Sevgi bilinməyəndə gözəldir – Orxan Saffari yazır...

Orxan Saffari, yazar

Orxan Saffari, yazar

17 oktyabr 2022
# 13:20

Kulis.az Orxan Saffarinin yeni yazısını təqdim edir.

Dünyada elə məsələlər var ki, onlar mahiyyətcə böyük, danışdıqca danışılacaq məsələlərdir. Haqqında milyardlar, ya da elə tükənməz sözlər, təriflər demək, izah etmək olar.

Məsələn, sevgi kimi.

Sevgi elə məsələdir ki, dünya yaranandan var, dünya yaranandan danışılır, izah verilir, amma, əslində, çox sadə izahları var. Daha doğrusu, heç izah verməli, özünü dağa-daşa çırpmalı, haqqında əsərlər, şeirlər yazmalı da deyilsən. Belə öz işidir hər kəsin, amma danışmaqla-zadla bir yerə çatmaq olmur. Elə bir növ, bu yazı da izahdır. Dediyim söhbəti özüm də inkar etdiyim üçün əvvəlcədən üzr istəyir, tövsiyələrimə qulaq asmağı isə məsləhət görərdim.

Olur da, insanıq. Bir də görürsən, kimsə kiməsə sual verir ki, sevgi sənin üçün nədir? Dünyanın ən sadə, amma ən çətin, cavabsız sualıdır. Necə yəni mənim üçün nədir? Özü də, sevgi. Mən nə bilim nədir? Bilsəm, heç sevərəm? Mənə elə gəlir, sevginin ən yaxşı, ən rahat, uyğun cavablarından da biri budur: Bilməmək.

Dərk etməmək, haqqında danışa bilməmək. Belə olanda, hisslər daha ülvi, daha təmiz olur. Məsələn, uşaqlıq sevgisi kimi. Uşaq vaxtı məktəbdə, məhəllədə-filan birini sevirsən, aydın məsələdir ki, o da alınmır. Sonra böyüyürsən, hisslərinin bakirəliyi pozulur, kədərə hamilə qalırsan, az-çox sevgi deyilən məfhum anlaşılır və bir də heç vaxt o cür təmiz sevə bilmirsən, həyəcanlanmırsan.

Sevgi bilinməyəndə gözəldir. Mənə elə gəlir, kimsə bunun nə olduğunu bilsə, sevməz. Adam da öz hisslərinə tərif verərmi? Buna cavab vermək savada, dünya görüşünə də baxmır. Ümumiyyətlə, dünyanın heç yerində, heç kim bilmir ki, bu nə olan şeydir, amma hamı danışır. Ürəyi olan sevir, ağzı olan danışır. Qəribədir. Elə sevgi kimi.

Ona görə, birinci növbədə, hamı öz sevgi meyarını bilməlidir. Dərinə getməməli, üzdən sevməli, söhbəti çox da böyütməməlidir. Bunun üçün şəxsən mənim də, öz meyarlarım var, istəyirəm, sizinlə bölüşüm. Bəlkə, kimlərsə əsir-yesir qalıb, az da olsa, faydam toxunar.

Mən, bəndəniz, ürəyi və qibləsi sevgi Saffari bəyiniz, sevgini çox xırda məsələlərdə görürəm. Bəlkə də, gülərsiniz, amma bir-ikisini deyəcəm. Onsuz da, sevmək özü də gülməlidir. Mən kimisə sevəndə, aşiq olanda əməlli-başlı səyliyim tutur, qarnıma tez-tez sancı dolur, elə bil, lom uduram.

Bir dəfə kürəyim möhkəm qaşındı. Həmin an divara sürtünmək olmazdı. Kürəyimi söykəməyə divar da yox idi. Qapı da yox idi ki, özümü verim tininə. Qısası. Sevdiyim bir mələksimaya dedim ki, təcili şəkildə belimi qaşı. İnanın Allaha, bircə dəfə pamuk əllərini toxundurub, anındaca yeri tutdu, qaşıdı. Canım elə rahatladı. Elə xoşbəxt oldum. Bildim ki, o qız məni sevir. Adamın adama sevgisinin bundan asan izahı?

Yaxud da hərbi xidmətdə olan oğlanlar. Onlar bir qızın sevib-sevməməsini asanlıqla bilə bilər. Bundan asan onun üçün heç nə yoxdur. Oturursan, qızı da qoyursan qarşına, başlayırsan “maladoy” vaxtından tərxis olunana qədər nə var, nə yox danışırsan. Əgər söhbəti fırlatmayıb, sona qədər təəccüblə dinləyəcək, üstəlik, suallar verəcəksə, deməli, aşiqdir, deməli, sənə aiddir. Bu qədər sadə yəni.

Ay fəlsəfə, ay ədəbiyyat, belə xırda şeylərin yanında bekara şeydir. Mən bir qızın sevməyini zamanla həm də onun mənimlə yemək yeməsindən bilirəm. Olmuşdu. Belə də olmuşdu ki, aylardı görüşdüyüm qız, pomidor-yumurtanı yanımda çəngəllə, çox səliqəli yemişdi. Bal dodaqları yağ olmamışdı, barmaqları yağ olmamışdı. Halbuki adam sevdiyinin yanında rahat olar, məhz pomidor-yumurtanı çörək batırıb yeyər. Mən özünü bu qədər gizlədən qızın sevgisinə inana bilmərəm.

Dediyim bu məsələlər gördüyünüz kimi çox sadə məsələlərdir. Heç bir dərin izaha ehtiyac yoxdur, amma məsələnin mahiyyətini tam bilmək olur. Ümid edirəm, bir faydası olar.

Sevgi ilə qalın.

# 2836 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #