Xalq şairi adı Musa Yaqubu necə dəyişdi? – Ayxan Ayvaz şairin evindən yazır...

Xalq şairi adı Musa Yaqubu necə dəyişdi? – Ayxan Ayvaz şairin evindən yazır...
29 may 2019
# 11:23

Musa Yaquba Xalq şairi adı veriləndə biz təsadüfən Buynuz kəndində, onun görüşündə idik. Xəbəri şairə deyəndə doluxsundu, kövrəldi, gözlərindən yaş axmağa başladı.

Oğlu Şəhriyar, nəvələri Nərgiz və Ayxan da yanındaydı. Hamı bir-bir onu təbrik elədi. Musa müəllim isə ağlayırdı. Oğlu onun göz yaşına bulanmış üzündən öpürdü, Musa Yaqub isə kirimək bilmirdi.

Mən bu göz yaşının arxasındakı mənzərəni görürdüm: ömrün sonu, meşəyə gecə yarısı girib ağacları baltalayan adamlar...

Çox şey vardı bu ağlamaqda. Və Musa müəllim səssiz-səssiz çiynini ata-ata ağlayanda özümü saxlaya bilmədim, onu bərk-bərk qucaqladım. Bu arada şairin nəticəsi balaca Musa Yaqub da atasının qucağında şaşqın nəzərlərlə bizə baxmaqdaydı.

- Musa! Musa! – səslədim onu.

Artıq Xalq şairi olmuş Musa Yaqub balaca Musanı görüb gülümsündü:

- Ayə!

Balaca Musa Yaqubu onun yanına gətirdilər.

- Babaya “ay allah” elə... – nəvələri dedi.

Uşaq ürkdü elə bil, “ııı-ııı” eləyə-eləyə ağlamağa başladı. Onu dərhal uzaqlaşdırdılar.

Biz dörd gənc yazar tarixi gün yaşadığımızı düşünüb qucaqlaşdıq. Qərara aldıq ki, bu tarixi günü qeyd edək.

Toqqanı bərkidib geri gələndə televiziyaların Musa Yaqubun evinə axışdığını gördük. Musa Yaqub çətinlik çəkirdi, danışmağa ərinirdi.

Musa müəllim dağdağan ağacına oxşayırdı. Evindən təbiətə körpü çəkmişdi və o körpünün qurtaracağı dağdağan ağacının yanına çıxırdı. Qırış basmışdı ağacı, kimsə budaqlarını qırmışdı. Qıraqdan solğun görünürdü.

Musa Yaqubla söhbətimizi xatırladım:

“Nə biləydim, o vaxt sevəndə ağıl da lazım imiş...”

Ən gözəl sevgi şeirləri yazdığı qadın haqda danışarkən demişdi.

“Mən poeziyada inad elədim”.

Səsi çox uzaqdan gəlirdi. Elə bil onun səsinin böyründə şırıltıyla çay axırdı.

Musa Yaqub indi də gur-gur guruldayan aparıcının səsinin yanında kirimişcə oturmuşdu və hiss edirdim ki, danışmağa heyi yoxdur.

Aparıcı isə dil-qəfəsə qoymadan üyüdürdü: “Bizim möhtəşəm poeziyamızın...”

Sonra kabab çəkildi, Xalq şairi üçün ziyafət süfrəsi açıldı. Araqların ardı-arası kəsilmədi. Və bizim gözümüz Musa Yaqubu axtarırdı. O isə yox idi.

- Hardadı? – nəvəsindən soruşdum.

- Yatır...

Xalq şairi adı verildiyi gün Musa Yaqub mışıl-mışıl yatırdı. Bizsə onun şeirlərini deyirdik, haqqında xoş sözlər söyləyirdik.

Şairin telefonu bizimlə idi. Hər zəng gələndə tamada Pünhan İsmayıl götürürdü telefonu:

- Buyurun, Musa Yaqubun prodüseridir!

Musa Yaqubun üzü gözümün qabağına gəldi. Nədənsə, onu Qvazimodaya bənzətmişdim. Qvazimodanın ürəyi Paris Notr-Damda döyünürdü, Musa Yaqubunku isə Buynuz kəndində.

- Musa Yaqub bizim fəxrimizdi.

Badələr toqquşur, sağlıqlar deyilir, getdikcə məclis qızışır, kefliliyimiz artırdı.

Buynuz kəndi Musa Yaqubun evinə axışırdı.

Məclisimiz dolub-daşırdı.

Mən şeir deyirdim Musa Yaqubdan.

Kefli başla yadıma düşdü ki, bir ara Musa Yaqubun otağına getmişdim. Hər yer səliqəliydi, kitablar rəflərdə düzülmüşdü, şairin portreti divardan asılmışdı.

Makinasının qabağında oturub tıqqıldatdım. On dəqiqə Musa Yaqubun otağında tək qaldım. Uzanmaq istədim yatağına. Sonra düşündüm ki, bu yataqda uzanmaq üçün nə yazmışam axı.

На данном изображении может находиться: один или несколько человек, люди сидят и в помещении

Otağı gəzə-gəzə rəfin üstündə bir şəkil gördüm. Əlləri yana açılmış bir qadının şəkli. Arxasında ağaclar. Qadın şal bağlamışdı və üzündə itmiş təbəssüm parıldayırdı.

Nəvəsi içəri girəndə soruşdum:

- Yoldaşıdır hə?

- Hə... Son günlərində çəkilib.

- Kədərlidir.

- Çox...

На данном изображении может находиться: Ayxan Ayvaz, в помещении

Bizim Musa Yaqubun şərəfinə badələri toqquşdurduğumuz vaxt şair bu otaqda təkbaşına qalıb.

- O yatağa heç kimi yaxın buraxmır. – nəvəsi deyir.

İndi o yataqda Musa Yaqub tək yatır, yanındakı boşluqla bərabər...

Biz sərxoş olmuşduq, şeirlər deyirdik şairdən...

Musa Yaqubla qonşu olmuşduq. Biz - Fərid Hüseyn, Orxan Həsəni, Rəvan Cavid və mən. Üzbəüzdəki evi tutmuşduq. Evə girəndə çönüb Musa Yaqubun evinə baxdım. Təbiətə uzanan körpü indi daha qırmızı göründü gözümə.

O körpüdən təbiətə keçid eləyən Musa Yaqubu düşündüm. Yanına da xanımını qoydum. Şəkildə əllərini yana açmış qadını deyirəm. Görən o şəkil necə çəkilmişdi? O şəklə Musa Yaqub da çəkilmək istəmişdimi?

Səhərisi gün Musa Yaqubu xəstəxanaya apardılar. Həyəcanlanmışdı dedilər. Biz yola çıxmalıydıq. Amma şairi gözləməliydik. Onu sağlam görüb qayıtmalıydıq.

Musa Yaqubu gətirdilər. Yaxşı görünürdü. Oğlu isə başını buladı. Musa Yaqubun yanına girdik. Əllərini öpdük və sağollaşdıq. Xalq şairi adını təzəcə almış Musa Yaqub şaşqın gözlərlə bizə baxırdı.

Çölə çıxanda balaca Musa Yaqubu gördük. Bizdən qorxdu. Ağlamağa başladı. Kiriyəndən sonra maşına minib getdik. Balaca Musa Yaqubun şaşqın gözləri arxamızca düşmüşdü...

# 5197 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
"Təcili yardım"ın aktyoru vəfat etdi

"Təcili yardım"ın aktyoru vəfat etdi

09:50 12 dekabr 2024
"Bahar"ın aktrisası yeni serialda

"Bahar"ın aktrisası yeni serialda

09:36 12 dekabr 2024
Məşhur aktyorun nəvəsi:  "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

Məşhur aktyorun nəvəsi: "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

09:00 12 dekabr 2024
İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
#
#
# # #