Bizə əzab verənləri niyə sevirik? - Analiz

Bizə əzab verənləri niyə sevirik? - Analiz
5 mart 2019
# 10:36

Bir araşdırmaya görə, günümüzdə yaşayan hər 10 insandan 7-si xoşlandığı insana pis davranaraq diqqət çəkməyə çalışır.

Psixologiyada xoşlandığın insana kobud davranma halı var, ancaq bu qədər geniş deyil. Bəzən qısamüddətli, bəzən davamlı olur. Hər birinin də bir çox səbəbi ola bilər.

Adriano Çelentanonun baş rolda çəkildiyi "İnadkarın ram edilməsi" filmində Elia, qadınlara kobud münasibət bəsləyən fermerdir. Yağışlı gecədə qalmağa yer tapmadığı üçün Lisa adlı gözəl bir qız, Elianın evində gecələməli olur. Fermerin çətin xarakteri olsa da, ona qarşı kobud davransa da, bu, ərköyün, şəhərli Lisanın çox xoşuna gəlir, Elianın inadkarlığını ram etməyə çalışır.

F. Dostoyevskinin “Alçaldılmışlar və təhqir olunmuşlar” əsərində Alyoşa və Vanya, ikisi də Nataşaya aşiqdir. Nataşa (romanın sonundakı məcburiyyəti nəzərə almasaq) bu qədər üstünlükləri, fədakarlıqları və pak sevgisinə rəğmən nəzakətli Vanyanı deyil, hələ sevgisindən belə düz-əməlli əmin olmadığı, onu incidən, min bir əzab verən, hətta aldadan tərəfi - Alyoşanı seçir. Alyoşa öz kaprizləri, laqeydlikləri ilə qıza əməllicə zülm etməkdədir, amma xeyri yoxdur, Nataşa ondan əl çəkmir.

Bu yerdə özümdən asılı olmayaraq Stokholm sindromunu xatırlayıram:

Bu termini psixologiyaya psixiatr Nils Bejerot gətirib. 1973-cü ildə İsveçin paytaxtı Stokholmda bir bank soyğunu zamanı 6 gün girov saxlanılan qadın, nə qədər qəribə olsa da onu girov götürən soyğunçuya vurulur. Sərbəst qalandan sonra isə soyğunçunu müdafiə etməyi azmış kimi, nişanlısından ayrılıb soyğunçunun həbsdən azad olmasını gözləyir.

Sindromun qısa tərifi belədir:

Öz amansız və qəddar sahibinə vurulmaq; onun sənə etdiyi bütün zülmlərini görməzdən gəlməklə yanaşı, hətta lazım gəldikdə onu müdafiə etməkdən belə çəkinməmək.

Bütün bunları həyatın bir aynası hesab edə bilərik. İnsanların əksəriyyəti, onu önəmsəməyən, sıradan biri kimi davrananlara qarşı diqqətli olur.


Təəssüflər olsun ki, yaxşı münasibətdən daha çox, pis davranışlar diqqət cəlb eləyir.

Fikir vermisinizsə, kimisə maşın vuranda və ya kimsə bıçaqlananda ətrafa adamlar toplaşır, hay-küy olur, hadisə insanları o qədər maraqlandırır ki, adi qəza da olsa ona bəzək verməyi unutmurlar: "Bilirsən nə olub?! Filankəsin üstündən kamaz keçib!"

Çox vaxt insanlar hislərini büruzə verməkdən çəkindikləri üçün bu yola əl atır. Elə də olur ki, qarşındakına hiss etdirməyə çalışırsan, amma o hislərini anlamır. Açıq etiraf da səni qorxudur və bundan sonra incitmələr başlayır.

Məsələn, məktəbli oğlan sevdiyi qıza açıq şəkildə öz hislərini bildirə bilməyəndə, üstüörtülü formada - saçını dartıb incitməklə, laqeyd rəftarıyla qıza sanki "Sən mənimçün çox dəyərlisən" demək istəyir.

Müasir bəşəriyyətin problemi hövsələsizlikdir. Ona görə də çox insan kəsə yollara üstünlük verir. Bu yolla diqqət çəkmək çox rahatdır. Doğru yolla - xoş sözlərlə diqqət çəkmək isə zəhmət tələb eləyən bir şeydir.

Bəzən də özümüzü müdafiə etmək üçün bu yolu seçirik. Çünki çox diqqət, qayğı göstərdikdə qarşı tərəf sevildiyini anlayır və onu heç vaxt üzüb tərk etməyəcəyimizi zənn edib bizi üzməyə başlayır.

Aytən Cavadova

# 6897 dəfə oxunub

Oxşar xəbərlər

Britaniya 71 milyonluq Rembrandt tablosunun ölkədən çıxarılmasına qadağa qoydu

Britaniya 71 milyonluq Rembrandt tablosunun ölkədən çıxarılmasına qadağa qoydu

18:40 31 avqust 2026
Dolli Partonun zaman kapsulundakı mahnısı – 2045-ci ildə yayımlanacaq

Dolli Partonun zaman kapsulundakı mahnısı – 2045-ci ildə yayımlanacaq

18:38 31 avqust 2026
Ridli Skottun yaradıcı üsulu – Ssenarilərini kağızda təsvir edir?

Ridli Skottun yaradıcı üsulu – Ssenarilərini kağızda təsvir edir?

18:15 31 avqust 2026
Xəyalən gitara çalmaq üzrə dünya çempionu müəyyənləşdi

Xəyalən gitara çalmaq üzrə dünya çempionu müəyyənləşdi

17:30 31 avqust 2026
“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

“Hörümçək adam” "Titanik"i geridə qoydu - Tarixi uğur

15:30 31 avqust 2026
Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?

Ata-anası ona cehiz seçirdi, o isə taksiyə əyləşib... – Zorla evləndirilən 17 yaşlı qız necə xilas edildi?

15:00 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər