Unutduğum arzum - Xanım Anela

Unutduğum arzum - Xanım Anela
29 yanvar 2024
# 17:22

Kulis.az Xanım Anelanın “Unutduğum arzum” adlı yeni yazısını təqdim edir.

– Böyüyəndə nə olassan?
– Televizordakı qız!

Hələ çox balaca ikən belə cavab vermişdim. Sonralar başa saldılar ki, “televizordakı qız” yox, “diktor”. Diktor olmaqçün jurnalistikanı bitirməli, bununçünsə çox çalışmalıydım. Mikrofonum o dövrün ən məşhur dezodorantlarından biri, “Kobra”nın qabı, müsahibim atam, məkan atamın qarnı. Hər axşam dırmaşıb onun qarnının üstündə oturub müsahibə alır, gülməli suallar fikirləşib-tapırdım. Bu sadəcə bir xəyal idi. Bəs ən böyük arzum? Ən böyük arzumsa Bakıda yaşamaq idi. Bəli, bizim Bakı. Hardan qaynaqlanırdı bu arzu? Bu haqda çox düşünmüşəm. Düşünürəm ki, balaca qardaşımın anama verdiyi suallardan sonra başlamışdı hər şey.


– Mən hardan gəlmişəm?
– Allah baba verib, mənim qarnımdan çıxmısan, – deyirdi anam.
– Bəs, Anar? – böyük qardaşım haqda sual verirdi Vüsal.
– O, papanın qarnından çıxıb, – niyəsə belə deyirdi anam.
– O böyükdü, papamın qarnı da böyükdü ona görə, hə?
– Hə, – gülərək işinə davam edərdi anam.
– Bəs bacım, bəs bacım?..
Anam üzümə baxıb gülümsəyərək “Onu Bakıdan almışıq” – deyərdi.

Bakı... Məni fərqli tuturdu anam. Tək qız idim deyəmi? Bilmirəm... Amma mən artıq məni alıb gətirdikləri Bakını görmək istəyirdim, böyüyəndə orda yaşamaq istəyirdim. Bir də, əcaib səslənə bilər, amma nədənsə Mübariz Tağıyev oxuyanda qaçıb televizorun qarşısında durub “O da Bakıdadı... Onun yanına gedəcəm, görəcəm onu” – deyirdim.

Bakıya ilk gəldiyimdə balaca, məktəbli qız idim. Üç gün qaldıq, sonra valideynlərimlə iki həftəlik səyahət başladı. Qardaşlarım kənddə qalmışdılar. Mən isə valideynlərimlə gəmiyə minib Türkmənistana getdim, oradan avtobusla Qazaxıstana, buradan isə qatarla Aktau, Atırau, Saratov, Moskva, Kiev, Kalininqrad... Hər şəhərdə iki gün, Kievdə bir gün və Kalininqradda bütün yay tətilini keçirdim.

O illər hər yer gözəl idi, xüsusilə Kalininqrad. 1946-cı ilədək adı Köniqsberq olub, yəni keçmiş alman şəhəri. İkinci Dünya müharibəsi əsnasında yaranmış, Baltik dənizinin limanında yerləşən, İmmanuel Kantın vətəni olan bu şəhər Rusiyanın ən əsas bölgələrindən biridir. Bura gözəl idi... amma mən Bakını istəyirdim...

Bir neçə il sonra həmişəlik Kalininqrada köçdük, çünki mənim babam orada yaşayırdı. Beləliklə, mən 24 yaşımadək Azərbaycan üzünə həsrət qaldım...

Hər şey dəyişmişdi... mən də... Hüquqşünas olaraq qayıtmışdım Azərbaycana, sonra ailə həyatı və yenidən Rusiya. 2011-ci ildə biryolluq Azərbaycana qayıtdıq və deyəsən bu sonuncuydu. Artıq iki övlad anası idim. Bütün diqqətimi övladlarıma vermiş, asudə vaxtlarımdasa yazmağa başlamışdım. Çox şəhərlər görmüşdüm o zamanadək, lakin nəsə çatmırdı, yerimdə deyildim...

Xeyli zaman keçmiş, artıq kitablarım çap olunmuşdu. Bu aralar nəşriyyatda işləyirdim, ara-sıra da diksiyam yaxşı olduğu üçün fərqli layihələrdə səsləndirmələr edirdim. Bu müddət ərzində çox itkilər vermiş, çox hadisələrdən keçmişdim. Bunlar azmış kimi koronavirus və İkinci Qarabağ müharibəsi...

Artıq əvvəlki kimi gülmür və özümü dünyanın ən yorğun insanı hiss edirdim. Bu yorğun günlərdən birində axşam vaxtı avtobusla evə qayıdırdım. Evdən zəng vurub Heydər Əliyev Mərkəzinə gəlməyimi istədilər. Bura hazırda yaşadığım evin yanı idi. Konsert proqramı var, yorğun olsam da, uşaqların xətrinə getməli oldum. Qızım izdihamı sevmədiyindən camaatdan xeyli aralıda yerdən oturub seyr etməyi başladı. Onlara yaxınlaşıb elə təzəcə oturmuşdum ki, səhnəyə Mübariz Tağıyevi dəvət etdilər. “Qalx, ulu torpaq!”... Üzümdə qəribə bir təbəssüm yarandı, illər əvvəlki arzumu xatırladım... Bakıda yaşayırdım, diktor olmasam da, yazıçı idim və Mübariz Tağıyev tam qarşımda, səhnədə oxuyurdu...

# 2602 dəfə oxunub

Oxşar xəbərlər

“Üzeyir Hacıbəyli mükafatı”nın təqdimatı oldu

“Üzeyir Hacıbəyli mükafatı”nın təqdimatı oldu

17:39 22 yanvar 2026
Prezidentin adından yayılan saxta məlumatla bağlı “Meta”ya çağırış

Prezidentin adından yayılan saxta məlumatla bağlı “Meta”ya çağırış

17:24 22 yanvar 2026
Şərif Ağayar: "Rəşid Behbudovun ailəsindən və onu sevənlərdən üzr istəyirəm"

Şərif Ağayar: "Rəşid Behbudovun ailəsindən və onu sevənlərdən üzr istəyirəm"

16:25 22 yanvar 2026
Rüşvət ittihamından sonra siyasi karyerası sona çatan filosof - O, Şekspirin əsərlərinin əsl müəllifidir?

Rüşvət ittihamından sonra siyasi karyerası sona çatan filosof - O, Şekspirin əsərlərinin əsl müəllifidir?

16:00 22 yanvar 2026
Opera müğənnisi faciəvi şəkildə vəfat etdi

Opera müğənnisi faciəvi şəkildə vəfat etdi

16:00 22 yanvar 2026
"Türklərin azadlığı uğrunda vuruşaram..." - Ərəb dilini öyrənən, İslamla tanış olan dahi

"Türklərin azadlığı uğrunda vuruşaram..." - Ərəb dilini öyrənən, İslamla tanış olan dahi

15:54 22 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər