Qismətdən yeni Hekayə: Yaşıl Puma

Qismətdən yeni Hekayə: Yaşıl Puma
14 iyun 2019
# 14:41

Kulis.az Qismət Rüstəmovun yeni "Yaşıl Puma" hekayəsini təqdim edir.

Nömrəm elektron lövhədə göz vurmağa başlayan kimi, irəli keçib boşalan kresloda oturdum. Yaşıl Pumaya elə bu gün sahib olmalıydım! Hesabdan pul çıxarmaq istədiyimi öyrənən qarabuğdayı qız saatına baxdı, təəssüf-sevinc qarışığı bir təbəssümlə dilləndi: “Nahara az qalıb, lütfən nahardan sonra gəlin.” Qızın təəssüfündə müştəriyə ürəyi yandığını göstərmək cəhdi olsa da, sevincində bir azdan başlayacaq lanç fərəhi oynaşırdı. Əlbəttə, nahardan sonra gələcəkdim, Yaşıl Pumanı sabaha qoyası deyildim ki!

İçərişəhərdəki “İnkvizisiya – orta əsr işgəncə alətləri” sərgisini də naharın bitməsini gözlədiyim həmin saatlarda gördüm. Vaxtı öldürmək üçün bundan münasib yer ola bilməzdi.

Üç rəqəmli nömrəm elektron lövhənin maviliyində batıb-çıxmağa başladı, bu dəfə başqa kreslonun müştərisiydim. Sarışın qızın zeytun dənəsi gözləri nahar sonrasının xumarına təslim olmaq istəmirdi. Sənədlərimi verdim, əvvəldən hazırlamışdım, çünki Yaşıl Pumanı tez almaq istəyirdim. Sarışın qız dırnaqlarına qapqara lak çəkilmiş uzunsov barmaqlarıyla klaviaturanı döyəcləyib məlumatlarımı dişlərini ağardan xanalara daxil etməyə başlayanda əməlli-başlı diksindim. Yəqin orta əsrlər olsa, belə dırnaqlara görə bu qıza cadugər deyib işgəncə verərdilər.

Sərgi bitmək bilmirdi.

Yaşıl Puma çox gözəl görünürdü, onu əlimdə tutduğuma inana bilmirdim, bir azdan ayaqlarım da sevinəcəkdi. Satıcı oğlan sırğasını oynadıb fonoqramı qoşdu: “Pumanı nəylə yuyacaqsız?” Çox fikirləşmədən, “əskiylə siləcəm, şotkalayacam” desəm də, qarşı tərəf hazır sözlərlə atəş açmağa davam etdi: “Cəmi 5 manat əlavə ödəməklə, öz qiyməti 10 manat olan, dünyanın bir nömrəli ayaqqabı təmizləyicisi “Best step”i əldə edə bilərsiniz. Köpüyü də özündədir, suyu da, şotkası da. Pumanız həmişə təmizlikdə olacaq...”

Razılaşdım. Sırğa qımışıb Pumanı qutuya qoydu, qapağını örtəndə birdən nəsə yadına düşdü, əyilib aşağı dolabdan bir sellofan çıxardı, səsi qulağımda qamçı kimi şaqqıldadı: “Unutmadan deyim, bu rezin bağcıqları alsanız, hər dəfə ayaqqabınızı bağlamalı olmayacaqsız, bir dəfə bağlayacaqsız, sonrası super rahatlıq! Cəmi 4 manat 50 qəpik əlavə ödəyəcəksiz.” Yaşıl Puma par-par yanırdı, “olsun, olsun” – dedim.

Həyəcanla əlimi gah cibimə salır, gah telefonumla oynayırdım ki, vaxt keçsin, amma bayaqdan məni “sabunlayıb şotkalayan” sonra isə “rezin bağcıqlarla” yüngül işkəncələrdən keçirən Sırğanın beynində təzə cadugər qazanları qaynayır, yeni gilyotinlər qurulurdu: “Son olaraq deyim ki, bu gün axırıncı günü olan bir kampaniyamız var, əgər indicə aldığınız Yaşıl Pumadan bir yox, iki ədəd alsın, üçüncüsü sizə havayı düşür, istəməzsiniz?”

İstəmirdim, ya da istəmək istəmirdim, istəyə dirənməyə çalışırdım, amma hiss edirdim ki, Sırğanın qurduğu cümlənin axırındakı sual işarəsi boğazımdan yapışıb məni nəfəs almağa qoymur. Sualın məngənəsi boğazımı sıxır, məni istəmədiyim şeyi istəməyə məcbur edirdi. Nəfəsim darala-darala, gözlərim bərələ-bərələ ağlımdan “bəlkə də istəyirəm, etiraf etmək lazımdır?” fikri keçdi.

Sırğa atdığın tilovun, qurduğu torun başına fırlanan şikarını səbrlə süzür, kim bilir, bəlkə də ürəyində əvvəlki qurbanlarıyla yeni qurbanı müqayisə edir, xəyalındakı cədvəldə sayrışan rəqəmlərə baxıb öz rekordunu qırmaq istəyirdi.

Yaşıl Pumanın eleqant dizaynı onu əldə etməyə çalışdıqca araya girən təkliflərlə sakral məzmuna bürünür və cəmi bir əl uzaqlıqdakı əlçatmazlığı ağır bir toppuz, kəskin bir qılınc, iti bir xəncər kimi içimi-çölümü didir, məni qan-tər içində qoyurdu.

Qərar verdim: istəyirdim. Biri hara, üçü hara?! Üç də yaxşıdır: ata, oğul, müqəddəs ruh. Deyəsən “kilsə” qalib gəlirdi...

Udqunub cavab verdim: “İstəyirəm, amma üstümdə o qədər pul yoxdur...”

Sırğa tilovu çəkdi, toru yığışdırdı, qəfildən ətrafda rəqqasələr peyda oldu, atəş-fəşanlıq başladı, günahkar təslim olmuşdu, indi bircə sonuncu addımın qırmızı lentini kəsmək qalırdı. Sırğanın ağzı iri bir qayçıya döndü, açılıb-yumulmağa başladı: “Düz bizim dükanla üzbəüz bir neçə bankın ekspress filialları var...”

Boylanıb baxdım: Yeddibaşlı bir əjdaha bütün gözlərini mənə zilləyib baxır, qanlı dodaqlarına yapışdırdığı gülüş smaylikini tərpədirdi... /sim-sim.az/

(2019)

# 2716 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #