Daha çox xanımların gəldiyi kitab-kafedən reportaj

Daha çox xanımların gəldiyi kitab-kafedən reportaj
12 avqust 2016
# 13:48

Kitab bizim ağrılı yerimizdir. Paytaxtda kitab mağazaları kababxanalara, restoranlara uduzduqca, biz kitab əldə etmək üçün şəhərin bir ucundan o biri ucuna ayaq döydükcə də bu davam edəcək. Elektron kitab, reader, internet mütaliəsi, telefona endirilmiş kitablar... Bunların hamısı var, razıyam. Amma bir də klassik kitabçılar var, yəni kitabı elə klassik qaydada mütaliə etməyi sevənlər. Vərəqlərin enerjisini, kitabın qoxusunu içinə çəkərkən mütaliəni sevənlər...

Belə bir şəraitdə, kitab mücadiləsi apardığımız dönəmdə... qarşıma çıxan bu mənzərə isə gerçəkdən ənənələrdən uzaq idi. Bakıdan 200 kilometr məsafədə, Xaçmaz rayonunun mərkəzində kitab-kafe. Təsəvvür edirsiz? Heç paytaxtda axtarsaq, 2-3 kitab-kafeni çətinliklə tapa bilərik. Amma əyalətdə, iri bir məkan, yüzlərlə kitab, kitabsevərlərə təqdim olunan seçimlər - noutbuk, internet... Otur, istədiyin kitabı oxu, internetdə məlumatlarla tanış ol və sair...

Yolum Xaçmaza düşməsəydi, mən də bu məkanın varlığından xəbərsiz qalacaqdım. Amma əlim yandıda bir kitab axtarırdım və ölkədə “kitab adamı” adına iddia edən azsaylı şəxslərdən olan naşir Şahbaz Xuduoğluna müracət etdim: “Bəy, Xaçmaz tərəfdə kitab mağazası tanıyırsız? Axtardığım kitabı necə tapa bilərəm?” Sağ olsun, öncə “Qanun”un kitab çatdırma xidmətini təklif etdi, amma yolun uzaqlığından dolayı onlara əziyyət vermək istəmədik. O da Xaçmazdakı “Sətir” kitab evini işarə etdi. “Orda Sərdar bəy var, telefon nömrəsini verim, danışın...”

Kitab üçün hər gün 200 kilometr məsafəni qət edənlər var idi

Budur, elə adıçəkilən kitab evindəyik. Olduqca təmiz, kompakt və gözoxşayan bir məkan. Rəflərdə saysız-hesabsız kitab və ən önəmlisi onlardan xəbərdar olan məkan sahibi. Sərdar Amin bu məkanın sahibidir. Bizə də onun haqqında məlumatı elə özü verdi. Necə yaranıb? Xaçmazda belə bir yer açmaq ideyası nə qədər perspektivli olub və sair...

Müsahibimiz danışır ki, özü kitabsevər olduğu üçün bu məkanın zəruriliyinə az qala hər gün əmin olurmuş: “Biz bir neçə dostumuzla mütəmadi Bakıya kitab almağa gedirdik. Sonralar eşitdik ki, az da olsa, bizim kimi insanlar var ki, onlar da kitab ardınca 200 km məsafə qət eləməyi özlərinə qıyırlar. Düşündük ki, bizim kimi insanlar varsa, nədən bu insanları elə öz regionumuzda kitabla təmin etməyək. Həm də özümüz istədiyimiz kitablara yaxın ola bilək. Bunun üçün şimal bölgəsinin istənilən bir rayonunda kitab evi olmalı idi. Hansı ki, ən son nəşrləri də özündə cəmləyən, bədii ədəbiyyata üstünlük verən bir kitab evi. Regionlarda isə kitab evi adı altında dəftərxana ləvazimatı satılan barmaqla sayılası mağaza var. Satışda olan dəftər-qələmin arasına bir neçə detektiv roman da qoyurlar ki, ”kitab evi" adına görə kimsə bu məkanın sahibini qınamasın. Biz isə əsas üstünlüyü bədii ədəbiyyatın təşkil etdiyi bir kitab evi açmaq qərarına gəldik".

Sərdar bəy bu ideyaya kitab qoxulu bir kafeni də əlavə edib. Məqsəd kitabdan, sənətdən söhbətləşmək, kitab oxumaq istəyən gənclərin həmin yerdə rahatlığını təmin etmək olub: “Beləliklə, təxminən 5 ay bundan əvvəl bu barədə şirin-şirin söhbətləri başa vurub real işə başladıq; məkan tapdıq, həmin məkanı təmir etdik, kitab evi və ”book cafe"yə uyğunlaşdırdıq, lazımi avadanlıqla, kitabla təmin etdik. Bu işdə bizə bir neçə nəşriyyat da yardımçı oldu. Beləliklə, 2016-cı ilin 31 iyulunda “Sətir 6" Kitab Evi, ”book cafe"nin açılışı oldu, beləcə işə başladıq".

Öncə qapını açıb baxır, sonra kitablarla tanış olurlar

Yaxşı, bəs Xaçmaz, xaçmazlılar onların bu kitab sevgisinə adekvat reaksiya verdimi? Müsahibimiz danışır ki, ümumiyyətlə, Xaçmaz mütaliə baxımdan Azərbaycanın paytaxtı da daxil olmaqla, digər regionlardan nə müsbət, nə də mənfi mənada fərqlənmir:

“Azərbaycanda kitaba münasibət hər kəsə bəllidir və biz də bu işə başlarkən bu potensialı nəzərə almışdıq. Ona görə də işə tam olaraq biznes gözü ilə baxmırıq. Əsas istəyimiz bu ocağın özü-özünü yaşatmasıdır. Açılışımızdan az müddət keçməsinə baxmayaraq perspektivi planlaşdırmaq olar. Rayonda işıqlı, həvəsli, dinamik fərdlər var. Hansı ki, onlar yavaş-yavaş bizi tapır, bizimlə birgə olur. Əsas istəyimiz də məhz belə insanlarla birlikdə olmaq, cəmiyyətə xidmət etməkdir. Mütaliə baxımdan müxtəlif zövqlü oxucular gəlir bura. Detektiv həvəskarlarından başlamış Orxan Pamuk oxucularınadək. Çox maraqlı insanlarla tanış oluruq burada. İllərlə kitab həsrətində olan elə insanlar gəlir ki, bura... Öncə qapını açıb baxırlar, kitab evi ilə tanış olurlar, dərhal xeyli kitab alırlar. Gözyaşardıcı bir mənzərədir. Belə mənzərələri gördükdə qürurlanırıq. Hələ ki kitab satışı kütləvi hal almasa da, fərdlərin münasibəti və fəallığı ürəkaçandır. ”Sətir 6"nın açılışından qısa vaxt keçməsinə rəğmən oxucuların kitab seçimi haqqında nəsə demək mümkündürsə, onu deyə bilərik ki, daha çox müasir bestsellerə üstünlük verir. Gənclər psixoloji, fəlsəfi yükü ahəngdar, daha çox macəra, hekayətli əsərləri alır. Təbii ki, bu müqayisə də diqqət çəkir, əlavə olaraq klassik, ideoloji, fəlsəfi kitablar da az satılmır".

Söhbət zamanı onu da öyrəndik ki, “Sətir 6"da kitab satışı, ”book cafe" xidmətləri ilə yanaşı, ayda bir dəfə “book club”, film müzakirəsi, həftədə bir dəfə isə ingilis dilinin təkmilləşdirilməsi üzrə təmənnasız “conversation club” keçirilir: “Artıq hər üç müzakirəyə xeyli maraq yaranıb. Bu işi sistemli şəklə saldıqdan sonra daha orijinal tədbirlər və müzakirələr keçirmək planlayırıq. Sonda onu da qeyd etmək istəyirəm ki, məlumdur ki, regionlarda xanımların asudə vaxtlarının sərbəst keçirilməsi üçün demək olar ki, uyğun şərait yoxdur. ”Sətir 6" “book cafe”ni düşünərkən biz məhz bu məqamı önə çəkdik. Bu gün book cafemizdə daxili atmosfer bu məqama tam cavab verir. Bu üzdən əksər qonaqlarımız məhz xanımlardır. Onlar burada kitab oxuyur, müzakirələrə qoşulur".

Sevinc TELMANQIZI

Musavat.com

# 2023 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
#
#
# # #