Xarabalıq altında xatirələr - Nəriman Əbdülrəhmanlının hekayəsi

Xarabalıq altında xatirələr - Nəriman Əbdülrəhmanlının hekayəsi
4 oktyabr 2023
# 17:20

Kulis.az Nəriman Əbdülrəhmanlının "Xarabalıq altında xatirələr" adlı yeni hekayəsini təqdim edir.

...Yeri-göyü lərzəyə salan gurultu onu işığı söndürmək üçün əlini uzadanda yaxaladı. Deyəsən, elə o gurultudan da işıq öz-özünə söndü, qaranlıq çökdü, zülmətin içində ev yırğalandı, dam-daş çökməyə, dağılmağa başladı, bütün bunlar, cəmi bir neçə saniyə ərzində baş vermişdi, amma qadına elə gəldi, gurultuyla dağıntı arasındakı müddət xeyli sürdü. Şüurunun son qırıntılarıyla beynindən zəlzələ baş verib-vermədiyini keçirəndə gurultu bir də təkrarlandı, o məqamda da bir neçə gün əvvəl qonşu məhəlləyə düşən mərmini xatırlayıb “Allahın lənətinə gəlmişlər yenə atdılar”, - fikirləşdi, sonra başından aldığı zərbədən hər şey uzaqlaşdı, qeyb oldu, bütün səslər susdu, əvəzində zülmət dolu sükut çökdü.

Sükut, deyəsən, çox uzun, bəlkə də, üç-dörd saat sürdü. Sonra şüuru əzabla, ağrı içində, həm də çox yavaş-yavaş geri qayıtmağa başladı. Başına gələni dərk eləməyə çalışa-çalışa fikrini cəmləşdirməyə çalışdı, elə otaqda, çarpayının böyründəcə yıxıldığının fərqinə vardı. İnildədi, sağ əlini qaldırıb başını - aldığı zərbənin zoqquldayan yerini - yoxlamaq istədi, amma üstünə tavanın xeyli taxta-kirəmidi düşdüyündən, dartıb çıxara bilmədi; sol qolu da çökmüş stulun altındaydı, dirsəyindən barmağınacan keyidiyinə görə, hiss eləmirdi. Qıçlarını heç tərpədə bilmirdi, üstəlik, baldırına yaxın yerdə nəm vardı, deyəsən, yarasından axan qan gecə köynəyinin ətəyini islatmışdı. Sinəsindən ağrılı-iniltili hayqırtı qopdu:

-Ay ana-a-a-a! Kömək eləyi-i-i-n! – Amma səsi zülmətin sükutunda boğulub zarıltıya, sonra zəifləyə-zəifləyə iniltiyə çevrildi.

Anası köməyə gələ bilməzdi, onu çoxdan, cavan çağında, sərhəd kəndində yaşadıqları vaxt itirmişdi. Onda cəmi altı ay idi ki, gəlin köçmüşdü, oğluna hamiləydi. Ara-sıra sərhədin o tayından atılan top mərmiləri kəndin ora-burasına düşsə, evlərə, bağ-dirriyə, mal-qaraya, adamlara ziyan vursa da, hələ yurd-yuvalarından çıxmaq barədə düşünmürdülər. Əri və qardaşı tüfəng götürüb gecə-gündüz kəndə keşik çəkənlərə qoşulmuşdular, ümidlə yuxarıdan yardım gələcəyini, bu təhlükə dolu narahatlığa son qoyulacağını gözləyirdilər. Amma qışın qarı yerdən çəkilməmiş top atışları daha da şiddətləndi, gecələrin birində də ata evinə mərmi düşüb, illərlə ərsəyə gətirdikləri ocaqlarını xarabazara çevirdi. Həmin məqamda qardaşı keşikdəydi, atası da doqqazı bağlamaq üçün çıxdığından, sağ qalmışdı. Anasının və kiçik bacısının tikələrini evin xarabalığı altından ancaq səhər açılanda, qonum-qonşunun köməyilə çıxarmaq mümkün oldu. Onda ağlını da, bətnindəki körpəsini də itirməməsi lap möcüzəydi, yəqin, atasının, qardaşının, ərinin, yaxınların təsəllisi olmasaydı, bu faciəyə tab gətirməyəcəkdi.

Atası da o sarsıntıdan sonra cəmi ay yarım yaşadı – anasının və bacısının qırxı çıxandan bir neçə gün sonra əllərindən getdi. Amma binəva mərmiyə-gülləyə tuş gəlmədi, içi oyulmuş palıd ağacı kimi qəfildən yıxıldı. O boyda kişinin ürəktutmasından öləcəyi kimsənin ağlına gəlməzdi, amma görünür, baş yoldaşının və qızının faciəsini içinə sindirə bilməmiş, elə içindən oyula-oyula da dünyadan köçünü çəkmişdi. Onda qardaşı deyirdi, kişini əliyalınlıq, əlacsızlıq, yiyəsizlik öldürdü, hey gözləyirdi ki, hoyumuza çatacaq, yağının burnunu ovacaqlar, amma gözlədikləri gəlib çıxmadı, itirdikləri də belini sındırdı, iqtidarını əlindən aldı...

...Qıçlarını da tərpədə bilmədiyinə əmin olandan sonra beynindən keçirdi ki, bu məqamda cismindəkindən çox, qəlbindəki yaralardan ağrıyır. Artıq ətrafdakı boğuq səsləri, qışqırtıları eşidirdi, amma o səslər, sanki quyunun dibindən gəlirdi. “Bəlkə, elə mən quyunun dibindəyəm? – qadın fikrindən keçirib şüuru dumanlana-dumanlana zarıdı. İndi beynində amanını kəsən, içini parçalayan bircə söz vardı: “Nəvəm!” Məktəbdə dərslərə yolxucu xəstəlik üzündən üzündən ara verildiyinə görə, nəvəsini payız girəndə də yanından buraxmışdı, həm hazırlığına diqqət yetirir, həm də səngərdə olan qardaşının, paytaxtda yaşayan oğlunun qoxusunu ondan alırdı.

Ərinisə çox tez itirdi. Ana-bacısının, atasının ili çıxmamış onlar da olan-qalan camaatla birgə kəndi tərk eləməli oldular. Daha köməyə bəslədikləri bütün ümidlər puç olmuşdu, təklülə, qoşalülə tüfənglərlə qumbaraatanlı, toplu yaraqlıların basqınları qarşısında duruş gətirmək ağlabatan deyildi, üstəlik, gecələr “dilə gələn” topların mərmilərinə tuş gəlmək qorxusu da vardı. Onda yazın ortalarıydı, ağrılar içində dünyaya gətirdiyi oğlunun qırxı yenicə çıxmışdı. İki evdən ən zəruri şeyləri, bir də xatirələrini götürüb qonşunun yük maşınının banına mindilər, geridə min zəhmətlə tikdikləri evləri qaldı, illərlə qayğısını çəkdikləri bağları, dirrikləri qaldı, məhrəm saydıqları it-pişikləri qaldı, doğmalarının qəbirləri qaldı. Qardaşı göz yaşı içində iti zəncirdən buraxdı, zavallı heyvan anayolacan maşının arxasınca qaçdı, sonra dayanıb şikayətli səslə zingildədi...

Pənah gətirdikləri bu əyalət şəhərində dişlərini dişlərinə sıxıb həyatdan yapışmalı, yaralarını sarımalı, keçmişi unutmağa çalışıb, qəlblərinin dərinliyində gələcəklə bağlı ümid cücərtməli oldular, yataqxana həyatı da, qaçqınlar və köçkünlər üçün yardımlar da, yerli camaatın mərhəmət dolu münasibətləri də get-gedə adiləşdi. Payızqabağı yuxarının göstərişiylə məktəbə müəllim qəbul olunub son iki ilin yaşantılarını işlə ovutmağa çalışdılar. Elə o adiliyin içində də qızı dünyaya gəldi, cəmi altı ay sonrasa əri dünyadan köçdü: bir vaxtlar yar-yaraşığıyla seçilən cavanca oğlan qəfildən bilinməz-sağalmaz illətə tutuldu, bir ayın ərzindəcə saralıb-soldu, yataq xəstəsinə çevrildi, heç dava-dərman da kömək eləmədi. Onda yenicə bir parça torpaq almışdılar, ev tikmək, hələ ki, yağı tapdağında olan yurd-yuvalarına qayıdanacan birtəhər yaşamaq fikrindəydilər.

Ərini torpağa tapşırandan sonra yığvalına qail olub qəlbinin mehrini balalarına, bir də yeganə həyanı olan qardaşına saldı. Qardaşı əyalət şəhərində duruş gətirmədi, paytaxta gedib hərbi məktəb girdi, oxuyub bitirdi, xidmətə başladı, elə ordaca evlənib öz həyatını qurdu, üstəlik, nəinki bacısına, balalarına da qanad gərdi, oğlunun təhsi alması, işə düzəlməsi, ev-eşik yiyəsi olması üçün əlindən gələni elədi, qızı oxuyanda da, gəlin köçəndə əlindən gələni əsirgəmədi. Xidmət yeri yaxındaydı, vaxt tapan kimi, yolunu burdan salır, hər dəfə də əlidolu gəlir, ərzaqdan tutmuş geyim-keçiməcən hər şey gətirirdi. Elə indi də dumanlanmış şüurundan qardaşının siması boy verəndə ondan imdad diləyib zarıdı:

-Ay qardaş! Hardasan, ay qardaş!

Axır vaxtlar, işğal bölgəsində döyüşlər şiddətlənəndən bəri yarı canı indi ön cəbhədə olan qardaşının yanında qalmışdı, az qala, hər gün zəng vurub hal-əhval tutmaq istəyirdi. Amma qardaşı özü, həm də fürsət tapanda zəng vurur, hər şeyin yaxşı olacağını söyləyib ürək-dirək verirdi. Axşamüstü oğlu zəng eləyib orduya könüllü yazıldığını, amma hələ könüllülərə ehtiyac olmadığını, buna görə də əmr gözləyəcəyini deyəndə bir anlığa nitqi tutulmuşdu. Axır günlər cəbhədən şad xəbərlər gəlsə də, hər döyüşdə ölüm-itim olduğunu da bilirdi. Yaxın qohum-qardaşı hesaba almasa, artıq dörd əzizini itirmişdi, daha bir itkiyə tab gətirə bilməzdi. Həmin məqamda narahatlığını qardaşıyla bölüşməkdən başqa ağlına bir şey gəlməmişdi. Amma onun cavab vermədiyini görəndə bir müddət nə evdə, nə də həyət-bacada yer tapa bilmişdi.

Şər qarışanda yaxın qardaşına bir də zəng vuranda nagüman idi, yenə nömrəsinə zəng çatmayacağını fikirləşmişdi. Amma bəxtindən xətt açığıydı, üçüncü çağırtıdan sonra onun nəfəsini eşidib daha da həyəcanlandı, ürəyi sinəsində tora düşmüş balıq kimi çırpındı. Əvvəllər rabitə yaranan kimi, birinci qardaşı dillənir, nə qədər qayğılı, yorğun, başı qarışıq olsa da, toxtaq, gümrah səslə hal-kefini soruşurdu. İndi onun gecikdiyini duyub ürəyi ağzından çıxa-çıxa soruşmuşdu: “Bacın qurban, nolub?” O məqamda da xəttin o başında hıçqırtıyaoxşar hənir eşidib, az qala, ağlı başından çıxmış, amma qardaşından göz yaşı içində söylədiyi ağlasığmaz sözlər eşitmişdi: “Kəndimizdəyəm, bacı... Kəndimizi azad elədik... Evimizdəyəm...” Həmin anda dizləri boşalmış, elə həyətdəcə yerə çökmüş, sonra sinəsindən hayqırtı qarışıq hönkürtü qopmuşdu. “Bir tərəfi dağılsa da, inşallah, tikib düzəldərik, - qardaşı göz yaşı duyulan səslə demişdi. – Öz eviniz də dağılıb, amma fikir eləmə, təzədən tikərik”.

Onda qardaşına nə cavab verdiyini indi xatırlamırdı. Amma ömrünün ən yaxşı günlərini keçirdiyi dədə-baba evlərini o cür, dağılmış vəziyyətdə görməyə, yəqin ki, ürəyi tab gətirməzdi. Elə öz yuvasını, ocağını qurmaq arzusuyla köçdüyü ər evinin halına da tablamazdı. Bəxtinə çıxan oğlanla sevgilərini də top-tüfəng səsləri altında yaşamışdılar, toyları da artıq hamının alışdığı səksəkəli şəraitdə olmuşdu, vüsal məqamlarını da həyəcan içində keçirmişdilər. İyirmi səkkiz ildən sonra o yerə, o ocağa qayıdıb baş verənləri unutmaq asan olmayacaqdı. Bütün bunları beynindən keçirə-keçirə elə həyətdəcə ağlayıb ürəyini boşaldandan sonra evə toxtaq girmişdi ki, nəvəsi hiss eləməsin.

Axşam başını qatmaq, qardaşının verdiyi xəbərin həyəcanını boğmaq üçün nəvəsinin dərsiylə daha çox məşğul olmuş, qızı eyni kəlmələri, sadə cümlələri dönə-dönə yazmağa məcbur eləmiş, axırda tifilin yorulduğunu hiss eləyəndə qucaqlayıb oxşamış, doğulub boya-başa çatdığı yurd yeri haqqında nağılaoxşar xatirələrindən birini kövrələ-kövrələ danışmış, elə qucağındaca yatdığını görüb çarpayısına uzatmış, yorğanını üstünə çəkib işığı söndürmüşdü. Qapını həmişə açıq qoyurdu ki, qız oyanıb səsləyəndə eşitsin. Gecələr narahatlıqdan, ya da nagəhan xatirələrin təsirindən tez-tez oyandığına, bayıra çıxıb dünyanı dinşədiyinə, bəzən də işığı yandırıb elə çarpayısındaca uzun-uzadı oturduğuna görə, nəvəsini öz otağında yatırtmırdı. İndi də şüurunun dumanı içindən qızın siması çıxıb gözləri önündə dayananda içi parçalana-parçalana zarıdı:

-Allahım, ona qıyma! Hələ çox balacadı... Ey yeri-göyü yaradan, onun dadına çat! - Yalvarışları get-gedə pıçıltıya çevrildi, şüurunu bir daha itirdi...
Bu evi iki uşağıyla yataqxanada yaşaya-yaşaya, məktəbdə işləyə-işləyə qənaət eləyib yığdığı pulla tikdirmişdi. Ailəsini qaçqın kimi qeydiyyata almış, inşası nəzərdə tutulan binaların birində mənzil veriləcək evsizlərin siyahısına salmışdılar, amma o mənzildən imtina eləmiş, “Mən qutu evlərdə yaşaya bilmərəm, - demişdi, - havam çatmaz, bir parça torpaq verin, öz evimi tikim, heç olmasa, yurd-yuvamın qoxusunu o evdən alım”. İnadını görüb altı sot torpaq ayırmışdılar, qardaşının köməyiylə kürsülü, üçotaqlı, mətbəxli-filanlı ev tikdirmiş, yanında bağ-dirrik salmışdı. Sonrakı bir neçə ili də evin əyər-əskiyini düzəltməklə, həyət-bacasını nizama salmaqla keçirmişdi. Bütün bunlar əziyyətlə başa gəlsə də başını qatır, ağrı-acılarını dindirməyə kömək eləyirdi. İndi o işıqlı xatirələrinin uzaqlarda qalmış məkanı kimi, evi-eşiyi, bağı-bağçası, dirriyi, iti-pişiyi, toyuq-cücəsi vardı, ağacları böyümüşdü, yay aylarını həyətdə düzəltdirdiyi talvarın altında keçirirdilər. Qonşularıyla aralarında məhrəm münasibət yaranmışdı: sağ tərəfdəki müəllim yoldaşının – musiqi müəlliminin eviydi, sol tərəfdəki qonşu onun kimi didərgin düşənlərdəniydi, ailəvi gediş-gəlişləri də vardı. Qızını da yeddi il əvvəl bu evdən gəlin köçürmüşdü. Artıq çətinliklə də olsa, isinişdiyi ev yoxudu, insanlıqdan nəsibini almamış yağının mərmisiylə xarabalığa çevrilmişdi...

...Şüuru duman işindən çıxan kimi, bir də özünə qayıtdı, zərbənin dalğasından tutulmuş qulaqları, deyəsən, tamam açılmışdı, yan və üst tərəflərdən gələn boğuq səsləri, taqqıltıları, gurultuları eşidirdi. Deyəsən, daşları, taxta-kirəmitləri təmizləyirdilər. Qışqırıb demək istədi ki, “Əllərinizə qurban, tez olun, əvvəlcə sol tərəfi təmizləyin, ciyərparamı, nəvəmi qurtarın, mən dözərəm, tez olun”, amma sinəsindən yalnız inilti qopdu. Səslərdən başa düşdü ki, yuxarıdakılar ehtiyatla tərpənir, hələ dağıntının altında qalanların sağ olduğuna ümid bəsləyirdilər.
-Sol tərəfi! Sol tərəfi! – Qadın var gücünü toplayıb zarıdı.

Sonra beynindən keçirdi ki, yəqin, səhərə yaxındı, ya da hava artıq işıqlaşıb, çünki üşüməyə başlamışdı: adətən, payız girəndən bu vaxtlar üşüyüb oyanır, daha yata bilmir, qalxıb başını iş-güclə qatırdı. Bir də fikirləşdi, ola bilsin, indi qonum-qonşu, yaxın məhəllələrdə yaşayanlar, xəbər tutanlar, hökumət adamları da gəliblər, qızı, kürəkəni, kürəkəninin yaxınları da onların arasındadı. Nəvəsini evlərinə buraxmadığına görə, peşmanlığa oxşar hiss duydu. Amma yağının hədəfinin məhz bu məhəllə, həm də onun evi olacağını hardan biləydi? Atılan mərmi, Allah eləməmiş, qızının yaşadığı məhəlləyə tuş gələ bilərdi...

...Hardansa, yuxarıdan payız səhərinin təmiz havası gəlirdi – bunu artıq asan nəfəs almasından duydu: deməli, xilasedicilər yaxındaydılar. Yenə “Sol tərəfi! Sol tərəfi!” – qışqırmağa cəhd elədi, səsi o qədər zəif çıxdı ki, iki addımlığında olan kəs belə çətinliklə eşidərdi. Sağ qolunu tərpətmək istədi, amma duyduğu kəskin ağrıdan yalnız zarıya bildi. Sol qolunu hiss eləmirdi, görünür, qan işləmədiyindən, keyimişdi. Başının üstündə, gözlərinin qabağında tavanın taxta-kirəmidi vardı. Təmiz hava axınının artmasını gözləməkdən başqa əlacı qalmadığını dərk eləyib əlacsızlıqdan hönkürmək istədi, amma yenə yalnız zarımağa gücü çatdı.

Əl telefonu da elə bu məqamda cingildədi. Yəqin, qızı, ya da kürəkəniydi, ondan bir səs-səda almağa ümid bəsləyirdilər. Əlini, adətən, çarpayının baş tərəfindəki dolabın üstünə qoyduğu telefona çatdıra bilsəydi, lap möcüzə olardı. Amma yox, əlləri də sanki məngənədəydi, o məngənədən çıxarıb xilasedici düyməni basmaq iqtidarında deyildi. Bunu bacarsaydı, “Tez olun, sol tərəfi təmizləyin, - deyərdi, - tez olun, nəvəm ordadı!” Telefonun uzun-uzadı zəngi susandan sonra adamların boğuq hay-küyü içində piano səsi eşidib təəccübləndi, az qala, ağrılarını da, nəvəsini də unutdu. Musiqi müəlliminin belə bir məqamda piano, üstəlik, çox sevdiyi “Sən gəlməz oldun” mahnısını çalması, ağlasığmaz idi, bu səbəbdən, şüurunun qarışdığını beynindən keçirib zarıdı. Yenə “Ehtiyatlı olun, nəvəm ordadı!” – qışqırmaq istədi, amma sinəsindən qopan iniltiyə, dodaqlarının arasından çıxan pıçıltıya oxşadı. Sonra hər şey uzaqlaşdı, qeyb oldu, zülmətə gömüldü...

...Bir də özünə gələndə başının üstündə gündüz işığı sızan dəlik gördü, sonra taqqıltı, gurultu, adamların səs-küyünü eşitdi. “Sol tərəfi! Sol tərəfi!” – var gücüylə qışqırmaq istədi, amma səsi çıxmadı, yalnız yanaqlarının islandığını duydu. Bu məqamda da dəliyin üstündə kimsə qışqırdı: “Deyəsən, sağdı! Allaha şükürlər olsun, sağdı!” Ardınca qarmaqarışıq uğultu eşitdi, dəlik böyüdü, əllər uzanıb qollarının, qıçlarının üstündəki daş-kəsəyi, taxta-kirəmidi götürdü. “Ehtiyatla götürün, - kimsə dedi, - tez olun, “təcili yardım”a çatdırın!”

-Sol tərəfi! Sol tərəfi! – Qadın şüurunun son qalıqlarıyla zarıdı.
-Nəvən sağdı, çıxarıblar! – Qızını ağlar səsindən tanıdı. – Tez olun, çox qan itirib!
Sonra şüurunun yenidən qatılaşan dumanı içindən inam dolu tanış səsi eşitdi:
-Biz öz torpaqlarımıza qayıdacağıq!

2020, oktyabr

# 1583 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #