Səsini itirdi, həkimlər onu aldatdı, ölümünü əvvəlcədən hiss etdi – Kamal Xudaverdiyev haqqında bilmədiklərimiz...

Səsini itirdi, həkimlər onu aldatdı, ölümünü əvvəlcədən hiss etdi – Kamal Xudaverdiyev haqqında bilmədiklərimiz...
26 may 2022
# 12:00

Kulis.az mərhum aktyor, Xalq artisti Kamal Xudaverdiyev haqqında on maraqlı faktı təqdim edir.

Kamal Xudaverdiyev Bakıda doğulub. Bir il sonra onun atası dünyasını dəyişir, üç il sonra isə müharibə başlayır. O, yeddinci sinfə qədər gündüz oxuyur. Səhərlər dəri sexində işləyir, axşam səkkiz olan kimi isə məktəbə gedərmiş. Orta təhsilini 6 saylı fəhlə-gənclər məktəbində başa vurub.

İnqilabdan əvvəl babasının - Hacı Məmmədhəsənin neft mədənləri olub. Kamal Xudaverdiyevin yaşadığı bina əslində bütünlüklə onun ata-baba mülkü imiş. Sovet hakimiyyəti qurulandan sonra hər şey əllərindən çıxıb. Dövlət o binada aktyorun atasına 13 kvadrat metrlik mənzil verib.

***

Uşaqlığı Böyük Vətən Müharibəsi illərinə təsadüf edib. Özü də deyirmiş ki, - "Bizim Cəbiş müəllim" filmində təsvir olunan həyət, həyat mənim yaşadığım həyətlə və həyatla eynidir. Anam işə gedəndə mənim üçün 300 qram çörək qoyardı ki, yeyib məktəbə gedərəm. Anam gedən kimi o çörəyi yeyir, bir də axşama qədər ac qalırdım".

Yarı-ac, yarı-tox uşaqlıq və məktəb illəri başa çatdıqdan sonra çilingər kimi qaz idarəsində işə düzəlir. Müharibədən sonra o, Qazaxıstana xam torpaqlara işləməyə gedir. Dostu Eldəniz Zeynalov deyirmiş ki, Kamal burdan ora basanoşkalarda getdiyindən, Qazaxıstanın sərt iqliminə düşən kimi ayaqlarını don vurur. Zillətlə işləyib ayaqları üçün məlhəm alır və özü özünü müalicə edir. 21 yaşı olanda ordan qayıdır. Qayıdandan sonra isə 10 il çilingər işləyir. Bütün bu illər ərzində ən çox sevdiyi məşğuliyyəti hər həftəsonu teatra getmək olur.

Kamal Xudaverdiyev 1960-cı ildə sənədlərini İncəsənət İnstitutuna verir. Rus dilini bilmədiyi üçün imtahandan kəsilir. İkinci il bir də ondan imtahan götürən Adil İsgəndərov ondan soruşur ki, axı sən ötən il qəbul olunmalı idin, mən səni xatırlayıram. Kamal Xudaverdiyev rus dilindən kəsildiyini deyir. Adil İsgəndərov onu öz kursuna qəbul edir. Kamal onun sevimli tələbələrindən olur. Mehdi Məmmədovdan və Rza Təhmasibdən də ixtisas təhsili alır. 1965-ci ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülür.

İlk çəkildiyi film isə "İstintaq davam edir" filmi olur. Əlisəttar Atakişiyev baş rola - Çingizov obrazına çəkilmək üçün xaricdən aktyor dəvət etmək istəyirmiş Adil İsgəndərov kinostudiyanın direktoru kimi bu fikrin əleyhinə çıxıb və təkidlə həmin rola Kamal Xudaverdiyevi təklif edib. Ondan sonra da aktyor başqa filmlərə çəkilib.

***

37 yaşı olanda dostunun toyunda gəlinin bacısını görür və ondan xoşu gəlir. Elçi gedəndən sonra ailə quran aktyorun iki oğlu dünyaya gəlir. 25 ildən artıq mənzil növbəsində olsa da bir neçə dəfə öz növbəsini evsiz olan aktyorlara verib. Aktyor xəstələnəndən sonra ona ev verilir.

Qarabağ qazisi Rey Kərimoğlu Kamal Xudaverdiyev və Səyavuş Aslanla bağlı maraqlı xatirəsini belə nəql edib:

"1992-ci il avqust ayının 9-da düşmən arxasında kəşfiyyat tapşırığını yerinə yetirərkən yenidən minaya düşdüm və ayağımdan yaralandım. Travmatologiya institutuna yerləşdirilmişdim. Yaralarım hələ sağalmamışdı, ancaq xəstəxanada qala bilmirdim. Yoldaşlarıma kömək etmək üçün həkimləri məcbur razı saldıq ki, bizə çıxmağa icazə verilsin və biz cəbhə bölgəsinə geri qayıdıb yoldaşlarımıza kömək edək. Razılıq alıb xəstəxanadan çıxdıq. Bakıda heç kimim yox idi, döyüşçülərlə birlikdə oturub "Mirvari" restoranında yemək yeyirdik, gördük, Səyavuş Aslan və Kamal Xudaverdiyev həmin ərazidə gəzirlər. Bizi görüb yaxınlaşdılar və xeyli söhbət etdik. Böyük sənətkarlar bildirdilər ki, bizimlə fəxr edirlər".

Oğlu Hüseyn Xudaverdiyev müsahibələrinin birində deyir:

"Atam sənəti çox yüksək tuturdu. Çox da şəxsiyyətli insan idi, çətinliklərlə yaşamışıq, amma heç vaxt heç kimdən özü, ailəsi üçün nə isə xahiş etməyib. Yalnız teatrın düşdüyü vəziyyət onu çox incidirdi. Təsəvvür edin ki, Moskvada xəstəxanada yatanda teatr üçün çox darıxırdı. Əməliyyat olunacağını biləndə isə həkimə sualı bir bu oldu ki, mən səhnəyə çıxa biləcəm? Həkim söylədi, hə, dedi, onda nə edirsiz edin. Əməliyyatdan sonra səsini itirdi. Dedi, görürsən həkim məni aldatdı. Ağ ciyərində olan problemə görə ciyərin bir hissəsini kəsib götürdülər. Ondan əvvəl isə ürək fəaliyyətini artırmaq üçün ürəyini əməliyyat etmişdilər. Xəstəxanada diaqnozunu özü bildi, amma qətiyyən sınmadı. Onu sarsıdan yalnız teatra gedə bilməməsi idi. Sonra bir az düzələndə gedirdi. Altı ay sonra müayinə olundu. Bu müayinədə ciyərində yenidən yaranan işartıları həkimlər tikiş yerləri kimi qəbul ediblər. Sonra da Moskva həkimi "artıq gecdir" dedi. Dəfn günü ömür boyu onu izləyən ədalətsizliyi bir daha hiss etdim.

Sonuncu dəfə çox xəstə olsa da "Mesenat" tamaşasında oynayır. Tamaşaya yüksək qızdırma ilə gedir. Həmin gün həyat yoldaşına deyir ki, ola bilsin, bu, onun son tamaşasıdır.

***

Xalq artisti 70 yaşının tamam olmasına 10 gün qalmış 2008-ci 23 apreldə dünyasını dəyişdi.

# 5251 dəfə oxunub

Oxşar xəbərlər

# # #