Sənsiz ürəyimi əzir ayrılıq - Nəriman Həsənzadə

Sənsiz ürəyimi əzir ayrılıq - Nəriman Həsənzadə
30 aprel 2024
# 14:30

Kulis.az Nəriman Həsənzadənin "Qayıt" şeirini təqdim edir.

Tək çəkə bilmirəm can əzabını,
Sənsiz ürəyimi əzir ayrılıq.
Mən zəngi basanda, sən aç qapını,
Bəxtimə çıxıbsan, qarşıma sən çıx!

Tək sənin səsinə həsrətəm evdə,
Susub dinləsəm də dostu, tanışı.
Oğul-qız yanında mən təkəm evdə, -
Başqadır həyatda həyat yoldaşı.

Uşaqlıq yoldaşım, gözümün nuru,
Könlümün həyanı, ülfəti sənsən.
Qalxsam, ailədə ata qürurum,
Yıxılsam, dizimin taqəti sənsən.

Həyat çox sınadı xeyirdə, şərdə,
Mən dara düşəndə ilk həyanımsan.
Sən "Nabat xalanın çörəyi"ndə də
Mənim Fərəh adlı qəhrəmanımsan.

Yayın istisində - sərin günlüyüm,
Qışda od nəfəsin hərarət verir.
Mənim məğrurluğum, ərköyünlüyüm
Ancaq sənə görə, sənə görədir.

Qayıt, adamları təzədən tanıt,
Səhvimin üstündə danla xəlvəti.
"Mənsiz nə olacaq sənin axırın!" -
Bir də təkrar elə bu həqiqəti.

Evimin bəzəyi, qayıt evinə,
Pəncərə, döşəmə eləcə durur, -
Nə qədər silirəm toz basır yenə,
Sənin sildiyintək heç təmiz olmur.

Bəzən qohumların yanır ürəyi,
Deyirlər, gəl çay iç, çörək ye hərdən.
Sənin bişirdiyin dadlı xörəyi
Mən tapa bilmədim o süfrələrdən.

İlhamım, qələmim danışan deyil,
Qayıt, öz gözümdə itirəm sənsiz.
Ünvan mənimkidir, ancaq elə bil, -
Özgənin evinə gedirəm sənsiz.

Qoşa hacıleylək yuvası olur,
Heç qaranquşu da tək qoymur həyat.
Bütün canlıların dünyası olur -
Sən mənim dünyamsan, dünyama qayıt

# 5013 dəfə oxunub

Oxşar xəbərlər

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
Sarah Maasın  yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

Sarah Maasın yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

13:56 5 noyabr 2026
"Dreyfus işi":  İlk antisemitizm qalmaqallarından biri sərgiyə çevrilir

"Dreyfus işi": İlk antisemitizm qalmaqallarından biri sərgiyə çevrilir

13:30 5 noyabr 2026
Stenli Kubrikin yaradıcılığı xüsusi kolleksiyada cəmləndi

Stenli Kubrikin yaradıcılığı xüsusi kolleksiyada cəmləndi

13:00 5 noyabr 2026
"Evdə tək" filmi  animasiya olaraq yayımlanacaq

"Evdə tək" filmi animasiya olaraq yayımlanacaq

12:30 5 noyabr 2026
Bob Dilan Papa XIV Leo ilə görüşdü - Səbəb

Bob Dilan Papa XIV Leo ilə görüşdü - Səbəb

12:00 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər