Yavaş-yavaş Qırmızı Papağa oxşayacaqsan – Reportaj

Yavaş-yavaş Qırmızı Papağa oxşayacaqsan – Reportaj
5 iyul 2019
# 15:02

Kulis.az Samirə Əşrəfin “Dovşanın ad günü” reportajını təqdim edir.

Az getdik, üz getdik, dərə təpə aşmadan kino tənqidçi Sevda Sultanova ilə 5 saylı bakubus marşurutundan düşüb Abdulla Şaiq adına Kukla teatrına çatdıq. Teatrın ətrafında bayram ab-havası vardı. Uşaqlarını tamaşaya gətirən valideynlərin əllərindəki gül dəstələrinin ətri hər tərəfi bürümüşdü. Azərbaycan teatr tarixi qədər sanbalı olan Kukla teatrının ağır, qızılı dəstəkli qapısını var gücümüzlə aralayıb teatrın geniş dəhlizinə keçəndə gözümüzə ilk sataşan günün səbəbkarı Kukla teatrının nəzdində fəaliyyət göstərən “Oyuq” teatr studiyasının rəhbəri Səidə Haqverdiyeva oldu. Səidə göyərçin kimi səkərək bizə tərəf pərvazlandı. Sevda ilə görüşəndə qulağına iki daşın arasında bir-iki pıçhapıç edən səbəbkarımız daha sonra mənə yön aldı.

- Gəl ey gəl. Vətənim, torpağm, Şuşam, Ağdamım harda qalmısan?

Xatırladım ki, Səidə Haqverdiyeva Qarabağlıdır. Nəslinin bir hissəsi, Şuşadan, o biri hissəsi isə Ağdamdandır. Bu səbəbdən də yazar, rejissor və rəhbər xanım situasiyaya görə gah şuşalı, gah da ağdamlı ola bilir. Və harda içi mən qarışıq Qarabağın suyundan içib, havasını udmuş qarabağlı görsə, kövrəlir. Torpağım, vətənim, elim kimi nisgilli sözlərlə ortaq həsrətimizi dərinləşdirərək, ümumi əhvalı daha da dramatikləşdirir.

Amma bu günün dramatizmlə heç bir əlaqəsi yoxdur. Hamımız Kukla teatrının nəzdindəki “Oyuq” teatr studiyasındakı balaca aktyorların iştirakı ilə məşhur uşaq yazıçısı Xanımana Əlibəylinin 100 illiyinə həsr olunmuş xeyriyyə məqsədi ilə keçirilən “Dovşanın ad günü” tamaşasına baxacağıq. Müəllifin eyni adlı pyesi əsasında hazırlanan tamaşanı səhnələşdirən studiyanın bədii rəhbəri Səidə Haqverdiyeva, quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, xoreoqrafı Ramiz Qəmbərov, rejissor assistenti Gülər Məlikovadır.

Nənəsinin yağ yaxmacından yeyib uşaqları divin evinə aparan, sonra da divi xəlbirlə çaya göndərib dostları ilə əkilən çoxbilmiş Cırtdanın maketi teatrın dəhlizində dimdik dayanıb. Cırtdan sanki digər nağıl qəhrəmanlarının keşiyini çəkir, onları adam yeyən divlərdən qorumağa çalşır. Teatrın bədii hissə müdiri Həmidə Rüstəmova da üzü Cırtdana tərəf dayanıb. Uzaqdan adama elə gəlir ki, bədii hissə müdiri sanki nağılmızın balaca ağsaqqalı ilə nəsə məsləhətləşir, götür-qoy edir. Daha sonra isə Həmidə əlindəki kağızları dəstələyə-dəstələyə teatra təşrif gətirən mətbuat nümayəndələrini yerləşdirməyə çalışır. Məni görəndə xala xətrin qalmasın yanağıma yüngülvari öpücük də qondurur. Onun əynindəki qıpqırmızı şalvara baxaraq işarə vururam:

- Həmidə, bu nədi qırmızı geyinmisən? Belə getsə yavaş-yavaş Qırmızı Papağa oxşayacaqsan.

- Məni indiki situasiyada ancaq qurda oxşatmaq olar (gülüşmə düşür)

Tamaşa başlanır zala keçirik. Maşallah zalda bütün yerlər tutulub. Ayaq üstə isə nə qədər adam var. Böyüklər də uşaq olmaq istəyirlər. Onlar da tamaşaya baxmaq üçün, qapıdan, bacadan boylanırlar. Səhnədə teatr və sənət yolunda vaxtından tez saçlarını ağardan aparıcı İqbal Əliyevin səsi gəlir:

- Əziz balalar, gəlin, zalda əyləşən və səhnə arxasında olan uşaqları ucadan alqışlayaq.

Musiqi sədaları altında alqışlar gedir. Aparıcının səsi zalda yenidən əks səda verir:

- Tamaşada zəhməti keçən balaca aktyorlarla sizləri tamaşanın sonunda tanış edəcəm. İndi isə sizlərin alqışları ilə tamaşaya başlayaq.

Tamaşa başlanır. Amma mən heç nə görmürəm. Səhnədəki quşların, daha doğrusu balaca aktyorların ancaq səslərini eşidirəm:

- Dostlar, xəbəriniz yox, xəbərdən. Bu gün dovşanın ad günüdür.

Operatorların quraşdırdıqları kameralar tamaşanı izləməyimə mane olur. Adamları yara-yara birtəhər qapıya tərəf gedirəm ki, bəlkə nəsə görə bildim. Bayıra çıxıram yenə Həmidə ilə rastlaşram. Yer yoxdur - deyirəm.

- Onda qalx, səs rejissoru olan otağa. Məhəmmədin yanına. Tamaşaya ordan bax.

Həmidə təmizlikçi qadınlardan birini də mənə qoşur.

Pilləkanları çıxanda təmizlikçi qadın teatrın açıq qapısından gələn valideynlərə baxıb deyir:

- Hələ dalı gəlir.

- Yaxşıdı də. Teatrınızın tamaşaçıları çoxdur.

- Xoşlarına gəlir də uşaqların belə tamaşalar.

Təmizlikçi xala məni bir qaranlıq otağa salır. Açıq pəncərədən səhnə əl içi kimi görsənir. Özümü qara qoçun belindən qaranlıq dünyaya atılan Məlikməmməd kimi hiss edirəm. Az keçmir ki, təsəvvürümdə yanılmadığım da məlum olur. Otaqda quraşdırılmış səs aparatlarının, komputerin yanından sivişib pəncərənin qarşısına keçmək istəyəndə əjdaha kimi bir oğlan suyun, ee pəncərənin qarşını kəsir:

- Burdan baxmaq olmaz!

- Niyə?

- İcazə yoxdur.

- Mən reportaj yazmalıyam, aşağıda bir addımlıq da yer qalmayıb. Ona görə burdan baxacam.

Məhəmməd adlı əjdahanın qara gözləri qaranlıqda yanıb sönür, canımı vahimə bürüyür. Əjdaha oğlan qapını açıb üzərinə yapışdırılmış ağ kağızdakı yazını göstərib sözbəsöz üzümə oxuyur: “Kənar şəxslərin girirşi qadağandır!”

Mənə də Məlikməmməd deyərlər.

- Onda mən reportajda sizdən də yazacam. Yazacam ki, Kukla teatrında məni otaq-otaq gəzdirdilər.

- Yazarsınız. Bütün tamaşa burdan idarə olunur. Bura giriş qadağandır!

Daş qayaya rast gəlib. Olmaz, olmaz də. Özümü günün günorta çağı əjdahanın alovunda yandırası deyiləm ki.

Təzədən qayıdıram teatrın dəhlizinə. Həmidə əli ilə qoymuş kimi məni yenidən dəhlizdə haqlayır:

- Niyə qayıtdın?

- Məni qoymadılar. Otaqdan çıxartdılar. Dedilər, get, başqa yerdən bax (birinin üstünə də beşini qoyuram). Həmidənin gözləri böyüyür. Bu dəfə o, həqiqətən də Qırmızı Papağın nənəsini hop eləyib udan Qurda oxşayır:

- Məhəmməd səni ordan baxmağa qoymadı?

O, məsələni dəqiqləşdirməyə çalışır.

- Yox, dedi ki, gedin zaldan baxın.

- Bəs demədin ki, Həmidə müdiriyyədən icazə alıb mən reportaj hazırlamalıyam?

- Əlbəttə dedim. Qoymadı də, neyləyək.

Mən danışdıqca Həmidə qəzəbli-qəzəbli susur, həm də iti-iti pilləkanları qalxır.

Mən isə gücləndirilmiş “iş” rejiminə keçirəm:

- Tamaşanın da yarısı getdi, indi mən nədən yazacam? (İlahi, özümdəki potensial ifritəlik qabiliyyətinə heyrət edirəm).

Sözlərim su kimi yerə tökülüb axsa da, qarşıdakı dəqiqələrdə qaranlıq otaqdakı əjdahanın alovunu söndürməyə qədər gedib çatır, onu zərərsizləşdirir. Pilləkən bitir. Bayaqkı qaranlıq otağın qarşısında dayanırıq. İmkan tapıb qapının üstündəki yazını da telefonun yaddaşına atıram. Qapını döyürük. Əjdaha oğlan arxasınca da onun köməkçisi görsənirlər. Həmidə məni içəri ötürür:

- Əziz dostlar, icazə verin, Samirə xanım sizin yanınızdan baxsın. İcazəsi var. O, tamaşadan yazacaq və sizə heç bir maneçilik etməyəcək. İstəsəniz sizdən də yazar.

Cıqqılı səsyazma otağına əjdaha Məhəmmədi tam zərərsizləşdirmş və qələbə əzmi ilə girirəm.

Səhnədə dovşanın ad günü başlamaq üzrədir. Dovşan balaca komasında şirin qutablar, dadlı tortlar hazırlayır. Qaranquş meşəyə çıxıb cəh-cəh vuraraq tez-tez meşə heyvanlarına dovşanın ad günü xəbərini çatdırır. Səhnənin bir küncündə isə iki şələquyruq tülkü üç ağzı qara canavara kələk gəlmək istəyirlər. Zaldakı uşaqlar yaşadıqları dünyanı, komputeri, telefondakı oyunları unudublar. Onlar indi bütünlüklə Xanımana Əlibəylinin 50 il əvvəl böyük məhəbbət və səbrlə yazdığı nağılın içərisindədirlər. Uşaqlar sakit olsalar da, valideynlər səs salırlar.

Tülkülər quyruğunu yellədə-yellədə oxuyaraq, milli rəqslərdən birini rəqs edirlər.

Tamaşa dovşanın dostları olan heyvanların, alabaşın canavarlar üzərində qələbəsi ilə başa çatır. İqbal Əliyev yenidən səhnədən görsənir. Söz verdiyi kimi balaca aktyorları bir-bir təqdim edir. Səidə Haqverdiyeva, Günay Səttar səhnəyə çıxırlar. Onların dəvəti ilə Xanımana Əlibəylinin qızı Gülər Əlibəyli də mikrafon qarşısına keçir. Gülər xanımın gözlərində yaş damlaları parlayır. Səhnədəki uşaqların qoynu gül-çiçəklə dolur. Səidə xanım tamaşanı izləyən balaca uşaqlara təşəkkür edir. Onları alqışıayır. Ən böyük təşəkkür isə oyuqçulara Kukla teatrının səhnəsində çıxış etmək şəraiti yaradan, körpələrin növbəti sevincinə səbəb olan Kukla teatrının rəhbəri Rəşad Əhmədzadəyə düşür.

Teatrın dəhlizində yazıçının qızı Gülər xanıma yaxınlaşıram. Çəhrayı paltar geyinmiş Gülər xanım nurlu baxışları ilə balaca qız uşaqlarını xatırladır. Hiss olunur ki, tamaşa bitsə də onun ömrünün uzaq keçmişinə, analı günlərinə, uşaqlıq xatirələrinə səyahəti hələ bitməyib.

- Tamaşa xoşunuza gəldi Gülər xanım?

- Həddindən artıq. O qədər xoşuma gəldi ki, danışa da bilmədim.

- Elə bil bir az kədərləndiniz də...

- Ağladım... Anamı yadıma saldım, onu xatırladım.

Gülər xanım göz yaşlarını saxlaya bilmir. Yenidən körpə-körpə ağlayır.

- Mən hələ anam üçün belə yüksək zirvə görməmişdim. Sözlərin dəqiq tələffüzü, teatr insanlarının ona qarşı səmimiyyəti məni kövrəltdi. İstərdim ki, anamın başqa əsərləri də səhnələşdirilsin.

Gülər xanımı uzaqdan görən teatrın rəhbəri Rəşad Əhmədzadə bizə tərəf yaxınlaşır: Gülər xanım, bu tamaşanı teatrın repertuarına salacağıq.

Mən fürsətdir deyibən diktafonu Rəşad müəllimə tərəf uzadıram:

- Rəşad müəllim, teatrınızın repertuarında Xanımana Əlibəylinin yaradıcılığına tez-tez müraciət olunur?

- Əlbəttə. Kukla teatrının repertuarında Xanımana Əlibəylinin yaradıcılığına dəfələrlə müraciət etmişik.

İnşallah bundan sonra da onun əsərlərindən istifadə edəcəyik.

Gülər xanımın bayaqdan göz yaşlarında yuyulub aydınlanan siması sinəsində tutduğu güllər kimi çiçəkləyir. Baxışlarından sıçrayan işıq şüaları ətrafa səpələnir.

Dəhlizdəki səs-küyün içərisində nağıldakı keçi rolunu ifa edən balaca oğlanla rastlaşırıq. O, başındakı keçi maskasını çıxartsa da, əynindəki libası, keçinin dərisini hələ çıxarmayıb. Yorğun, tərli, bir az da hirsli halda atası İqbal Əliyevin ardınca gedir:

- İqbal bəy, bu sizin oğlunuzdur.

- Bəli

- Adı nədir, neçə yaşı var?

- Adil, beş yaşı var.

Onu teatr adamı kimi sınağa çəkib ilişdirmək istəyirəm:

- Oğlunuzun aktyor olmasından qorxmursunuz? Çətin sənətdir axı...

- Xeyir, aktyor olsun. İstedadı var.

Tülkü və kirpini rollarını ifa edən uşaqların da şəklini çəkirəm. Tülkü kimi işvələnən, hiyləgərlik göstərən İnci həyatda da olduqca fakturalı və göyçək qızdır. Böyüyəndə aktrisa olmaq istəyir. Və bu istəyinin gerçəkləşəcəyinə məni inandırır.

Tamaşa sona çatsa da, adamlar iki bir, üç bir dağılışsa da balacalar Səidədən əl çəkmirlər. Onunla şəkil çəkdirmək, söhbət etmək istəyirlər. Səidə isə neçə günlərin dəhşətli yorğunluğuna rəğmən onların hər birinə tək-tək vaxt ayırır, başlarına sığal çəkir, qulaqlarına sevgi dolu sözlər pıçıldayır. Hər uşaq ondan bir dünya sevinc götürüb evinə yollanır. Səidənin isə insan sevgisi bitmir, tükənmir, əksinə anban çoxalıb, artır və bütün dünyaya yayılır. Bizə isə əziz dostumuzu növbəti uğuru münasibəti ilə təbrikləyib, sevgisinin hər zaman başından aşıb daşmasını arzulamaq qalır.

# 4920 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
# # #