Kulis.az Azərbaycan oxucusunun maraqlandığı mövzuların siyahısını təqdim edir.
Seks
Hamı buna ağız büzsə də, interneti açan kimi ilk axtardığı şey məhz seksdir. Hərdən o cür adamların gileylərini də eşidirik: seks söhbəti nə qədər eləyirsiniz e? Ayıb deyil? Bəlkə də bu bizim seks aclığı çəkməyimizdəndir. Necə deyirlər? Adamlar olmayan şeylərindən danışarlar...
Toy
Xalqımın toy kimi adəti var. Təbii, buna etiraz edənlər də tapılır. Modern düşüncəli gənclər. Hər iki tərəf toy söhbətlərinə həssasdırlar. Harda toyla bağlı yazı görsələr ya təqdir edərlər, ya ələ salarlar. Toysuz keçən mediamızda oxucu sükut bayrağını sancmaqdadır.
Din
Bu mövzu ümumiyyətlə, hər kəs üçün maraqlıdır. Hardasa bir din xadimi nəsə dedi, məktəblərdə dini tədris başladı və s. Din adı altında istənilən mövzu diqqəti çəkir. Bəzən dinin əleyhinə gedən yazılarda tez-tez bu cür adamlar ortaya çıxır: “Əsl din bu deyil”. Sonra əsl dini izah edirlər. Başqa bir tərəf isə əsl din bu deyil söhbətinə gülməkdə. İki tərəf bir-birini qırmaqda olsun, xeyir İP-yə gəlsin.
Təkamül
İnsanın yaradılışı hər kəs üçün maraqlı və eyni zamanda sual doğuran mövzudur. Bu mövzunun içindən səsli-küylü keçən din onun əhatə dairəsini daha da genişləndirir. İki tərəf çıxır ortaya: meymunu müdafiə edənlər, Adəmin tərəfdarları. Sonra meymun tərəfdarlarıyla Adəm tərəfdarları savaşmağa başlayır...
Falçılar
Ən görkəmli nümayəndəsini deyək – Bayram Nurlu. Harda Bayram varsa, orda İP-i var. Necə ki Borxes dünyaya çıxaraq Latın Amerikası ədəbiyyatını öz arxasıyca apardı, Bayram Nurlu da falçıları təzədən ayrı bir mərtəbəyə qaldırdı. Təbii ki, söyənlər, deyinənlər, kitabsızlıqdan gileylənənlər, şəriət əldən getdi deyənlər də var. Amma neyləyək? Falnan da olmur, falsız da olmur...
Kriminal
Cinayət həmişə maraq doğurub. Son vaxtlar yazılan bədii nümunələrdə də, çəkilən seriallarda da əsas xətt cinayətdir. Bu xəbərlərdən bir film doğulur, hansısa Elxan Elatlının Allahı verir, saysız-hesabsız detektivlər yazılır və satış rekordu qırır.
Sentimentallıq
“Mənim göz yaşımı görməyəcəksən”, “Əlindən tutduğum günlərin qüssəsi”... Sosial şəbəkələrdə tez-tez rast gəldiyimiz və ürəyimizi bulandıran bu səhnələr başqaları üçün çox əhəmiyyətlidir. Dərdə aşiq olan bu tiplər hər dəfə sentimental sicilləmə görəndə gözlərinə təpirlər. Onlara elə gəlir ki, yazı mütləq və mütləq sentimental olmalı, oxuyanı göz yaşlarına boğmalıdır. Elə göz yaşları ki... tərifsiz...
Meyxana
Onsuz bir günümüz olmasın. Qafiyəni sevən xalqıq. Harda bir qafiyə tapsaq, orda məskən salacağıq. Hələ bu qafiyələrin ustaları varsa və onların söhbətləri qabağımıza çıxırsa. İP-inin gücü çatmır bu sevginin qabağında...
Oğru dünyası
Vuran-tutan, söhbət həll eləyən oğlanların həyat hekayəti bizim hamımız üçün çox maraqlıdır. Görən, keçmiş həyatında necə olub? Niyə əlinə silah alıb? Niyə haqsızlıqla mübarizə aparmağı seçib? Bəli, bu söhbətlərin pərəstişkarları əli təsbehli gənc “vor-zakon”luğa namizədlər telefonda oğru dünyasından nəsə axtarmaqda.
Namus-qeyrət söhbəti
Xalqımız bu mövzuya da çox həssasdı. Kimsə kiməsə xəyanət etdi, kişi arvadının saçını kəsdi, başqa birisi ərini bıçaqladı. Düzü, bu xəbərlərin içində kriminal nüanslar da olmamış deyil. Ancaq fokus məhz namus üzərinədir.
Şou-biznes
Yəqin ki, bunu izah etməyə dəyməz. Damla xanımın 10 milyon izləyicisi varsa, demək ki, bu punktdan nəsə danışmağımız yersiz olar.
Bonus:
Gənc şairlərin buraxdığı “quş”
Axır vaxtlar bu sahədə boşluqdur. Amma hərdən onların “quş”ları İP-ini yaxşıca yemləyirdi...