Pukka: “Küçədə məni qucaqlayanda qorxuram”-MÜSAHİBƏ

Pukka: “Küçədə məni qucaqlayanda qorxuram”-MÜSAHİBƏ
8 dekabr 2012
# 08:00

Günümüzdə “sosial media məşhurluğu və məşhurları” deyə istifadə etdiyimiz sözlər var artıq. Sosial media və məşhurları nədir, məncə bu barədə uzun-uzun yazıb tərif verməyə gərək yoxdur. Hamı artıq bunları bilir. Türkiyədə sosial media məşhurlarından biri olan Pukka ilə elə sosial media məşhurluğu, zərər və xeyirlərindən danışdıq. Pukka 6 il bloq yazdıqdan sonra ona bloqunu kitab etmək təklifi gəlir. Pukka təklifi qəbul edir və kitabının çıxmasıyla kitabları dizüstü ədəbiyyat nümunələrindən biri olur. Bloqunu və kitabını oxuyanların sayına görə o, zirvədə olanlardandır.

Əsil adı Selen İşıqdır. Altı il bundan əvvəl bloq yazmağa başlayıb. İndiyə kimi üç kitabı nəşr olunur. Ən son kitabı isə bu ilin noyabr ayında dərc olunub.

O hazırda sosial media məşhurları, dizüstü ədəbiyyat deyiləndə Türkiyədə yada düşən adamlardandır. Pukkanın Kulis.az internet dərgisinə eksklüziv müsahibəsini təqdim edirik.

- Pukka kimdir? Necə ifadə edirsiniz özünüzü?

- İnsanın özünü tanıtması çox çətindir və bu məqam yetişəndə, əslində bilirsən ki, insanın ən az tanıdığı özüdür. Ona görə də özümü dəqiq tanıda bilmirəm.

- Bloq yazmağa başladınız və bu, illərlə davam etdi. Bu müddət ərzində kimliyinizi gizlətdiniz. Belə yazmaq daha rahat idi, yoxsa hər kəs gizlədir, mən də gizlədim deyə düşünürdüz?

- Altı ildir yazıram. İnternet mənim üçün həmişə “Şəxsi bilgilərinizi verməyin” deyə tanıdılan bir yer idi. Ona görə də əvvəllər gizlədirdim. Zamanla əslində, daha rahat olduğumun fərqinə vardım. Ancaq bir zaman sonra bu gizlilikdən yorulmağa başladım. Ailəmə də vəziyyəti açıqladıqdan sonra gizli qalmağın mənası olmadığını düşündüm.

- Kimliyinizi gizli tutduğunuz vaxtlarda öz bloqunuzu sizə oxumağınız üçün göndərənlər olurdu?

- Əlbəttə, çox olurdu.

- Yazdıqlarınızın hamısı gerçək idi? Ancaq yaşadıqlarınızı yazırdınız, ya bəzilərini uydururdunuz?

- Uydurma deyildi, amma hadisələri daha komik yazmağa çalışırdım. Bunun da səbəbi odur ki, gələcəkdə nə zamansa bloqumu oxuyanda xatirələrimin acı yox, gülməli tərəfini görüm.

- Bloqunuzdakı yazıları oxuyanda adam istər-istəməz gülümsəyir. Qəsdən belə komik tərzdə yazırdız?

- Çox vaxt olar-olmaz yazırdım, isti-isti. Amma daha əyləncəli yazmağa çalışırdım.

- Bu evlilik nə məsələdir? Doğrudan da evlənməyi yazılarınızdakı qədər çox istəyirsiz, ya bu yazıların əyləncəli tərəfidir sadəcə? Bu qədər cəhdlərə rəğmən niyə evlənə bilmirsiz?

- İstəyirdim. İndi isə qorxuram. Yəqin mənim bu evlilik həvəsim necə olsa başıma gəlməz deyə düşündüyüm üçün idi. İndi isə düşünürəm ki, uşağa baxa bilərəmmi, həyatımın geri qalanını kimsəylə keçirə bilərəmmi? İndi də bunları düşünürəm. Əslində evlilik və evlənmək həvəsində olan biri deyiləm. Sadəcə hər sevgilimin mənə evlənmə təklifi etməyini istəyərəm, nə olacaq əlinə yapışmayacaq ki! (gülür)

- Bloq yazılarınızda çılğınlıq var. Necə olub bütün bunlar? Həyatınızı doya-doya yaşamaq üçün illah da hər şeydə macəra axtarırsız, ya hər şey təsadüfdür?

- İşsiz qaldığım bir dönəm var idi. Buna görə də həmişə evdə olurdum və tək dərdim az pul xərcləməyə çalışmaq idi. O vaxtlar da yaşadığım binadakı hadisələr mənə gülməli görünürdü. Deyəsən sadəcə çox yaxşı müşahidə etməyi bacarıram və buna görə də hər dəfə maraqlı nəsə tapa bilirəm.

- Noyabrda üçüncü kitabınız çıxdı. Kitab çıxartmaq fikri hardan yarandı?

- Səhv deyə bilərəm, amma Türkiyədə ən çox oxunan bloqqerlərdən biriyəm. Birinci dəfə “Okyanus” nəşriyyatından təklif gələndə qorxdum. Sonra mənim kimi digər bloqqerlərin də kitabının çıxarılacağını biləndə razı oldum.

- Kitabınız çıxandan sonra tanınmaq barədə tərəddüdünüz olmadı? Bloqunuzun olmasından hamı xəbər tutacaq deyə qorxmadınızmı?

- Birinci heç kimə deməmişdim. Bacım belə bilmirdi. Sonra artıq işim sosial media sahəsində olacağı üçün deməyə məcbur oldum.

- Əvvəl heç yerdə şəkilləriniz yox idi. Hətta feysbuk səhifənizdə də İnsanlar hansısa fotonu görəndə “Bu Pukkadır?”, “Bu qız Pukkadır?“ deyə maraqlanırdılar. İlk kitabınız çıxandan aylar sonra şəkilləriniz yayımlandı. Bəs sonra niyə gizliliyi qorunmağa davam etmədiz?

- Bunu qorumaq mümkün deyil. Əvvəldən bloq yazmağa başlayanda bu günlərə gələcəyimi bilsəydim, nəsə edə bilərdim. Amma hadisələrin gedişatı məndən asılı olmadı.

- Yolda görəndə yaxınlaşıb nəsə deyənlər olur?

- Gəlib qucaqlayırlar. Mən də ürəyim gedəcək deyə qorxuram. (gülür)

- Sosial media məşhurlarından birisiz. Özünüzü necə hiss edirsiz?

- Məşhurammı bunu bilmirəm. İnternet limitim bitəndə məni heç kim xatırlamayacaq belə.

- Yəqin sizinlə real həyatda görüşmək istəyənlər olur. Heç görüşürsüz?

- Görüşmək istəyənlər olur təbii. Amma razı olmuram. Ancaq imza günlərində görən olur. Əks təqdirdə bunu qarşısını almaq mümkün deyil. Mən onlar haqqında heç nə bilmirəm, amma qarşımdakı haqqımda hər şeyi bilir. Bu, adamı gərgin edir.

- Kitablarınız necə, çox maraq doğurur? Gözlədiyiniz kimidir hər şey və bundan razısız?

- “Allah məni belə yaradıb” ilk həftədən bəri çox satılan kitabların zirvəsindədir. İmza günlərinə 3000 nəfərdən artıq adam gəlir. Bundan razı olmasam Allah məni daş edər vallah. (gülür)

- Kitablar haqqında tənqidi fikirlər necədir?

- Çoxu tez bitdiyini, bir günə bitirdiyini deyir ancaq.

- Artıq köşə yazırsız. Bloqla çox maraqlanmırsız deyəsən. Vaxt olmur, ya artıq hər şey əvvəlki dadda deyil?

- Bloqum mənim ilk gözağrımdı. Ora içimdən gəlməyəndə, səmimiyyətsiz yazmaq istəmirəm. Həm də indi o qədər yerə yazıram ki, bloqa yazmağa mövzu qalmır.

- Pukka kitab yazır, bəs kitab oxuyurmu? Kimləri oxuyursuz?

- Mən yazdığımın əksinə, fantastika xəstəsiyəm. Ursula Le Quinin “Yerdəniz sehrbazı”nı və bu tərz kitablar oxuyuram.

- Nə vaxta kimi kitab yazmağa davam edəcək? Bu, təklif edilir, ya artıq özünüz yazmağa davam edirsiz?

- Təklif edilir. Amma gələcəyə aid nə plan qursam, başımda sınır. Ona görə də bilmirəm, artıq “nə olacaqsa olacaq” ruh halına girmişəm (gülür)

- Köşə yazmaqdan başqa nə işlə məşğulsuz?

- Əvvəlki işimlə məşğulam, ssenari yazıram.

- Sosial media məşhurluğunun faydası və zərəri nədir, Pukka?

- Həmişə insanların marağını cəlb edəcək yazılar yazmalısınız. Bu da çətindir. Dostlarım nə yediklərini yazanda maraq doğurur, mən isə “Ayağım qırıldı” yazsam “Bundan bizə nə? Aforizm yaz” deyən adamlar olur.

- Sosial media məşhurluğundan sıxılmadınız? Həmişə göz qabağında olmaq, həyatınız əvvəlki kimi deyil, nə etsən, harda görsələr maraqlanırlar. Sıxıcı deyil?

- Əslində o qədər geniş çevrə tanımır. Sadəcə internet istifadəçiləri tanıyır, bloqları, sosial medianı izləyənlər. Bunlar da çox deyil və kitabı, kompüteri bağladıqdan sonra hər şey bitir.

- Gələcək planlarınız nədir? Film, reklam, proqram təklifləri alırsınız? Bildiyim qədəriylə film təklifi almışdız. Pukkanın həyatı film olacaqdı. Nə oldu?

- Film gələn il çəkiləcək, xeyirlisi olsun, mən də həyəcanla gözləyirəm. Gerçəkləşmirlər deyə planlı biri deyiləm. Hər şey özü gələndə daha yaxşı olur, mən də bunu gözləyirəm. (gülür)

# 10061 dəfə oxunub

Oxşar xəbərlər

Fədakarlıq həzz almaqdır - Loğman

Fədakarlıq həzz almaqdır - Loğman

13:30 10 oktyabr 2024
Qarmon ifaçısından aparıcılara sərt açıqlama - “Söz tapmırlar"

Qarmon ifaçısından aparıcılara sərt açıqlama - “Söz tapmırlar"

13:01 10 oktyabr 2024
“Şərqşünas alim Aida İmanquliyeva”  adlı kitab sərgisi keçirilir

“Şərqşünas alim Aida İmanquliyeva” adlı kitab sərgisi keçirilir

13:00 10 oktyabr 2024
AYNA-dan Ədalət Şükürova cavab

AYNA-dan Ədalət Şükürova cavab

12:07 10 oktyabr 2024
"Simpsonlar"ın prodüseri gələcəyi proqnozlaşdırmağın sirrini açıb

"Simpsonlar"ın prodüseri gələcəyi proqnozlaşdırmağın sirrini açıb

11:22 10 oktyabr 2024
“Kişi gərək kişi ola” –  Ədalət Şükürov sərt danışdı – Ekstra müsahibə

“Kişi gərək kişi ola” – Ədalət Şükürov sərt danışdı – Ekstra müsahibə

11:10 10 oktyabr 2024
#
#
# # #