Tokay Məmmədov - 96

Tokay Məmmədov - 96
18 iyul 2023
# 10:23

Bu gün Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı professor Tokay Məmmədovun anadan olmasından 96 il ötür.

Tokay Məmmədovun müəllifi olduğu əsərlər Azərbaycan heykəltəraşlıq sənətinin çox uğurlu nümunələridir. O, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Üzeyir Hacıbəyli və başqa tarixi şəxsiyyətlərin heykəllərinin müəllifidir. Bakıda və Rusiyada təhsil alıb, böyük müəllimlərdən sənətin sirlərini öyrənən sənətkar özü də uzun illər Azərbaycanda heykəltəraşlıq məktəbinin inkişafına töhfələr verib, pedaqoji fəaliyyət göstərib, bu sənətdə bir neçə sənətkar nəslinin yetişməsində yaxından iştirak edib.

1927-ci il iyulun 18-də Bakıda dünyaya gələn T.Məmmədov Azərbaycanın ilk qadın heykəltəraşı Zivər Məmmədovanın ailəsində boya-başa çatıb. O, Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirdikdən sonra Leninqrada (indiki Sankt-Peterburq) gedərək İ.Repin adına Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinə qəbul olub. Ali təhsilini başa vuran T.Məmmədov Leninqradda heykəltəraş kimi fəaliyyət göstərib və orada Rəssamlar İttifaqına üzv seçilib. Bakıya qayıtdıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deyib.

Tokay Məmmədov bir çox şairlərin, alimlərin, sadə əmək adamlarının, dövlət xadimlərinin və öz sənət dostlarının büst portretlərini ustalıqla yaradıb. 1953-cü ildə ilk dəfə ağacdan dahi Nizami Gəncəvinin təsvirini yonub. Azərbaycan heykəltəraşlığında ağac materialdan ilk dəfə T.Məmmədov istifadə edib. Onun yaratdığı ağac portretlərdə yüksək psixoloji keyfiyyətləri göstərə bilməsi diqqəti cəlb edir. Bu qəbildən onun “Səməd Vurğun”, “Xalq rəssamı Qəzənfər Xalıqov”, “Nəriman Nərimanov”, uzunömürlü azərbaycanlı “Şirəli Müslümov” və başqa əsərlərini qeyd etmək olar.

Heykəltəraş T.Məmmədovun yaratdığı portretlər qalereyasında, həmçinin mərmər, tunc, gips materiallardan hazırlanmış əsərlər var ki, sənətkar onlarda xarici görünüşlə daxili psixoloji keyfiyyətləri vəhdətdə verməyə nail olub. Bu baxımdan “Üzeyir Hacıbəyli”, “Rüstəm Mustafayev”, “Vəcihə Səmədova”, “Süleyman Rəhimov”, “F.Şopen”, “V.A.Motsart” və “Koroğlu” büst portretlərini qeyd etmək olar.

Heykəltəraşın yaradıcılığı monumental əsərlərlə zəngindir. Tokay Məmmədov heykəltəraşlığın qabartma sahəsində də yaddaqalan nümunələr yaradıb. Bunlardan ən dəyərlisi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin portretidir. Mərmərdən yaradılan bu əsərdə qəhrəman bir əlində qumbara tutmuş vəziyyətdə təsvir edilib. Heykəltəraşın gənclik illərində yaratdığı bu əsər beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilərək yüksək qiymətə layiq görülüb.

T.Məmmədov bir neçə qəbirüstü abidənin də müəllifidir. Şuşa şəhərində musiqiçi alim, xəttat və rəssam Mirmöhsün Nəvvabın, Azərbaycan vokal məktəbinin banisi Bülbülün qəbirüstü abidələrini T.Məmmədov yaradıb.

Tokay Məmmədovun yaradıcılığı hər zaman diqqət mərkəzində olub və daim yüksək qiymətləndirilib. O, bir çox ölkələrin mükafatları ilə təltif edilib. Müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şərəf” və “Şöhrət” ordenlərinə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Qeyd edək ki, Tokay Məmmədov 2018-ci il mayın 2-də vəfat edib və ikinci Fəxri xiyabanda dəfn olunub.

# 4710 dəfə oxunub

Oxşar xəbərlər

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər