“Xalq düşməni”nin oğlu: "Üç aylıq bacımı anamla birgə küçəyə atmışdılar..." - Müsahibə

“Xalq düşməni”nin oğlu:  "Üç aylıq bacımı anamla birgə küçəyə atmışdılar..." - Müsahibə
8 avqust 2024
# 09:00

Kulis.az Ülvi Bahadırın repressiya qurbanı, həkim Məhərrəm Hüseynovun oğlu, biologiya elmləri doktoru Tokay Hüseynovla müsahibəsini təqdim edir.

- Salam, Tokay bəy. Əvvəlcə oxucularımıza özünüz barəsində qısa məlumat verin.

- Mən – Tokay Məhərrəm oğlu Hüseynov 1945-ci ildə, oktyabr ayının 23-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. Atam – Məhərrəm Məhəmməd oğlu Hüseynov Rusiyada baş verən inqilabdan əvvəl Tiflisdə yerləşən gimnaziyada təhsil alıb. 1925-ci ildə Moskva Dövlət Universitetinin tibb fakültəsini bitirib, sonralar Almaniyada üç il peşə təkmilləşdirmə kurslarında çalışıb. Bir sıra yüksək vəzifələr tutub: Azərbaycan Dəri Xəstəlikləri İnstitutunun direktoru, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu Dəri Xəstəlikləri kafedrasının müdiri, Bakı Dəri Xəstəlikləri Dispanserinin baş həkimi və s. Atama 1966-cı ildə Azərbaycan SSR-in əməkdar elm xadimi fəxri adı verilib. İctimai həyatda çox fəal iştirak edib. Dermatoloqların Ümumittifaq Elmi Cəmiyyətinin idarə heyətinin üzvü, Dermatoloqların Azərbaycan Elmi Cəmiyyətinin sədri, Azərbaycan SSR-in Səhiyyə Nazirliyinin dermatologiya üzrə attestasiya komissiyasının sədri, Azərbaycan ixtisaslaşdırılmış tibb jurnalı redaksiyası şurasının üzvü olub. Anam – Münəvvər Mirzəyeva da tanınmış həkim, tibb elmləri namizədi olub. Özüm 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmişəm. 1980-ci ildə Tiflisdə şəhərində namizədlik dissertasiyası, 1993-cü ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişəm. Biologiya elmləri doktoru, professoram, uzun illər AMEA Biofizika İnstitutunun Ekoloji Biofizika Laboratoriyasının müdiri olmuşam.

- Sizin həm ana, həm ata tərəfdən çox tanınmış qohumlarınız olub.

- Elədir. Ana tərəfdən məhşur qohumlarımdan Validə Tutayuqun adını çəkə bilərəm. Validə xanım biologiya üzrə elmlər doktoru olan ilk azərbaycanlı qadındır. Otuz beş yaşı olub elmlər doktoru olanda. 1957-ci ildə də Botanika İnstitutuna direktor təyin edilib. Validə xanımın dayısı Bəhram bəy Mirzəyev Azərbaycanın ilk fiziklərindən olub. Peterburqda ali təhsil alıb. Azərbaycanda sovet hökumətinin ilk illərində yerli kadr çatışmazlığı olub və o illərdə bu ehtiyacı qarşılaya biləcək iki azərbaycanlı fizikin ikisi də Azərbaycandan kənarda idi: Bəhram bəy Mirzəyev və Rəhim bəy Məlikov. 1921-ci ildə Bəhram bəy dəvətsiz-filansız Bakıya dönüb. Böyük Vətən müharibəsi illərində iki hərbi təklifin müəllifi olan Bəhram bəy Mirzəyev Azərbaycan elmi qarşısında xüsusi xidmətlərinə görə 1954-cü ildə “Lenin” ordeninə layiq görülüb. Ata tərəfdən məşhur qohumlarımdan Rəhim Hüseynovun, Müseyib Hüseynovun, Mikayıl Xıdırzadənin adını çəkə bilərəm. Rəhim Hüseynov 1917-1918-ci illərdə Gəncə, Şəmkir və Gədəbəydə inqilabi təbliğat aparıb. 1918-ci ilin may ayında Bakıya köçərək burada Mir Həsən Vəzirovun başçılıq etdiyi sol eserlərdən ibarət Əkinçi Partiyasına üzv olub. 1919-cu ilin 1 May nümayişinin təşkilatçılarından olub, bu səbəbdən Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən həbs edilib, lakin fəhlələrin təzyiqi ilə həbsdən azad edilib. 1919-cu ildən Hümmət Partiyasının üzvü olub. 1920-ci ilin 11-12 fevral tarixlərində gizli şəkildə keçirilmiş Azərbaycan Kommunist Partiyasının Birinci Təsis Qurultayında nümayəndə kimi iştirak edib. Sovet Azərbaycanında Bakı şəhər milisinin ilk rəisi olub, Moskvada Xalq Milli İşlər Komissarlığında şöbə müdiri, Azərbaycan SSR xalq əmək komissarının müavini, Azərbaycan Kommunist Partiyası Laçın Qəza Komitəsinin katibi, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, Azərbaycan SSR xalq ictimai təminat komissarı, Azərbaycan SSR Sənaye Şurası İdarə Heyətinin sədri vəzifələrində çalışıb. Onun qardaşı Müseyib Hüseynov Tibb İnstitutunun rektoru və Azərbaycan SSR xalq səhiyyə komissarı olub, 1930-cu illərdə “xalq düşməni” elan edilərək sürgün edilib. Mikayıl Xıdırzadə isə Sovet dövründə Moskva Dövlət Universitetinə daxil olmuş ilk azərbaycanlı olub. O həmçinin Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin ilk azərbaycanlı dekanıdır. Qeyd edim ki, dekan vəzifəsi seçkilər yolu ilə tutulan vəzifədir və Mikayıl Xıdırzadəyə qədər həmin fakültənin dekanları başqa millətlərin nümayəndələri olublar: rus, yəhudi, alman, erməni və başqaları. Moskva Dövlət Universitetində oxuduğu zaman müəllimləri onu Mixail Lomonosova bənzətdiklərindən, ona “Mixayıl” deyə səsləniblər.

Ən aşağı cərgə sağdan 2-ci Tokay Hüseynov. 5 nömrəli məktəbdə oxuduğu vaxt

- Mikayıl Xıdırzadə repressiya qurbanı olub?

- Olmayıb, amma o qanlı-qadalı illərin, mənə görə, onun həyatına da təsiri olub. Repressiya olunmuş şəxslərin qohumları öz qohumlarından imtina etdikləri bir dövrdə o, “xalq düşməni” qohumlarından imtina etməyib. Əsl kişiyə yaraşan hərəkətdir bu. Dekan vəzifəsində çalışdığından SSRİ İkinci Dünya müharibəsinə qoşulduğu ilk gündən səfərbərliyə cəlb olunmamaq hüququna malik idi. O isə könüllü olaraq ordu sıralarına yazılıb və cəbhəyə yollanıb. Topçu bölüyünün komandiri olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə “Qırmızı Ulduz ordeni və müxtəlif medallarla təltif edilib. M.Lomonosov adına Moskva Dövlət Universitetinin müəllimləri və rəhbərliyi Mikayıl Xıdırzadənin döyüşlərdə olduğunu öyrənirlər və onun arxasınca heyət göndərirlər ki, Mikayıl müəllimi gətirsinlər. Lakin o, 1944-cü ildə Belarusun Vitebsk vilayətinin Lioznen rayonu Zazıbı kəndinin müdafiəsi zamanı hərbi tapşırığı yerinə yetirərkən həlak olub və Zazıbı kəndi yaxınlığında dəfn olunub. Oğlu Zaur Xıdırzadə xatirəsini əbədiləşdirmək üçün Miskinli kənd qəbristanlığında Mikayıl Xıdırzadəyə məzar daşı qoydurub. 2012-ci ilin 29 sentyabr tarixində Gədəbəy Rayon Mədəniyyət Evində mənim də iştirakımla onun yüz illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Oxuduğu Miskinli kənd 1 saylı tam orta məktəb Mikayıl Xıdırzadənin adını daşıyır. Universitetdə dərs dediyi ən sevimli tələbəsi professor, Azərbaycan SSR EA-nın müxbir üzvü Qoşqar Əhmədov olub.

- Yüksək vəzifəli şəxslərin atanızla hesablaşdıqlarını qeyd etdiniz. Dostlar necə? Atanızın yüksək vəzifəli dostları olub?

- Vəli Axundov... AKP MK Ⅰ katibi Vəli Axundov... Vəli Axundovla atam Vəli Axundov Azərbaycan SSR Səhiyyə Nazirliyində çalışarkən tanış olublar. İmam Mustafayevdən fərqli olaraq, Vəli Axundov daha geniş dünyagörüşünə malik siyasətçi olub. O başa düşürdü ki, böyük şəhərlərdə azərbaycanlıların xeyrinə demoqrafik dəyişikliyə nail olmadan Azərbaycan dilini dövlət dili elan etmək olmaz, edilsə belə, bu qərarın sosial bazası olmaz. O vaxtlar Bakıda rusların sayı çox idi, azərbaycanlılara yuxarıdan aşağı baxırdılar. Azərbaycanlı vəzifəli şəxslərin özləri də özlərini ikinci dərəcəli, rusları isə böyük hesab edirdilər. Ruslarla mübarizə aparmır, əksinə, onların qarşısında əyilirdilər. Vəli Axundovun təşəbbüsü ilə bölgələrdəki azərbaycanlıların Bakıya kütləvi axını başladı. Stalin dövründə kolxozçulara uzun müddət pasport verilməyib. Bunun nəticəsi idi ki, kolxozçu ya təhsil üçün Bakıya gələ bilirdi, ya da əsgərlikdən sonra Bakıda qala bilirdi, ya da ki fəhləliyə gəlirdi. Kolxoz sistemi qul sistemi idi. Kənddə cəmi bir dükan olurdu, qaloşu da, peçenyesi də orda satılırdı. Böyük kəndə bapbalaca dükan... Kolxoz heç pul da vermirdi. Cızqa verirdi. Yəni işlədiyin günlərin sayına uyğun sənə taxıl verirdilər ki, acından ölmə. Kənd soveti məhsulunu şəhərdə sata bilməyin üçün sənə cəmi-cümlətanı beş-on gün vaxt verirdi. Bazarkom ki möhür vurdu, daha qala bilmirdin şəhərdə. Arayış istəyirdilər ki, harada işləyirsən... Vəli Axundov güc strukturlarına tapşırdı ki, imkan verin, kolxozçular Bakıda rahat məskunlaşsınlar. ABŞ-dəki zəncilərə diqqət yetir: nəhəng görkəmləri var, idmançıdırlar. Çünki onları ABŞ istismar edibsə də, yaxşı da yedizdirib. SSRİ isə yaxşı yedizdirməyib, Rusiyanın özündə də, burda da kəndlilərə ikinci, üçüncü növ şəxs kimi baxıblar. Xruşşovun dövründə kolxozçulara pasport verməyə başlayıblar.

Repressiya qurbanı Məhərrəm Hüseynov Almaniyada

- Tokay müəllim, kolxozçulara pasport verilməməyi o dövrdə kolxoz sisteminin təzəlikcə qurulması ilə bağlı deyildimi?

- O da var. Zəncirvari bir-biri ilə bağlı olan məsələlərdir.

- İndiki dövrdə rayonlarda iş yerlərinin sayı məhdud olduğuna görə Bakıya axının sürətlənməsi tənqid edilir. Bu məsələ ilə bağlı nə düşünürsünüz?

- Əlbəttə, mənfi tendensiyadır. Əvvəllər də belə olub. Xruşşovun, Qorbaçovun Stalin sistemini məhv etməkdə çox böyük zəhmətləri olub. Rusların zəbt etdiyi Almaniya Demokratik Respublikası on beş il içərisində əlli il gerilələyib. Rusiya yox, məhz ADR sosializmin vitrini hesab edilirdi. Bütövlükdə o sistem ədalətsiz sistem idi. Vəli Axundov imkan yaratdı ki, rayon camaatı gəlib Bakıda gecəqondular tiksin. Həmin gecəqondular işıq, su ilə təmin edildi. Bakı şəhərində demoqrafik vəziyyət azərbaycanlıların xeyrinə dəyişdi: altmış faiz azərbaycanlı... Azərbaycanlıların sayı çoxaldıqca da Azərbaycan dilinin dövlət dili statusu alması üçün sosial baza yarandı. Vəli Axundovdan əvvəl isə Bakıda yaşayan azərbaycanlılar şəhərin iyirmi beş faizini təşkil edirdi və onların yetmiş beş faizi rusdilli idi. Bakı, Sumqayıt, Gəncə şəhərləri beləcə azərbaycanlılaşdırıldı.

- Bakıda demoqrafik vəziyyətdə bu cür dəyişiklik İkinci Dünya müharibəsində Bakıda yaşayan bir çox rusların müharibədə həlak olması ilə bağlı deyildimi?

- Yox. Axundovun böyük zəhməti var idi bu işdə. Bundan başqa, 1960-cı illərin sonlarında nəinki Bakıdan, bütövlükdə SSRİ-dən İsrailə böyük yəhudi köçü oldu. Xruşşovla artıq yumşalma başladılmışdı. Hiss olunurdu ki, yavaş-yavaş iqtisadiyyat çökür. Havayı pul inkişafı stimullaşdırmır axı. 1900-cü ildə Bakıdan çıxarılan neftin dünya neft bazarında payı əlli faiz idisə, sonralar yavaş-yavaş bu pay azaldı. İkinci Dünya müharibəsindən sonra Tatarıstanda böyük neft yatağı tapıldı. “İkinci Bakı” deyirdilər ona. Əlli milyon ton neft çıxarılıb o yataqdan. SSRİ üçün çox deyil, amma öz ehtiyacını ödəyə bilirdi. Müharibə illərində vəhşicəsinə istismar edilən Bakıda cəmi iyirmi iki milyon ton neft çıxarılıb. Sibirdə neft yatağı tapıblar. Kosıgin islahatları vardı. SSRİ Çin modelində olduğu kimi irəliləyə bilərdi. Rəhbərlər neyləyirdilər? Nefti satırdılar... Qızılımız var, təbii ehtiyatlardan zənginik, daha niyə başımızı ağrıdaq? Keçmiş SSRİ ölkələri texnoloji yeniliklərdən çox geridədir. İkinci Dünya müharibəsindən sonra iki-üç elmi-texnoloji inqilab baş verib ki, hər birindən geri qalıblar. İnkişaf üçün demokratiya lazımdır. Bir ölkədə ki klan sistemi var, o ölkədə kimin adamı varsa, vəzifədə o olur. İndiki dövrdə müstəqil məhkəmə sistemi olsa, iş adamları nədən qorxmalıdır ki? Sovet təfəkkürü ilə vidalaşmaq lazımdır. Kommunist sisteminin nə pisi varsa, saxlamışıq, nə yaxşısı varsa, zibilliyə tullamışıq. Vəhşi kapitalizmin də vəhşiliyini mənimsəmişik. Cəmiyyət çətinlik çəkir. İnamım var ki, haçansa normal olacaq. Mən azərbaycanlıları çox yüksək qiymətləndirirəm, ona görə yox ki, azərbaycanlıyam, ona görə ki, istər idmanda, istər elmdə azərbaycanlılar get-gedə öz sözlərini deyirlər. Güclü potensial var. 1970-1980-ci illərdə xaricdə yaşayan azərbaycanlılara təkcə “siz alverçisiniz” deyirdilərsə, indi xaricdə təhsil almış fiziklərimiz, cərrahlarımız var. Əvvəllər azərbaycanlı vəzifədə yüksəlməkçün gərək ya rus, yəhudi, erməni əsilli qadınlarla evlənəydi, ya da onun anası həmin millətlərdən birinin nümayəndəsi olaydı. O sistem azərbaycanlıları, türkləri sıxışdırıb. Həmişə özümə sual vermişəm ki, ermənilərlə, gürcülərlə müqayisədə bizim elm xadimlərimiz niyə azdır. Biz onlardan üstünük axı. Ruslarla bağlı proqnozlarım isə bunlardır: demoqrafik vəziyyətləri bərbaddır. Müharibələr, repressiyalar, Stalin sistemi xalqın özəyini sındırıb. Rusiyada yəhudiləri çıxsan, mədəniyyət, elm sahələrində güclü mütəxəssis tapa bilməzsən. Ukrayna ilə də çətin barışalar. Barışmaqları qaldı yüz-iki yüz ilə. Dilləri nə qədər oxşar olsa da, ukraynlarla ruslar tamam fərqli millətlərdir.

Müseyib Hüseynov, Məhərrəm Hüseynov, Tokay Hüseynov, Müseyib Hüseynovun oğlu Nazim, arvadı Rut. Slavyanka.

- Vəli Axundovla bağlı hansı xatirələriniz var?

- On beş yaşım olanda Tarqovıdakı erməni kilsəsi tərəfdə idik. Yolla adımlayırdıq ki, atam dedi: “Vəli Axundova bax, tək gedir”. Əynində kostyum vardı, yaraşıqlı kişi idi. Atamla salamlaşdı. Məndən soruşdu ki, adın nədir. Dedim, Tokay. Dedi ki, çox gözəl... Mikrobiologiya İnstitutunun direktoru olanda məni işçi kimi ona təqdim etdikləri zaman dedi: “Onu təqdim etməyin, mən onu yaxşı tanıyıram”. Atam rəhmətə gedəndə Axundov tez-tez yas məclislərinə gəlirdi. Mənə deyirdi ki, bilmirdim, atanın bu qədər qohum-əqrəbası var. Heç vaxt hansısa qohumunu işə düzəltməyi məndən istəməyib. 1950-ci illərdə respublikada dəri-zöhrəvi xəstəliklərin sayı gizlədiləndə atam sübut edib ki, xəstələrin sayı çoxdur, təcili surətdə bununla mübarizə aparmaq lazımdır. Beləcə, Axundovla dostlaşıblar. 1960-cı ildə Sovet Azərbaycanının qırx illiyi ilə bağlı tədbirlər keçirilirdi. Lenin muzeyi də bir neçə il idi ki, açılmışdı. Uşaqlar ağaclara dırmaşıb tamaşa edir, camaat da tökülüşüb meydana. SSRİ-nin rəhbəri Xruşşov Bakıya gəlib. Yanında da Vəli Axundov. Brejnevə baxma. Xruşşova qarşı sevgi olduğundan camaat özü axın edirdi meydana. ZIS-110 markalı avtomobildə yanımızdan azca sürətlə keçdilər. Xruşşov əlində panama camaatı salamlayırdı. Axundova Allah rəhmət eləsin. Onun Azərbaycana çox böyük xeyri dəyib.

- “Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı”. Gədəbəy sizinçün hansı mənanı kəsb edir?

- Atam on yaşından Gədəbəyi tərk edib. Tiflisdə yaşayıb bir müddət. Hər zaman kəndlə əlaqəsi olub. Babamın kənddəki evini bərpa etdirib. Atamın tək yaşayan bir erməni dostu olub: Terqazarov. Həmişə atama təklif edib ki, Kislovodskda baba mülkü böyük torpaq sahəm var, torpağın bir hissəsini verim sənə, tək yaşamayım. Atam da həmişə gülüb deyirdi ki, mənim Kislovodskum Gədəbəydir. Kislovodskda olmuşam, gözəl yerdir, amma mənimçün ən gözəli Gədəbəydir.

- Hansı elm xadimləri sizin elm sahəsinə gəlməyinə yardım ediblər?

- Tiflisdə biofizika üzrə dissertasiya müdafiə etmişəm. Elmi rəhbərlərimdən biri görkəmli alim Haqverdi Cəfərov olub, o biri isə kafedra müdiri və professor Lamsadze. Gürcüstanla orda tanış oldum. Müsbətini, mənfisini öyrəndim. Bir çox gürcü ziyalıları ilə tanışlıq qurdum. Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Həsən Abdullayev mənə “ikinci ata” olub. Daim mənə dəstək olub o kişi. Həsən müəllim həm də Akademiyanın tarixində ən uğurlu prezidentdir. Energetika üzrə görkəmli alim Çingiz Cuvarlı ilə dost olmuşam, hətta öz laboratoriyasının bir hissəsini mənə vermişdi ki, elektrik sahələrinin bioloji effektlərini öyrənim. Azad Mirzəcanzadə... Azərbaycanda onun kimi görkəmli alim olmayıb, olmayacaq da. Altmışa qədər elmlər doktoru, dörd yüzə qədər elmlər namizədi onun rəhbərliyi ilə elmi iş müdafiə edib. Zəngin məktəb yaradıb kişi... Mən cəmi beş-altı tələbənin elmi işinin müdafiəsində rəhbər olmuşam. Ali Attestasiya Komissiyasının rəhbəri olanda onun təşəbbüsü ilə Ali Attestasiya Komissiyasının Biologiya Elmləri üzrə Ekspert Şurasının sədri olmuşam. İmtina verdiyim işə dəyib-toxunmazdı. Azad Mirzəcanzadəni təqsirləndirirdilər ki, attestasiya imtahanlarında çətinlik yaratmaqla bir çox şəxslərin elmlər doktoru olmağının qarşısını kəsirsən, elmə ziyan vurursan. O da deyirdi ki, bu qədər elmlər doktoru Azərbaycan üçün hədsiz çoxdur, ələlxüsus da humanitar elmlərdə. Cəlal Əliyevlə əllə salamlaşan tək-tük adamlardan olmuşam. Bu görkəmli alimlərin nəinki elmi fəaliyyətlərinə, həmçinin müsbət insani keyfiyyətlərinə şahid olmuşam. Həyata necə yanaşmaq lazım olduğunu, idarəçilik sistemini onlardan öyrənmişəm. Bütün bunlara görə özümü çox xoşbəxt hiss edirəm. Həsən Abdullayev qarşımda məsələ qoyub ki, selen adlı mineralı öyrən, biologiyada bu maddə böyük dönüş yarada bilər. Həqiqətən də, belə oldu. Gör necə uzaqgörən olub o kişi. COVID-19 pandemiyasının müalicəsində mənim təklifimlə bu maddə TƏBİB tərəfindən müalicə vasitəsi kimi təsdiq edilib və istifadə edilməyə başlanıb... Sonra da ki atam... Atam beş dil bilib, ümumi biologiyanı yaxşı mənimsəyib. Təbiət elmlərinə böyük marağı olub, eləcə də fəlsəfi bir fikir kimi cəmiyyətin inkişafı onu daim düşündürüb. Repressiya illərində atam da repressiya qurbanı olub, dustaq olduğu yerdə həkim kimi fəaliyyət göstərib. Böyük xəstəxananın faktiki rəhbəri olub orda. Düşərgənin qurbanları sırasında görkəmli SSRİ diplomatları, hərbçiləri olub ki, atama dövlət sirlərini söyləyiblər. Atam mənə danışırdı ki, müharibəni formal olaraq Hitler başladıb. Hitleri bu müharibəni başlatmağa təhrik edən isə Stalin olub. Elə Hitlerin iqtidara gəlməsində marağı olan şəxslərdən biri də Stalin idi. 1980-ci illərin sonlarında sübut edilib ki, həqiqətən də, SSRİ Baş Qərargahının Almaniya hücumu ilə bağlı bir dənə də olsa, müdafiə planı olmayıb, ancaq hücum planları olub. İndinin özünə kimi bir çox sənədlər arxivlərdə gizli saxlanılır.

- “Xalq düşməni”nin oğlu olmaq həyatınıza necə təsir edib?

- Mənim həyatıma təsir etməyib. Mən anadan olanda artıq atam bəraət almışdı. Böyük bacımın həyatına isə təsir edib. Üç aylıq bacımı anamla birgə küçəyə atıblar ki, “xalq düşməni”nin ailəsisiniz. Anamı işlədiyi yerdən qovublar. Başqa işə düzəlib, ancaq iki ay sonra yenə işdən qovulub. Qarabağda yerləşən Xoruzlu adında bir kənddə anam gizlənə-gizlənə feldşer məntəqəsində çalışıb ki, bacım acından ölməsin. Birinci sinif şagirdi idim, Baksovet tərəfdə 5 nömrəli dördillik məktəb var idi ki, orda təhsil alırdım. Onda birinci sinifdə şagirdlərin sayı indiki kimi az olmurdu: altmış şagird idik. Partada üç-üç otururduq. Milliyətcə rus, hündürboy, zəhmli qadın direktorumuz var idi ki, ondan qorxurduq. Sinfimizdə yekəbaş Maksim var idi. Düz iki il birinci sinifdən ikinci sinfə keçə bilməmişdi. Başı da ki kələm kimi... Stalinin öldüyü gündür. Hamımızı yığıblar idman zalına. Bayramlarda nəzarət edirdilər ki, ağ köynəklərimizin boyun hissəsi çirkli olmasın. Maksim sual verdi ki, köynəklərimizə təzə boyunağı tikəkmi. Direktor elə duruxdu ki... Ondan sonra başa düşdük ki, direktor deyilən bəndə də adi insan imiş. Direktor cavab verdi ki, hamınız təzə boyunağı tikin, Stalin özü istəyərdi ki, sizin paltarlarınız daima səliqəli olsun. Həmin gün məktəbdən evə gedəndə evdən gələn plov qoxusunu hiss etdim. Bacım ağlayırdı. Atam soruşdu ki, niyə ağlayırsan. “Stalin ölüb, biz necə yaşayacayıq, ata?” – bacım cavab verdi. “Ölüb, Allah rəhmət eləsin. Stalin özü bizi daim irəliyə səsləyib”, – atam dedi. Atam həbs ediləndə onu kabinetindən gəlib aparmışdılar. Atamın bir dosent dostu da var idi, dəri zöhrəvi xəstəlikləri üzrə ilk azərbaycanlı professor idi, o da repressiya qurbanı oldu: İbrahim İsmayılzadə. İbrahim İsmayılzadə Azərbaycan Cümhuriyyəti parlamentinin sosialistlər fraksiyasından olan deputatı olub həm də. Onu da sürgünə göndərmişdilər. İbrahim İsmayılzadənin həyat yoldaşı Umnisə Musabəyova məşhur oftalmoloq idi. Bir-iki dəfə onların evində qonaq olmuşam.

Repressiya qurbanı İbrahim İsmayılzadə (eynəkli olan). Həkimləri Təkmilləşdirmə İnstitutu

- Atanızı nədə ittiham ediblər?

- O vaxt camaatın əksəriyyəti kommunal evlərdə yaşayıb. Yaşayış çətin olub. Kimin ailə üzvlərinin sayı çox olub, ya vəzifəli tanışı olubsa, fikirləşib ki, qonşunun əleyhinə donos yazıb onun evini zəbt etsin. Atamı əmisi oğlanlarına görə həbs etməyiblər. Atamın bir əmisi oğlu Rəhim elə düşünürdü ki, bu gün, ya sabah gəlib onu da güllələyəcəklər. Azərbaycan KP MK-ə “Baksovetin kənd təsərrüfatı şöbəsi” deyirdilər. Baxmayaraq ki, Rəhim Hüseynov Bakı Şəhər Baş Milis İdarəsinin rəisi idi, Baksovetdən ona qarşı təzyiqlər olurdu.

- Atanızın əmisi oğlanları ilə münasibəti necə olub?

- Atamın iki qardaşı var idi: Zeynal, bir də Bəhram. Babam Molla Məhəmməd alman şirkəti üçün podratçılıq edib. Əmim Bəhram oxumaq istəməyib. Atam isə oxumağa çox həvəsli olub. Zeynal əmim isə sətəlcəm olmuşdu. Babamın qardaşı dünyasını dəyişəndə babam Rəhimlə Müseyibi himayəsinə götürüb. Rəhimlə Müseyibin bir qardaşı da olub: Adil. At təpikləyib cavan yaşda, öldürüb onu. Atam doğma qardaşlarından çox əmisi oğlu Müseyiblə yaxın olub. Ruhən bir-birinə çox bağlı olublar. Tiflisdə gimnaziyada da birgə təhsil alıblar.

Molla Məhəmmədin mülkiyyət sənədi

- Babanız alman şirkəti üçün podratçılıq edib.

- Babam Gədəbəydə imkanlı, nüfuzlu şəxslərdən biri olub. Gəncədə mollaxanada təhsil alsa da, mollalıqla məşğul olmayıb. “Siemens” şirkəti üçün podratçılıq edib. Həmin şirkətdən əvvəl Gədəbəydə mədənləri yunanlar işlədirdilər. Mədənlərdəki texniki rəhbərlər almanlar, italyanlar idi. Azərbaycanda iki zavod açmışdılar: birini Gədəbəyin özündə, o birini isə Qalakənddə. Qalakənddəki misəritmə zavodunun böyük elmi tədqiqat laboratoriyası olub. Qafqazda birinci su elektrik stansiyası da elə Şəmkirçayın üzərində tikilib. Almanlar Gədəbəydə elektroliz yolu ilə qızıl istehsalının iqtisadi cəhətdən daha səmərəli olub-olmadığını sınaqdan keçiriblər. Qızıl istehsalı üçün sianiddən də istifadə olunub. Sianid ən güclü zəhərdir. Cüzi miqdarda qəbulu adamı üç-beş dəqiqə ərzində öldürür. Casus filmlərində casusların qəbul etdikləri maddə də sianiddir.

- Gədəbəyin Söyüdlü kəndindəki hadisələrlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəy vermişdi ki, gölün suyunda sianid aşkar olunub. Kənd sakinləri də iddia edirdilər ki, sianidə görə kənddə uşaq ölümlərinin sayı artır. Bu mümkündürmü?

- Əlbəttə ki... Sianid dünyada qəbul edilən ən güclü zəhərdir. Buna görə də qızılın sianid yox, başqa üsullarla istehsalı üçün baş sındırmaq lazımdır. XX əsrin əvvəllərində almanlar Qalakəndlə bağlı iki kitab nəşr etdiriblər. Almanların Gədəbəyə gəlməklərindəki məqsəd təkcə qızıl istehsalı olmayıb. Dünyaca məşhur bioloq, patoloq-anatom Rudolf Virxovla Simens dost olublar. Virxovun da dostları arxeoloji tədqiqatların həvəskarları olublar. Beləcə. Gədəbəydə tapılan arxeoloji tapıntılar Berlin muzeyinə aparılıb. Berlin muzeyində həmin tapıntılar indi də saxlanılmaqdadır. Mis strateji təyinatlı material olduğundan 1913-cü ildə “Siemens” dəmiryolunu da sökərək Gədəbəydən gedib. Bir il sonra artıq müharibə başlayacaq və Almaniya ilə Rusiya düşmən olacaqdı. Onların mədənlərində işləyən fəhlələrin də doxsan beş faizi İrandan gəlmə idi. Ona görə də camaat arasında kiməsə “tat Müseyibin oğlu” və s. deyirlər. 1925-ci ilə kimi həmin zavod fəaliyyət göstərib.

Tiflis gimnaziyasında soldan 1-ci Müseyib Hüseynov, sağdan 1-ci Məhərrəm Hüseynov

- Qohumunuz Şəmsəddin Rəhimli mənə demişdi ki, Rəhim Hüseynov Gədəbəydəki qaçaqları, alman şirkəti ilə çalışan podratçıları İrana qaçırıb.

- Bəli... Formal olaraq repressiyaya məruz qalmayıb Rəhim Hüseynov. Nərimanovla dostluq əlaqəsi olub.

- Nərimanovun “Ucqarlarda inqilabımızın tarixinə dair” əsərində Rəhim Hüseynovun ona müxalif olduğu qeyd edilir.

- Atam özü mənə danışırdı ki, Nərimanovla Rəhim Hüseynov dost olublar, hələ Nərimanovun oğlu Nəcəflə Rəhim Hüseynovun oğlu Aslan birgə hərbi xidmət keçiblər. Bakı şəhərinin meri Əliş Ləmbəranski var idi, atası Cəmil bəy Ləmbəranski məşhur həkim idi, həm də “İttihad “partiyasının deputatı olmuşdu. Cəmil bəy həbs ediləndə kollegiya üzvlərindən biri də Rəhim Hüseynov olub. Pankratovgil Nərimanovdan soruşublar ki, Cəmil bəy necə adamdır. O da deyib ki, düz adamdır. 1922-ci ildə Rəhim Hüseynov Cəmil bəy Ləmbəranskini həbsdən azad etdirib. Mir Cəfər Bağırov akademik Topçubaşovla Cəmil bəy Lənbəranski haqqında deyəndə ki, bunlar bəylərdir, elmdə nə işləri var, Müseyib Hüseynov dillənib ki, siyasi olaraq özünüz bilərsiniz, amma Topçubaşovdan yaxşı həkim yoxdur Azərbaycanda. Cəmil bəyi də müdafiə edib. Bakı şəhərinin meri Əliş Lənbəranski olanda atam Bakı Şəhər Dəri Xəstəlikləri Dispanserinin baş həkimi olaraq ondan xahiş edib ki, ailələri köçürüb xəstəxananı genişləndirməyə ona icazə versin. Əliş atam haqda kobud söz deyib: “şpana”. O sözü də həbsxanada olan canilərə deyiblər. Bilirdi ki, atam lagerdə olub. Onun atası Sabunçu xəstəxanasında cərrah idi, bizim ailə ilə yaxın idi. Atamın əmisi oğlanları onun atasını neçə dəfə ölümün çəngindən xilas etmişdilər. Əliş Lənbəranski isə belə naxələf çıxdı. Mənim sünnətimi də Əlişin atası etmişdi. Əliş Lənbəranskinin atamı təhqir etməyi 1960-ci illərdə olan hadisədir. Bakının qorkomu Nəsrullayev var idi. Atamın xəstəsi idi. Nəsrullayev söz vermişdi ki, kömək edəcəyəm sənə. Sözünün üstündə durdu. O vaxt bu məsələ Vəli Axundova kimi gedib çıxmışdı. Atam, Rəhim Hüseynov, Nərimanov – hamısı meydanda tək idi. Nərimanovun şəxsiyyətinə mən çox böyük hörmətlə yanaşıram. Onun Leninlə danışığının hesabına Azərbaycan elminə nə qədər maliyyə ayrılıb. O kişini böyük vicdan sahibi, vətənpərvər olduğuna görə Azərbaycanda söz sahibliyindən didərgin saldılar. Guya yüksək vəzifəyə keçirirlər.

Bəraət arayışı

- ZSFSR yaradılanda da Nərimanov, Həmid Sultanov, Mirzə Davud Hüseynov, Ruhulla Axundov kimi bolşeviklər bu qərara müxalif idilər.

- Əlbəttə ki... Azərbaycan öz hesabına daha yaxşı dolana bilərdi. Bütün dəmiryol daşımalarının əziyyətini azərbaycanlılar çəkirdilər, rəhbərlik isə Tiflisdə yerləşirdi.

- Rəhim Hüseynovun neçə övladı olub?

- Rəhim Hüseynova o vaxt Landaugilin evini vermişdilər. Həmin ev indiki Səməd Vurğun küçəsində yerləşir. Üçüncü mərtəbədə Landaugil yaşayırdılar. Lev Landaunun atası sözünü çəkinmədən deyən mühəndis idi. “Neftdən düzgün istifadə etmirsiniz”, – demişdi deyə onu NKVD-yə aparmışdılar. Rəhim Hüseynov həbsdən azad etdirmişdi onu. Demişdi ki, bu adamın siyasətlə işi yoxdur, iqtisadi məsələni də bizim xeyrimizə deyir. Landaugilin mənzilləri altıotaqlı idi. Üç otağı əllərindən almışdılar. Bir otağı rus hərbçiyə vermişdilər, bir otaqda Rəhim Hüseynov və ailəsi yaşayırdı, o biri otaqda da atam və əmilərim. Rəhim Hüseynovun birinci həyat yoldaşı Gədəbəyin Slavyanka kəndindən olan Katya xanım idi. Ondan Aslan adında oğlu var idi. Aslan Nərimanovun oğlu Nəcəflə birgə hərbi xidmət keçib. Müharibədə də həlak olub. Atamın da Lev Landaunun bacısına simpatiyası olub. Landaunun anası isə bu məsələyə qəti etiraz edib. 1925-1926-cı illərdə həmin xanımdan boşanıb Rəhim Hüseynov. Oğlu Aslana isə həmişə dayaq olub. Rəhim Hüseynov Katya ilə boşanandan sonra Çar Rusiyası zabitinin dul qadını Satya xanım ilə evlənir. Bu evlilikdən Yevgeniya adlı qızı və Cahangir adlı oğlu olur. Yevgeniya hələ Sovet dövründə Avstriyaya qaçıb orda yaşayır. Cahangir isə Qnessin adına ali musiqi məktəbinin dosenti olub

- Müseyib Hüseynovun neçə övladı olub bəs?

- Oskar, bir də Nazim... Nazim həkim idi, Oskar isə Tibb İnstitutunda kafedra müdiri. Oskar Huseynov respublikada burun boğaz xəstəlikləri üzrə baş həkim olub, həm də uzun müddət Tibb İnstitutunda baş elmi katib idi. Heç biri sürgündə olmayıb. Onları gizlədiblər, Stalinin ölümündən sonra üzə çıxıblar. Onların analarının adı Rut idi. Milliyətcə alman idi. Müseyib Hüseynov Almaniyaya təhsil almağa gedəndə o xanımla tanış olub. Müseyib Hüseynovu 1938-ci ildə “alman casusu” ittihamı ilə həbs ediblər. Landaunun evində yaşayan Müseyib Hüseynovun ailəsini atıblar evdən çölə. Müseyib bəraət alandan sonra ailəsinə indiki Prezident Aparatından yuxarıda yerləşən birotaqlı mənzil veriblər. Qonşuluqlarında sürgündə olmuş doktor Rəhilə Bayraməlibəyova da yaşayırdı. Bu dediklərim haqqında vaxtilə jurnalist Eleanora Abbasquliyeva məqalə yazıb. Müseyibin həyat yoldaşı Rut xanım azərbaycanca da, rusca da danışa bilirdi. Azərbaycan Dövlət Universitetində fizika müəllimi idi. Landaunun evində hazırda Nazimin həyat yoldaşı Elmira Hüseynova yaşayır. Müseyib və onun ailəsi ilə bağlı şəkillərin doxsan faizni isə Oskar özü ilə Almaniyaya aparmışdı. Təbabət Muzeyində atam və Müseyib Hüseynovla bağlı sənədlər bildiyim qədərilə mühafizə edilir.

Soldakı Rəhim Hüseynovun oğlu Aslan öz dostu ilə

- Rəhim Hüseynov – atanızın əmisi oğlu Azərbaycanda sovet hökumətini quranlardan biri olub. Azərbaycanda Sovet hökumətini quranlara qarşı münasibətiniz necədir?

- Dadaş Bünyadzadə haqqında atam həmişə yüksək fikirdə olub. Atam deyirdi ki, yüksək təhsili olmasa da, Azərbaycan təhsili üçün ən böyük xidməti göstərən məhz Dadaş Bünyadzadədir. Dadaş Bünyadzadənin maarif komissarı olduğu dövrdə bir çox ali təhsil ocaqları açılıb. Dadaş Bünyadzadənin nəvəsi Dilarə xanımla da Fizika İnstitutunda birgə işləmişik. Dilarə xanım atası akademik Əşrəf Hüseynov haqqında yazılan kitabı da mənə hədiyyə etmişdi. Mən də o kitabı Mikayıl Xıdırzadənin nəvəsinə hədiyyə etdim. Mikayıl Xıdırzadə ilə Əşrəf Hüseynov dost olublar, həm də Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin ilk azərbaycanlı dekanları olublar sıra ilə. Əliheydər Qarayevin ailəsi ilə bizim ailənin münasibəti yaxşı olub. Atamı Almaniyada təhsil almağa göndərənlərdən biri Əliheydər Qarayev olub, onun məsləhəti ilə atamı Almaniyaya oxumağa göndəriblər. Ruhulla Axundov çox savadlı adam olub. Ruhulla Axundovla Nəriman Nərimanovun münasibətləri soyuq olduğundan bir-birinə sözlərini Rəhim Hüseynov vasitəsilə çatdırıblar. Ruhulla Axundovla Rəhim Hüseynov hələ sol eserlərin partiyasında təmsil olunduqları vaxtdan tanış idilər. Atam Ruhulla Axundovla Əliheydər Qarayevi yaxşı adam kimi xarakterizə edirdi.

- Bu tarixi şəxsiyyətləri xain, yoxsa Rusiya müstəmləkəçiliyinə qarşı mübarizədə qurban kimi qiymətləndirmək lazımdır?

- Mən Nəriman Nərimanovu həmişə yüksək qiymətləndirmişəm. Dadaş Bünyadzadə çox zəhmətkeş, vətənpərvər adam olub. Mir Cəfər Bağırovun özü də sistem qurbanıdır. Möhsün Qədirli səhiyyə sahəsində çox böyük işlər görüb. Rusiya o dövrdə Azərbaycanı işğal edib. Yerli kommunistlər xəyanət də edə bilərdilər, rüşvət də ala bilərdilər, amma can qoyublar ki, real şəraitə uyğun xalqın xeyrinə işlər görülsün. O şəxslərin fəaliyyətini yüksək qiymətləndirmək lazımdır. Atam bu komandanı həmişə yüksək qiymətləndirib. O, zarafatyana deyirdi ki, biz – tələbələr Əliheydər Qarayevin kabinetinin qapısını təpiklə açırdıq. Tələbələrlə münasibəti çox səmimi olub Əliheydər Qarayevin. Atam Qarayevlə bağlı bir də bunu deyirdi ki, heyif, Qarayev Nəriman Nərimanov qədər geniş dünyagörüşünə malik deyildi.

Müseyib Hüseynovun oglu Oskar Hüseynov

- Əziz Əliyevlə bağlı hansı xatirələriniz var?

- Tez-tez evlərində olurdum. Çox mehriban adam idi. Əziz Əliyevlə Müseyib Hüseynov və atam çox yaxın dost olublar. Əziz Əliyevin oğlu Tamerlanla da Müseyib Hüseynovun oğlu Oskar dost idilər. Gədəbəydəki bağımızdan alma aparırdım Əziz Əliyevgilə. Fikrət Məmmədov Əziz Əliyevin evində yaşayırdı.

- Bəs Heydər Əliyevlə bağlı?

- Zərifə xanım Heydər Əliyev tez-tez xaricdə olurdu deyə Əziz Əliyevgildə qalırdı. Əziz Əliyevgilə gedəndə qapını Cəmil – Onkoloji Mərkəzin sədri açırdı. Əziz Əliyev başlayırdı sorğu-suala. Necə oxuyursan? Hansı fənlərə daha çox həvəsin var? Əynində də həmişə pijama olurdu. O illərdə hardan biləydim ki, Heydər Əliyev gələcəkdə respublikanın birinci katibi olacaq.

- Siz Gədəbəyin Miskinli kəndindənsiniz.

- Mənim və iki nəfər başqa professorun təşəbbüsü ilə kəndimizin əvvəlki adı olan Miskinli bərpa edilib. Sovet dövründə uzun müddət kəndimiz Rüstəm Əliyev adlandırılıb. Rüstəm Əliyev bizim kənddə doğulmuş inqilabçı olub. Hətta rayonuzun adı yarım il Rüstəm Əliyev adlandırılıb. Həmçinin, İslam Əliyev də inqilabçı olub. İslam Əliyevin nəvəsi Tamilla xanım Moskvadakı Baxin adına Onkoloji Mərkəzin professoru idi. İslam Əliyev Qaraqalpaq Muxtar Sovet Sosialist Respublikasının birinci katibi olub, repressiya illərində güllələnib. Bizim kəndin kolxozu 1930-cu illərdən Rüstəm Əliyev adlandırılıb. Miskinli kəndin tarixi adıdır. Buna görə də kəndimizin bu adı daşıması daha doğrudur.

- Gədəbəy sizinçün nə məna ifadə edir?

- Vətəndir. Gədəbəydən çoxlu ziyalılar çıxıb. O relyefə, hava şəraitinə malik yerdə yuxarı qalxmaq üçün yeganə yol oxumaqdır.

- Gədəbəyin bir Sovet İttifaqı Qəhrəmanı olub ki, bir çox gədəbəylilərə öz kömək əlini daima uzadıb.

- Mehdi Quliyevi deyirsən. Bir çox gədəbəylilərin milisdə işə düzəlməsinə o kömək edib.

- Gədəbəydə molokanlar, duxoborlar da yaşayırlar. Onlara qarşı münasibətiniz necədir?

- Çox yüksək... Molokanlar rus deyillər. Fin-uqorlardır... Pravoslav da deyillər. Molokanlar işgüzar, düzgün insanlardır.

Repressiya qurbanı Müseyib Huseynov Sxoltubada

- Bəs Azərbaycan Cümhuriyyətinə qarşı münasibətiniz necədir?

- Çox yüksək... Atam anama deyirdi ki, “Müsavat” qalsa, bu cəmiyyət daha da irəli gedərdi. Atam Cümhuriyyət ordusunda praporşik olub. Erməni-müsəlman davasına görə Tiflisdən qaçıb. Gəncədə gimnaziya təhsilini davam etdirib. Azərbaycan Cümhuriyyətinin Gəncədə açdığı zabitlik kurslarının ilk buraxılış məzunlarından olub. Sovet dövründə bizə təbliğ edirdilər ki, Qızıl Ordu Bakını kapitalistlərdən azad edib. Sonradan 28 aprellə bağlı həmin hadisənin müxtəlif iştirakçılarının xatirələrini oxudum. Donanma zabiti olmuş Raskolnikovun və aviasiya generalı Krasovskinin xatirələrini oxuyanda gördüm ki, Qızıl Ordunun hələ 28 apreldən əvvəl Bakını zəbt etmək planı olub. Son qənaətim budur ki, Bakı 28 aprel tarixində işğal edilib.

- Nazilə Şəmsəddinskayanı tanıyırdınız?

- Əlbəttə. Atası Musa Şəmsəddinskini də gözəl tanıyırdım. Atamın aspirantı olub. Tibb İnstitutunda birgə işləmişik. Onların ailəsi 1950-ci illərdə sürgündən qayıdıb.

- 1990-cı illərin əvvəllərində döyüşlər təkcə Qarabağda deyil, elə Gədəbəydə də gedirdi. Bu hadisələri necə xatırlayırsınız?

- 1992-ci ilin aprel ayında AMEA əsgərlərdə ruh yüksəkliyi yaratmaqçün bir neçə ziyalını Başkənd tərəfə göndərmişdi. O vaxtlar Xalq Cəbhəsinin Azərbaycanda güclü olduğu vaxtlar idi. Milliyətcə çərkəz olan, Əfqanıstan müharibəsi veteranı, polkovnik-leytenant Malbaxov Gədəbəydə hərbi komissar idi. Yeni yaradılmış Gədəbəy batalyonunun komandiri təyin edilmişdi. Malbaxov Əfqanıstan müharibəsində başından kontuziya almışdı, düzgün insan idi. Şınıx mühasirədə olduğundan onun ətrafındakı birliklərə benzin aparmalı idik. Dövlət orqanlarının nümayəndələri bizə maşın vermədi. Cəbhəçilərdən biri var idi, adı yadıma düşmür indi. Bir o yadımdadır ki, bu yaxınlarda həbs edilib. O bizə “URAL” maşını verdi. Həmin maşını alay komandiri, polkovnik Cahangir Rüstəmov rusların hərbi bazasından qaçırmışdı. Maşının da içi dolu benzin... Mənə dedilər ki, sən alimsən, gəlmə. Onların canından artıq deyil ki canım. Mən, sonradan deputat olan Nizami Cəfərov, cəbhəçi Məzahir, bir də sürücü benzini vermək üçün düşdük yola. Düşmən Cahangirin qaçırdığı maşın sıradan çıxsın deyə yola iri mismarlar, üstündə də təzək döşəyibmiş. Təkərin biri partladı. Məzahirin cibində “TT” markalı tapança vardı, Nizamiyə avtomat, mənə də bıçaq verdilər. Sonra təkəri dəyişib yola düzəldik. Gecə vaxtı Başkənddə bir-iki erməni gördük. Sakitçilik idi. Benzini təhvil verdik hərbi qüvvələrimizə. Pozisiyaya həmin vaxt “Vilis” gəldi. Malbaxov, Cahangir Rüstəmov, bir də bir cavan oğlan var idi maşında. Cavan oğlan elə qəşəng gülümsəyirdi ki... Həmin oğlan İsgəndər Aznaurov idi. Sonralar Azərbaycanın Milli Qəhrəmanı oldu. Cahangir Rüstəmov Şəmkirdən cəlb etmişdi onu. İki gün pozisiyada qaldıq. Əsgərlər peçenye, Çin istehsalı tşonka yeyirdilər. Biz də əsgərlərlə birgə yemək yedik. Analarımız evdə bişirdikləri yeməkdən əsgərlərə gətirirdilər. Qovlarçay tərəfdə çiyni avtomatlı qoca kişiləri görürdük. O illərdə çox güclü xalq-ordu birliyi vardı. 1993-1994-cü illərdə Qalakənd, Turşu istiqamətlərində yenə əsgərlərlə birgə oldum. Bu illərdə 1992-1993-cü illərdəki ordu-xalq birliyi görə bilmədim.

- Ermənistanla hazırda sülh danışıqları gedir. Birgəyaşayışla bağlı fikirləriniz nədən ibarətdir?

- Həyatın qanunu budur: hər şey yaddan çıxır. İngilislər deyib ki, hər şeyin kökündə maraq var. 1993-cü ildə Kislovodskda olanda ləpə alırdım. Ləpə satan soruşdu ki, Bakıdansan. Dedim, hə. Başladı ağlamağa. “Bakı ermənisiyəm”, – dedi. Bakı üçün darıxırmış. Rusiya ermənilərdən istifadə etdi. Zaqafqaziya ölkələri olaraq Avropa yolunu tutmalıyıq birgə.

- Azərbaycan cəmiyyəti müalicə üçün qonşu ölkələrə üz tutur. Tibb təhsili almaq istəyən gənclərimiz Türkiyəyə, Almaniyaya üz tuturlar. Bu məsələlərlə bağlı fikirləriniz nədir?

- Tibb İnstitutunun verdiyi təhsili qənaətbəxş hesab etmirəm. Oranı bitirən tələbələrin zərrəcə praktiki bilgisi olmur. Tibb işçilərinin maaşını artırmaqla deyil. Həkimin xəstənin sağalmağına, müəllimin şagirdin bilikli olmağına zərrəcə marağı yoxdur. Sistem düzgün qurulmayıb. Bir də bu pul məsələsi ilə bağlı bu fikrimi də deyim. Mənim laborantım işləyə-işləyə üç yüz manat maaş alır. İşləməyələrə də üç yüz manat sosial yardım verilir. Ədalət bunun harasındadır?

- Elm sahəsində monopoliya varmı?

- Əlbəttə. Ali Attestasiya Komissiyasında səkkiz il işləmişəm. Qohumbazlıq, bisavad adamların akademik olmağı... O qədər belə şeylər var ki... Elə savadlı adamlar olur ki, arxası olmadığına görə ona süni maneə yaradırlar. Xaricdə heç bu komissiya yoxdur. Alimləri də bizdən daha peşəkardırlar. Bizdə min dənə sənəd istəyirlər. Akademik azadlıq yoxdur. Azərbaycanı inkişaf etdirəcək elm lazımdır bizə. Elə elm ki şirin su ehtiyatlarımız artsın, əkin sahələrimiz genişlənsin. İsrailə bax... Bizdə boz səhralar kimi görünən yerlərin çoxu yarımsəhradır. Ordan məhsul götürmək olar. İxracyönümlü olmalıyıq. Biz niyə xaricdən taxıl idxal etməliyik ki?!

# 7149 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #