdi. İkinci hadisə də məhz Rusiya sularında oldu. Tankerimizin Rusiya sularında saxlanılması bizi 6 ay dənizdə yaşamağa sövq etdi”.

"Mənə dəniz verin”

Müsahibimiz sonda vurğuladı ki, dənizdə təhlükəli hadisələrlə üzləşdikdə bütün heyət kəlmeyi-şəhadətini deyir: "Bu peşəni sevmədən icra etmək mümkün deyil. İnsan ailəsinə bağlı olduğu qədər dənizə də bağlı olmalıdır ki, bütün təhlükələrə göz yuma bilsin. Ölüm qorxusu belə onu sənətindən uzaqlaşdırmamalıdır. Təhlükə ilə üzləşəndə kəlmeyi-şəhadətimizi desək də, təhlükə sovuşduqda heç nə olmamış kimi işimizə davam edirik”.

Həmsöhbətimiz deyir ki, sənətdə rastlaşdığı çətinliklərə baxmayaraq, ikinci dəfə peşə seçmək şansı olsa, düşünmədən yenə dənizçi olar: "Mahnıda da deyildiyi kimi: "Mənə dəniz verin, tənha qalmışam, O, mənə ən şirin sözlər deyəcək”. Mən artıq dənizdə yaşamağa, dəniz havası udmağa alışmışam. Nə qədər təhlükəli olsa da, peşəmi sevə-sevə icra edəcəm. Dənizi o qədər sevirəm ki, az qalıram dənizi qucaqlayam”.

Aygün ƏZİZ

Kaspi.az

# 1429 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #