İradə Tuncay: “Aqilə dedim sabah gedək tısbağa yeyək”

İradə Tuncay: “Aqilə dedim sabah gedək tısbağa yeyək”
24 avqust 2015
# 08:00

Kulisin “Yeməli söhbət” layihəsinin qonağı “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncaydır . İradə xanımla “Elmlər Akademiyası” metro stansiyasının çıxışı ilə üzbəüz olan “Künefe evi”ndə görüşdük.

- Yemək İradə Tuncay üçün nədir?

- Yemək əslində həyatın bəlkə də hər tərəfini əhatə edən mövzudur. İnsan yarandığı gündən inkişafa doğru atdığı addımı yemək ehtiyacını ödəyərək başlayıb. Qarnı tox olandan sonra onu başqa rahatlıqlar düşündürüb. Şəxsən mənə çox maraqlıdır, görəsən insanlar nə vaxt yemək texnologiyalarını yaradıblar?! Yeməyin nəfisliyi, dadı, gözəlliyi onları narahat edib? Təbii, bu proseslər çox ixtiraların yaranmasına səbəb olub. Sobalar, təndirlər, saclar, qazanlar, tavalar və sair. Hər yeməyin özünün emal mexanizmi. Elmdir əməlli-başlı... Həm də bu elmdən biz həzz alırıq. Həyatı maraqlı edən tərəflərdən də biri budur. Yemək zövqü genetik olaraq nəsildən nəslə ötürülüb. Yemək zövqü bizə hətta ana südü ilə keçir. Deyirlər insanın damaq zövqü 7-8 yaşına qədər formalaşır. Ona görə də insana elə gəlir ki, anası kimi dadlı yemək bişirən yoxdu.

- Siz əslən Naxçıvanın Şahbuz rayonundansınız. Şahbuzun hansı yeməyini xüsusi ilə fərqləndirmək olar?

- Bu sualı niyə verdin bilmirəm. Axı mən orda yaşamamışam. Şahbuza uşaq vaxtı yaydan yaya, bir həftəlik gedirdim. Onda da təbii ki, qoyun, keçi kəsib kabab edirdilər. Onu deyim ki, orda balaca çəpişlər ən gözəl delikates sayılır. Mən isə dilimə də vurmuram keçi ətini. Çünki iy gəlir. Kənd yerində iş-güc çox olduğundan oralarda yeməklə oynamağa vaxt yoxdu. Tez nə əmələ gəlirsə o da çox yeyilir. Malın, qoyunun dalınca gəzən, hana qurub xalça toxuyan qadının saatlarla ocağın qarşısında durub mürəkkəb xörəklərə sərf etməyə vaxtı yoxdur. Ona görə də hər zaman yemək mədəniyyəti böyük şəhərlərdə formalaşıb. Şuşada, Şəkidə, Gəncədə, Naxçıvanın özündə, Bakıda. O vaxtlar Qubada nənəmin yanında qalanda həyətdəki göyləri yığıb mənə qutab bişirməyi yadımdadır. Həvəslə yeyirdim. Mən daha çox ana nənəmin yanında qalmışam.

- Bişirdiyiniz hansı yemək qohum-əqrəba arasında dillər əzbəridir?

- Dillər əzbəri?! Güman eləmirəm elə bir yeməyim olsun. Amma evimin anasıyam, uşaqlarım, yoldaşım nə sevibsə onu bişirməyə çalışmışam.

Evdə qadınlar adətən hər yeməyi bişirməyə cəhd edirlər. Nəsə yaxşı alınır, nəsə yox. Deyirlər mənim blinçiklərim çox dadlıdır. Ümumiyyətlə, dadlı yeməklər bişirirdim. İndi girmirəm mətbəxə. Xəstələnəndən sonra. Evdəkilər də narazıdır. Mənim yeməklərimi istəyirlər.

- Həyat yoldaşınız Aqil Abbas çöldə yemək yeyəndə əsəbiləşirsiniz?

- Vəziyyətə baxır, kiminlə olmasına bağlıdır. Kəskin reaksiya göstərdiyimi xatırlamıram. Bizim mühitdə çöldə yemək yeməyin nəticələri həmişə yaxşı olmur. Hər halda həyat təcrübəsi belə deyir. Amma o, çox vaxt çöldə olub. Gəncliyimdə çox zaman susmuşam. İndi isə susmuram.

- Aqil Abbasın ən çox xoşladığı yemək hansıdır?

- Klassik Azərbaycan yeməkləri, Qarabağ mətbəxinə aid hər şey... Yemək məsələsində ən rahat adamlardandı. Təki öz yeməklərimiz olsun. Ekzotik yeməklər onluq deyil. Xarici səfərlərdə də narazılığı ancaq yemək sarıdan olur. Bir dəfə İsveçrədə axşam vaxtı çıxdıq oteldən. Yorğun və ac. Dedim, gəl elə otelin restoranında yeyək də. Dedi, yox, bayaq yolda “Dönər” gördüm. Gedək oranı tapaq. Qaldığımız yer də İsveçrədə gəlmələrin yaşadığı bir qəsəbə idi. Küçədə gedəndə təəccüblənirdim ki, burda bir ağ adam yoxdu? Hamısı zənci və ərəblər idi. Nə isə, getdik tapdıq o yeri. Balaca, iki-üç nəfərlik bir kafe, kafe də deyə bilmirəm. Hər halda dönər vardı. Sahibi Türkiyə kürdü idi. Sevinə-sevinə Aqil dönərli düyünü yeyib, üstündən ayranı içdi. Həmin an onun yeməkdən necə zövq aldığını görmək lazım idi.

- Hansı regionun mətbəxini sevirsiz?

Təmiz və dadlı bişən yeməkləri sevirəm, yəni kənar qoxusu olmasın. Qoxu söhbətinə çox həssasam. Deyək ki, azacıq natəmizlik lap ləzzətli bir yeməkdən iyrəndirər məni. Məsələn, Qarabağda mərəçöyüd deyilən bir bitki var, yabanı halda bitir. O qədər ləzzətli bir şeydi ki... Ya da dombalan. Ümumiyyətlə göy-göyərtidən bişən yeməkləri çox sevirəm. Bax, indi həmin yeməklərin mövsümüdür. Amma bilirsiz necədi? Harda nə yeyirsən ye, evdə yeməsən doymursan .

- Aqil Abbasla ilk dəfə harada yemək yemisiniz?

- Gəncliyimizdə kənarda yemək yeməyə pulumuz yox idi. Xatırlaya bilmirəm. Bakıda ucuz kafelərdən hansındasa sosis yemişik nə vaxtsa. O vaxt dadlı olurdu sosislər.

- “Fast-food”la aranız necədir?

- “Fast- food”u nadir hallarda yeyirəm.

- Pəhriz saxlayırsız?

- Əvvəllər olub. İşdən çıxıb evdə oturduğum vaxtlar birdən-birə çox kökəldim. Əsəbə görə idi. Sonra dietayla arıqladım. Onda nisbətən cavan idim, dözümüm vardı. Amma indi az yeməyə çalışıram.

- Spirtli içki qəbul edirsiniz?

- Qədərində olanda “relax” yaradır. Söhbət təbii ki, yaxşı içkidən gedir...

- Naharda yeməyi harada yeyirsiniz? Ümumiyyətlə, nəşriyyatın kafeləri ilə aranız necədir?

- Neçə ildir burda çalışıram, ondan əvvəl də neçə illər gəlib-getmişəm bura, amma inanın nəşriyyatın yeməkxanasının rəngini belə tanımıram. Sağ olsunlar, elə nəşriyyatın kandarından keçəndə adamı bir iy vurur ki... Həm də mən işə gec gəlirəm deyə burda yeməyə ehtiyac qalmır.

- Toylarla aranız necədir?

- Hamıya qismət olsun, amma nadir hallarda gedirəm toylara. Tünlük sevmirəm, başım səs götürmür.

- Xarici ölkələrin mətbəx ilə aranız necədir?

- Səyahətlərdə olanda yeməkləri ilə maksimum tanış olmağa çalışıram onların. Nəyisə bəyənirəm, nəyisə yox. Məsələn, mən avropalıların bişirdiyi əti yeyə bilmirəm. Qanlı olur, tam bişirmirlər. Bu günlərdə Sinqapurda olduq. Orda mən Uzaq Şərq mətbəxinin dadına baxdım. Hətta şirniyyatları da düyü ilə hazırlayırlar. Səhər-səhər əriştə ilə sup içirlər. Bir səhər yanımda oturan almanın yeməyini müşahidə elədim. Deməli əvvəl omlet yedi, sonra sosis, sonra getdi oladyi gətirib balla yedi. Sonra meyvə, daha sonra da özünə balıq supu gətirdi. Öyüməyim gəldi, tez durdum masadan.

Mən də orda dəniz məhsulları ilə dolanırdım. Suşi, krevetka, krab... Bir yapon restoranına getdik. Orada da çörək vermirlər axı. Bakıda gedənlər bilir. Aqil deyir, denən çörək gətirsinlər. Dedilər, çörək yoxdur. Hə, bir də çubuqla yeyə bilmədik, çəngəl gətirdilər. Sinqapurda Clark Quey adlı küçə var, başdan-ayağa gecə klubları, restoranlar, barlardır. Müxtəlif ölkələrin mətbəxi var burda. Dedilər ki, iranlıların da restoranı var. Hə, Aqil sevindi. Getdik, orda doyunca plov yedi. Qayıdanda bir yapon restoranının yanından keçirdik. Vitrində tısbağa qoymuşdular. Dedim, sabah gəlib yeyək bundan? Gördüm rəngi ağardı. Elə bildi ciddi deyirəm. İndi oradan gələndən zarafatla deyirəm “Saa, tısbağa kəsim”. Deyim ki, kənarda olanda bir Türkiyədə, bir Rusiyada, bir də Gürcüstanda rahat qidalanmaq olur. Öyrəşdiyimiz yeməklərdi.

- Xəmir xörəkləri ilə aranız necədir?

- Hər növünü çox sevirəm... Bakı düşbərəsini, rayon kətəsini, xəngəli sevirəm.

# 2034 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #