Xaçmazda it asıb öldürən kişi kim imiş?

Xaçmazda it asıb öldürən kişi kim imiş?
4 mart 2022
# 13:22

Dünən Xaçmazda bir kişi iti asaraq öldürüb. Sosial şəbəkələrdə yayılan videodan sonra da kişini tutub aparıblar.

Məlum olub ki, bu əməli törədən şəxs Gödəkli kənd sakini 86 yaşlı Balasoltan Daşdəmirovdur. Onu İnzibati Xətalar Məcəlləsinin neçəncisə maddəsi ilə həbs ediblər.

Gəlin əvvəlcə Balasoltan Daşdəmirovun 86 il necə yaşadığını, onun günahsız bir iti asmağından müəyyən edək.

1936-cı ilin mənasız bir günüdür. Londonda ilk televiziya verilişi təşkil olunub. SSRİ-nin ikinci Konstitusiyasına görə ZSFSR (Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası – red.) ləğv edilib. Azərbaycan Gənc Tamaşaçılar teatrı açılıb filan.

Bu günlərdən birində Xaçmazda bir uşaq dünyaya gözlərini açır. Adını Balasoltan qoyurlar. Balasoltan hələ uşaq yaşlarından öz qəribəliyi ilə həmyaşıdlarından seçilir. Dostları ondan qorxur, heyvanlara əziyyət verir, ata-anasının sözünə baxmır. Üstəlik, digər uşaqlardan sifət quruluşu, bədəni, cüssəsi ilə seçilir. Adi uşaqlardan fərqli olaraq, onun bir gözü, üç qulağı olur. Burnu başının yuxarısında yerləşir. Bir əlində 8 dənə barmağı olur. Adi insandan yeddi dəfə böyük ayaqları və əlləri hər kəsin ondan qorxmağına bəs edir. Ondan, nəinki, yer üzündəki insanlar, həmçinin, bütün flora və fauna aləmi çəkinir və ehtiyat edir. Yetənə yetir, yetməyənə bir daş atır. Bir sözlə, Balasoltan nə insan, nə də heyvan irqinə mənsub bir canlı olur.

1 sentyabr 1939-cu ildə İkinci Dünya Müharibəsi başlayır. Balasoltan Daşdəmirovun onda hələ üç yaşı olur. Lakin 40 yaşlı adam kimi göründüyü üçün onu da tutub müharibəyə aparırlar. Beləliklə, Balasoltanın məşəqqətli həyatı başlayır. O, müharibədə döyüşməyə başlayır. Üç yaşı olmasına baxmayaraq, vəhşicəsinə döyüşür, adamları öldürür, əlinə nə keçir, basıb yeyir. Düşmənlər onun adını eşidən kimi lərzəyə gəlir, tir-tir əsirlər. Hamı onun vəhşiliyindən danışır.

1942-ci ildə, Stalinqraddayıq. Şəhər uğrunda gərgin döyüşlər gedir. Şiddətli döyüşlərin birində onun başına bir güllə tuş gəlir. Balasoltan yerə yıxılır və inildəməyə başlayır. Bu güllə azmış kimi onun yanında mina partlayır və qəlpəsi gəlib düz Balasoltan Daşdəmirovun qulağının içindən girərək beyninə təsadüf edir. O huşunu itirir. Təcili hospitala yerləşdirilir. Müharibə bitənə kimi orda, komada qalır.

1945-ci ildə Hitler intihar edən gün, Balasoltan gözlərini yenidən açır. Dünya bir canini yola salıb, digərini qarşılayır. Reinkarnasiyaya inanan varsa, belə demək olar ki, Hitler Balasoltanın vücudunda yenidən dünyaya qayıdır.

Həkimlər onun yaşamağının sadəcə möcüzə olduğunu vurğulayırlar. O sağ qalıb, lakin bundan sonra beyinsiz yaşayacaqdır. Qulağından girib beyninə təsadüf edən qəlpə onun bütün beynini məhv edib və həkimlər ambulator müayinədən sonra məcburən onun beynini kəsib götürüblər.

Əlqərəz, Balasoltan Xaçmaza qayıdır. Müharibəyə beyinlə gedib, beyinsiz qayıdan nəvəsini görən nənəsi özünü pilləkəndən ataraq intihara cəhd edir. Lakin ona heç nə olmur. Balasoltan beyni olmadan həyatına davam edir.

Qayıdaq onun iti asması məsələsinə. Bir günahsız heyvana qarşı bu cür hərəkət edən adamın əvvəlki həyatı bu qədər dramatik ola bilər. Yoxsa insan nə üçün bir iti assın ki?

Mən əminəm ki, onun keçmiş həyatı bu cür olub. Bunun başqa adı yoxdur. Beynini müharibədə qoyub gələn Balasoltan 86 ildir bu cür yaşayırmış.

Ümumiyyətlə, demişəm, deyirəm və dəyəcəm. Sovet bu xalqa yaxşı heç nə vermədi. Sovetin zir-zibilləri Balasoltan kimi insanlardır. Alınlarında “MADE İN SSRİ” yazılan həmin yaşlı nəsil nə mərhəmət qanır, nə sevgi qanır, nə ictimai qayda-qanunlara riayət edir, nə adicə məişət mədəniyyətini başa düşür. Üstəlik, bu azmış kimi, beyinlərini SSRİ-də qoyub gələn Balasoltan kimi insanlar həyasız-abırsız yaşamağa davam edirlər. Təkcə yaşasalar problem deyil. Bu cür beyinsiz insanların gənclərə müdaxilə etməyə, onların həyatına qarışmağa, nədənsə şikayətlənməyə zərrə qədər də haqları yoxdur. Balasoltan kimi SSRİ məhsulu adamlar yaşamaqdan utanmalıdırlar.

Bax, ay Balasoltan, sən 86 ildir nə üçün yaşamısan? Niyə yaşamısan? Nə etmisən 86 ildir? Mədəni-ictimai həyata hansı töhfələrin olub, ətrafını, çevrəni, həyatında olan insanları nə qədər dəyişə bilmisən? Həyat haqqında hansı fikirlərin olub? Necə öz həyatını mənalandırmısan? Nə üçün hər gün durmusan, işləmisən, yemisən, yatmısan? 86 ildir ot-ələf kimi necə yaşamısan?

Səni üç-dörd gün sonra, yəqin ki, buraxacaqlar. Ağsaqqal adamsan deyə bir itə görə səni türməyə zada salmazlar. Amma bu hadisə səni tanıyan və tanımayan hər kəsin necə bir adam olduğunu göstərdi.

Qızım sənə deyirəm, gəlinim sən eşit:

Yaşlı adamsan, yaşadığını yaşamısan. İskəndəri bələkdə görmüsən. Həyatın hər üzünü yaşamısan. Qoca babasan. Get nəvələrinlə oyna, pensiyandan onlara kitablar al, pul ver, ağac əkdir, maraqlı şeylər danış, heyvanları yemlə, mərhəməti, sevgini, dostluğu, sevgini öyrət uşaqlara baba kimi. Öləcəksən axı. Ölümə yaxınlaşırsan, 86 ildir boş-boş yaşamısan, bundan sonra heç olmasa yaxşı bir işlə məşğul ol. Gənclərin həyatına qarışma, onların qərarlarına dəstək çıx, ata-analarından gizli məsləhətlər ver, dəstəklə. Bunlar çətin işlər deyil. İti asmaqla nə qazanırsan? Hörmətsizlikdən başqa. Utan yerə gir. Başqa heç nə demirəm. Nöqtə, nöqtə və nöqtə.

# 2506 dəfə oxunub

Oxşar xəbərlər

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
#
#
# # #