Təşəkkür mədəniyyəti

Təşəkkür mədəniyyəti
23 may 2023
# 14:00

Kulis.az Ümid Nəccarinin “Təşəkkür mədəniyyəti” yazısını təqdim edir.

Təşəkkür etmək həyata rəng qatan, pozitiv əhval-ruhiyyəli bir mədəniyyət göstəricisidir. Belə ki, təşəkkür sözü şükür etmək, məmnunluğu ifadə etməkdir.

Afinada olduğumda metroya düşdüm, qatarla şəhərin içinə gedirdim. Bir stansiya sonra üç nəfərlik ailə – ər-arvad və kiçik oğulları – qatara daxil oldular.

Oturacaqlarda boş yer yox idi. Qadının hamilə olduğunu gördüm, tez qalxıb yerimi verdim. Əlimi tutdu, yunan dilində nələrsə dedi. Yunan dilində danışdığını görüb, tez dedim, mən yunanıstanlı deyiləm, qonağam, ingilis dilini bilirəm. Qayıtdı, dəfələrlə üzr istədi və dedi, mən bunun fərqində olmamışam üzrlü hesab edin. Sonra çoxlu təşəkkür etdi.

Qadın boş olan yerdə oturandan sonra yoldaşı təşəkkür etdi, sonra 6-7 yaşlı oğluna dedi ki, bəyə təşəkkür elə. Uşaq da yunan dilində təşəkkür etdi.

Orada olduğum bir həftə ərzində mən onların dərindən təşəkkür etmək mədəniyyətlərini anladım, təşəkkür etməklə onlar ehtiram və izzəti artırmış olurlar və ünsiyyəti daha da səmimi formaya çevirirlər.

Tarixi Akropolis kompleksi ətrafında küçədə canlı musiqilər və rəqslər ifa olunurdu. O musiqini eşidən insanlar kiməsə yaxınlaşıb onunla rəqs etməyi təklif edirdi. Rəqs təklifini qəbul edib, rəqs edəndən sonra hər iki insan rəqs üçün partnyoruna çoxlu təşəkkür edirdi.

Açığı, bu məmnuniyyəti gördükcə həm özümü xoşbəxt hiss edirdim, həm də haradasa içimdə qısqanclıq hissi yaşayırdım, deyirdim, nə olar bu səhnələrlə hər gün rastlaşam. Qayıdıb daha bu aqressiyaları görməyəm, bu paxıllıq, bu kin, bu mürəkkəb cəmiyyəti daha görməyəm. Daha uğura sevinməyən, süni səmimiyyəti, yaltaq insanları görməyəm.

Bir neçə gün öncə işə getmək üçün metroya düşdüm, qatar bir neçə stansiya getmişdi, qatarın qapısı “Elmlər akademiyası”nda açılanda, 35-40 yaşlı xanım gözü oturacaqları axtara-axtara boş yerləri araşdırırdı. Boş yerlərin olmadığını görəndən sonra başlayıb oturan kişiləri yoxladı, məni görüb tez gəlib başımın üstünü kəsdi. Bu hərəkətini hiss edib, tez durub yerimi ona verdim, əsəb və hirslə elə oturdu ki, sanki bunun dədəsinə borcuma varmış. Nə təşəkkür, nə bir şey. Çantam əlimdə, ayaqüstə qaldım.

Bu yaşdan sonra bu adama necə təşəkkür etməyi öyrədəsən? Bəlkə də, buna birisi deməyib, adama birisi hörmət edəndə, yaxşılıq edəndə, dönüb təşəkkür etməlisən, kimsə kimsəyə borclu deyil.

Bəlkə də, birisi bu adama deməyib ki, sosial bir məkanda özünü sosial varlıq kimi aparmalısan, mədəniyyət, sivilizasiya, etika deyilən bir şeylər vay bu həyatda.

Səhər-səhər qadın elə aqressiyasını, mənfi enerjisini ötürdü ki, işdə də kefim olmadı, beləliklə, günüm bir cahil insanın ucbatından yaxşı keçmədi. Dərd təkcə bu xanım deyil, dəfələrlə belə səhnələrin şahidi olmuşam. Ağzımı doldurmuşam deyəm ki, “mən sizə təşəkkür edirəm, üzrlü hesab edin ki, sizə yaxşılıq etdim!”. Sonra fikirləşmişəm ki, onsuz da bunlar düzələn deyil, gündə belələri haqqında palaz-palaz köşələr yazılır, psixoloqlar danışır, müəllimlər maarifləndirir, sanki divara danışırsan. Əlinə telefonu alıb, mədəniyyətə qulaqlarını bağlayırlar, TV-də boş-boş verilişləri izləyib, mədəniyyətin nə olduğundan xəbərsiz qalmaq istəyirlər. Bu növdə insanlar cəmiyyətimizin zəliləridir, sağlam bir mühitin qanını sümürürlər, şəhər mədəniyyətini, sosial həyat tərzini mənimsəyə bilməyirlər.

Əlqərəz, ətrafınızda olan bütün gözəl insanlara, yaxşı hadisələrə, hətta dili olmayan dibçəyinizdəki güllərə, təmiz havaya təşəkkür edin. Təşəkkür edin ki, sizin varlığınıza təşəkkür etsinlər!

# 3791 dəfə oxunub

Oxşar xəbərlər

“Maqadan: Sonuncu dayanacaq”  kitabı təqdim olundu

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olundu

18:20 11 iyun 2026
"O, "öldürəcəyəm" deyərək zombi kimi üstümə gəlirdi" - Bir cinayətin pərdəarxası

"O, "öldürəcəyəm" deyərək zombi kimi üstümə gəlirdi" - Bir cinayətin pərdəarxası

17:30 11 iyun 2026
Rəşad Məcid: "Sosial şəbəkələrin nümayəndəliklərinin açılması vacibdir"

Rəşad Məcid: "Sosial şəbəkələrin nümayəndəliklərinin açılması vacibdir"

16:46 11 iyun 2026
Yaponiyada Trampa qarşı etiraz: "Məşhur anime personajlarından siyasi məqsədlərlə istifadə edir"

Yaponiyada Trampa qarşı etiraz: "Məşhur anime personajlarından siyasi məqsədlərlə istifadə edir"

15:00 11 iyun 2026
"Kaş ki, min sətirin üstündən xətt çəksəydi" - Ben Consonun  Şekspirlə münasibəti necə idi?

"Kaş ki, min sətirin üstündən xətt çəksəydi" - Ben Consonun Şekspirlə münasibəti necə idi?

13:30 11 iyun 2026
Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlandı

Lətif Kərimovun irsinə həsr olunan innovativ təqdimat hazırlandı

12:27 11 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər