Sənətin gücü

Sənətin gücü
16 avqust 2022
# 17:40

Mənim üçün oxuduğum gözəl bir ədəbi nümunə də mətndir, baxdığım gözəl rəsm əsəri də, dinlədiyim əsrarəngiz musiqi parçası da. Çünki dünyanın hansı tərəfində yaşamasından asılı olmayaraq sənətdən anlayan insanlar həmin mətnin ötürdüyü enerjini tuturlar və bu, onları hardasa ruh ekizi edir. Yalnız ortaq duyğuları yaratmağa gücü çatan sənət qalib sənətdir.

Fərhad Sadıxovun rəsmlərində qrafik işarələr, boya estetikası yalnız təcrübənin gücü və həyat müşahidələrinin cəmi olaraq hasilə gəlmir. Bu rəsmlərdə düşündürəcək ideya istiqaməti, mənaya doğru yönələn fikir axını var, hər işarə hansısa mesajın ötürücüsü missiyasındadır. Ona görə bu rəsmlər donmuş hərəkət təəssüratı yaratmırlar, əbədiyyətə doğru yol alan zaman və onun içində hərəkət edən insanı simvolizə edirlər. Hər şey bəlli bir çevrənin hüdudları daxilindədir. Sən həm də bu çevrədən uzaqda olanları, həm də daxildə yaşananları hiss edirsən. Fərhad Sadıxov öz rəsmlərinin təlqin gücü ilə insanın azadlıq yolunu bəlirləyir - çevrədən nəhayətsizliyə, sonsuzluğa doğru pərvazını stimullaşdıran nə varsa onları eyni təsvirin hüdudları içində şəkilləndirir. Bu rəsmlərdə böyük məna sıxlığı hiss olunmaqdadır. O sıxlığın içindən təxəyyülün bütün imkanlarından yararlanan yaradıcı ruhun obrazı görünür.

Rəssamlıq sənətində neoklassizmdən sonra fərdiyyətçi ruh önə keçmişdir və bu ruh öz varlığını əsrlər boyu qorumaqdadır. Fərddən görünən kosmos, kainat, əbədiyyət axtarışı. Elmi təfəkkürmü, estetika çabalarımı? Tarix sübut etdi ki, qızıl ortada qərar tutmuş ruh və təfəkkür hibridləşməsi. Mif, tarixi yaddaş və intellekti ehtiva eləyən, zamanın bağlarını əlində saxlayan sənət. Fərhad Sadıxovun rəsmləri tarixi şüurun ənənə üzərində gəlişməsini ifadə edən nümunələrdir və onlardakı rəng, naxış, işıq sərbəstliyi elə tarixin özü kimi ləngərli və dəyişkəndir. Onlarda kosmoqonik, ilk insanın izlərindən tutmuş sivilizasiyanın mərhələlərini adlayan əjdahalara qədər yol gələn dünyanın dərkinə travestik bir baxış hakimdir.

Fərhad Sadıxov unikal, əlvan mandalaların müəllifidir. Mandala Hinduizm və Buddizmdə Kainatı təmsil edən dini simvol sayılır, o, sakral rəmz olmaqla bəşər tarixinin ən sirli simvollarından biridir. Çox vaxt dairə və ya kvadrat şəklində olan və hər şeyin mistik mərkəzinin simvolu olan mandalalar meditasiya vasitəsi olaraq istifadə edilir. Buddizmdə Mandalalar ona inanan insan üçün kainatdakı müqəddəsliyi və eyni müqəddəsliyin həmin şəxsin özündəki potensial vəziyyətini xatırladan əhəmiyyətli işarələrdir. Buddizm baxımından mandalanın məqsədi insanın çətinliyinə onu aydınlanmaya çatdıraraq son vermək və həqiqətlə bağlı doğru fikrə çatdırmaqdır. Buna bir növ, ruhun katarsisi də söyləmək olar. Fərhad Sadıxov bu sahədə apardığı uzunmüddətli tədqiqat və təcrübə vasitəsilə, mandalanın yaradılmasının müqəddəs ənənəsinin mahiyyətini öyrənib. Mandalaların enerji qüvvəsi və onların insan orqanizminə təsiri barədə qeydlər edən müəllifə görə mandala insan və təbiət arasında harmoniya yaradır, sakitliyə nail olmağa imkan verir. Mandala texnikasının köməyi ilə insanın fərdiliyini ortaya çıxarmaq mümkündür.

Rəssam Fərhad Sadıxovun rəsmlərində iki mühüm cəhəti qeyd etmək lazımdır: o, həm milli rəngləri estetik planda təqdim edə bilir, həm də bəşərilik amilinə ciddi yanaşır, sənətin parametrlərini duyduğu hiss olunur, bayağı ton, bəzək nəzərə çarpmır. Çünki Fərhad Sadıxov təxəyyüllə işləməyi bacarır. Özünün yaradıcı müstəvisinə daxil etdiyi məqamları rəsmin ötürdüyü enerji ilə çatdıra bilir. Onun mandala sənətinin sirlərini öyrənməsi və bunu rəsmlərinə tətbiq etməsi əbədiyyət, ruhun xilası, Tanrı işığı, onu varlığında tapmaq istəyinin qüvvəsi ilə bağlıdır. Yaradıcılığı vətəndən uzaqlarda - Rusiyada, Yaponiyada, Fransada, İsraildə, ABŞ-da maraqla qarşılanan Fərhad Sadıxovun - "Göy qübbəsi", "Od Rəbbləri", "Günəşin nəğmələri", "Drakonların Sivilizasiyası", "Naviqatorun uçuşu", "Sönmüş ulduzların misteriyası", "Odlar yurdu döyüşçüsü", "Kundalini - Şakti yoqası" və s. kimi məşhur əsərlərinin hər birində kainatın və ruhun xilası axtarışlarını duymamaq mümkün deyil. Bu əsərlərin adları belə sivilizasiyadan mifə enişin, tarixlə yeni dünyanın görüşü, qovuşuq müstəvisi kimi cəlbedicidir. Dünya şöhrətli rəssam, Rusiya Rəssamlıq Akademiyasının vitse prezidenti olmuş Tahir Salahov Fərhad Sadıxovun yaradıcılığı haqqında yazır:

"Onun sənətinin əsas istiqaməti bütün təzahür müxtəlifliyində mənəviyyat axtarışı idi. Onun əsərlərində islam mədəniyyətinin böyük ənənələri, Azərbaycan miniatürləri və Şərq ornametləri dünyanın bir çox dinlərinin və mədəniyyətlərinin rəmzləri və atributları ilə birləşdirilib. Müəllif öz sənəti ilə iddia edir ki, mövcud olan hər şey bir-biri ilə bağlıdır, hər bir ünsür bütövün bir parçasıdır və dünyanın birliyi onun tərkib hissələri olmadan mümkün deyil. Elmi araşdırmalar və fərziyyələr, kulturoloji tədqiqatlar və okkultizmin sirləri, dünyaya açıqlıq, xeyirxahlığın və hormoniyanın qüvvələrinə inam və sonsuz fantaziya - hər şey onun yaradıcılığında öz əksini tapıb".

Fərhad Sadıxovun qazandığı uğurlar da az deyil. 1998-ci ildə YUNESKO-nun kurasiyasında tarixi abidə olan İçərişəhərin ərazisində rəssamın şəxsi kosmoqrafik miniatür sərgisi keçirilmiş, əsərləri Azərbaycan Respublikası Turizm və İdman Nazirliyinin nəşr etdiyi rəsmi kataloqa (Azərbaycan Qızıl Gəncləri, 2003-cü ildə) daxil edilmişdir. Eləcə də rəssamın qeyri-adi təfəkkür göstəricisi olan əsərləri London qalereyasının Bakıdakı filialında baş tutmuş, layihə maraqlı və qeyri-adı bir başlıqla - Odun Ruhu adı altında təqdim edilmişdir.


Bu yaxınlarda Fərhad Sadıxovun "Ruhistan" adlı rəsmlərindən ibarət kataloq kitabı işıq üzü görüb. Azərbaycan, rus və ingilis dilində hazırlanan kataloq rəssamın rəngarəng dünyasının şəkli olmaqla bərabər, yeni bir istiqamətin inkişafının zəmini kimi mənalana bilər. Modern dünyanın, yetişən yeni insan tipinin xilası, kainata yeni enerji ötürmək istəyi və mənəvi axtarışlar zənginliyi.

Əbədiyyət bütün yaradıcı insanları düşündürən anlayışdır və bütün böyük ideyalar ona çatmaq naminə yola çıxırlar. İndi, modernist estetikaların labirintində var-gəl edən dünya incəsənətinin belə bir sakral geridönümlərə, ezoterik başlanğıclı anlayışlara ehtiyacı varmı? Zənnimcə, əvvəlkindən daha çox. Əks halda, müdriklərdən birinin dediyi kimi, "sənət olmasa, həyat həqiqətlərinin qabalığı insanı öldürər". Çünki əsl sənət özündə gələcək üçün hansısa simvol, dünyanı xilas modelini təklif etmə potensialını daşıyır. Fərhad Sadıxovun rəsmləri kimi.

/edebiyyatqazeti.az/

# 3586 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti:  "Bütün mükafatlarımı yuxuda görmüşəm"

Xalq artisti: "Bütün mükafatlarımı yuxuda görmüşəm"

15:20 13 dekabr 2024
"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

"Tap görüm, səni niyə çağırmışıq?" - Taksiçinin əhvalatları

15:13 13 dekabr 2024
Elcan Rəsulov:  "Bir dərman yazıblar, onu ömürlük atacağam"

Elcan Rəsulov: "Bir dərman yazıblar, onu ömürlük atacağam"

15:10 13 dekabr 2024
Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
# # #