Avqustun 2-si, 3-ü və 4-də bir qrup tanınmış yazar qərb bölgəsinə səfər edib və Ermənistanla həmsərhəd kəndlərin nümayəndələri və hərbçilərlə görüşüblər.
Kulis.az xəbər verir ki, silsilə tədbirlər “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin “Cəbhəni qariş-qarış!” layihəsi çərçivəsində, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında gerçəkləşdirilib.
İlk tədbir avqustun 2-də Tovuz rayonundakı Heydər Əliyev Mərkəzində olub.
Tədbiri Rayon icra hakimiyyəti başçısının müavini Təranə Bayramova açıb. O, qonaqları salamladıqdan sonra səfərin məqsədi barədə yığcam məlumat verib.
“Cəbhəni qarış-qarış!” layihəsinin rəhbəri “Azərbaycan Yazarlar Klubu”nun sədri, yazıçı-dramaturq-publisist Elçin Hüseynbəyli öz çıxışında qeyd edib ki, oxşar layihə 4-cü ildir ki, keçirilir və cəbhə bölgəsində yaşayan həmvətənlərimizə dəstək məqsədi daşıyır. “Məkrli düşmənə qarşı hərbçilərimiz silahla, yazarlarımız isə qələmlə döyüşür” deyən E.Hüseynbəyli hər görüşün onların yaradıcılığına yeni impulslar verdiyini qeyd edib.
Azərbaycan Yazıçılar Birliyinin hərbi vətənpərvərlik komissiyasının sədri, şair-bəstəkar Şahin Musaoğlu, Əli Kərim adina Sumqayıt poeziya evinin direktoru, şair İbrahim İlyaslı, AYB Qazax regional bölməsinin rəhbəri, əməkdar İncəsənət xadimi, şair Barat Vüsal, Azərbaycan-Türkiyə Dostliq Cəmiyyətinin əlaqələndiricisi, şair İlqar türkoğlu eləcə də yerli qələm adamları torpaqlarımızın işğalı ilə barışmağın mükünsüzlüyünü bildirib, bu münaqişənin ədalətlə bitəcəyinə inandıqlarını ifadə edib və vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Əsrik kəndinin sakini Maarif Həsənoğlu və başqaları öz çıxışlarında yazarların regiona səfərini çox dəyərləndirdiklərin və bu cür görüşlərin mütəmadi olmasını arzulayıblar.
Avqustun 3-də yazıçılar Qazax rayonu ərazisində yeləşən “Yeni qəsəbə” məcburi köçkün şəhərciyinə səfər ediblər.
Görüşü açan RİH başçısının müavini Gülaya Həsənova qonaqları salamladıqdan sonra qeyd edib ki, Ermənistanla həmsərhəd 7 kəndin əhalisinin məskunlaşdığı qəsəbə bütün müasir standartlara cavab verir və daim rayon rəhbərliyinin nəzarətindədir.
O, yazıçı və şairlərin böyük mütəfəkkirlər və sərkərdələr diyarına gəlişini əlamətdar hadisə kimi dəyərləndirib və qeyd edib ki, bu cür görüşlər insanlarda gəlcəyə nikbin baxmağa imkan verir.
“Dövlətimiz məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün böyük işlər görür, amma hətta cənnət belə, insanların yurd həsrətini əvəz edə bilməz” –deyə görüş iştirakçılarından biri qeyd edib.
Şair Barat Vüsalın qəhrəman döyüşçü qadın Qaratelə həsr etdiyi şeir tədbir iştirakçılarını xeyli duyğulandırıb.
Yuxarı Əskipara kəndinin ahıl sakini Nüsrəddin Hacıyev bildirib ki, ermənilərn arxasında böyük güclər dayanır və beynəlxalq hüquq da onların əlindədir. “Amma nə olur olsun, ermənilərin arxasında kim dayanır dayansın, biz tezliklə yurdumuza qayıdacağıq” - deyə o bildirib.
Elə həmin gün yazarlar regionda yerləşən hərbi hissələrdən birinin qonağı olublar.
Hərbi vətənpərvərlik mövzusunda yazdığı bəstələrlə məşhuir olan bəstəkar Şahin Musaoğlu deyib ki, tankçılara həsr etdiyi yeni mahnı bu yaxınlarda ictimaiyyətə təqidm olunacaq.
“Əgər düşmənlə üzbəüz dayandığımız belə bir məqamda məkrli qonşularımız tərəfdən hər hansı təxribat olarsa, biz də sizinlə birlikdə döyüşəcəyik” deyə şair İlqar Türkoğlu bildirib.
Şair İbrahim İlyaslı hərbçilərə sevgi barədə yazdığı şeiri oxuyub və alqışlar qazanıb.
Hərbçilər bu görüş üçün yazarlara minntədarlıqlarını dilə gətiriblər.
Qeyd olunan görüşlər zamanı mərasim iştirakçılarına hərbi vətənpərvərlik mövzusunda 200-dən yuxarı kitab və disk, eləcə də məşhur qələm adamlarının əsərləri, bloknotlar və qələmlər hədiyyə edilib.
Avqustun 4-də yazarlar Qazax rayonunun Ermənistanla həmsərhəd olan ən ucqar kəndlərinə səfər edib və yerli sakinlərlə görüşüblər.