Televiziyamızdan növbəti rəzillik

Televiziyamızdan növbəti rəzillik
20 iyun 2023
# 16:47

Kulis.az Nihat Pirin “Utanmaq barədə didaktika dərsləri” adlı yeni yazısını təqdim edir.

“Başqasının yerinə utanmaq” deyə bir ifadə var. Çox amansız hissdir. Dünən günorta saatlarında bu hissi yaşadım və günboyu yaxamdan əl çəkmədi, axırı feysbukda ürəyimi boşaltdım.

Gördüm ki, yox, yenə də ürəyim sakitləşmir. Nəticədə, bu yazı yazıldı.

Bəri başdan yenə də qeyd edim ki, mən televizora baxmıram. Bunu özümü intellektual göstərmək üçün demirəm, sadəcə evdə televizorum yoxdur.

Bu qeydi əvvəldə vermək səbəbim də ondan yanadır ki, gözəlim feysbuk istifadəçiləri elə zənn edirlər, biri televiziyadakı hər hansısa verilişi, şəxsi, hadisəni qınayırsa, demək, o verilişin fanatıdır. Ona baxır.

Başa salmaq olmur ki, sosial şəbəkə vasitəsilə hər şeydən hali olmağımız mümkündür.

Məsələn, dünən təsadüfən “Space” telekanalında “Meyxəbər” adlı verilişin olmasından hali oldum. Aparıcıları da kim olsa, yaxşıdır: bir deyil, iki deyil, üç deyil, düz dörd nəfər meyxanaçı - Oqtay Kamil, Rüfət Nasosnu, Mehman Əhmədli və Vüqar.

Sözügedən proqramın formatı bir layihə kimi dünya televiziyalarında yetəri qədər istifadə olunub. İndi onu “Space” televiziyasının bəh-bəhlə gətirilən və təqdim edilən rəhbərliyi niyə meyxanaçıların dili ilə vermək qərarına gəlib, anlamıram.

Əgər məsələ meyxananın ucundan yapışaraq “palatka” toylarındakı anşlaqlı reallıqdan yararlanıb reytinq qazanmaqdırsa, bu dörd meyxanaçının heç biri “palatka” dolduracaq və kanala reytinq gətirəcək meyxanaçılar deyil.

Ümumiyyətlə, adları çəkilən şəxsləri heç kəs meyxanaçı kimi tanımır və qəbul etmir. Bu, reallıqdır. Bunu həmin meyxanaçıların özləri də bilir. Qəbul etməsələr belə...

Adam meyxanaçı ola bilməyibsə, gedib başqa bir işin qulpundan yapışa bilər. Normaldır. Məsələn, taksi sürücüsü ola bilər, yaxud mağazada satıcı. Yoxsa ki, gəlib aparıcı olmaz. Aparıcılıq eləməz. Millətin zövqü ilə, yerində olmayan əsəb sistemi ilə oynamaz.

Tutaq ki, bizim bu dörd meyxanaçımız efir anlayışını, efir mədəniyyətini başa düşmür, bu anlayışlardan bixəbərdir. Onlara elə gəlir ki, elə belə də olmalıdır.

Onların duzsuz, şit, birmənalı olaraq, bambılı zarafatları tamaşaçı üçün maraqlıdır.

Bəs telekanalın efir məsuliyyətinə cavabdeh adamlar?

Rəhbərlik?

Rejissor?

Operator?

Layihə rəhbəri?

Heç ayıbınıza gəlmir? Bu adamları aparıcı adı ilə efirə buraxmaq sizi incitmir? Bu qədər sərsəm söz-söhbətin olduğu bir verilişi öz efirinizdə yayımlamaq, bəh-bəhlə tirajlamaq sizi ağrıtmır?

Hələ bir müddət öncə “Space” Televiziyası reytinqlərini geri qaytarmaları barədə mesaj vermişdi. Budur reytinq?

Oqtay Kamil A4 kağızındakı yazını əziyyət çəkə-çəkə oxuyur:

“Salyanda qəbiristanlıqda qəbirləri qazıb meyitlərin qızıl dişlərini oğurlayan adam tutulub”.

Meyxanaçıların dördü də eyni anda təəssüf hissi keçirir və Mehman Əhmədli əlavə edir:

“hərəkətə bax da... Məncə, o insan meyitin dişini ona görə oğurlayıb ki, ölən adam bu adama sağlığında dişinin dibindən çıxanı deyib. Bu da sağ vaxtı ona heç nə deyə bilməyib, “moment” gözləyib, öləndən sonra gedib belə hərəkət edib. Ayıb olsun ona!”

Vüqar söhbətə qoşulur:

“ya da qəbiri qazan adama dirəşiblər ki, ə, kişi deyilsən? Get yerin dibindən də olsa, tap gətir (Borcu nəzərdə tutur). Onun da ağlına batıb”.

Oqtay Kamil də qayıdır ki, fikirləşib ki, meyitə qızıl-zad nə lazımdır? Vallah, adamı tutmasalar, sən də edərsən. (Mehmana deyir)

Mehman etiraz edir:

“Allah kömək olsun, a kişi, camaatın dişini neynirsən axı?”.

Oqtay cavab verir:

“dişi deyil e, erkəkdir”.

Amansız müzakirəni Rüfət Nasosnu tamamlayır:

“İşə bax da... Türmədə söhbət gedir. Ay qardaş, sən niyə düşmüsən içəri? Mən 30 ev aparmışam. Bəs sən? Mən Şadlıq evini yarmışam. Bəs sən? Diş oğurlamışam. Vay, vay, vay. Mənə əsas bunun fantaziyası maraqlıdır. Get betonu qaz, o meyitin dişi ola-olmaya, qızıl ola-olmaya...”

Mehman ustadyanə müdaxilə edir:

“torpağın altında ilan ola-olmaya, o səni dişləyə-dişləməyə...”.

Mən yazının müəllifi olaraq, bir daha oxucumdan bu ssenari üçün üzr istəyirəm. Çünki bu ssenari məni utandırır. Xəcalətimdən ölüb yerə girirəm.

Amma bu ssenarini yazan adamlar utanmır.

Bu ssenarini oxuyub layihə kimi təsdiq edən adamlar utanmır.

Bu verilişdə əməyi keçən heç kəs utanmır.

Barı biz utanaq. Bu veriliş adına, bu aparıcılar və bu ssenari adına.

# 5009 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
#
#
# # #