"Səs kimi gördüm o gün kəndimizi..." - Əli Şirin Şükürlüdən yeni şeirlər

"Səs kimi gördüm o gün kəndimizi..." - Əli Şirin Şükürlüdən yeni şeirlər
17 yanvar 2024
# 14:00


Kulis.az Əli Şirin Şükürlünün yeni şeirlərini təqdim edir.

Ədəbi suprematizm:
Kontinuum

Çəmənliyi

uzun-uzadı seyr etməyi xoşlayıram mən də,

ən çox da sərhədləri geniş və ya hüdudsuz olanda.

Sanki bir ayrılmazlıq, bir keçilməzlik var otlar arasında:

hər baxanda bir cür gözəllik yaradar

sıx-sıx sarılıb bir-birinə yaşayan bu zərif məxluqlar.

Hərdən astaca toxunuram çəmənliyə,

ürəyimdən keçir ayırıb otları bir-birindən

nəvaziş göstərim, oxşayım onları;

nəyisə tam, bütov görmək

hələ onda olan hər şeyi görmək və duymaq

deyilmiş, anlayıram.

Sonra düşünürəm

ayırsan otları bir-birindən pozular nizam,

yox olar yavaş-yavaş tamlığın yaratdığı gözəllik,

itər çəmənlik adlı mahiyyət.

Otların, o zərif məxluqların

ayrılmazlığı, birindən o birinə qeyri-səlis,

kəsilməz keçididir elə çəmənlik: continuum set*.

Bütün bütövlüklərin

fəlsəfəsi eynidir əslində,

ya gözəllik doğursun, ya şər yaratsın,

ayrılıq gələndə pozular bütövlük,

xələl toxunar tamlıq adlı mənaya.

*- kontinuum çoxluq, kontinuum – latınca tərcümədən kəsilməz mənasını verib çoxluğun gücünü göstərir: bu mövzuya aid elmi-fəlsəfi mətnlərdə çəmənlik və buna bənzər nümunələrə rast gəlmək mümkündür

Antropologiya

Ehramda sərdabə, sərdabədə skelet;

antropoloqların fikrincə, 4000 ildən çox yaşı var.

Firon qalıqları deyil tapılan skelet:

yan-yana düzülmüş sümük parçaları –

baş, əllər, ayaqlar və sairənin nişanələri

ağır zəhmətə qatlaşan birinin mövcudluğundan,

daha doğrusu, 40 əsrdən çoxdur

mövcudsuzluğundan xəbər verir;

“Varlığın yox olması”, daha dəqiq,

“Yarananın dəyişməsi” qanunu.

Alimlərin fikrincə, ehramların tikintisində

çalışan fəhlələrdən, - qullardan yox a,

məhz fəhlələrdən biri olub o skelet,

daha doğrusu, skeleti tapılan o şəxs,

sonra hansısa işlər üzrə rəis təyin olunub.

Hətta o da məlum olub ki,

qolu dirsəkdən aşağı kəsilib o fəhlə-rəisin,

bu da o zaman ehram tikintisində çalışanlara

qayğının əlamətidir – bədbəxt hadisədən dərhal sonra

həkimlər amputasiya edib, ölməyə qoymayıblar onu.

O da bu hadisədən sonra xeyli yaşayıb –

dirsəkdən aşağı hissənin əyri bitməsi

təsdiq edir bu mülahizəni.

Hər tapılan faktlara

tarixçi, antropoloq alimlərin

necə ürəkdən sevindiyini

müşahidə edirəm telefiziyadan

və onların sevincinə şərikəm əslində.

Amma ayrı şey də məni çox düşündürür:

dörd min ildən bu yana qalan

yalnız sümük parçalarıdı, yan-yana düzülüşündən

və anatomiyadan insana məxsus olduğu bilinir.

Mən də bilirəm, yaranan nə varsa itmir,

müxtəlif formalarda öz-özünü təkrar edir.

Belə olan halda,

bəşər tarixinin bir əbədiyaşar sualı

mənim də ağlımdan keçir:

bəs bu sümüklərə yaraşıq verən “libas” –

baş, ayaqlar, əllər və sairədən ibarət

bədən hanı,

özünüqoruma instinkti və çoxalma istəyi

ən çox da

onu qorumaqla məşğuldur axı;

yaranan yox olur ki?!

Entropiya qanunu

İki ayrı-ayrı məkan və iki oxşar hadisə barədə

söz açmaq istəyirəm. Nə tənhalıq, nə ayrılıq, nə təklik,

nə də onların romantikasından danışmaq fikrim var doğrusu.

İstəyim ayrı-ayrı məkanlarda eyni hadisəni təsvir etməkdi sadəcə;

eyni, həm də fərqli az da olsa.

Birinci məkan: Bakı. Cavid prospekti – fontanın yanı.

Su şırnağını yaradan hovuz, hovuzda qurğular.

Elə nizamla qalxıb enir su şırnağı, sanki əzəldən

belə yaranıb, heç bir təzyiqə məruz qalmadan:

öz-özünə nizamlı, fərqli və cürbəcür formada.

Eyni cür qalxıb enir amma, fərqli trayektoriyalar cızsa da ...

Dayanır birdən. Az sonra yenidən su fontanı.

Bütün qalxıb-enmələr, dayanmalar və tükənmələr eyni,

yoxolmalar hətta oxşar, mən bilirəm, hər yerdə hər zaman eyni.

Və bir quş enib, dimdikləyir etinasız

nizamlı, yaraşıqlı cürbəcür formalı su şırnağını.

Təəssüf! Yaxınlaşdığım an qalxdı havaya,

bir uçuş trayektoriyası da beləcə yarandı üzü səmaya.

Hər dəfə üzü yuxarı uçar quşlar ürkərkən, fikir vermişəm,

üzü aşağı isə ancaq təhlükə hiss etmədikdə -

bu da bir şəkli yəqin yaşamaq instiktinin.

İkinci məkan: kənd. Kəndin yaxınlığında yaşıllıq - gözoxşayan.

Yaşıllıqda boru və borudan fışqıran su şırnağı.

Yenə üçdu səmaya yaxınlaşdığım an

məndən bir az aralı

yaşıllıda arxayı-arxayın gəzişən, arabir

su şırnağını dimdikləyən tənha quşcuğaz.

Diqqətimi tənhalıq yox yenə, ayrı şey çəkir doğrusu:

eyni uçuş, eyni səma, eyni trayektoriya.

Eyni ürkəklik həm də ...

Ayrı-ayrı məkanlarda

eyni hadisəni müşahidə etdim, deyəsən:

tək-tənha quş - (romantikadan uzaq),

eyni səma, eyni trayektoriya, eyni uçuş.

Amma əsas bir fərq vardı

müşahidə etdiyim bu hadisələrdə;

dəqiq bilirəm, əsas bir fərq –

amma dəqiq bilmirəm həm də?! –

bütün məkanlar sanki dəyişmiş forması

bir-birinin və imitasiya sadəcə.

Eyni cür yaşayar sanki yaranan nə varsa,

ən mükəmməli də,

ayrı-ayrı formalarda olsa da belə;

eyni cür çoxalar, eyni cür azalar, eyni cür tükənər –

eyni cür dağılar və yox olar: Oxşarlıqlar nəzəriyyəsi -

sadə görünsə də, isbatı çətin fərziyyələr - üstündə səylə çalışdığım.

Bayaq ona görə demişdim “mən bilirəm, həm də bilmirəm”.

Belə baxanda,

hər bir yaranışı eyni təsadüfi proses təsvir edər,

zahirən fərqli görünsə də.

Müşahidələr yanlış təsviri gerçək hadisənin.

Odur ki, müşahidə etdiyim iki fərqli, həm də eyni hadisədən

çıxış edib deyirəm, özü də təsəlli üçün demirəm,

həqiqət olduğu üçün deyirəm:

Sonda hər şey düzələcək, inanın,

ən mükəmməl şeylər də sonda düzələcək, -

dağılacaq yəni.

Səsin ontologiyası

(şeir-esse)

*

Səs kimi gördüm o gün kəndimizi.

Əl gəzdirirəm evimizin kimsəsizliyinə, oyadıram səssizliyi. Qapını açıram,

işığı yandırıram, otaqları gəzirəm, telefonu yoxlayıram ... divardakı

şəkillərə baxıram, illərin arxasından boylanırlar üzümə; bu atamdı,

bu anam, bu bacılarım, bu da mən. Zaman boyu keçmişə səyahət edirəm

xəyalən bir anlıq. Atamın səsini xatırlayıram öncə, sonra üzünü,

sonra yerişini. Anamı da elə.

Əvvəlcə səs kimi xatırlayıram insanları həmişə, elə hadisələri də. Bəlkə elə

səsə dönür hadisələr baş verdiyi andan, bəlkə elə səsdi insan

ölümdən sonra – maddə itmir axı,

hər dəyişmədə enerji yaranır, hər kütləyə enerji xasdı.

*

Küçəyə çıxıram. Başqa kimsəsizlik boylanır üzümə qonşu həyətdən.

-Dımı, Dımı, ay Dımı-ı-ı! – səs kimi xatırlayıram bu evin adamlarını:

ağatlı kişini – çəpəri olmazdı həyətinin. Bəyaz atını küçəyə yaxın

ağacın altında bağlayardı;

Fatı xalanı - yaxşı adam idi, xasiyyəti tünd olsa da. Yadımdadı,

başqa uşaqlardan fərqli olaraq heç vaxt acıqlanmazdı mənə

küçədə hay-həşir salanda;

Dımını – bu adla əzizləyərdilər onu. Oğulluğa götürmüşdülər, əsgərlikdən

cənazəsi gəldi. Sovetlər dönəmi idi hələ, 80-ci illərin əvvəli.

İnsanlar ölürlər; kimi üzündə təbəssüm, kimi üzündə kədər,

kimi də üzündə nə təbəssüm, nə də ki kədər. “Qeyri-səlis məntiq”in

ən bariz nümunəsidi insan həyatı olumla ölüm adlı iki nöqtə

arasındakı sonsuz çalarlarıyla.

Sevinc, kədər, sevgi, nifrət, yalan, həqiqət, - yəni həyat ki var,

elə ömür qədər, ömür qədər.

*

Az qala bir həyətdə yaşayırdıq Əli əmiylə. “Ələmi” – deyərdik ona.

İndi də səsi qulağımda. Uşaq vaxtı çox gəzdirib boynunda məni.

Pəhləvan nəslindən idi. Pənləvan Məmməd atasının əmisi olub.

Zamanında məşhur pəhləvan kimi tanınıb Məmməd kişi məmləkətdə.

Dizi torpağa dəyməyib güləşəndə – deyərdi köhnə adamlar.

Yaşını soruşanda, “əmin Yaşardan qırx gün böyükəm, Əliş kişi –

yeznən Hacı Hekayətin babası rəhmətə gedən gecə doğulmuşam” – deyirdi Ələmi.

Xəstəliyi var idi deyə məktəbə getməmişdi. Onunçun tarix rəqəmlərdən

yox, hadisələrdən ibarət idi.

*

Çox hadisələri xatırladım mən də o gün kəndimizdə; rəqəm kimi yox, səs kimi.

Gedib “Əleydər yerindəki” kanalın üstündə oturub günəşin qürubuna

baxmaq keçdi könlümdən varlığımda uşaqlığın səs-küyü, illər öncə

axşamçağılar olduğu kimi. İlk dəfə qonşum Nizamla seyr etmişəm

bu mənzərəni, - sanki qızılı bir daş batır dənizdə. qürub edir bir gözəllik,

başqa biri doğulur yerində. Onu da asta-asta udur qaranlıq. Hər şey

gözəl görünürdü mənə seyr edərkən o mənzərəni, hər şey - qaranlıq da.

“İstil” də oynadığım yerlər yadıma düşür, - dava-dalaşlı. Səsimi eşitcək

dərhal qaçıb köməyə gələrdi bacılarım. Sevgiylə xatırladım o günləri,

hətta dalaşdığım uşaqları, üzümə tərs baxan böyükləri də, - səs kimi

xatırladım amma öncə.

Təəssüf ki, zamanı yox, yalnız yolları geriyə qayıtmaq olur.

*

Bir gün sonra geri qayıdıram gəldiyim yolu – üzü şəhərə.

Bir sistemdən başqasına keçirəm sanki. Ölçülər dəyişib,

vaxt getmir elə bil.

Qarşımda köhnə bir avtomobil. Damına qədər yüklənib

kənd təsərrüfatı məhsullarıyla. Nədənsə estetikası sıxır məni

yüklə dolu bu köhnə avtomobilin. Əzablarla yüklənmiş ömrü

xatırladır mənə, elə bir ömrü ki ölümlə dolu.

Ötüb keçirəm “ölüm”ün yanından tələsik.

Şütüyürəm şəhərə sarı, arxamca düşüb kəndimiz:

Gəlir ardımca adamlar, gəlir hadisələr. Gəlir səs kimi.

Gəlir, anladığım və sevdiyim dildə danışır mənimlə.

# 831 dəfə oxunub

Oxşar xəbərlər

O, Tupak Şakurun ölümü üçün 1 milyon dollar alıb

O, Tupak Şakurun ölümü üçün 1 milyon dollar alıb

16:00 26 iyul 2024
Tualet müasir insanın məşğuliyyət otağıdır - Vüsal Bağırlı

Tualet müasir insanın məşğuliyyət otağıdır - Vüsal Bağırlı

15:30 26 iyul 2024
Anasını, nənəsini istismar edənlər - Belə yaşayış olar?

Anasını, nənəsini istismar edənlər - Belə yaşayış olar?

14:00 26 iyul 2024
Məşhur aktrisa:  "40 ildir evli olsaq da, ayrı yataqda yatırıq"

Məşhur aktrisa: "40 ildir evli olsaq da, ayrı yataqda yatırıq"

13:41 26 iyul 2024
Galaxy AI yeni yüksəkliklərdə: Samsung Galaxy Z Fold6 və Z Flip6

Galaxy AI yeni yüksəkliklərdə: Samsung Galaxy Z Fold6 və Z Flip6

12:08 26 iyul 2024
Unudulmağa üz tutmuş tarix... - Bakının ən hündür kəndindən reportaj

Unudulmağa üz tutmuş tarix... - Bakının ən hündür kəndindən reportaj

12:00 26 iyul 2024
# # #