Ürək tutmasından ölən aktyorumuz – Maraqlı faktlar

Ramiz Sərkərov, aktyor

Ramiz Sərkərov, aktyor

3 iyul 2022
# 18:00

Bu gün Gənc Tamaşaçılar Teatrının aktyoru Ramiz Sərkərovun doğum günüdür. Kulis.az bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edir.


Ramiz Beqay oğlu Sərkərov 1959-cu il, 3 iyulda Qax rayonunda anadan olub. 1980-cı ildən ömrünün sonun qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.

***

Ramizin atası Beqay Sərkərov uzun müddət hərbi komissar işləyib. O, həm də İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib. Kamal Əzizovun rəhbərliyi dövründə teatrda inzibatçı işləyib. Ramiz isə 80-ci illərdə teatrda səhnə maşinisti işinə düzəlib. Atası onun aktyor olmağını çox arzulayıb. O, teatrın direktoru ilə dost olmağına baxmayaraq, Kamal Əzizov Ramizi aktyor ştatına götürmür.

1980-ci ildə teatra texniki işçi kimi qəbul olunsa da, sonradan teatrın tələb olunan aktyoruna çevrilib bir-birindən maraqlı, koloritli rollar yaradıb. Ramiz Sərkərovun cəlbedici fakturası ona həm teatrda, həm də kinoda yaxşı rollar ifa etməsinə şərait yaradıb.

***

Teatrda “Qaraca qız”, “Bala başa bəla” tamaşalarında müxtəlif rollar ifa edib. “Apardı sellər Saranı”, “At ilinin birinci ayı”, “Bir anın həqiqəti”, “Cavid ömrü”, “Ərazi”, “Gəlinlər”, “Halal pullar”, “Məhəllə”, “Müəmmalı yubiley”, “Yol yoldaşları”, “Məşədi İbad-94” filmlərinə çəkilib.

Tamaşaçılar onu ən çox “Gəlinlər” televiziya filmindən tanıyırdılar. Filmdə aktrisa Elmira Şabanovanın yaratdığı ana obrazının ortancıl oğlunu ifa edən aktyor elə həmin obrazı ilə də insanların yadında qalıb.

***
2000-ci illərin əvvəllərində mobil operatorlardan birinin reklamına çəkilir. Reklam çarxından sonra bütün ölkədə “Vıdı-vıdı, dır-dır” adı ilə məşhurlaşır.

***

Tanınmış fotoqraf Şahin Sərkərovun qardaşıdır.

Ramiz Sərkərov iki dəfə ailə həyatı qurub. Birinci həyat yoldaşı erkən rəhmətə gedir. Bir neçə ildən sonra o, ikinci dəfə evlənir. Bu evlilikdən Ayşəms adlı bir qızı dünyaya gəlir. Lakin, qızı doğulandan qısa vaxt sonra Ramiz Sərkərov 2007-ci il aprelin 7-də 48 yaşında qəfildən ürəktutmasından dünyasını dəyişir.

***
Aktrisa Şəfəq Əliyeva müsahibələrinin birində deyir:

“Teatrda özünə çox dost qazanmışdı. Ən yaxın 5 dostu var idisə, onlardan biri də mən idim. Həm də biz Ramizlə demək olar ki, eyni ünvanda yaşayırdıq, ailəvi dost idik. Bizim evlərimizi balaca məsafə ayırırdı. Onun həyatı çox çətin olmuşdu. 48 yaşına kimi ürəyi dözübsə, bu, böyük işdir. Həyatda çox problemləri olub. Ölümündən 1 gün əvvəl onunla teatrdan çıxdıq. Dedi ki, Şəfəq, sən heç mənim yeni aldığım maşına minməmisən, qoy səni evə kimi aparım. Piyada gəzmək istədiyimi bildirərək, etiraz etdim. Çox xahiş edəndən sonra təkidi ilə maşına oturdum. Elə bil ürəyinə dammışdı ki, öləcək. Qoymadı ki, mən bir kəlmə danışım. Elə hey özü danışırdı. Sonda da dedi ki, sabah Ülviyyənin ad günüdür, mən onu efirdən təbrik edəcəyəm, sən baxarsan. O zaman o aktyor yoldaşı Salmanla televiziyada veriliş aparırdı. Səhəri gün televizoru yandırdım, gördüm ki, Salman təkdir, ürəyimə damdı ki, nəsə olub. Zəng vurub gördüm ki, Ramizin telefonunu kimsə götürdü. Dedilər ki, Ramiz ölüb, mən onun qardaşıyam. İnanın mən nə hala düşdüm. İndiyə kimi onun haqqında mənə nəsə bir şey danışanda göz yaşlarımı saxlaya bilmirəm”.

"Gəlinlər" televiziya tamaşasındakı tərəf müqabili, aktrisa Xuraman Əlizadə isə onu belə xatırlayır:
"1999-cu ildə Gənc Tamaşaçılar Teatrına gələndə 18 yaşım var idi. Məni teatra baş rejissorumuz, teatrımızın bədii rəhbəri Loğman Kərimov qəbul etdi. Kollektivdəki insanların arasında ən pozitivi Ramiz idi. Məni ilk dəfə görən kimi çox yaxşı təsir bağışladı. Hətta ürəkdən güləndə də əlini ürəyinin üstünə aparırdı. Hiss edirdim ki, ürəyi sancır. “Qaraca qız" tamaşasında onunla tərəf müqabili idik. Mən Yasəməni, o isə mənim ərimi oynayırdı. Məndən öncə bu rolu əməkdar artist Şəfəq Əliyeva oynayırdı. Elə oldu ki, məni bu tamaşaya "vod" etdilər. Şəfəq xanım, sözsüz ki, məndən arıq idi. Tamaşada Yasəmənin ölüm səhnəsi var, hansı ki, Oruc Yasəməni qucağında daşımalı idi. Ramiz bunu Şəfəq xanımla rahatlıqla edə bilirdi, gözəl də alınırdı. Ramiz biləndə ki, Yasəmən rolunu mən oynayacağam, Loğman müəllimdən mizanı dəyişməyi xahiş etdi. Üzümə də dedi ki, mən səni daşıya bilmərəm”.

***

2017-ci ilin aprelində aktyorun vəfatının 10-cu ildönümü münasibətilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ramiz Sərkərovun xatirə gecəsi keçirilib.

# 11875 dəfə oxunub

Oxşar xəbərlər

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

11:27 13 dekabr 2024
Aşpazı Vudi Alleni məhkəməyə verdi

Aşpazı Vudi Alleni məhkəməyə verdi

11:18 13 dekabr 2024
"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

11:01 13 dekabr 2024
#
#
# # #