Ayaz Salayevin çəkilməyə qorxduğu AzTV verilişi – Sevda Sultanova yazır...

Ayaz Salayevin çəkilməyə qorxduğu AzTV verilişi – Sevda Sultanova yazır...
18 noyabr 2019
# 12:40

Rövşən Məmmədov Azərbaycan Dövlət Televiziyasına sədr təyin olunandan sonra kanal ənənəvi ritorikadan arınmağa başlayıb. Yeni, keyfiyyətli kadrlara üstünlük verilir, çevikliyə, yenilikçiliyə, aktuallığa ciddi cəhdlər duyulur. Üstəlik, Az.TV-nin özəl kanallardan fərqi onun mədəni səviyyəsini qorumasındadır.

Və Nailə Babayevanın aparıcısı olduğu “Çıxışa doğru” tok-şousuna dəvət alanda məhz bunları nəzərə alaraq getdim. Əvvəl də N. Babayevanın apardığı “Nəsillərin debatı”na bir neçə dəfə dəvət almışdım. Həm iş qrafikimin sıxlığından, həm həvəsim olmadığından getməmişdim. Tanıyanlar bilir ki, efirə çıxmağa həvəsli biri deyiləm.

Mövzu kinonun bugünkü vəziyyəti ilə bağlıydı. Rejissor Tahir Tahiroviç, prodüser Fehruz Şamıyev və mən söhbəti daha çox kino təhsilində, kino siyasətində qüsurlara gətirsək də, aparıcı bütün problemləri rejissorların istedadsızlığına bağlamağa çalışırdı. Nəticədə canlı efirdə aparıcı ilə mənim, Tahir Tahiroviç arasında gərginlik yaşandı. Anlayıram ki, hər gün canlı efirə çıxmaq, müzakirəyə çıxarılan mövzuları dərindən araşdırıb, söhbət qurmaq çətindir. Normalda tok-şoularda hər sahə üzrə redaktorlar işləməlidir.

Bütün hallarda mövzuya bələd olmamasını aparıcıya necəsə keçmək olar. Ancaq N.Babayevanın aparıcı kimi peşəkarlığının və etikasının yetərincə olmaması arzuolunmaz vəziyyət yaratdı. Verilişdə Mədəniyyət Nazirliyinin kino şöbəsinin keçmiş əməkdaşı Yusif Şeyxovun vaxtilə öz imtiyazından istifadə edərək, “Üçüncü günün adamı” kimi keyfiyyətsiz ssenari əsasında, dövlət büdcəsi hesabına keyfiyyətsiz film çəkilməsini qeyd etdim. Və Y.Şeyxovun adını çəkməyim niyəsə aparıcını gərginləşdirdi və məni “qərəzli” adlandırdı.

Öncə onu deyim ki, verilişə dəvət olunanda - nazirliyin kino şöbəsindən nümayəndə çağırılmasını xahiş eləmişdim. Nümayəndə kimi Ayaz Salayev gəldi, amma foyedə qonaqların kimliyini görüb verilişə çəkilməkdən imtina etdi. Əgər A.Salayev təmsil olunduğu qurumu müdafiə etmək iqtidarında deyilsə, bu, mənim problemim deyil. Ayrıca, əgər aparıcı peşəkar olsaydı, asan yola əl ataraq, “qərəzli” deməkdənsə, əks arqumentlərlə opponentlik etməliydi.

N.Babayeva isə mövzunu bilmədiyindən və qeyri-peşəkarlığından dolayı, Az.TV-nin Arif Alışanov dönəminin ritorikası ilə qeyri-obyektivlik göstərdi. Üstəlik, mənim və Tahir Tahiroviçin bir neçə fikri canlı efirdə kəsildi.

Kulis.az portalında dəfələrlə nazirliyin maliyyə dəstəyi ilə çəkilmiş pis filmləri tənqid etmişəm, normal filmlərdən müsbət resenziya yazmışam. Amma nə sərt tənqid etdiyim “Azərbaycanfilm”in keçmiş direktoru Müşfiq Hətəmovdan, nə nazirliyin kino şöbəsinin əməkdaşlarından ünvanıma “qərəzli” sözünü eşitməmişəm. Əksinə, nazirliyin keçirdiyi kinopreymyeralara dəvət almışam. Üstəlik, nazirliyin bir neçə müsabiqəsinin münsiflər heyətinin üzvlüyünə dəvət olunmuşam. Sadəcə kinotənqidiçi kimi obyektivliyimi qoruduğumdan, imtina etmişəm.

Başqa bir məqam. Verilişdə ictimai əhəmiyyətli bir məsələ - kinonun problemləri müzakirə olunursa, bu işə məsul və hesabat verməli olan hansısa məmurun adının çəkilməsi normaldır. Bizim cəmiyyətdə anlayışların oturuşmasına və köhnə təfəkkürdən azad olmağa ehtiyac var. Ki, hər hansı məmurun yarıtmaz fəaliyyətini tənqid etmək dövlətçiliyin əleyhinə yox, əksinə dövlətçiliyin qorunmasında faydalıdır.

Və təəssüflənirəm ki, Ayaz Salayev tok-şouya qatılmadı, çünki ona suallarım vardı. Misal üçün, niyə onun dövlət büdcəsi ilə 2013-cü ildə çəkdiyi “Ağ-qara gecələr” nümayiş olunmur, rəfdə tozlanır və “Youtube”da məhz keyfiyyətisiz versiyada yerləşdirilib.

Ümumiyyətlə, davamız odur ki, niyə dövlət büdcəsinə keyfiyyətsiz ssenarilər seçilir və rəflərdə tozlanan filmlər çəkilir?

Və niyə kino şöbəsi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın əksər bəndlərini yerinə yetirmədi?

# 6530 dəfə oxunub

Oxşar xəbərlər

Rafiq Əliyev beynəlxalq elm mükafatına layiq görüldü

Rafiq Əliyev beynəlxalq elm mükafatına layiq görüldü

17:48 3 avqust 2026
Maykl Ceksona klip çəkdi, uşaqların ölümünə səbəb oldu... – Spilberq niyə onunla  dostluğu kəsmişdi?

Maykl Ceksona klip çəkdi, uşaqların ölümünə səbəb oldu... – Spilberq niyə onunla dostluğu kəsmişdi?

17:00 3 avqust 2026
Dünya kinosunun yumorist rejissoru - Tomas Mankeviçin 5 məşhur ekran əsəri

Dünya kinosunun yumorist rejissoru - Tomas Mankeviçin 5 məşhur ekran əsəri

16:00 3 avqust 2026
Pompeydə antik irslə müasir popu birləşdirən layihə

Pompeydə antik irslə müasir popu birləşdirən layihə

15:30 3 avqust 2026
Rahat istirahət üçün 5 qızıl qayda

Rahat istirahət üçün 5 qızıl qayda

15:03 3 avqust 2026
"O, mənə evini bağışladı..." - Rəsulzadənin nəvəsinin əsərlərinin qorunduğu Xəzər muzeyindən reportaj

"O, mənə evini bağışladı..." - Rəsulzadənin nəvəsinin əsərlərinin qorunduğu Xəzər muzeyindən reportaj

15:00 3 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər