Vaqif Bayatlının arxasınca düşdüyü sirr

Vaqif Bayatlı, şair

Vaqif Bayatlı, şair

23 dekabr 2021
# 13:20

Kulis.az Xaliq Rəhimlinin “Göylər şairi” yazısını təqdim edir.

(Vaqif Bayatlı Odər haqqında essevari qeydlər)

Ötən əsrin 70-ci illəri idi. “Azərbaycan” jurnalında işləyirdim. “Ulduz” jurnalı redaksiyası ilə qonşu idik. Belə ki, fasilə zamanı həyətə düşəndə bizim əməkdaşlarla “Ulduz”un əməkdaşları görüşüb şirin-şirin söhbət edərdilər. Mən onlara nisbətən yeniyetmə yaşındaydım və kənardan ədəbiyyat söhbətlərinə maraqla qulaq asırdım. Bir gün özünəməxsus görkəmiylə, danışığıyla, cavanlıq ədasıyla bir nəfər şair diqqətimi cəlb elədi. O, ənənəvi ədəbiyyat söhbətindən daha çox fikirlərini tamam fərqli yöndə ifadə edirdi. Yazdığı şeirlər kimi də danışırdı. Həmin şair məndə özünə və sözünə qarşı maraq oyatdı. Mən o zaman həvəslənib şeir yazırdım. Qərara gəldim ki, bir neçə şeirimi o şairə təqdim edim. Bəyənməyib qaytaracağına əlyeri qoymuşdum. O zaman bu fərqli düşüncə və qələm sahibi “Ulduz” jurnalında şeir şöbəsində işləyirdi. Şeirləri təqdim elədim. Ertəsi gün on şeirdən cəmi iki misramı bəyəndiyini dedi. O da bu idi ki, - “mən həsrətin həsrətiyəm, tanı məni məhəbbətim”. Sözə zərrə qədər də güzəştə getməyən, çılğın düşüncəli şairdən bu kiçik bəyənməni eşitmək bir yeniyetmə kimi mənə maraqlıydı. Həmin Vaqif müəllim ki, onun poetik düşüncəsi elə o vaxtdan azad quş kimiydi, hara istəsə qona bilirdi. Qəliblər, izmlər, metodlar, cərəyanlar onun şair alnına yazılan yazılarda yerli-dibli yox idi.

Bu dünyanın sirri kainat yaranandan açılmır ki, açılmır. Bəlkə də sirr açılsaydı bu qədər alim, filosof, şair yaranmazdı, dünya maraqsız görünərdi. Vaqif Bayatlı Odər də həmin əzəli və əbədi sirrin arxasınca düşdü, bütün varlığıyla Allaha sığındı. Bu “Gözəgörünməz” Vaqifin də gözlərinə görünməsə də şeirinin, sözünün gözünə göründü. Bəlkə də Tanrının gözünə göründüyü üçün onun şeirləri bəndənin də xoşuna gəlir, oxucu o şeirlərdə Yaradanın nəfəsini hiss edir. İlahi əlaqə nə qədər ağılabatan olmasa da Vaqifin şeirlərinin Tanrıya çatması şəksiz-şübhəsizdir. Çünki onun şeirlərində İlahi qoxusu, İlahi nişanəsi, İlahi sevgisi var. Bəli, Vaqif müəllim Yer oğlu olsa da işi göylərlədi. Səməd Vurğun demiş - “Yenə göylərdədir şair xəyalın”... Vaqif Bayatlı Tarının qapısını şeirlə döyür, şeirlə açır. Oradan qucaq-qucaq sevgi gətirir, kamillik gətirir, iman, inam gətirir. Və bu gətirdiklərini yenidən şeirə çevirib oxuculara ərmağan edir. Tanrı payı, Tanrı şəfqəti Vaqif Bayatlı şeirlərində daha da gözəldi. Bu şeirlərin işi İlahidən bəndələrə, bəndələrdən İlahiyə sevgi daşımaqdı.

“Get-gedə torpağa daha çox yaxınlaşıram. Vətəni daha çox istəyirəm. Qabaqlar bir az gənc idim, dəlisov idim, indi daha çox torpaq, vətənin havası, vətənin göyü... Mənim şeirlərimdə də daha çox göy üzündən danışılır. Torpaq azad olunmasa, onun göy üzü də azad edilmir”. - Bu fikirləri Vaqif Bayatlı qələbəmizdən əvvəl deyib. Hamı kimi şairin də ürəyinə dammışdı ki ,torpaqlarımız gec-tez azad olunacaq, yeri də, göyü də bizim olacaq. Səməd Vurğunun misrasıdı - “Allah da çox sevir şeirin səsini”. Və inanmaq lazımdır ki, Vaqifin illər boyu yazdığı şeirləri Tanrı ilə söhbət hesab edən şairin şeirini İlahi eşitməsin. Və yer üzündə torpaq davası eləyənlərdən fərqli olaraq şair davasız-şavasız göy üzünü istəsin. Dədə-baba yurdu Cəbrayılın Böyük Mərcanlı kəndindən yerlə bərabər əsirlikdən azad olunan göy üzünə tamaşa eləsin. Dünyanın heç bir yerindən göy üzü şairə bu qədər yaxın və gözəl görünə bilməz. Adama elə gəlir ki, Tanrı da şairi ordan yaxşı eşidər. Çünki ora İlahinin bir zamanlar şairə xeyir-dua verdiyi məkandı, ruhunun pərvazlandığı, göylərə uçduğu ünvandı. Bir sözlə, şairin göy əlaqələri doğma yurddan daha yaxşı alınar. İşğaldan azad olunan torpaqda şairi görmək Tanrının özünə də xoş olar və İlahi eşqini o yerlərdən əsirgəməz. Əlqərəz dədə-baba yurdunun yeri də göyü də şairi gözləyir. Tanrıya yeni poetik dualar, sevgi dolu ismarıclar göndərmək üçün bu bir fürsətdir. Yurd yerindən görünən göyün mübarək, şair!

Нет описания фото.

# 4290 dəfə oxunub

Oxşar xəbərlər

Kişilərin kölgəsində qalmış qadın rəssam:  Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

Kişilərin kölgəsində qalmış qadın rəssam: Vilhelmina Barns-Qremin böyük sərgisi açıldı

18:43 3 noyabr 2026
Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər