Bu qadınlar yazıçıların həyatını məhv edib - Siyahı

Bu qadınlar yazıçıların həyatını məhv edib - Siyahı
10 iyul 2019
# 09:00

Bu qadınlar xüsusi ustalıqla kişilərin qəlbinə yol tapıblar... Onlara çoxlu şeirlər yazılıb, mahnılar həsr edilib... Amma bu qadınlar heç də məsum olmayıblar...

Marta Hellxorn

Ernest Heminqueyin üçüncü arvadı Marta Hellxorn onun yaradıcılığının böyük pərəstişkarı idi. Jurnalist olan bu qadın qərara alır ki, nəyin bahasına olursa olsun, Heminqueylə tanışlıq qurub onu özünə bağlasın. Marta öz planını həyata keçirmək üçün yazıçının arvad-uşağı ilə qaldığı Floridaya yollanır. Heminqueyin vaxtının çoxunu keçirdiyi Ki-Uste barına gedib guya təsadüfən yazıçıyla tanış olur.

Heminquey də qadınlara qarşı biganə deyild, onu asanlıqla “yoldan çıxarmaq” olardı. Yazıçı ilə Marta artıq bir müddətdən sonra aktiv şəkildə yazışmağa başlayırlar. Hər ikisi Vətəndaş müharibəsini işıqlandırmaq üçün müxbir qismində Madridə gələndə artıq sevgili kimi görüşürlər. Ernestin gizli əlaqələri haqqında dedi-qodular arvadının qulağına çatanda isə Marta izi azdırmaq üçün reportajları çap edərkən yerini bəlli etmir, müxtəlif məkanlar göstərirdi. Bir müddətdən sonra bu da problem olmur, çünki yazıçı arvadını həmişəlik tərk edir.

Heminqueyin Martayla birgə həyatı heç də təsəvvür etdiyi kimi deyildi. Qadın karyerasını üstün tutur, tez-tez xarici ezamiyyətlərə gedir, ərini tək qoyurdu. Heminquey isə Kubadakı nəhəng evində sərxoşluq edir, sevimli pişiklərinin əhatəsində döşəməyə sərilib yatırdı.

Marta ezamiyyətlərdən qayıdanda ərinin bu halını görüb dəhşətə gəlirdi. Deyinə-deyinə onun içib döşəməyə tulladığı boş şüşələri yığır, tökdüklərini təmizləyirdi. Natəmizliyinə görə onu “donuz” adlandırırdı. Eminquey isə öz növbəsində ona “eqoist” deyir, ərinin qayğısına qalmamaqda günahlandırırdı.

Teleqramlarının birində o, Martaya yazırdı:

“Başa düşmürəm, sən hərbi müxbirsən, ya mənim yataqdakı arvadım?”

Qarşılıqlı ittihamlar tezliklə onların ayrılığına gətirib çıxarır. Sonralar Heminquey bu qadınla olan nikahını “başına gələ biləcək ən axmaq zarafat” adlandırırdı.

Marlen Ditrix

Kişilərlə reklam xatirinə görüşürdü...

Onun pərəstişkarları arasında Ernest Heminquey, Bernard Şou, Hertruda Stayn vardı. Amma bu aktrisanın ən böyük pərəstişkarı Erix Mariya Remark idi.

Remarkın ona olan sevgisi on ildən çox davam edib. “De ki, məni sevirsən...” toplusunda nəşr olunan sevgi məktublarını Remark ona həsr edib, “Zəfər tağı” romanındakı Madu obrazını isə ona baxaraq yaradıb. Dəfələrlə aktrisaya evlənmək təklif edib, amma hər dəfə “yox” cavabını alıb. Həm kişilərlə, həm də qadınlarla görüşən Marlen sərbəst həyat tərzini sevirdi. Remark haqqında sonralar belə deyirdi: “Onu məşuq qismində təsəvvür edə bilmirdim, çünki çox çirkin idi”.

Paris qəzetləri aktrisa və yazıçının eşq macərasından yazırdı. Marlen isə ərinə (artıq ərə getməyə macal tapmışdı) bunun reklam olduğunu deyirdi. Sonralar o yazırdı:

“Bizim birlikdə görünməyimiz mənim üçün sərfəli reklam idi. Almaniyada doğulmuş kino ulduzu və sürgündə olan məşhur alman yazıçı. Düşündüm ki, mətbuatın əlavə diqqəti mənim ancaq xeyrimə olar”.

Remark “Zəfər tağı” romanı üzərində işləyəndə yayı Fransanın cənubunda, Marlen Ditrixin ailəsiylə keçirir. Marlenin əri öz sevgilisiylə əylənirdi, Marlen özü gecələri Jan Qabenlə keçirirdi, Remark isə “Zəfər tağı” romanını yazır və sevgilisinin həsrətindən alışıb-yanırdı.

Sevgilisinin həsrətinə tab gətirməyən Remark ABŞ-a köçüb Marlen Ditrixin evinin qonşuluğunda yaşayır. Görüşlərə Marlen qərar verirdi. Aktrisanın qızı Remarkla anasının o illərdəki münasibətlərini belə xatırlayırdı: “Sanki Remark ona görə yaşayırdı ki, anamın evə yaxınlaşan maşınının səsini, ya da telefonunun zəngini eşitsin. Anam ona tək olduğunu və gəlişinə icazə verdiyini bildirəndə o tez-tələsik yolu keçib bizə gəlir, anamı bağrına basırdı”.

1951-ci ildə Marlenlə tanışlığından 12 il sonra Remark Çarli Çaplinin keçmiş arvadı Polett Qoddara rast gəlir. Yeni eşq macərası yazıçıya Ditrixə olan ağrılı aşiqliyinin öhdəsindən gəlməkdə kömək edir. 7 il sonra Remark və Qoddar evlənirlər.

Lilya Brik

Özü ərdə olsa da Mayakovskini heç kimlə bölüşmək istəmirdi.

“Kişiyə təlqin etmək lazımdır ki, o dahidir, amma başqaları bunu anlamır. Kişiyə icazə vermək lazımdır ki, evdə eləyə bilmədiklərini sizdə etsin, məsələn, siqaret çəksin və ya ürəyi istədiyi yerə getsin. Qalan şeyləri isə sizin əvəzinizdən yaxşı tufli və ipək alt paltarı həll edəcək”.

Bu sözlər “xalq avanqardının ilham pərisi” Lilya Brikə məxsusdur. O üç dəfə ərdə olmuşdu. Amma onu Mayakovskinin sevgilisi kimi tanıyırdılar. Özü ərdə olsa da, Mayakovskinin başqa qadınlarla görüşməsinə mane olurdu, hətta ondan gizlicə həmin qadınlarla görüşüb onlara “öyüd-nəsihət” verirdi.

Mayakovskinin sonuncu sevgilisi aktrisa Veronika Polonskaya xatırlayirdı: “Lilya onun həyatında yeganə və təkrarsız qadın olaraq qalmaq istəyirdi. Vladimir Vladimiroviçin ölümündən sonra biz Lidiya Yuryevna ilə söhbət edəndə o ağzından bu sözləri qaçırdı:

“Mən Volodyaya iki şeyi əsla bağışlamayacağam. Birincisi, o xaricdən qayıdandan sonra publikaya yeni şeirlərini oxumağa başladı. Halbuki bu şeirlər mənə həsr edilməmişdi, o heç olmasa məni bundan xəbərdar etməliydi. İkincisi, o mənim də olduğum ziyafətdə ancaq sizə baxırdı, sizin yanınızda oturmağa, sizə toxunmağa can atırdı”.

Lilya Brik Mayakovski ilə görüşməyə başlayanda Osip Briklə evli idi; uzun müddət onlar bir dam altında üçlükdə yaşadılar, üçlükdə səyahətə çıxırdılar. Bir müddətdən sonra Lilya Brik partiya xadimi Aleksandr Krasnoşekovla eşq macərası yaşamağa başladı. Krasnoşekovu həbs edəndə isə onun 13 yaşlı qızını evə gətirdi. Həbsxanada olan sevgilisinə tez-tez yemək daşıyırdı.

Sonra Lilyanın həyatına yeni bir kişi - kinorejissor Lev Kuleşov daxil olur. Onlar birlikdə Qafqaza səyahətə çıxırlar. Səfərin sonunda isə Vladimir Mayakovski cütlüyü Xarkovda, vağzalda qarşılayıb Lilyanı yerli mehmanxanaların birinə aparır.

Əslində Mayakovskinin həyatında başqa qadınlar da vardı, şair gözəlliyə və cazibəyə laqeyd qala bilmirdi. Amma Lilyanın onun həyatındakı yeri tamam başqaydı. Bu qadına olan ehtirası uzun illər tükənməmişdi.

Lilya Brik isə onunla manipulyasiya etməyi əla bacarırdı. Aradabir Mayakovskyə bir neçə ay görüşməməyi təklif edirdi, yalnız ona görə ki, ev , məişət onu bezdirib, bundan başqa dediyinə görə, ayrılıq vaxtı ondan hədiyyələr qəbul etmək və ağrılı məhəbbət məktublarını oxumaq da Lilyanı təngə gətirirdi. Halbuki şairin qonorarlarla bağlı problemləri olmasına baxmayaraq, Lilya onu avtomobil almağa məcbur etmiş və paytaxtda fransız səfirin arvadından sonra ikinci maşın sürən qadın olmuşdu. Mayakovskinin onun yanında olması isə Lilyanın ədəbi salonunun şöhrətini artırırdı.

Qəribədir ki, Lilya Brikin çoxsaylı sevgililərinin olmasına baxmayaraq, birinci əri Osip Brik onun həyatının başlıca kişisi olaraq qaldı. Osip vəfat edəndə Lilya belə demişdi: “Volodya, Primakov vəfat edəndə ölən onlar idi, Osiplə isə mən özüm də öldüm”.

Sofya Baxmetova

Doğma qardaşı onun ucbatından dueldə öldü...

Aleksey Konstantinoviç Tolstoyun arvadı Sofya Bexmetova gözəl deyildi. İvan Turgenev onunla tanışlıqdan sonra deyirdi:

“Onu görəndə elə bildim qarşımda ətək geyinmiş əsgər var!”

Amma bu qadın gözəl olmasa da, ağıllı idi. Əyalətdən gəlməsinə baxmayraq, 14 dil bilirdi, ədəbi yenilikləri izləyirdi, fenomenal yaddaşı vardı, ona görə də kişilərin başını gicəlləndirə bilirdi. Onun pərəstişkarlarının sırasında tanınmış şair Lev Müllerin kuzeni Qriqori Nikolayeviç Vyazemski, yazıçılar Dmitri Qriqoreviç və Aleksey Tolstoy da vardı.

Sofya 20 yaşında olanda Vyazemskidən hamilə qalır. Vyazemski onunla evlənməkdən imtina edir, bacısının şərəfini qorumaq üçün onu duelə çağıran qardaşını isə öldürür. Baş verən fəlakətdə qızı günahlandırırdılar, qınaqlardan təngə gəlmiş Sofya sevmədiyi Müllerə ərə getməyə məcbur olur. Ər-arvad demək olar ki, birlikdə yaşamırdılar, bir müddət sonra isə Sofya Aleksey Tolstoyla tanış olur.

Tanışlıq Böyük teatrdakı karnavalda baş verir. Sofya əslində İvan Turgenevi dəvət etmişdi, o isə qaradnməz dostu Aleksey Tolstoyla gəlmişdi. Sofya qara maskadaydı. İvan Turgenev onun əsl simasını görçək məyus olur, Aleksey Tolstoy isə qadına aşiq olur.

Bexmetova və Tolstoy arsında eşq macərası başlayır. Tolstoyun ona həm də rəhmi gəlir, Sofya ilə evlənib onun ləkəli keçmişini unutdurmaq istəyirdi. Amma nə Sofyanın rəsmi əri, nə də Tolstoyun anası bu nikaha razılıq verirdi. Sevgililər Anna Alekseyevnanın sağlığında nikaha girə bilməyib 12 il gizli görüşürlər.

Nikahdan sonra Tolstoyun malikanəsini Sofyanın qohumları zəbt etdilər. Tolstoy Sofya ilə münasibətlərini korlamamaq üçün yeni qohumlarının əməllərinə göz yumurdu. Baxmetova əriylə kobud davranır, onu Turgenevlə müqayisə edir, Turgenevin Alekseydən yaxşı yazdığını deyirdi. Lap əsəbiləşəndə isə kənar adam kimi ona familiyasıyla “Tolstoy” deyə müraciət edirdi. Aleksey Konstantinoviç əzab çəkirdi. Ona nevroz xəstəliyi əziyyət verirdi, morfidən istifadə etməyə başlayan yazıçı 1875-ci ildə aşırı dozadan dünyasını dəyişir.

Aleksey Tolstoyun ölümündən sonra Sofya onun bütün gündəliklərini, qəzet və jurnallar üçün yazdığı məlumatların, qaralamaların böyük bir hissəsini məhv edir. Peterburqda özünə yeni ədəbi salon açır və tezliklə Dostoyevski ilə tanışıq qurur. Ədibin ölümünə qədər onlar ünsiyyətdə olurlar.

Ömrünün qalan illərini Tolstaya səyahətlərə həsr edir. 1895-ci ildə Lissabonda vəfat edir.

# 4104 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #