Qızlarını abort edənlər o nənəni qınamasın

Qızlarını abort edənlər o nənəni qınamasın
4 avqust 2017
# 16:03

"Lənkəranda 6 günlük Mələyin nənəsi tərəfindən öldürülməsi hadisəsi ilə bağlı yeni faktlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, 4 il əvvəl qız övladı dünyaya gələn Vəliyə Nurullayeva daha sonra bətnindəki körpələrin cinsiyyəti məlum olan kimi onları abort etdirib. Bəlli olub ki, V.Nurullayeva ilk övladı dünyaya gələndən sonra hamilə olduğu 4 qızı ailə üzvlərinin təkidi ilə abort etdirib. Sonuncu hamiləlikdə isə həkimlər ona nəticələri gec deyib və abortu məsləhət bilməyiblər. Bu səbəbdən də Mələk normal hamiləliyin yekununda dünyaya gəlib və anadan olandan 6 gün sonra nənəsi Atifə Nurullayeva tərəfindən öldürülərək quyuya atılıb”.

Selektiv abortlar təzə xəbər deyil. Ölkədə selektiv abort söhbəti getməyən ailə çətin az tapılar. 6 günlük uşağın öldürüldüyü ailədə də selektiv abort söhbəti adi bir söhbətdən biri olub, sadəcə kiçik bir diqqətsizlik onun cinayət olduğunu ortaya çıxarıb. Yəni 6 günlük Mələk özü ilə birgə o dərin quyudan daha əvvəl “öldürülən” 4 bacısını çıxarıb.

Hadisəyə içini çəkib, dəhşətə gələn, hələ qatil olduğu sübuta yetirilməyən nənəni qarğışlayan onlarla qadın və kişinin ailəsində isə selektiv abort söhbəti dəhşət zad oyatmır, sıradan, adi söhbətdir.

Nənənin selektiv abort açıqlaması isə bir tutunmaqdır, baxın hamınız mən dərddəsiz, məni anlayarsız deməkdir.

Əlbəttə, o Atifə nənəni bizdən yaxşı kim anlayar?

“Yenə qız...” təəssüfü ilə aborta gedənlər, ya göndərilənlərdən yaxşı kim başa düşər?

Biz də anlamağa çalışmalıyıq. Özünü tanımayan istənilən cəmiyyətin xilası mümkün deyil. Niyə qız uşaqlarını istəmirik? Oğlan çox olsa da olar. Amma qız...

Ənənəvi ailədə qadın büdcəni təmin etməyə borclu deyil, büdcə kişinin vəzifəsidir, o üzdən oğlan uşaqlarının sənət sahibi olması vacibdir. Xüsusən bölgələrdə ailə qız uşaqlarının təhsilinə sərmayə qoymağı məntiqsiz sayır. Qız “çörəyi avara” məxluqdur, evə qazanc gətirə biləcək ailə üzvü deyil. Əlbəttə, təhsil də ala bilər. Müəyyən peşəyə də yiyələnə bilər. Amma bu peşələr məhduddur. Müəllim, həkim (daha çox xərc aparan təhsil) tibb bacısı və bir neçə başqa peşə. Və bu məhdud sayda olan peşələr əksərən qazanc gətirən işlər deyil. Hətta olsa belə sabah ailə quracağı adamın onun işləməsinə razılıq verəcəyi sual altındadır. Qadın kiminsə himayəsinə möhtac bir məxluqdur.

Bu sosial görünən, amma psixoloji qaynaqları olan problemdir.

“Kür qırağının meşələri” əsərində yazıçı Əkrəm Əylisli qəhrəmanı Qədirin dilindən bir psixoloji məqamı açır. Arvadı Səltənəti “Birdən qız doğarsan...” deyib hədələyən Qədir rus qadınla evlənib qız atası olandan, başı daşdan-daşa dəyib doğma vətənə qayıdandan sonra belə etiraf edir: “Mən düşünəndə ki, qızım olacaq və gedib kiminsə arvadı olacaq, kiminsə həyətini süpürəcək, dəli olurdum...”

Bu nə deməkdir, qadına verilən patoloji yüksək qiymətdir, yoxsa öz arvadına göstərdiyi aşağılayıcı münasibətin proyeksiyasını görmək qorxusu?

Oğlan doğulanda sevinən ataların daha bir arqumenti “nəslin davamçısı” olaraq oğlanların seçilməsidir. Qızlar evlənəndə soyadlarını dəyişib, ərlərinin soyadlarını götürürlər, uşaqlarsa avtomatik atanın soyadını götürür. Bu formal görünsə belə, qız uşaqlarının nəsildən sayılmaması kimi düşüncə yaradır.

Anaların qız uşaqlarını istəməməsinin də öz səbəbləri var: Onların qadına əksərən əzici münasibət göstərən kişimərkəzçi cəmiyyətdə doğulacaq qız uşaqlarına bu başdan yazığı gəlir. Bu da qadınlara xas “Qədir sindromu”dur. Xüsusən məişət zorakılığından əziyyət çəkən qadınların tez-tez kriminal xəbərlərdə qurban kimi adı hallanırsa.

Abortun, daha doğrusu selektiv abortun cəmiyyətdə qeyri-insani, əxlaqsız hərəkət sayılmaması selektiv aborta rəvac verən faktorlardandır. Şüuraltı olaraq selektiv abort edən qadında “Hamının etdiyi işdə heç bir qəbahət ola bilməz” düşüncəsi kök atır. Bu düşüncəyə isə heç bir arqument, hətta dini arqument belə davam gətirmir.

Məsələn, qonşuluqda dini ibadətlə məşğul olan bir qadın qız uşağını abort etmişdi. Onun öz hərəkətinə münasibəti olduqca paradoksal idi: “Bəyəm Allah görmür ki, biz nə zülm çəkirik? İndi biri oğlan olacaq deyə, 3-4 uşaq dünyaya gətirəsi deyiləm ki?”...

Üçüncü Dünya Ölkələrində “ailə institutunu dağıtmaq” planından duyuq düşmüş kimi danışan xeyli mətnlər, adamlar xatırlayıram. Bəli, Azərbaycan ailəsi fərqlidir. Bəli, ailənin başçısı kişidir. Bəli, qadının da, kişinin də öz yeri var. Amma belə görünür ki, bu ailədə problemlər var. Xüsusən uşaq məsələsində ailədə qadın da, kişi də, yəni ər də, arvad da eyni dərəcədə söz sahibi, qərar sahibi deyil. Biz bu kimi hansısa məsələ haqda danışanda artıq ailədən deyil, qadından və kişidən danışırıq. Onların qayğıları bir olsa da arzuları, həyatları başqadır.

TV-lərdən birində selektiv abortların qarşısının alınması mövzusu ümumiyyətlə, abortlar və qadın sağlamlığı mövzusuna keçdi və maariflənmədən danışıldı. Amma qadınların kontraseptiv vasitələr haqqında maariflənmədən. Deyəsən axı, bir az gülməlidir. Maarifçilikdən başlanırsa, qadınların hansısa kontraseptik məhsullar haqda məlumatlandırılmasından yox, seksizm və ailə dəyərləri məsələsində cəmiyyətin maariflənməsindən söhbət getməlidir. Ailənin maariflənməsindən söhbət getməlidir. Kişidən və qadından asılı olmayaraq. Bəlkə də ailədə kişi və qadını bir-biri ilə tanış etməkdən başlamaq lazımdır ki, onlar bir-birinin yalnız bədənini deyil, ruhunu, arzularını, düşüncəsini tanısın. Tanısın və qiymətləndirsin...

P.S. İllər öncə rus yazıçısı Buninin “Kənd” povestinin qəhrəmanı Tixon İlyiçin dilindən belə bir epizod oxumuşdum. Kuzma İlyiç aclıq dövründə Deniskanın fahişələrlə görüşməklərini xatırlayır: ”O fahişələr elə ac idi ki, onlara pul əvəzinə verdiyimiz çörəkləri elə altımızdaca yeyirdilər” - deyir... Bu günlərdə tibb jurnallardan birində yazılmış hamiləlikdən qorunmaq üsullarından biri diqqətimi çəkdi: cinsi əlaqə zamanı nə isə çeynəyib yemək hamiləliyin qarşısını alırmış. Beləliklə, həzm sistemi işləyir və orqanizm çoxalma və mayalanma funksiyalarını bir növ “unudur”. Bu məlumatı oxuyan kimi “Kənd” povestində Deniskanın fahişələrini xatırladım. Bəlkə onlar da çörəyi acından yemirmiş? Nobel mükafatlı kişi yazıçı fahişəlik edən qadınların əsl dərdini bilə bilməyib...

# 1299 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #