"Sizi o işə mən düzəltməmişəm..." - Kassirlər günümüzü necə zay edir?

"Sizi o işə mən düzəltməmişəm..." - Kassirlər günümüzü necə zay edir?
30 avqust 2024
# 17:00

Kulis.az Həmid Piriyevin "Aqressiv pulsayanlar" köşəsini təqdim edir.

Yolumun üstündə bir market var (şəbəkə marketlərdən biridir). Hər gün səhər işə gələndə o marketdən bazarlıq edirdim (bazarlıq deyəndə, yəni su, siqaret kimi bəzi şeylər).

Ordakı kassir qızların üzündən zəhirmar yağırdı. Əvvəl-əvvəl fikir vermirdim, sonra gördüm ki, bu, nədirsə, xroniki şeydir. Hər gün, hər gün eyni şey.

Hesab edin, səhər təzə açılıb, xoş əhvalla yola çıxırsınız (sizi bilmirəm, mən həmişə çalışıram əhvalım yaxşı olsun, bu gündəlik işimə də yaxşı təsir edir, ətrafımdakı adamlara da), lazım olanları yığıb kassaya yaxınlaşırsınız və kassir qızın turşumuş sifətiylə qarşılaşırsınız. Bütün gününüz zay olur, yaxşı əhvalınız da bədəninizi tərk edib, gedir işinin dalınca.

Hələ kassirlərin "paket"i üstünə atmağını demirəm. Hərdən istəyirdim, kassirlərdən soruşum ki, mənim sizə nə qədər borcum var? Çünki bu münasibət səbəbsiz olmamalıdır, ola bilməz. Amma sonra fikir verdim ki, tək mənə yox, hamıya qarşı belədilər.

Daha o marketə getmirəm. Yolumu uzadıb paralel küçənin o biri başındakı marketə gedirəm. Ordakı qızlar da, təxminən, eyni münasibət göstərir alıcıya, amma bir oğlan kassir var. Gülümsəyir, şirin dillə danışır. Mən onun kassasına yaxınlaşıram.

Yəni, hələlik o marketlə yola gedirik. Harda qırıldı, qırıldı.

Əslində, o qızları başa düşürəm. Yəqin, kassir işi heç birinin uşaqlıq arzusu ilə üst-üstə düşmür. Axı heç kim qırçı olmaq istəmir. Maaş azdı, bunu da bilirəm. Gündə hər xasiyyətdə adamla ünsiyyət qurmalı olurlar. Müştərilərin hərəsi bir cürdü də. Bunu da çox yaxşı başa düşürəm. Üstəlik, hay olmamış administrator da acılayır işçiləri.

Bu şəraitdə işləmək, doğrudan, çətindir.

Amma və lakin!

Bunların səbəbkarı mən deyiləm.

Mənə (öz timsalımda bütün müştəriləri nəzərdə tuturam) belə münasibət göstərməyin. Nə üçün sürücüyə, kassirə, maşinistə və ya dəxlisiz adamlara görə mənim kefim pozulmalıdı? (Əslində, ictimai nəqliyyatdan istifadə etməməyə çalışmağımın bir səbəbi də budur – istər sürücülərin, istərsə də digər sərnişinlərin kobud münasibəti.)
İnanın ki, sizin acı rəftarınız qarşınızdakı adamın əhvalına birbaşa təsir edir. Siz mənim kefimi korlayırsınız, mənim iş yararlılığım aşağı düşür, mən də ətrafımdakıları acılayıram... Və bu, beləcə, zəncirvari davam edir.

Hamının problemi var. İndi hamımız duraq bir-birini acılayaq?

Nə üçün, əsasən, kassirləri deyirəm? Çünki hamımız hər gün, ən azı, bir dəfə marketə giririk.

Bəlkə də, fikirləşirlər ki, hər gün əlimdən bu qədər pul keçir, ancaq ayın axırı qəpik-quruş alıram...

Yenə də deyirəm. Sizi o işə mən düzəltməmişəm, heç məcbur da etmirəm kassir işləyəsiniz. Alternativiniz varsa, işləməyin. Alternativiniz yoxdursa, heç olmasa, bir az mehriban olmağa çalışın.

Çox yox, bir az. Mənə bu da bəs edər...

# 2464 dəfə oxunub

Oxşar xəbərlər

“15 Sentyabr – Bilik Günü”  adlı sərgi istifadəçilərə təqdim olundu

“15 Sentyabr – Bilik Günü” adlı sərgi istifadəçilərə təqdim olundu

18:26 15 sentyabr 2026
“Emmi” mükafatı rekordlarla yadda qaldı

“Emmi” mükafatı rekordlarla yadda qaldı

17:30 15 sentyabr 2026
Van Qoqun 88 əsəri sərgiləndi

Van Qoqun 88 əsəri sərgiləndi

17:00 15 sentyabr 2026
Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT

16:54 15 sentyabr 2026
Prezident İlham Əliyev: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib"

Prezident İlham Əliyev: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib"

16:36 15 sentyabr 2026
“Füyuzat” dərgisinin 150-ci sayı işıq üzü gördü

“Füyuzat” dərgisinin 150-ci sayı işıq üzü gördü

16:30 15 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər