Vaqif Bayatlıdan sizə xəbər gətirmişəm - FOTO

Vaqif Bayatlıdan sizə xəbər gətirmişəm - <span style="color:red;">FOTO
19 iyun 2017
# 15:50

Kulis.az gənc jurnalist Aysu Kərimovanın son günlərəcən ciddi müalicədə olan və heç kimlə görüşməyən tanınmış şair Vaqif Bayatlı Odərlə təsadüfi görüşündən yazdığı qısa təəssürat yazısını təqdim edir.

Ötən günkü qədər uzunmüddətli xoşbəxtlik yəqin orqanizmə zərərdir. Ya da Allahın hərdən səxavətli damarı tutur.

Deməli, Səhərin yağışlı, çiskinli sübhündə "dərdlərimiz ayaq açıb" - Musa Yaqubun təbiətində ovunmaqçün, dağların qoynuna, ta uzaq İsmayıllı ellərinə istiqamət aldı... Sağ-salamat çatdıq mənzil başına. Danışdıq: qayğılardan, qocalıqdan, təklikdən, xiffətdən, təbiətdən...

Açığı şairi onu çox sevən oxucusu üçün bir xeyli kədərli, doluxsunmuş görmək çətin idi. Xülasə, müsahibəmizi bitirər-bitirməz belə kövrək ovqatla o sehrli gecələrdə, Xəzərə layla çalan ay işıqlı, neft ətirli küləklər şəhərinə - Bakıya necə qayıdacağımı düşündüm.

Birdən sevgili Eyyub Yaqubovu axşam-axşam canlı dinləməyə biletim olduğunu xatırlayıb, "kim bilir" bəlkə təskinlik tapdım deyə, düşündüm. Yola düşdük, darıxmağa macal verməyən doğma meqapolisə.

Konsert keçirilən məkana - Yaşıl teatra çatanda, növbə gözləməyə səbrim çatmadığı üçün başımı məcbur nəyləsə qatmalıydım. İki günlük yağışlı Bakının yorğunluğundan xilas olmağa can atmaqçün vaxtı iplə çəkən konsert əhlini yüngülvarı gözdən keçirməyə başladım. “Sovetski” iyi gəlirdi burnuma.

Ardınca xəyallarımda qədim Romanın anfiteatrlarına gedib çıxmışdım ki, birdən yolun o tərəfində o başa - bu başa tələsərək var-gəl edən qəribə bir adam gördüm.

Öz-özümə düşünürəm: "Ay başına dönüm, var-gəlin də belə cürəsi olar?"

Marağıma yiyə çıxa bilmədim, keçdim yolun o tayına. Azca yaxınlaşıb görəm kim? Üzü tərtəmiz, səliqə ilə təraş olunmuş, saçları ruh halını andıran həmişəki dağınıqlıqda, ayaqqabı və kəmərini mükəmməl zövqlə uyğunlaşdıran, şalvarının balağını dəbdən yox, dərddən vecsizcə qatlayan, öz dünyasında, heç bir bəndəsinə fikir vermədən əllərini dua edircəsinə tutub dodağının altında nələrsə mızıldanan balacaboy, arıq və çəlimsiz bir GÖYÜZÜ - Vaqif Cəbrayılzadə, Vaqif Bayatlı Önər, Vaqif Bayatlı Odər...

Bir ədəbiyyatda eyni insan, üç şair ola bilən adam.

Yaxınlaşıb deyirəm:

- Axşamınız xeyir, şair. Necəsiz?

- Xoşbəxt ol! - gülümsəyir

- Şa..a – ir – boğazım həyəcandan quruyur

- Kimsən sən?

- Aysuyam, oxucunuz.

- Nə qəşəng adın var? Özün də ay-suya oxşayırsan, hə, ay-su kimisən - yenə gülümsəyir.

- Sağ olun. Konsertə gəlmisiz yəqin?!

- Yoox, mən elə burda qalıram - əlini sol tərəfdəki binaya uzadır.

Utanıram sualımdan. Ürəyimdə fikirləşirəm, adam 300 il əvvəl yazıb axı, zalım adamdı, onu kamançanın belə ağlada bilmədiyini. Elə böyük tənhalıqlar var ki, musiqi belə əlini üzür onu ovutmaqdan.

Nələrsə danışmaq istəyirəm. Ya da sadəcə danışmasını istəyirəm. Amma susması da gözəldir.

Kimisə gözlədiyini zənn edirəm. Birdən söhbətin əvvəlində gəzişib, hava aldığını deməyi yadıma düşür.

Bir az eləcə baxıram şairin üzünə, yerişinə. Şər qarışan vaxtda qarşımda bu boyda nurlu adamı görmək ürəyimi böyütmüşdü, açığı, sevinirdim. Onu yüzlərlə adamın içində məhz mən tanıdığımçün... Bəli, buna görə ürəyim onun yerişitək, tez-tez, tələm-tələsik döyünür...

- İstəyirəm sizinlə bir şəklim olsun.

- Həə, niyə olmasın, niyə olmasın

Əllərinin bayaqkı minvalını dəyişmədən dayanıb, kameraya baxmır, yenə üzümə gülümsəyir...

Mən, nəvazişlə:

- Şair, ora baxaqmı? - kameranı göstərirəm.

- Hə, hə baxaq, deyirsən baxaq - gülümsəyir.

Sağollaşıb, həmişə var olun deyib, qayıdıram kütlənin giley-güzarının, yorğun, qayğılı nəzərlərinin yanına. Amma gözüm o çəlimsiz adamdadır. Onun bir xeyli ad verə bilmədiyim yerdən bezmişcəsinə var-gəllərinə baxıb, ürəyimdə öz-özümə pıçıldayıram:

Şair,

gəlsənə

"ölüm-ölüm" oynayaq.

əvvəl mən ölüm,

sən bilmə,

sonra sən ölmə, sən ölmə...

Sonra içəri kecib, "Mənə dəniz verin o tənha qalıb" – mahnısını dinləməyə başlayıram.

Təsadüfən qarşılaşdığım simanın, o görüntünün təsirindən çıxa bilmirəm. Şairin üzündə, gözlərində bizdən olmayan nə qədər şey vardı, İlahi! Mənlə danışırdı, gözləri başqa yerə baxırdı. Bakının o qədər qələbəliyində, parkda yox, xüsusi mənzərəsi, yaşıllığı olan məkanda yox, yolun bir küncündə darıxan, tək-tənha, yalqız o baş - bu başa var-gəl edən adam görəsən nələr düşünürdü? Biz ondan neçə kilometr uzaq idik? Bəlkə, o qədər adamın dinləməyə gəldiyi konsertdən də xəbəri yox idi. O qədər insanın ora niyə yığışması onu maraqlandırmırdı. Bəlkə də elə deyildi.

Bilmirəm...

Bildiyim tək şey özümü göy üzü boyda kədərə on hasar o yana oynayan uşaq kimi hiss etməyim idi.

18.06.2017

# 3268 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər