Uşaqları döyən müəllimənin travmaları – Səbəb nədir?

Uşaqları döyən müəllimənin travmaları – Səbəb nədir?
14 dekabr 2022
# 17:00

Kulis.az Vüqar Vanın “Döyülməyin fabulası ətrafında” adlı yazısını təqdim edir.

“Nə fərqi var, eşşəyə ya sağdan mindin, ya da soldan”

Atalar məsəli

Bir neçə gündür sosial şəbəkələrdə, Xətai rayonu ərazisində yerləşən 25 nömrəli məktəbin 1-ci sinif şagirdlərinin üzübağlı, üzüaçıq şəkilləri fırlanır. Şəkil sinfin müəllimi Səidə Hüseynova tərəfindən çəkilib. İbrət olsun deyə valideyn qrupuna göndərilib. Şəklin sonunda müəllimə xanım qeyd edir ki, hər dəfə yazmayanları belə üsulla "məsuliyyətli" olmağı öyrədəcək. Uşaqları qaranlıq otağa salmaqla da hədələyib.

Bu körpələrin "günahı" ev tapşırığının nə olduğunu bilməmək olub. Buna görə də xeyli danlandıqdan sonra 45 dəqiqə qışın bu oğlan çağında hələ də istilik olmayan sinifdə, küncdə dayanmağa məcbur edilərək, digər dərslərin izahında iştirak etməkdən məhrum ediliblər. Uşaqlar təbii ehtiyaclarını ödəmək istəyəndə belə Səidə xanımın xoşuna gəlmir. Çox vaxt icazə vermirmiş.

Düz danışmaq kasıbın son silahıdır. Bu gün də biz Səidə xanımı bir az cəzalandıraq, görsün ki, əvvəla, cəza, ikincisi yazmaq necə olur. Dıqqılı balaların qisasını alaq.

Azərbaycanda “Təhsil” sözü təxminən “Dəhşət” sözünün sinonimi kimi səslənir.

Problem az qala hər məmurla, hər müəllimlə və hər şagirdlədir.

Təhsilimiz elə bir bataqlığın içinə yuvarlanıb ki, heç bir mütərəqqi qanun-qayda bizə kömək eləmir. İstəyirsən Boloniya sisteminin banilərindən olan Umberto Ekonu çağır, xeyri yoxdur. Bir də eşidəcəksən ki, hansısa məktəb direktorlarının əhatəsində xəngəl yeyə-yeyə saza qulaq asır.

Somerset Moemin “Kilsə xidmətçisi” hekayəsinin qəhrəmanı Albert yazıb-oxuya bilmədiyi üçün kilsədəki işindən qovulur.

Küçəyə çıxan kimi sağa-sola baxıb siqaret almaq istəyir, görür, mağaza yoxdur.

Küçə boyu o başa gedir – bu başa gedir: mağaza, köşk yoxdur!

Elə ordaca ağlına gəlir ki, bu küçədə bir siqaret köşkü açsın və...

Və bu köşkü açıb biznesdə inanılmaz uğur qazanır, şəbəkəsini genişləndirir, bir nömrəli tütün tacirinə çevrilir.

Bir gün bank müdiri yağlı müştəri kimi Albertlə görüşür və onun bisavad olduğunu görüb heyrətə gəlir: “Gör, yazıb-oxuya bilsəydiniz nə edərdiniz?”

Albert cavab verir: “Yazıb-oxuya bilsəydim, indi kilsə xidmətçisi idim”.

Bəli, həyat bu qədər şərtidir. Uğur həmişə ağıl və savadla olmur.

Ona görə kitablardan öyrəndiyi klassik-didaktik məntiq insana elə də kömək etmir. Mən uşaqları döyən, əziyyət verən müəllimə sual verə bilərəm ki, yazıb neynəmisiz? Yaxşı yazıb, hərfləri tanıyıb, vurma cədvəlini bilirsiz. Hə, nə olsun? Atom parçalayırsız, bəlkə, xəbərimiz yoxdur? Ya süni intellekt quraşdırırsız, bilmirik?

Pedaqogikadan, uşaqlarla işləməkdən, psixologiyadan xəbəriniz yoxdur, başa düşdük. Cəhənnəm, heç olmasa insanlıqdan xəbəriniz olsun. İndi biz nə edək ki, sizin həyatınız travmalarla, əzab-əziyyətlərlə, mənasız çətinliklərlə keçib. İndi o bapbalaca uşaqlar nə etsinlər ki, sizin həyatınız alınmayıb deyə, istəyirsiniz ki, başqalarının da həyatları alınmasın? Özündən, həyatından razı bir adam heç hansısa uşağı incidər? Hansısa körpəyə qıyar? Mümkün deyil. Ancaq problemləri olan, psixologiyası xarab, başı işləməyən adamlar uşaqlara zülm edə bilərlər.

İstəyirsiz ki, həmin uşaqlar da sizin kimi təhqir edilən, başqalarının yanında alçaldılan travmalı böyüsünlər?

Uşağa küçədə narkotik satırlar, məktəbdə söyüb, lövhəyə dirəyib, şəklini çəkirlər, həyətdə döyürlər, gözündən uzaqlaşan kimi zorakılıq edirlər. Siz də məni bağışlayın, bəs bu camaat neynəsin?

Akvariumda böyütməlidir camaat uşağını?

Uşaqlara kobud davranan, döyən, qapaz vuran, eşşək kimi davranan müəllimlərə xitab edirəm:

Hansı zamanda yaşayırsız, beyniniz hara işləyir, heç olmasa Xoşqədəm xanımın verilişlərinə də baxmırsınız?

Braziliyanın, Türkiyənin, Azərbaycanın yaxşı-yaman seriallarını da izləmirsiniz?

Adam da birinci sinif uşağına əziyyət verər? Lap verdi-verdi, bunu çəkib paylaşar?

Adam da o məsum körpələrə yaza bilmədikləri üçün belə zülm edər?

Hər şeyi öz adıyla çağırsaq, dava edən, təpik-yumruqla danışan adamın vəhşi heyvandan heç bir fərqi yoxdur. Hətta vəhşi heyvanlar belə dava edən, təpik-yumruqla danışan adamlardan daha üstün canlılardı. Çünki onlar qanmırlar, onlar üçün “dava-dalaş etmək olmaz” mövzusunda qalaq-qalaq kitablar yazılmayıb.

Ümumiyyətlə, insan mürəkkəb varlıqdır. Əks halda bu qədər əsərlər yazılmazdı, bu qədər filmlər çəkilməzdi. Etiraf edim ki, mənim bu zədə-mədə, insan psixikası-zad söhbətlərindən elə də başım çıxmır. Sadəcə fikirlərimi, müşahidələrimi yazmaq istədim. Yazıda ciddi quşlar buraxmışamsa, xahiş edirəm, bu sahənin mütəxəssisləri buraxdığım quşları anlayışla qarşılasınlar. Mən heç psixoloqla psixiatrın arasındakı fərqin nədən ibarət olduğunu bilmirəm. Psixiatrla psixoloqun fərqini bir neçə dəfə özüm üçün dəqiqləşdirmişəm. Çox müddət keçməmiş psixiatrla psixoloqun arasındakı fərqin nədən ibarət olması yenə də yadımdan çıxıb. Gördüm psixiatrla psixoloqun arasındakı fərqin nədən ibarət olması yaddaşımda qalmır, söhbətin başını buraxdım. Əgər bir söhbət heç cür yadımda qalmırsa, boş yerə niyə özümə əziyyət verməliyəm? İşimi asanlaşdırmaq, özümü sığortalamaq, savadsızlığımı ört-basdır etmək üçün qeyri-rəsmi atmosferdə həm psixiatrı, həm də psixoloqu baş işinə baxan adam, baş ustası, ən yaxşı halda baş doktoru adlandırıram. Necə ki, Azərbaycanın bəzi bölgələrində baytar həkimi adamlar zarafatla “eşşək doxduru” adlandırırlar.

Bilirəm ki, bu yazını oxuyan insanlar istisnasız olaraq uşaqlıqda döyülüblər. Gəlib deməyin ki, qızını döyməyən dizini döyər, nə bilim, müsəlmanı qılıncla itaət etdirərlər, övladda nəvə, dövlətdə dəvə, uşağı döymək onun tərbiyəsi üçün vacibdir-filan. Boş-boş söhbətlərdir.

İndi biz döyülmüşük deyə, gərək başqalarını da döyək? Onlara da əzab verək? Nə üçün? Hansı səbəbə görə? İnsanı döyməklə onu sadəcə qorxutmaq olur. Başqa heç nə olmur. İnsanı döyməklə, eşşəyi döymək arasında heç bir fərq yoxdur. Necə ki, eşşək yeriməyib tərsliyi tutanda onu döyürlər, axırda yeriyir. Amma sabah yenə yeriməyə bilər. Heç kim qarantiya vermir ki, eşşəyi döyəndən sona o heç vaxt yolda birdən-birə kefi istədiyi üçün dayanmayacaq. Eyni zamanda, bunu insan döyməyə də aid edə bilərik. Kimisə yalan danışdığı üçün döyəndə, heç vaxt qarantiya vermək olmaz ki, o birdə yalan danışmayacaq.

Sivil cəmiyyətlərdə, özünə hörmət edən toplumlarda insanlar sözün gücünü, sözün qüdrətini anlayıblar. Başa düşüblər ki, insan eşşək deyil. İnsanı insan edən şey sözdür. Sözlə başa salmaq, sözlə başa düşmək, sözlə izah etmək, sözlə özünü ifadə etmək. Normal insanlar belə davranırlar.

Şagirdin cəzalandırılması tənbeh etmək, danlamaq, töhmət vermək, bir sinifdən başqa sinfə yerini dəyişməkdir. Müəllimin bundan başqa heç bir haqqı yoxdur.

Amma şagirdə fiziki güc tətbiq etmək, vurmaq, döymək qətiyyən qadağandır. Müəllimə şagirdə bir çırtma da vura bilməz. Hətta ibtidai siniflərdə uşaqların tənbeh məqsədilə küncdə saxlanması da fiziki bir hərəkətdir və onun da şagirdlərə tətbiq edilməsi məqsədəuyğun sayılmır.

Bunları bilmək hər bir müəllimin borcudur. Peşənizi vicdanla və humanist şəkildə görün.

# 2353 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #