Şuşada Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbir keçirildi

Şuşada Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbir keçirildi
10 sentyabr 2022
# 10:00

Sentyabrın 9-da Şuşa şəhərində Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə XIX əsr Azərbaycan söz-sənət irsində məxsusi yeri olmuş “Məclisi-üns” ədəbi məclisinin bərpa edildiyini bildirən ilk toplantısı keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, “Şuşa İli” çərçivəsində və görkəmli şairə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə gerçəkləşən toplantıda mədəniyyət naziri Anar Kərimov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar, Azərbaycan və digər türkdilli ölkələrin elm, ədəbiyyat xadimləri, digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları öncə Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilən sərgi ilə tanış olublar.

Vaxtilə Şuşada Xan qızı Xurşidbanu Natəvanın himayəsində fəaliyyət göstərmiş, bölgənin tanınmış şairlərinin və musiqiçilərinin qatıldığı, dövrün ədəbi mühitinin formalaşmasında xüsusi rolu olan "Məclisi-üns"ün fəaliyyətinin bərpasından sonra ilk toplantısı Xan qızının evinin qarşısında təşkil edilib.

Toplantıda çıxış edən mədəniyyət naziri Anar Kərimov işğaldan azad olunmuş ərazilərimizdə ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, bütün sahələr üzrə genişmiqyaslı quruculuq işləri həyata keçirildiyini deyib. Bildirib ki, eyni zamanda mədəni infrastrukturun bərpası və tarixi yurd yerlərimizə mədəniyyətimizin qaytarılması istiqamətində layihələrin reallaşdırılması Mədəniyyət Nazirliyinin fəaliyyətində prioritet məsələlərdən biri kimi müəyyənləşdirilib.

"Məclisi-üns"ün bərpasının önəmini vurğulayan nazir qeyd edib ki, 1864-cü ildə Şuşada şeir-sənət xadimlərinin iştirakı ilə yaradılan bu ədəbi məclis 1872-ci ildən Azərbaycan poeziyasının görkəmli siması Xurşidbanu Natəvanın himayəsində fəaliyyətini daha da genişləndirib. Bölgənin tanınmış şairlərinin və musiqiçilərinin qatıldığı "Məclisi-üns" o dövrdə Qarabağda və ümumilikdə Azərbaycanda ədəbi mühitinin formalaşması və ədəbi nəsillərin yetişməsində mühüm rol oynayıb. Məclisə qatılan gənc şairlər ədəbi müzakirələrdə iştirak edib və ustadlardan şeir sənətinin incəliklərini öyrəniblər.

Nazir diqqətə çatdırıb ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağ ədəbi məclislərinin bu ənənəsini yaşatmaq və təbliğ etmək üçün “Məclisi-üns” Ədəbi Məclisi İctimai Birliyinin yaradılması qərara alınıb. Birliyin fəaliyyətinin əsas məqsədləri Qarabağın ədəbi və mədəni irsini araşdırmaq, Azərbaycanda və onun hüdudlarından kənarda təbliğatını həyata keçirmək, müasir ədəbi proseslərin və yaradıcı şəxslərin inkişafını dəstəkləmək, Azərbaycanının mədəni irsinin mühafizəsinə, inkişafına və təşviqinə dair tədbirlər təşkil etməkdir. “İnanırıq ki, ölkə Prezidentinin müvafiq sərəncamlarının icrası ilə əlaqədar ədəbi-mədəni ənənələr üzərində yaradılan “Məclisi-üns” Ədəbi Məclisi İctimai Birliyi öz fəaliyyəti ilə Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin azad Qarabağa qaytarılması və ədəbi nəsillərin yetişməsi işinə töhfə olacaq", – deyə Anar Kərimov bildirib.

Daha sonra Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, AYB-nin sədri, Xalq yazıçısı Anar, AMEA-nın Nizami Gəncəvi adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov, şair, tərcüməçi Səlim Babullaoğlu çıxış edərək tədbir haqqında fikirlərini bölüşüblər.

Məclisin “poeziya saatı”nda Azərbaycan və digər türkdilli ölkələrdən yazarlar ud və qanun ifaçılarının müşayiəti ilə Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan şeirlər söyləyiblər.

"Məclisi-üns" toplantısı bədii hissə ilə davam edib.

***

16:56

Şuşada Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş musiqili tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimovla yanaşı, tanınmış mədəniyyət, incəsənət xadimləri, gənc yazıçı və şairlər, eləcə də Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan qonaqlar iştirak edib.

Mədəniyyət naziri çıxışında "Şuşa ili" çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb, Xurşidbanu Natəvanın Azərbaycan ədəbiyyatındakı yeri və mövqeyindən söz açıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Xurşidbanu Natəvanın yaradıcı fəaliyyətini yüksək qiymətləndirib.

Çıxışlar bitdikdən sonra tədbir bədii hissə ilə davam edib.

# 1267 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
#
#
# # #