Uşaq ensiklopediyası, yoxsa dua kitabı? - FOTO

Uşaq ensiklopediyası, yoxsa dua kitabı? - FOTO
13 yanvar 2017
# 12:05

Aliyə

- Səncə, balıqda pullar nə üçündür, qızım? - Balıq təmizləyə-təmizləyə 7 yaşlı qızımı imtahan edirəm.

- Onları Allah belə yaradıb.

Cavabdan yayınmaq üçün deyir əlbəttə. Daha bir sual verim yaxşısı.

- Bəs quşlarda niyə yaratmayıb, deyə bilərsən?

- Allah istədiyini edəndir. Biz bilə bilmərik axı bunu…

Əlbət, imtahan götürər kimi soruşmağım xoşuna gəlmədi, deyə düşünürəm.

Ta ki, yaxınlarda ona hədiyyə etdiyim Uşaq ensiklopediyasını vərəqləyənə qədər. Cavabı elə kitabın özündən oxuyuram. “Qələm” nəşriyyatının çap etdiyi, Həkmoğlu İsmayıl ad-soyadlı türkiyəli müəllif tərəfindən yazılan ensiklopediyada hər canlı növ haqda məlumat Allahın qüdrətini xatırlatmaq, ona şükranlıq hissi, bu qüdrətə heyranlıq aşılamaqla bitir.

Məlumat minimumdur, deyək ki, uşaqların qaldıra biləcəyi qədərdir. Amma müəllif nəyə görəsə məlumatı dini ayələrin məzmununa oxşayan fikirləri ilə bitirir. Və nəinki hər səhifədə hər şəklin, mətn hissəsinin altında eyni fikri (“Bu qədər müxtəlif canlını yaradan Allahdır, o, hər canlını necə möhtəşəm yaratmışdır. O bütün aləmi insan üçün görə xəlq etmişdir. Və hər bir şeyi necə ustalıqla nəzərə almışdır”) təkrarlayır. Hər bölmə isə bu yaradılanlara görə şükranlıq duası ilə bitir.

Müəllifin kitabda əsas məqsədi Yerdəki canlılar haqda, kainatdakı proseslər haqda məlumat verməkdən çox, sanki bütün bu məlumatlarla tanrının varlığını uşaqlara isbatlamaqdır. Bir az araşdırmadan sonra əslində ensiklopediya adı ilə aldığımız kitabın İsmayıl Həkimoğlunun Türkyədə çap olunmuş “Hər şey Allahı anlatıyor” seriyasından olan kitablar toplusu olduğu məlum olur.

Amma bizim kitabın üstünə elmi-dini (?) sözləri yazılmayıb. Və ya içində “kitab uşaqlara dünyanı dini nöqteyi-nəzərdən izah edir” deyə qeyd də yoxdur. Daha doğrusu, “Canlı aləm və kainat uşaqlara “ağıllı dizayn” nəzəriyyəsi ilə təqdim olunur” yazmalı idilər. Deyək ki, texniki xəta edib yazmayıblar.

Hətta bu halda belə eyni fikrin təkrarlanması “hər şey lazım olduğu kimi və mənim üçün yaradılıb, nə qədər bilsəm onsuz da hamısını bilməyəcəm” kimi bir arxayınlıq yaradır.

Gələcəkdə dərsliklərdəki təkamül nəzəriyyəsilə toqquşarkən kitabın oxucularının çaşqınlığını təsəvvür edin. Qısası, yaranacaq onlarla suala bu başdan kəsə cavab qoyan müəllif necə deyərlər, məsələnin “dadını qaçırıb”.

Halbuki, müəllif biomüxtəliflik, kainat, ərş-fərş haqda məlumatları sadəcə təqdim etsəydi dünya və kainatın möhtəşəm harmoniyası haqda, onun bu qədər qanunauyğunluğun, nizamında bir sirr olması haqda, lap elə Tanrının özü haqda uşaq özbaşına da düşünərdi. Yoxsa şəxsi dini görüşlərini ensiklopediyaya salmaq nə üçün? Yaxud balığın qarnında (25-ci kadr kimi) səcdəyə oturmuş adamı çəkmək nə deməkdir?

Əlbəttə, uşaqlar üçün yazılan kitablar mümkün qədər sadə izahlı, anlaşılan, hekayətçi olmalıdır. Amma bu sadələşmədən çox yönəltmədir və bu yönəltmə “düzünü Allah bilir” məntiqinə gətirir. “Düzünü Allah bilir” məntiqi isə bilmək, öyrənmək, axtarıb tapmaq, kəşf etmək həvəsini bir dua ilə (məsələn, “ilahi, dəryada balıqları qoruduğun kimi məni də qoru”) yatırır, ehkamçı təfəkkürü gücləndirir, uşağa “ikinci əl” məlumatlar verir.

Çünki, məqsəd uşaqlarda dünyaya, canlı və cansız aləmə maraq oyatmaq, onu öyrənməyə, özü üçün kəşf etməyə həvəs yaratmaq yox, onun dini görüşlərini formalaşdırmaqdır.

Nəticə də belə. Sən ensiklopediya bağışladığın uşaqdan elmi bilik soruşursan o sənə dini mülahizələr ilə cavab verir. Mənim uşaqlığımdakı “Nədir? Kimdir?” rəngsiz ensiklopediyası qızımın rəngli, əyləncəli şəkilli kitabının yanında nə qədər sönük görünür, halbuki, o kitab mənim kimi nə qədər uşaqda öyrənmək, bilmək, kəşf etmək yanğısı yaradırdı.

“İndi nə gözəl tərtibatlı kitablar var!” deyib uşaqlarınıza kitab alanda tək üstünə baxmayın, üstü ilə içini də tutuşdurun.

# 3310 dəfə oxunub

Oxşar xəbərlər

Azad Qaradərəlinin əsərlərinin 12-ci cildi çapdan çıxdı

Azad Qaradərəlinin əsərlərinin 12-ci cildi çapdan çıxdı

17:32 6 aprel 2026
Yalçın Küçük vəfat etdi

Yalçın Küçük vəfat etdi

16:27 6 aprel 2026
Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu

Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu

15:53 6 aprel 2026
"İsa dirildi..." - Pasxa bayramı niyə fərqli tarixlərdə qeyd olunur?

"İsa dirildi..." - Pasxa bayramı niyə fərqli tarixlərdə qeyd olunur?

15:00 6 aprel 2026
Macarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablo tapıldı

Macarıstanda Van Qoqa aid olduğu ehtimal edilən tablo tapıldı

14:30 6 aprel 2026
Paradiqma.az saytı təsis olundu

Paradiqma.az saytı təsis olundu

14:27 6 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər