Cəhənnəm gerçəkdirmi?

Cəhənnəm gerçəkdirmi?
15 noyabr 2017
# 17:30

Xortdan olmaq elə də çətin deyil. Ah dünya!

Bu xarabada, bu axmaq zəmanədə, kim nə istəyirsə elə da ola bilir. Ancaq xortdan olmaq bir sıra keyfiyyətləri ehtiva edir öz aləmində. İstənilən zaman istənilən insan bir anın içində, xortdanlığa şiddətli təkamül edə bilmək gücünə sahibdir. Bəli, xortdanlıq da bir təkmil canlı modelidir. Bu gecə mən Harri Haller kimi yalquzaq da ola bilərdim, yaxud da Mersault kimi yad qala bilərdim, ancaq onsuz da içində xeyli Kefli İsgəndər yetişdirən mənim həmvətənlərimə, heç bir əhval və şərait içində təhsili başqa yerdə alıb “fransuzki” danışan İsgəndər də kar eləmədiyindən, mən də qərara aldım ki, xortdan olum. Onsuz da mən bu axşam unudulmuş bir kəsəm. Unudulmuşların bütün ağrılarını təsnif edib, tərənnüm edən bir xortdan kimi cəhənnəmdən yazmaq istədiklərimi.

İsa Muğanna “Cəhənnəm” romanına başlayanda belə deyir:

"Cəhənnəm" deyilən doğrudan da varmı, ya yoxdur? Varsa, ömrü onsuz da işgəncələr içində keçən insanı bir daha, özü də daimi əzaba salmaq hansı vicdansız yaradıcıya lazım olub? Və ya cəhənnəm yoxdursa, bir para adamın dediyi kimi, "insanı bəd əməldən çəkindirmək, qorxutmaq üçün Din uydurmasıdır. Elə isə bir ağıllı və məntiqi sual da doğur ki, əgər bu "qır qazan"lı, "Odabaşı"lı dəhşət həqiqətən uydurulmuş yalandırsa, "Mif"dirsə artıq iyirmi ikinci əsrə qədəm qoymuş "sivilizasiya"lı bəşəriyyətdə bircə nəfər alim-filan tapılmayıb ki, "Cəhənnəmin doğrudan da varlığını və ya "mif"liyini sübut etsin?!

Qorxunun, qorxudulmanın pik nöqtəsi hətta bəzi mənbələrə görə, simalardan biri olan “Cəlal”ın təcəllisi deyə də adlandırılan cəhənnəm... Ora ki, İblisin səltənətidir, bütün zəbanilərin məskəni. Bax ha... Cəhənnəm! Qorxunun hökmranlığının mütləq zirvəsi. (Gavur buna “overdose” deyir. Marks da millətlərin afyonu. Burda elə belə təsadüf yoxdur ha, Kərbəlayi)

Məndən qorxan birinin məni sevməsi... Mən axı bunu istəməzdim. Əslində, dürüst olum, bəlkə də sevəcəklərini bilsəm qorxmalarını istəyəcəyim insanlar ola bilərdi. Hansı İblisdən danışaq? Cümlə xəyanətlərə bais olandan yoxsa hər kəsə xain olandan? Gör nə dərəcədə əbədiyyət arzun ola ki, gör nə qədər yaşamağı, var olmağı istəyəsən, gör nə dərəcədə yox olmaqdan qorxasan ki, cəhənnəmdə yanmağa belə razı olasan, amma yoxluğu qəbul etməyəsən. Doğrudan ha, yadınıza gəlirmi bilmirəm, orta məktəb misallarında, çoxluq dərslərində, ən istənməyən çoxluq forması yenə Boş Çoxluq idi. Qəbul edilməz bütün reaksiyaların nəticəsini boş çoxluq adlandırırdıq. Bu qədər kənarlaşdırılsaydım, boş çoxluq olsam xətrimə dəyərdi...

Tək mən deyiləm, bunu düşünən, tək indi deyil. Ağlanılacaq halımıza Dante hələ yaşadığı dövrdə “İlahi Komediya” yaradıb. İlahi, insanlar! Siz adamı öldürərsiniz. İndi isə özüm yazıram sizə, uzaq cəhənnəm torpaqlarından:

“Salam, əziz həmkarlarım (leydiz ənd centlmenz). Sizə yazan Xortdandır, cəhənnəm elindən. Buralarda hava pis keçir, heç yağmır yağışlar ki, düşəsən yadıma. Sizə də məktub yazmışam ki, bağışlayın...

Cəhənnəm nədir? Axı yer üzündə yaxud da şişirdilməkdən lərzəsi yerə göyə sığmayacaq məhşər elindəki hansı yanğın, bir yalquzağın sinəsindəki tənhalıq dəmindən daha qızmar olar? Ey özündən bixəbər, qafil, Oyan! Bir vicdandakı sızıltıdan daha böyük sızıltı varmı yəni? Başını qoyanda yastığa, beyninə yığılan bütün deyə bilmədiklərin, beynində xor oxuyan bütün insanlar...

Vəd olunur ki, inanmayan hamıya cəhənnəm əzabı var. Məhz buna görə, bax elə bu səbəbdən çıxın qarşısına və deyin ki, mənə təcili surətdə inanmalısan, çünki inanmayanlara əzab var.

Tənhalığın saralmış vərəqlərindən birini cırıb, üstünə dəyərli (!) zamanımdan hazırlanan mürəkkəb ilə səhərin alatoranında sizə bir iki cümlə yazıram. Beynimdə söhbət edir bir ağızdan hamısı. Tənhaların əlil hesab olunduğu bir topa insan arasında aşınıb gedirəm.

Bizə belə öyrədiblər çünki. Bizim dastanlarımızda qovuşmayıb sevgililər. Biz bilmirik insan necə xoşbəxt olur. Hər zaman xoşbəxtlik göydən düşən 3 alma kimi nağıl gəlib bizə. Öyrətməyiblər insan necə sevilər. Mənfəət üstünə münasibət inşa edəndə, laxlamış zəmində sadəcə biri üçün nələrisə etməyi, mübarizə aparmağı və onu qorumağı öyrənmişik. Sevmək nədir? Biz nə bilək. Çingiz deyir ki, sevgi əməkdir. Aytmatovu deyirəm. Abdullayevə desək ki, sevgi ölüb. Dronqonu yollayacaq ki, görsün “djinayətkar” kimdir? Əməkdən sevgi törəyirsə, sevgidən yalnızlıq necə bir təkamüldür? Axı, insan nə qədər kamil olsa da, yalnızlıq sadəcə Onun özünün əlindədir. “Ən əl həqq!” dedik, amma gərək birinci həddimizi bilək! Yalnızlıqdan nə törəyir bəs? Törəməsi özünə bərabər olan tək ifadə yalnızlıqdır. Budur, riyaziyyat tələyə düşdü. Yalnızlıqdan yalnızlıq törəyirsə, bəs yalnızlığın inteqralı necə başqa bir şey ola bilər?.. Hahaha... Onsuz da, onu elm olaraq qəbul etmirdik.

Gözü tuneldə qalan bir platforma kimi, gəlməyən qatarı gözləmək kimidir insanlar tərəfindən anlaşılmağı gözləmək. Qəribə deyilmi ki, limanlar qovuşmağı, vağzallar isə ayrılığı canlandırır zehnimizdə.

Unuda bilmədiyim arzumla... Kürəyimə alıb qəhər yükünü, qeybə qərq oluram sizin mahaldan. Şairi maraqlandıran sual hamınızı maraqlandırır: “Mən öləndə, kimin xarabasında bir damla yaşa dönüb düşəcəyəm gözünüzdən?”

Yaxşı, çox uzatmıram. Mən onsuz küsüb gedirəm, qoy hamı qalsın. Siz ömrünüzün qımıldanmasından qorxarkən, mən dodaqlarımı dayayıb günəşin işıqlarına, vidalaşıram, ruhuma demişəm yığışıb gedirik. Yox, yox, siz narahat olmayın. Heç pozmayın rahatçılığınızı... Mən onsuz da həmişə harasa qaçıram, tələsirəm, heç bir dəfə də ayaq saxlayıb, boylanmadan keçmişimə. Bilirəm başınız qarışıqdır. Məktubun sonuna kimi gəlib çatmısınızsa, tənhalıqdan daha böyük cəhənnəm olmadığını bilirsiniz. (Çatmamısınızsa cəhənnəmə ki...)... Burda düşünməyə çox vaxtı olur adamın. Cəhənnəmi deyirəm, elə Tənhalıqda da... Bilirəm üşüyürsünüz.

Əyninizi qalın geyinin.

Sağ salamat.”

Qələndər Məmmədli

# 1268 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
"Təcili yardım"ın aktyoru vəfat etdi

"Təcili yardım"ın aktyoru vəfat etdi

09:50 12 dekabr 2024
"Bahar"ın aktrisası yeni serialda

"Bahar"ın aktrisası yeni serialda

09:36 12 dekabr 2024
Məşhur aktyorun nəvəsi:  "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

Məşhur aktyorun nəvəsi: "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

09:00 12 dekabr 2024
İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
#
#
# # #