Səndən bircə nişanə də yox idi – Orxan Cuvarlı yazır...

Orxan Cuvarlı, yazar

Orxan Cuvarlı, yazar

19 mart 2022
# 11:30

Kulis.az Orxan Cuvarlının “Sönməmiş şamlar” essesini təqdim edir.

“Trolleybusa minib,

sənin yanına

gələnə qədər

yaşamağa gedəcəyəm”.

Vaqif Səmədoğlu

Bu gecə səni yuxuda gördüm.

Son vaxtlar yuxu görmək mənim üçün ağır işgəncəyə çevrilib. Oyananda hər anını unuduram, xatırlamağa çalışdıqca hövsələm daralır. Hər yuxu gördüyüm gecənin ertəsi canımı qoymağa yer axtarıram.

Hərdən yuxu da sırtıq adamlara bənzəyir. Qır-saqqız olub yapışır, yaxandan tutub əl çəkmir. Belə anlarda göz qapaqlarım asta-asta qapanır. Yuxuyla gerçəkliyin arasında olan incə xəttin digər üzündə mənim üçün əfsunlu, sirli-sehrli, əsrarəngiz bir həyat əmələ gəlir. Qaranlıq, naməlum, mübhəm həyat.

Həmin həyatın hər anı mənə məhrəm olur. Təkcə o həyatda illər əvvəlki uşaqlıq çağlarım ilğımtək gözümə görünür, sobanın ayaq ucunda başımı nənəmin dizlərinə qoyan həmən o uşağa dönürəm…

Mənə tanış gəlməyən bu həyatda zaman və məkan hissimi itirirəm. Orada barmaqlarımın ucunda gəzişirəm. Bura gediş də, gəliş də bircə anın içində gerçəkləşir. Hərdən bu həyata səyahətim bambaşqa yerlərdə baş tutur: məsələn, ilıq bir bahar sabahı dənizkənarı bulvardakı bir oturacaqda, soyuq bir qış günü bir yerə tələsərkən metroda, asudə vaxtlarımda minib dalğalardan gözümü çəkə bilmədiyim gəminin göyərtəsində, işlə bağlı harasa uçduğum təyyarədə xırda pəncərədən bəyaz buludlara baxanda. Bəzən bu səyahətlər mürgütək qısa çəkir.

Bu gecə səni yuxuda gördüm.

Həyatla yuxu arasındakı gözəgörünməz maneənin o üzünə adlayıb nabələd, zülmət bir yerə düşdüm. Asta-asta yuxunun bataqlığında qeyb oldum. Yuxuda köçdüyüm başqa həyatda da evimizdə idim. Qapı döyüldü, mən qapının ortasındakı gözlüyə sarı yaxınlaşdım. Bulanıq tuneldəki kişi siluetini güclə seçdim.

Başımı arxaya çəkib qapının dəstəyini burdum. Bayaq bulanıq görünən siluetlə qarşı-qarşıya dayananda əlim-ayağım boşaldı. Qəlbimdə arabir bizi görüşdürən, səni mənə gətirən, vədəsiz qarşılaşdığımız bu başqa həyata sonsuz minnətdarlıq hissi yarandı. Sən bu görüşlərdə səssiz-səmirsiz üzümə baxdıqca bu lal sükut məni darmadağın edir. Susduğun hər saniyə bu səssiz savaşda bir gülləyə çevrilib yağış kimi keyimiş bədənimə yağır.

Hərdən bu görüşlərin yuxu olduğunu bilirəm, oyanmamaq üçün çırpınıram, səni doyunca görmək istəyirəm. Arada bacarmıram. Oyuncağı əlindən alınmış uşağa dönürəm. Gözlərimi möhkəm-möhkəm yumuram. Təzədən yuxuya getməyə çalışıram. Ancaq alınmır. Yuxu bir dəstə quş kimi gözlərimdən perik düşür. Saatın əqrəbinin səsi beynimi cırmaqlayır. Hərdən heç yata bilmirəm, səhəri dirigözlü açıram.

***

Yerimdən durmağa bir qırıq həvəsim olsa, sol tərəfimdəki pərdəni çəkib gözlərimi aralı pəncərədən çölə zilləyər, qulağımın dibindən gələn, yuxumu yarımçıq qoyan səsin haradan gəldiyini müəyyənləşdirərdim. Yerimdən qalxmadığıma görə, o səsin səbəbkarı qara "Niva"nın mühərrikindən çıxan bir əlçim qara tüstüyə də yuxulu nəzərlərlə baxa bilmədim.

Gözlərimi açıb sadə, bəzəksiz ağ tavanı eninə-uzununa ölçdüm.

O səsə görə yuxudan narahat ayıldım. Ürəyimdəki ağırlıq nəfəsimi daraldırdı. Arxayın oyandığım günlərdəki sakitliyimdən min ağac uzaq idim. Başımdakı küt ağrılara məhəl qoymamağa çalışıb uzun müddət tavana baxmağa davam etdim.

Mətbəxdən qab-qacaq səsi otağıma doldu. Bu səslərin ardınca yavaş-yavaş halva qoxusu da içərini istila etdi. Dikəldim, uzun müddət başımı əllərimin arasına aldım. Kamodun üstündəki telefonumun zəngli saatını söndürəndə gözüm ekrana sataşdı: "19 mart".

***

Yerimdən qalxıb əynimi geyindim. Binadan həyətə çıxanda soyuq yanaqlarımı göynətməyə başladı. Bu aralar Kazanda havalar yaman soyuq keçir. Bəlkə də, bu sazaqlı günlərə görə bayram əhval-ruhiyyəsini əvvəlkitək hiss edə bilmirəm. Əlimdəki torbaları zibil qutusuna atıb yoluma davam etdim.

Keçmiş bayramlar… Keçmiş, geridə qalmış hər şeyi xatırlamaq mənə ünvansız səyahət kimi gəlir. Bu səyahətdə hansı stansiyada enəcəyimi dəqiq bilmirəm. Ən çox uşaqlığım üçün darıxıram. Uşaqlığım mənə bu səyahətin ən ucqar, sonuncu stansiyası kimi görünür. Sazaqdan yanaqlarımın qıpqırmızı olduğu bir vaxtda özümü həmin stansiyada təsəvvür etməyə çalışıram. İlıq bahar günü, sərnişinsiz perron, arabir sağa-sola uçuşan göyərçinlər…

Uşaqlığımı həm də bayramlarla yada salıram. Bir neçə ildir təsəvvürümdəki bayramları hiss edə bilmirəm. Hərdən haradansa burnuma paxlava, şəkərbura qoxusu gəlir. O qoxular məni səmənili, şirniyyatlı, ləpəli, xonçalı, rəngbərəng yumurtalı Novruz bayramlarına qaytarır.

Həmin bayramdan bir gün əvvəlki gecələri daha yaxşı xatırlayıram. Bayramdan bir gün qabaq yerində vurnuxub yatmağa çalışanda xanımlar mətbəxdə şirniyyat hazırlığındadır, arabir pıçıltıları eşidilir. Onlar drojdan, şirniyyatın xəmirindən, necə daha yaxşı köpməsindən və başqa şeylərdən danışırlar. Sən də yerində qurcuxursan. Çox keçmir ki, həmin şirniyyatların qoxusu qapının arasından otağa dolur və işıq sürətiylə səni yatağından qaldırır.

Bayaq otağımı bürüyən halva qoxusunu xatırlayıb reallığa qayıtdım.

Yorğun-yorğun anamın bazarlıq siyahısına göz gəzdirdim. Marketə girməzdən əvvəl parka üz tutdum. "Kimyaçılar Sarayı"nın arxasında yerləşən bu parka tez-tez gəlirəm. Səhər olduğuna görə çox adam gözə dəymir. Geniş parkda tək-tük itlərini gəzdirməyə çıxaran, qaçan, yeriyən adamlar görürəm.

Sənin də bir vaxtlar hər axşam bu parkda gəzdiyini bilirəm. Tez-tez ayaq saxlayıb şam ağaclarının əhatəyə aldığı bu geniş yaşıllığa göz işlədikcə baxıram. Görəsən, yanından ötdüyüm hansı ağaclara dirsəklənib nəfəs dərmisən? Sən də yorulduqca başını qaldırıb masmavi səmaya doyunca baxmısanmı?

Gözüm skamyanın üstündə qıvrılan qonur pişiyə sataşdı. Dümağ qar gözlərində əks olunmuşdu.

Marketdən bazarlıq edib evə qayıtdım.

***

Bu gecə səni yuxuda gördüm.

Əvvəlcə qapı döyüldü. Qapını açanda özümü itirdim, kirimişcə içəri keçməyini izlədim. Otaqda üzbəsurət dayandıq. Gülümsədin. Çoxdandır dodaqlarında təbəssüm görmürdüm. Əynində qara köynək vardı. Tez-tez harasa tələsən adamlar kimi qolundakı qızılı saata baxırdın.

Zala keçib masaya yaxınlaşdın. İkimiz də təəccüblə masanın üstündəki torta baxdıq. Əyilib şamları üfürdün. Otaq bir anlıq qaranlığa bürünüb aydınlandı, şamların kölgəsi otağın qaranlıq divarlarında rəqs etdi.

Arxanı çevirib otaqdan çıxdın. Qapını açmağına baxa-baxa şamlara da göz gəzdirdim. Heç biri sönməmişdi.

Təəccübüm sovuşana qədər qapını örtüb getdin.

Hövlnak qapını açdım, arxanca qaçmağa, pillələri iki-iki düşməyə başladım. Səndən bircə nişanə də yox idi.

Evə qayıtdım. Tortun üstündəki şamlara baxmağa çalışdıqca bir uğultu səsi gəldi. Səs getdikcə gücləndi, lap qulağımın dibindən eşidildi.

***

Bu gecə səni yuxuda gördüm.

Yaxşı ki bu dünyadan keçmisən.

Ad günün mübarək, ata.

19 mart 2022

# 2803 dəfə oxunub

Oxşar xəbərlər

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

Gəncə Dövlət Filarmoniyasına yeni direktor müavini təyin edildi

13:07 13 dekabr 2024
Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

Rəşad Məcidə Qazaxıstanda fəxri ad verildi

12:49 13 dekabr 2024
Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

Yüzlərlə əsgəri ölümdən xilas etdi, əsir düşüb işgəncələr gördü - Aliyə Rüstəmbəyova haqqında maraqlı faktlar

12:10 13 dekabr 2024
Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

Cim Kerri yenidən kinoya qayıtmağının səbəbini açıqladı

11:27 13 dekabr 2024
Aşpazı Vudi Alleni məhkəməyə verdi

Aşpazı Vudi Alleni məhkəməyə verdi

11:18 13 dekabr 2024
"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

11:01 13 dekabr 2024
#
#
# # #