Səni sevməyin şərab halı

Səni sevməyin şərab halı
25 noyabr 2015
# 16:45

Bu gün aynada özümü tanımadım. Dünən hər şey yaxşı idi, inan mənə. Amma bu gün... Tanımadım özümü...

Sən dünən getdin, bilmirəm nəsə apardın özünlə mənə aid. Mən indi o “apardığın”sız bir təhərəm, sevgilim.

Bilirsən, biz ikimiz birlikdə əla idik. Bunu həmişə sən deyirdin, mən inanırdım... Xatırladın?

Hətta ekzotik dərəcədə yaraşırdıq bir-birimizə. Səni yaraşdırırdım özümə.

İndi isə əlimdə bir qədəh şərab gözlərim uzaqlara zillənib, ağlım dünəndə ilişib qalıb... Ürəyim isə səndə...

Sən dediyin kimi ifadə edim, əlimdə bir neçə saralmış kağız, mürəkkəbi bitmək üzrə olan qələmlə yazıram bizi.

Bəli ikimizi...

Əllərimlə birlikdə bəlkə də sənsiz keçəcək bütün xoşbəxtsizliyimi boyayır qara rəngə mürəkkəb...

Bəzən nəfəs almaq üçün başımı pəncərədən çölə çıxarıram, bezmiş adam kimi baxıram bomboz nimdaş həyata... Sən keçdiyin küçənin rəngi solub elə bil, güllər əvvəlki kimi ətir saçmır ətrafa...

Sənin ətrinin son damcılarını özündə güclə saxlayan yatağıma qaçıb sığınıram.

Sanki sənin sinənə qısılıram...

Xəyalınla sevişə bilmirəm, əzizim... Yatağımda qalan son damla sənlər mənə yetmir... Bomboz darıxıram...

Xüsusən gecələr fərqli cür üşüyürəm ...

Bilmirsən mən sənsiz yarımçıq məna kimiyəm... “Sızlar” çoxalır, qorxuram birləşməyindən məna ilə... Mənasızlaşmaqdan qorxuram.

Mən özüm-özümlə yola getməməyə başlamışam. Özümlə savaşıb, özümü cəzalandırıram sənlə əlaqəsi olmayan bədənlərdə...

Yanındaykən darıxdığımı deyirdim. Xatırladın?

Mən bu günləri düşünüb darıxırdım, anlamırdın...

Hər toxunuşunla, hər yaxınlaşmağınla uzaqlaşırdın məndən...

Sənin gözlərinə baxıb getmə deyə yalvarsam da, dilim sükutda, qəlbim intiharlarda idi...

Bilmirdin ...

Mən dəfələrlə intihar edirdim. Mən dəfələrlə səni geri qaytarır, cəsədimin üzərində ağladırdım. Mən əslində xəyallarımda, fərqli ssenarilərimdə özümü sənə dəlicə sevdirirdim...

Gülmə!

Sərxoş da demə...

Xəyallarımda rejissor mən idim...

İçirəm, hə?

İçmək olmazmı?

Yox deyib, başını buladığını hiss edirəm...

Kölgənlə dərdləşirəm...

Kölgəsiz necə yaşayırsan? Adam! İnan bilmirəm...

Bilirsən bir dostum var idi, deyirdi ki, içib yazmaq olmur...

Sərxoşlara güvən olmaz deyirdi.

Amma bir cümlə də var axı, doğruları sərxoşlardan xəbər almaqdan söhbət gedirdi o cümlədə, nəsə xatırlaya bilmədim indi...

Ehh, bilmirəm...

Mən özümü sənsiz tanıya bilmirəm...

Mən sənsiz üşüyürəm, mən qorxuram sənsiz ...

Sənin ətrinlə sərxoş olmamaqdan, sənsiz sahilsizliyimdən qorxuram... Öz içimdə boğulmaqdan qorxuram... Sən heç suyun boğula biləcəyini düşünmüsən? Düşün...

Mən içirəm, hə?

Mənə baxıb tənə edən xəyalını isə bil ki, heç sevmirəm...

Ona sarıla bilmirəm, gerçək ol heç omasa bircə gecə...

Eh, nəyisə...

Bir sirr verim sənə?

Amma səhər unut, olarmı?

Məni ən çox sən xoşbəxt edirdin, bunun açmasından xəbərin varmı?

Fərqli idi, fərqli idin...

Səninlə daha çox yaşayırdım ..

Sən isə hiss edirdim, son zamanlar daha çox boğulurdun...

Bəzən aşırı sevgi hər şeyi məhv edir və adiləşdirir...

Gərək az-az sevəsən, dadını hiss edə-edə...

Gərək qırmızı şərab içər kimi sevəsən...

Gözlərini yumub dodaqlarını yalayasan, özünü Eyfel qülləsində hiss edər kimi dərin-dərin sevəsən... Hətta dadı damağında qalamalı eşqin ...

Sonra çıxmazlarda qalasan, büküb atasan saralmış kağız kimi bir bucağa, hətta ironiya ilə gülümsəyəsən ardınca eşqin...

Amma sonra gecənin bir yarısı dik atılıb yuxudan, dəli kimi qaranlığa meydan oxurcasına axtarıb tapasan, önündə diz çöküb Tanrıtək sitayiş edəsən önündə...

Tanrını aldadır kimi tövbələr edəsən arxasında barmaqlarını birləşdirən uşaqlar kimi...

Sonra etdiyin əməllərdən utanıb soyunaraq bumbuz duşun altında ağlayasan... Hıçqırıqlarını özündən gizlədərcəsinə ağzını qapayasan...

Vannaya şərab boşaldıb, ürəyini sərxoş edib, unutmağa cəhd edəsən...

Öncə yavaş-yavaş gülümsəməyə başlayasan, ardınca dəli bir qəhqəhə atasan, sonra sakitcə bir uşaq məsumiyyəti ilə dizlərini qucaqlayasan...

# 2896 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər