Türkiyədə Cümhuriyyət nəşrləri - İlk Dəfə

 Türkiyədə Cümhuriyyət nəşrləri - İlk Dəfə
26 may 2018
# 06:07

Avropa Azərbaycan Cəmiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda ilk dəfə nadir sənədlərdən ibarət dörd toplu və “Yeni Kafkasya” dərgisinin bütün saylarını əhatə edən dörd kitab nəşr edib.

“Azerbaycan Cümhuriyyeti. 1918-1920. Osmanlı arşiv belgeleri” adlanan sənədlər toplusunda Azərbaycan Cümhuriyyəti tarixi ilə bağlı mindən çox nadir sənəd yer alıb. Bütün sənədlər transkripsiya edilərək iki yüzdən çox adda qruplaşdırılıb və xülasələr yazılıb. Burada toplanan sənədlər Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasındakı münasibətləri və dövrün bir sıra aktual problemlərini hərtərəfli nəzərdən keçirməyə imkan verir.

“Azerbaycan Cümhuriyyeti Osmanlı basınında” toplusunda Türkiyədə həmin dövrdə nəşr olunan qırx dövri mətbuat orqanının, o cümlədən “Tasviri-Efkar” (1864-1925), “Sabah” (1875-1922), “Tercüman-i Hakikat”(1878-1921), “İkdam” (1894-1931), “Tanin” (1908-1947), “Alemdar” (1912-1922) qəzetləri, “Sebilürreşad” (1908-1925) dərgisi və b. materialları verilmişdir. Bununla eyni zamanda, topluda dövrün ən mühüm problemlərinə dair Əhməd Ağaoğlunun, Yunus Nadinin, İbrahim Hilmi Tüccarzadənin, Fuad Köprülüzadənin, Əhməd Nəbizadənin, Ruşen Əşrəfin, Refi Cavadın, Süleyman Nazifin və Türkiyə mətbuatında iz qoymuş digər müəlliflərin məqalələri vardır. Bu materiallarda Qafqazda və bilavasitə, Azərbaycanda cərəyan edən siyasi proseslər, İstanbulda keçirilməsi nəzərdə tutulan konfrans, Bakının azad edilməsi, Paris sülh konfransı tərəfindən Cümhuriyyətin de-fakto tanınmasının Türkiyədə yaratdığı ruh yüksəkliyi və digər problemlərə dair indiyədək elmə məlum olmayan dəyərli informasiyalar vardır.

“Birinci Dünya savaşı və Azerbaycan. Osmanlı arşiv belgeleri” adlı digər sənədlər toplusu isə Azərbaycanın I Dünya müharibəsi dövründəki vəziyyətini əks etdirir. Topludakı sənədlərin böyük bir qismi Cənubi Azərbaycanda baş verən hadisləri əks etdirir. Bunun nəticəsində Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq həm Şimali, həm də Cənubi Azərbaycanın I Dünya müharibəsi dövrü tarixini paralel şəkildə izləmək mümkün olur.

“Kafkasyada “ermeni meselesi”. 1895-1912. Osmanlı arşiv belgeleri” adlanan toplu xronoloji cəhətdən əvvəlki illərə aid olsa da Azərbaycan Xalq Cümhuriyyətinə aparan yola işıq salır. Qafqazda “erməni məsələsi”nin mahiyyəti, ermənilərin Şimali və Cənubi Azərbaycanda azərbaycanlılara qarşı törətdikləri qətliamlara dair yeni arxiv sənədləri problemin indiyədək məlum olmayan bir sıra ciddi məsələlərini müəyyən etməyə imkan verir.

Toplulara daxil edilən sənədlər Türkiyə Cümhuriyyəti Başbakanlık Dövlət Arxivləri Genel Müdürlüyü Osmanlı Arxivi Dairə Başkanlığı (BOA) və Baş Qərargahın Əsgəri Tarix və Strateji Etüt Dairə Başkanlığı Arxivindən (ATASE) toplanmışdır. Tarix üzrə fəlsəfə doktorları Vasif Qafarov və Qiyas Şükürovun nəşrə hazırladığı sənədlər toplusuna tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov geniş ön söz yazıb.

“Yeni Kafkasya. 1923-1927” dərgisi Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə İstanbulda çap olunmuşdur. Dərginin materialları uzun müddətdir ki, Azərbaycan oxucusu üçün əlçatmaz hesab olunurdu. Avropa Azərbaycan Cəmiyyətinin layihəsi əsasında bu dərginin də bütün sayları latın əlifbasına transkripsiya edilmiş və bir araya gətirilərək dörd kitabda nəşr edilmişdir. Dərgini nəşrə Yavuz Akpınar, Səlcuq Türkyılmaz və Yılmaz Özkaya hazırlamışdır. Professor Yavuz Akpınar nəşrə ön söz və “Yeni Kafkasya”nın nəşri tarixi, müəllifləri, məqalələri və və s. haqqında oxucunu maraqlandıran suallara cavab verən geniş məqalə yazmışdır.

Bu kitablar Azərbaycan Xalq Cümhuriyyəti tarixinə dair fundamental mənbə bazası olub, tələbələr, müəllimlər, tarixçi tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

# 2445 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış sosial media fenomeni həbs olundu

Tanınmış sosial media fenomeni həbs olundu

18:46 27 noyabr 2026
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək

18:23 27 noyabr 2026
“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

“Aclıq oyunları”nın yeni filmi 225 milyon dollar gəlir əldə etdi

17:58 27 noyabr 2026
Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

Kino tarixinin yaddaqalan səhnələrini göstərən sərgi açıldı

17:19 27 noyabr 2026
Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

Məşhur türkiyəli jurnalistlər saxlanıldı - Səbəb

16:37 27 noyabr 2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

15:52 27 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər