TÜRKSOY-da “Qara Qarayev ili”nin açılış olub

TÜRKSOY-da “Qara Qarayev ili”nin açılış olub
14 fevral 2018
# 22:56

Fevralın 14-də Ankarada, TÜRKSOY-un iqamətgahında “Qara Qarayev ili”nin açılış mərasimi keçirilib.

Tədbir çərçivəsində Azərbaycan Milli Kitabxanasının arxiv fondundan böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim Qara Qarayevin əsərlərindən, musiqi ədəbiyyatından və əsərlərinin disklərindən ibarət kitab sərgisi nümayiş etdirilib. Bu barədə Azərtac-a Azərbaycan Milli Kitabxanasından məlumat verilib.

Açılış mərasimi dahi sənətkarın həyat və yaradıcılığından bəhs edən filmin nümayişi ilə başlayıb.

TÜRKSOY-un baş katibi professor Düsen Kaseinov, görkəmli bəstəkar, UNESCO-nun sülh artisti, Azərbaycan Respublikasının Xalq Artisti, Bəstəkarlar İttifaqının sədri professor Firəngiz Əlizadə, Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət İşçisi, professor Kərim Tahirov, Əməkdar İncəsənət Xadimi, Qazi Universitetinin müəllimi, professor Əflatun Nemətzadə və başqaları mərasimdə çıxış ediblər.

Düsen Kaseinov görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığından, onun dünya musiqisinə bəxş etdiyi töhfələrdən danışıb. O, “Qara Qarayev ili” çərçivəsində 2018-ci il ərzində TÜRKSOY-a daxil olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və digər türkdilli ölkələrdə də görkəmli sənətkarın yubileyi ilə bağlı silsilə tədbirlərin keçiriləcəyini söyləyib.

Firəngiz Əlizadə çıxışında dahi bəstəkarla işlədiyi vaxtlardan, onun bəstəkar kimi yetişməsində Qara Qarayevin rolundan danışıb, xatirələrini bölüşüb. O, Qara Qarayevin Azərbaycan bəstəkarlıq məktəbinin yaranmasında xüsusi rolu olduğunu qeyd edərək bu gün Azərbaycan musiqisinin ön cəbhəsində gedən Arif Məlikov, Xəyyam Mirzəzadə və digər görkəmli bəstəkarların yetişməsində onun böyük xidməti olduğunu qeyd edib.

Kərim Tahirov dahi bəstəkarın həyat və yaradıcılığından bəhs edərək, onun dünya musiqi tarixində böyük inqilab edən Azərbaycan sənətkarı olduğunu söyləyib. O, dahi bəstəkar Dmitri Şostakoviçin xatirələrindən söhbət açaraq bəstəkarın Qara Qarayevi tələbəsi deyil, müasiri adlandırdığını söyləyib.

Sonda Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış tammətnli “Qara Qarayev-100” adlı elektron məlumat bazası kitabxananın baş mütəxəssisi, Əməkdar Mədəniyyət İşçisi Gülbəniz Səfərəliyeva tərəfindən tədbir iştirakçılarına təqdim edilib.

Tammətnli elektron məlumat bazası 11 hissədən ibarətdir.

Tədbirin sonunda Milli Kitabxananın direktoru Kərim Tahirov dahi bəstəkarın portretini, Qara Qarayevin Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış, görkəmli bəstəkarın musiqi əsərləri yazılmış 5 audio diski TÜRKSOY-a hədiyyə edib.

Ankarada Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar növbəti tədbir fevralın 15-də Qazi Universitetində keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr Sərəncamı ilə Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illik yubileyi qeyd olunur.

Qara Qarayev Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyi özünəməxsus nadir fitri istedada malik şəxsiyyətlərindən biridir. Novator sənətkar kimi o, uzun əsrlik qədim milli musiqi irsinin ənənəvi klassik və ən müasir musiqi formaları ilə son dərəcə ahəngdar vəhdətində çox sayda monumental əsərlər yaradıb.

2018-ci il TÜRKSOY tərəfindən “Qara Qarayev ili” elan olunub.

# 2354 dəfə oxunub

Oxşar xəbərlər

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

Amsterdamda qeyri-adi muzey açıldı – Burada heyvanlar sərbəstdir, insanlar qəfəslərdə

18:00 30 oktyabr 2026
XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

XVI Lüdovik dövrünə aid sevgi məktubları tapıldı – 230 illik sirrin yeni izləri

17:30 30 oktyabr 2026
Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

Dinozavr skeleti 47,3 milyon dollara satıldı – Alıcı kimdir?

16:30 30 oktyabr 2026
Devid Bouinin  yayımlanmayan konsert filmi nümayiş olunacaq

Devid Bouinin yayımlanmayan konsert filmi nümayiş olunacaq

15:30 30 oktyabr 2026
“Deutsche Börse Photography Foundation Prize 2027”  mükafatının qısa siyahısı açıqlandı

“Deutsche Börse Photography Foundation Prize 2027” mükafatının qısa siyahısı açıqlandı

15:00 30 oktyabr 2026
Rusiyalı gənc rəssam vəfat etdi

Rusiyalı gənc rəssam vəfat etdi

14:45 30 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər