Siz məgər əxlaqsızsınız?

Siz məgər əxlaqsızsınız?
4 avqust 2022
# 17:00

Kulis.az Mehdi Dostəlizadənin "Uzun tuman və ya qısa şalvar" adlı yazısını təqdim edir.

Ədəb bazarda satılmaz...

Atalar sözü

Yaşadığım yer köhnə Bakı adət-ənənələrinə sadiq olduğu üçün, orda insanlar əsasən nimdaş, solğun paltarlar geyinirlər. Onlar alış-verişə gedəndə elə paltar seçirlər ki, camaat arasında gözdən itsinlər, görünməsinlər. Bu gözdən itmək məsələsi azərbaycanlıların həyat devizidir – “Nə edirsən et, çalış gözə girmə”. Əsgərliyə gedən adamlara da tövsiyə edirlər ki, nə birinci ol, nə də axırıncı, ortalıqda fırlan.

Mənim görkəmim isə yaşadığım yerə uyğun deyil. Hər dəfə evdən çıxanda bütün diqqətlər üzərimə cəmlənir. Başımdakı bandananı, narıncı köynəyimi görən adamlar məni belədən eləyə, elədən beləyə süzür, nırçıldayır, baş bulayırlar. Hələ gör şortik geyinsəm nə edərlər.

Bu yaxınlarda yaxın dostlardan biri mənə dedi ki, taxdığım sırğa marjinallığımın ifadəsidir. Yəni məni görən adam artıq görkəmimdən hansı məzhəbə qulluq etdiyimi başa düşərək ona uyğun davranış sərgiləyir. Düzü, hər kəsin imkanı istədiyi paltarı seçməyə çatmır, amma hər halda, geyinilən paltar qarşındakı insanın şüurunu, düşüncə tərzini ifadə edir. Bu o demək deyil ki, mən kiminsə paltarına qarışıram. Bu o deməkdir ki, sadəcə olaraq insanlar geyindiklərindən ibarətdirlər.

Meyvəli bazarına şortiklə daxil olmaq qadağan edilib. Bazarın direktoru Anar Novruzov deyib ki:

“Bəzən çimərlik paltarında bazara gəlirlər. Belə hal yolverilməzdir. Azərbaycanlıyıq, hamımızın anası-bacısı gəlir bazara. Kiminsə elə geyinməsi yaxşı hal deyil. Dənizdən alt paltarında çıxıb bura gələnlərin qarşısını almaq üçün bu bildirişi asmışıq. Elə də ciddi məsələ deyil”.

Bundan sonra mövzunu Anar Novruzovun səsləndirdiyi fikirlərdən çıxardığımız sitatlar üzərindən araşdıracağıq.

Yolverilməz hallar

Həqiqətən də, bəzi hallar yolverilməzdir. Amma bu yolverilməzlik hansı qanuna, qaydaya əsasən təyin edilir? Məsələn, qırmızı işıqda keçmək yolverilməzdir – yol hərəkəti qanununa görə. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir – Azərbaycan Respublikasının Konstitusiyasına görə.

Bəs şortik geyinmək hansı qanuna görə yolverilməzdir? İslam şəriətinə? Xeyr, islam şəriətində belə bir hökm yoxdur. Əxlaq normalarına görə? Xeyr, şortik geyinmək heç əxlaqsızlıq da deyil. Bəs axı nəyə görə? Nəyə görə şortik geyinmək olmaz? Anar Novruzovkimilər dəstəsinin bu sualı cavablandırmasını tələb edirəm.

Hamımızın anası-bacısı

Qadını ana, bacı, arvad sifətləri ilə görən Anar Novruzovun və onun timsalında bütün ana-bacı aşiqlərinin diqqətinə: əgər bir şey əxlaqsızlıqdırsa, niyə məhz ananız və bacınız üçün əxlaqsızlıqdır? Əgər şortik geyinmək əxlaqsızlıqdırsa, niyə məhz ananız və bacınız bu əxlaqsızlığa məruz qalır? Bizi şortikdə görmək niyə məhz onları narahat edir? Siz məgər əxlaqsızsınız?

Üstəlik, əgər şortik geyinmək əxlaqsızlıqdırsa, niyə məhz kişilər şortik geyinəndə əxlaqsızlıq hesab olunur? Qadınların şortiklə bazara gəlməsini niyə qadağan etmirsiniz?

Anar Novruzovdan xahiş edirəm ki, ideologiyalarındakı bu boşluğu aradan qaldırsın və bizə konkret olaraq cavab versin: şortik geyinmək əxlaqsızlıqdır, yoxsa yox?

Elə də ciddi olmayan məsələlər

Bəli, bizim iş-gücümüz şortiklə mübarizə aparmaqdır. Camaat Marsa uçur deməyəcəm, çünki camaat Marsa filan uçmur. Dünyanın hər yerində mühafizəkar adamlar var və onlar öz mühafizəkarlıqlarını hər yerdə müxtəlif yollarla büruzə verirlər.

Amma bizim problemimiz dünyadakı ən qeyri-ciddi problemdir. İlin günün bu vaxtında, dünya müharibəsinin ayaq səsləri eşidilən, ərzaq qıtlığının həyəcan təbili çalınan ərəfədə Azərbaycanda, “Meyvəli” bazarında Anar Novruzov şortikə qarşı cəbhə açıb.

İnsanlar ilk dəfə gördükləri, anlamadıqları şeylərlə rastlaşanda “error” verirlər. Açıqlaya bilmədikləri nəsnəyə ya səcdə, ya da nifrət edirlər. Bu mənə bir neçə ay əvvəl reportaja getdiyim qəbiristanlıqda fotoaparatımı görüb qorxan itləri xatırladır. Həmişə o itlər haqqında düşünürəm. Görəsən şortik görsələr, nə edərlər?

# 4588 dəfə oxunub

Oxşar xəbərlər

İlqar Xəyal:  "35 il muğam oxudu, heç kim onu tanımadı"

İlqar Xəyal: "35 il muğam oxudu, heç kim onu tanımadı"

17:54 11 dekabr 2024
Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərgi təşkil edilib

17:02 11 dekabr 2024
Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

Elçilikdən sonra məni dəlixanaya apardılar - Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
# # #