Bu televiziyalar olmasa intihar da olmaz

Bu televiziyalar olmasa intihar da olmaz
18 fevral 2016
# 11:39

Müşahidə etmişəm, intihar xəbərlərində insanları daha çox motiv maraqlandırır; “Nə üçün?”, “Nəyə görə?” sualı düşündürür.

Alimlərsə səbəb axtarırlar. İntiharın psixoloji, bioloji, sosioloji faktorlarından tutmuş, hətta kosmik faktorlaradək səbəblər tədqiq olunur.

İnsanın qiymətli olduğu yerlərdə və insana dəyər verən insanlar tərəfindən intihar səviyyəsini artıran faktorlar ölçülür, sosioloji araşdırmalar aparılır.

Çünki bütün intiharlar, xüsusən demonstrativ intiharlar SOS siqnalıdır.

Sosiologiyanın banilərindən biri Drükqeym daha irəli gedərək intiharları yalnız sosioloji hadisə sayırdı və digər abstrakt mülahizələrə ironiya edirdi.

Dünyada bu hadisə ilə bağlı yüzlərlə araşdırmalar, faktlar var. Məsələn, dünya miqyasında gənclərin ölüm səbəbi olaraq ikinci yerdə intiharların dayandığı kimi.

Bəs bizim ölkədə günü gündən artan intihar xəbərləri ilə bağlı hansısa araşdırmalar aparılırmı? Hansı faktorlar intihar səviyyəsini artırır?

Və ya cinayət məcəlləsində olan “intihar həddinə çatdırma” maddəsi ilə ittiham olunacaq konkret şəxs yoxdursa, intiharda kim məsuliyyət daşıyır?

Tutaq ki, işsizlik, borc, maddi problemlərlə bağlı “Pula görə adam özünü öldürməz” kimi klişe fikirləri də qoyduq bir qırağa. Əlbəttə, kağız parçasına görə də adam özünü öldürər? Amma haqsızlıq kimisə yandıranda gərək tüstüsü də çıxa. Və ya adam pul üzündən aşağılanmağa dözməyə bilər. Onlarla hadisə var. Məsuliyyəti daşıya bilmədiyi üçün intihar edə bilər (çox vaxt söhbət məsul vəzifəlidən getmir, sıravi atadan danışırıq). İnsan kimi dəyərləndirilmədiyinə görə özünə qəsd edər və s.

Kimsə ona dəyərli olduğunu, insan olduğunu demədikcə, onu buna inandırmadıqca.

Müsbət impulslar almadıqca.

Bəs bu gün, burada sıravi insan yaşamaq üçün hansı müsbət impulslar alır? O, öz dəyərsizliyini necə və harda hiss edir?

Əgər o, TV-dən tutmuş evinin içinə kimi hər yerdə “Adəmi adam eləyən paradır” fikrini oxuyursa, onda necə? Qapalı sovet cəmiyyətindən fərqli olaraq guya informasiyaya açıq olan (ilk növbədə ikinci dərəcəli, passiv əhval-ruhiyyəyə təhrik edən xəbərlər) indiki dövrdə TV-nin toplumda daha əlverişli mövqeyi var. Geniş tamaşaçı üçün onun alternativi yoxdur.

Lakin azacıq araşdırma kifayətdir ki, bu gün TV-nin tamaşaçılara müsbət impuls verə bilmədiyini görək. Dünyanın ən müxtəlif yerindən, hətta fərdi əhəmiyyət daşıyan neqativ xəbərlərin təsir yükü daha çox şou xarakterli verilişlərlə “keyidilir”. Dozanı belə balanslaşdırırlar. Halbuki bu çal-çağır verilişləri insana pozitiv enerji verə bilməz. Tamaşaçı TV-də şoudan tutmuş serialadək özünü, vəziyyətini kiminləsə, nə iləsə identifikasiya edə bilmirsə, o daha çox stress alır və deməli sosiumda insan faciələri artır.

Yalnız insana bağlı olan gerçək sənətin topluma pozitiv impulslar ötürdüyünü, yaşam gücü verdiyini bilmək üçün TV üzrə mütəxəssis və ya sosioloq olmaq lazım deyil.

Bəli! Yalnız gerçək sənətin yaşam gücü vermək qabiliyyəti var. Amma bunun üçün gərək sənətin özünün yaşamağa gücü olsun. Ən azı fiziki cəhətdən.

Çox təəssüf ki, sənət adamları kosmik yox, bioloji məxluqlardır yəni özləri də insandırlar və buna görə onların da yemək və içmək, soyuqdan və istidən qorunmaq üçün geyinmək ehtiyacları var, hələ bu azmış kimi çoxları ailə qurmaq lüksünü də özlərinə rəva bilirlər. Onların aldığı məvaciblə bu ehtiyacları ödəmək mümkün deyil. Qaldı ki…

Və beləcə yaşam gücü verəcək adamlar haqda xəbərlər oxuyuruq: Məsələn, “Əyalət teatrının aktyoru özünü asdı”, ya elə bu günlərdə oxuduğum “Bakı Uşaq Teatrının aktyoru böyrəyini satır” kimi xəbərlər.

Sonuncu xəbər xüsusən çox təsirlidir. O aktyor pul qazanmağa böyrəkdən də başqa bir şey tapa bilərdi. Məsələn, vicdanını satardı, camaata yalan satardı, lap obrazlı desək, ruhunu şeytana satardı. Amma düşünə bilirsinizmi, o aktyor yenə də öz missiyasına sadiq qalıb: öz böyrəyini satmaqla kiməsə yaşam gücü verməyi düşünüb!…

Yaxşı biz neyləyək, deyəcəksiniz, əlimizdən nə gəlir?

Heç nə! Nə gələcək?

Heç olmasa, çalışaq, onun böyrəyinə layiq olaq!

# 2502 dəfə oxunub

Oxşar xəbərlər

İlon Mask tarixə düşdü

İlon Mask tarixə düşdü

12:00 12 dekabr 2024
Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

Rza Deqatinin yeni sərgisi - “Müasir Odisey”

11:15 12 dekabr 2024
Xalq artisti:  "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

Xalq artisti: "İnsan mənəvi, əxlaqi dünyasını sənətə qurban verə bilməz"

10:21 12 dekabr 2024
"Təcili yardım"ın aktyoru vəfat etdi

"Təcili yardım"ın aktyoru vəfat etdi

09:50 12 dekabr 2024
"Bahar"ın aktrisası yeni serialda

"Bahar"ın aktrisası yeni serialda

09:36 12 dekabr 2024
Məşhur aktyorun nəvəsi:  "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

Məşhur aktyorun nəvəsi: "Hara getsə də, xalq düşməninin oğlu sayılırdı" - Müsahibə

09:00 12 dekabr 2024
#
#
# # #