Cüzeppe Verdinin “Rekviyem” əsəri təqdim olunub

Cüzeppe Verdinin “Rekviyem” əsəri təqdim olunub
29 iyun 2019
# 09:57

İyunun 28-də Heydər Əliyev Mərkəzində “Cüzeppe Verdi. Rekviyem” adlı klassik musiqi gecəsi keçirilib.

Görkəmli bəstəkar Cüzeppe Verdinin məşhur “Rekviyem” əsəri müxtəlif ölkələrdən olan musiqiçilərin ifasında təqdim olunub.

Əsəri Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Vano Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının Xoru və Batumi Dövlət Musiqi Mərkəzi Kapellası ifa edib.

Rusiyalı Yelena Mixailenko (soprano) bildirib ki, konsertə hazırlıq işləri yüksək templə aparılıb. Belə ki, cəmi iki dəfə məşq ediblər. Solistlər əvvəl bir yerdə oxumasalar da, hər şey çox gözəl alınıb. Bu gün isə bu gözəl nəticə təqdim edilir.

Bas vokalçı Antonio Di Mateo diqqətə çatdırıb ki, özü italyan olduğu üçün Cüzeppe Verdinin “Rekviyem” əsərini məhz Bakıda oxumağından çox məmnundur. Azərbaycan vokal məktəbini müsbət dəyərləndirən musiqiçi Azərbaycan vokalçılarının Avropa ölkələrinin konsert salonlarında getdikcə daha çox çıxış etdiklərini söyləyib.

Azərbaycanlı vokalçı Azər Zadə (tenor) qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən sənətçilərin burada bir araya gəlməsi çox sevindirici haldır. “Bu, şəhərimizin müəyyən mənada təbliğidir və hamımız bundan yalnız sevinirik", - deyə Azər Zadə bildirib.

Konsertin dirijoru, Xalq artisti Yalçın Adıgözəlov konsert proqramını ölkəmizin mədəni həyatında gözəl bir hadisə kimi dəyərləndirərək deyib: “Dünya klassik musiqi repertuarının şah əsərini, Cüzeppe Verdinin “Rekviyem” əsərini ifa edirik. Ümidvaram ki, bu ifa illər boyunca dinləyicilərin yaddaşından silinməyəcək. Çünki səhnədə 200 nəfər sənətkar bir araya gəlib. Uzun illər belə bir imkanın yarandığını gözləyirdik. Əlimizdən gələni etdik ki, bu hadisə Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə yazılsın”. Təşkilatçılara minnətdarlığını bildirən dirijor hamıya musiqi dolu gözəl bir gecə arzulayıb.

Almaniyadan olan Mareyke Yankovski (metso-soprano) Bakıya ilk dəfə gəldiyini deyib. Bildirib ki, azərbaycanlı sənətçilərlə işləmək çox gözəl bir təcrübədir. Dünyanın müxtəlif xalqları ilə musiqi ifa edəndə insan çox oxşar hisslər keçirir. Çünki musiqi insanları birləşdirir.

“Rekviyem” dahi bəstəkar Cüzeppe Verdinin solistlər, xor və orkestr üçün əsəridir. Əsərin ideyası 1868-ci ildə bəstəkar Coakkino Rossini vəfat edərkən yaranıb. Verdi Rossininin vəfatının ildönümü üçün matəm messası bəstələnməsi məqsədilə italyan bəstəkarlara müraciət edir. Əsərin müxtəlif hissələrinin yazılması üzrə bəstəkarlar arasında püşkatma olur və Verdiyə əsərin sonuncu hissəsi – “Libera me” düşür. Əsər 1869-cu ildə hazır olsa da, ifa edilmir. Bir ildən sonra Verdi "Rekviyem"i bütünlüklə özünün yazacağını açıqlayır. Bu vaxt o, artıq 2 hissəni bəstələmişdi.

1873-cü ildə Verdinin gənclik illərindən rəğbət bəslədiyi, tanınmış yazıçı Alessandro Mandzoninin ölümü əsərin tamamlanmasına təkan verir. “Rekviyem” 1874-cü il mayın 22-də Mandzoninin vəfatının ildönümündə Milandakı Müqəddəs Mark kafedralında bəstəkarın öz dirijorluğu ilə təqdim olunur. Üç gün sonra isə əsər “La Skala” teatrında böyük uğurla ifa edilir.

Texniki mürəkkəbliklərlə zəngin, çoxsaylı ifaçı tələb edən yeddi hissəli “Rekviyem” ilk gündən geniş auditoriya rəğbəti qazanıb. /azertag.az/

# 4689 dəfə oxunub

Oxşar xəbərlər

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

FİFA-ya sərt etiraz: Dünya Kubokunun finalındakı şouya "Çörək və tamaşa" dedi

17:11 17 iyul 2026
“FotoBax”  milli fotomüsabiqəsinə müraciət davam edir

“FotoBax” milli fotomüsabiqəsinə müraciət davam edir

16:30 17 iyul 2026
“Musa Cəlil ömürlüyü…”  kitabı çap olundu

“Musa Cəlil ömürlüyü…” kitabı çap olundu

16:15 17 iyul 2026
Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

Sovet fəhləsindən ispan kralına qədər... - Yeni muzeyimizdə nələr var?

16:10 17 iyul 2026
Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

Həkim səhlənkarlığının qurbanı olan Telman Adıgözəlov

15:00 17 iyul 2026
İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

İçərişəhərdə Numizmatika Muzeyi açıldı - FOTO

13:50 17 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər