Tofiq Quliyevin xatirəsi yad olunub

Tofiq Quliyevin xatirəsi yad olunub
7 noyabr 2019
# 18:47

Noyabrın 7-də Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Fəxri xiyabana gələrək görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin (1917-2000) doğum günündə məzarını ziyarət ediblər. Məzarın önünə tər çiçəklər düzülüb, ustad nəğməkarın xatirəsi ehtiramla yad olunub.

Bəstəkarlar İttifaqının mətbuat xidmətindən bildirilib ki, anım mərasimində çıxış edən qurumun rəhbəri Xalq artisti, professor Firəngiz Əlizadə bəstəkarın həyat və yaradıcılığı haqqında danışaraq bildirib ki, Tofiq Quliyev Azərbaycan musiqisində mühüm xidmətləri olan sənətkarlardandır. T.Quliyevin Üzeyir Hacıbəylinin təşəbbüsü ilə təhsilini Moskvada davam etdirdiyini deyən F.Əlizadə qeyd edib ki, tələbəlik illərində Bülbülün təşəbbüsü ilə “Rast”, “Zabul” muğamlarını nota köçürüb. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyən bəstəkar 1958-ci ildə filarmoniyanın bədii rəhbəri, sonradan direktoru olub. O, ilk caz orkestrinin yaradılmasında fəal iştirak edib. Ümumilikdə 80-dən artıq filmə, 50-yə yaxın teatr tamaşasına musiqilər yazıb. Bu musiqilər xalqımızın yaddaşında silinməz iş qoyub.

F.Əlizadə görkəmli bəstəkarla davamlı ünsiyyətdə olduğunu bildirib: “Həyat elə gətirib ki, Tofiq müəllimlə uzun illər Bəstəkarlar İttifaqında birlikdə çalışmışıq. Mən onu Türkiyəyə “Boş beşik” baletinin premyerasına dəvət edəndə o, məmnuniyyətlə iştirak etdi. O, hər zaman bəstəkarlara dəstək olmağa çalışardı. Ulu öndər Heydər Əliyev Tofiq Quliyevin yaradıcılığına böyük qiymət verib. Hələ sovet dövründə bəstəkar Əməkdar incəsənət xadimi, sonrakı illərdə isə Azərbaycanın Xalq artisti adına layiq görülüb. Dəfələrlə təltiflərə layiq görülən sənətkarın yaradıcılığına verilən ən ali qiymət ulu öndər Heydər Əliyevin bəstəkara xəstəxanada olarkən təqdim etdiyi “İstiqlal” ordenidir. Bu gün bəstəkarın xatirəsinin əbədiləşdirilməsi istiqamətində müvafiq addımlar atılıb. Adına musiqi məktəbi, küçə, yaşadığı binaya xatirə lövhəsi vurulub. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla bəstəkarın 100 illik yubileyi böyük təntənə ilə dövlət səviyyəsində qeyd olundu. Tofiq Quliyev dövrünün ən böyük ifaçı və şairləri ilə çalışıb, öz musiqisi ilə əbədiyaşarlıq qazanıb”.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri görkəmli bəstəkarla bağlı xatirələrini bölüşüblər. Vurğulanıb ki, Tofiq Quliyevin yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti cəlb edib.

Qeyd olunub ki, Tofiq Quliyev 5 musiqili komediya bəstələyib, valslar, fortepiano üçün prelüd, variasiyalar yazıb. O, daha çox estrada musiqisinin ustadı kimi tanınıb. Lirik, şux, nikbin və oynaq çalarlı musiqiləri dillər əzbəridir.Bununla yanaşı, bəstəkarın “Bəxtiyar”, “Ögey ana”, “Nəsimi” və bir çox filmlərə bəstələdiyi musiqilər, həmin filmləri daha da baxımlı edib.

Tədbirin sonunda bəstəkarın oğlu, Xalq artisti, kinorejissor Eldar Quliyev anım mərasiminə qatılan hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, 1997-ci ildə bəstəkarın 80 illiyinə həsr olunan təntənəli yubiley mərasimində ulu öndər Heydər Əliyev Tofiq Quliyevə xitabən deyib ki, vaxt gələcək hər şey dəyişəcək, yaddan çıxacaq, ancaq onun musiqisi yaşayacaq. Bu gün həmin fikir öz təsdiqini tapmaqdadır. /azertag.az/

# 3460 dəfə oxunub

Oxşar xəbərlər

Universitetin mədəni ruhunun bir hissəsi olmaq şansı - Murad İsrafilov

Universitetin mədəni ruhunun bir hissəsi olmaq şansı - Murad İsrafilov

17:20 21 fevral 2026
Məsumiyyət muzeyi: Bir eşqin, bir şəhərin və əşyaların hafizəsi

Məsumiyyət muzeyi: Bir eşqin, bir şəhərin və əşyaların hafizəsi

13:40 21 fevral 2026
Bu gün Beynəlxalq Ana Dili Günüdür

Bu gün Beynəlxalq Ana Dili Günüdür

13:10 21 fevral 2026
Kütlə bayağı və şit şouları həzm etməyə proqramlaşıb - Cəmiyyət kimi özünə büt seçir?

Kütlə bayağı və şit şouları həzm etməyə proqramlaşıb - Cəmiyyət kimi özünə büt seçir?

12:30 21 fevral 2026
“Vəhşi təbiətin super qəhrəmanları”nın gizli mesajları - Cili və Mark Şatnerin sərgisindən reportaj

“Vəhşi təbiətin super qəhrəmanları”nın gizli mesajları - Cili və Mark Şatnerin sərgisindən reportaj

12:00 21 fevral 2026
"Sizcə, mən neçə dəfə eyni hekayəylə aldanmışam?" -  Çinarə Ömray

"Sizcə, mən neçə dəfə eyni hekayəylə aldanmışam?" - Çinarə Ömray

11:50 21 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər