Seksin fabulası ətrafında

Seksin fabulası ətrafında
25 noyabr 2022
# 17:00

Kulis.az Vüqar Vanın “Seksin fabulası ətrafında” adlı yazısını təqdim edir.

I hissə

Elə bil ölkədə böyük bir seks bumu var. “Seks” sözünü işlətmək, bu barədə danışmaq ayıbdır, qızların bəkarəti, oğlanların namus yanğısı gündən-günə daha da müqəddəsləşdirilir, sakrallaşdırılır, təbliğ olunur. Nefti, doqquz iqlim tipi, qara və qırmızı kürüsü, tarı-kamanı, sazı-sözü, qoşması-gəraylısı, xəngəli-qurudu olan xalq bir seks məsələsinin həllində aciz qalıb.

Dünyanın normal ölkələrində, normal vəziyyətlərdə seks bağlı qapılar arxasında, iki əks və ya eyni cinsin arasında baş verir. Başqaları bununla maraqlanmır, xəbər tutmağa çalışmır, təfərrüatlarını öyrənməyə can atmır və ümumiyyətlə, bu seksin başqaları – qohum, qardaş, ana-bacı, qonşu, polis, müstəntiq – üçün heç bir əhəmiyyəti yoxdur.

Nadir hallarda, məsələn, sekslə məşğul olanlardan biri və ya hər ikisi siyasətçi, şou ulduzu, dünya şöhrətli rejissordursa, tərəflərdən biri azyaşlı və ya könülsüzdüsə, yəni məsələdə qeyri-qanuni vəziyyət varsa, tərəflərdən biri qurban rolundadırsa, sözügedən seks qalmaqallara səbəb olur. Mətbuat bu barədə yazır, bəzən ortaya gizli videolar çıxır, məsələyə ekspertlər müdaxilə edir, hüquq-mühafizə orqanları cəlb olunur, kiminsə siyasi karyerası bitir, kimsə təzminat ödəyir, kimsə bu seksdən ortaya çıxan uşağı qəbul etməli olur və s. və i. Amma bir daha qeyd edirəm ki, ortada qeyri-qanuni nəsə varsa, kiminsə haqqı pozulursa, kimsə qurbandırsa. Belə olanda, məsələ sivil yolla həll olunur.

Azərbaycandakı seksual məhdudiyyətlər, mövzunun iyrənc, qorxulu bir şeyə çevrilməsi isə onu həm macəraya, həm günaha, həm də özünürealizəyə çevirib. Məsələnin ziddiyyətli tərəfi də budu ki, bu qədər sərhədlərlə, qadağalarla, qınaqlarla rəğmən, keçənilki statistikaya əsasən, azərbaycanlıların “Google”da ən çox axtardığı şey porno saytıdır.

II hissə

Bu günlərdə mənasız, süst, monoton, darıxdırıcı həyatımızı həyəcanlandıran hadisə baş verdi. Sizcə, bir azərbaycanlının boz həyatını hansı hadisə rəngləndirə bilər? Əlbəttə ki, seks!

Ədliyyə Nazirliyinin bir mayorunun seks videosu yayıldı. Beləliklə, həyatımız rəngləndi, ovqatımız düzəldi, kefimiz açıldı.

Daha kiminsə seks videosunun çıxmağı adi hal kimi qəbul edilir. Sanki elə belə də olmalıymış. Camaat bir-biri ilə link paylaşır, nə bilim, şəkil atır, mətbuat yazır, bu barədə şit zarafatlar edilir, kimin Ədliyyədə işləyən dostu-tanışı varsa, həmin adamı ələ salıb, lağa qoyurlar və sair. İnsanlar o qədər vəhşiləşib ki, kiminsə seks videosunun çıxmağını qeyri-adi hal kimi qəbul etmirlər. Əksinə seksə ac, “anam, bacım, qız gəlin, əli ayağı düz gəlin” janrında yaşayan, həyatda ən böyük arzuları “Fatimənin iti olmaq” olan adamlar bu videoları səbirsizliklə gözləyir, seks videosu çıxan adamları qınamağa, onları ələ salmağa, söyüş söyməyə, öz nifrətini qusmağa fürsət gəzirlər.

Onlar üçün qeyri-adi hal odur ki, seksdə kişi və qadın görsünlər. Kimsə ifşa olunan kimi dərhal tökülüşüb dəqiqləşdirirlər ki, videodakı adamlar kişi və qadındırmı? Əgər seks videosunda, sekslə məşğul olan kişi və qadın görürlərsə, vəssalam, cek pot. Mütləq qınamaq, söymək lazımdır. Bütün mövzularda olduğu kimi, günəşi küləş başa düşən həmyerlilərimiz elə bilir, yaxud özlərini elə aparırlar, sanki onlar gübrə ilə, fotosintezlə, mitoz bölünmə ilə dünyaya gəlir və çoxalırlar. Onların riyakarlığı, saxta əxlaqı adamın ürəyini bulandırır.

Camaat öz halalca həyat yoldaşı ilə rahat bir axşam “o məsələ” edə bilmir ki, birdən seks videosu yayılar.

Ay qardaş, nə etməliyik? Bu adamlar vedrə ilə “o məsələ” eləsinlər? Ya eşşəklə? (düzü, indi istəsən də, eşşəklə mümkün deyil, heyvan haqlarının istismarına girir bu söhbət. Heyvan haqları fəalları adamın ağzını cırar). Daha kişilər öz həyat yoldaşlarını üç öpüb, bir dişləyə, yüngülvarı çalxalaya bilmirlər ki, birdən iraq-iraq seks videoları yayılar biabır olarlar. Yanında yatdığın arvadın him-cim edir ki, ay qurumsaq, dur, qastronom açıldı, tez elə. Adam şübhələnir ki, bəlkə, haradasa gizli kamera var? Bəlkə, kimsə məni çəkib, qoyacaq internetə?

Belə psixoz bir halda, gərgin vəziyyətdə, əsəbi formada adamlar necə yaşayacaq, necə xoşbəxt olacaqlar? Bu qorxunun, bu stressin gətirdiyi təlatümlərlə biz necə mədəni, səviyyəli adamlara çevriləcəyik? Həyat, onsuz da, çətindir. Üstəlik, bu cür qorxularla, gərgin hallarla, psixi pozğunluqlarla bilə-bilə onu daha da çətinləşdiririk.

Rəylərdə müstəsna həyasız, tərbiyəsiz adamlar yazır ki, “videoya hardan baxaq?”, “videonu mənə də atın”, “mən də baxmaq istəyirəm” yazırlar. Bu hayqırışların tərcüməsi budur: “Mən o qədər bədbəxtəm ki, başqalarının bədbəxtliyi ilə xoşbəxt oluram. Mən o qədər iyrəncəm ki, kiminsə məhrəm bir anına şahidlik etmək istəyirəm”, “mən o qədər səviyyəsizəm ki, öz həyatımdan həzz ala bilmirəm, başqasının həyatından həzz almaq arzulayıram”.

Sizin milli-mənəvi dəyərləriniz, mentalitetiniz insanların cinsi həyatını elə nəzarətə götürüb ki, siz adam kimi rahat seks həyatı yaşaya bilmirsiz. Valideynlər, qonşular, qohumlar sizi güdür. Mentalitet sizin tələbə yoldaşlarınız olan qızlardan, sevgililərinizdən, nişanlılarınızdan bakirəlik tələb edir. Sevdiyiniz qadınla toysuz, zaqssız, sənədsiz, kağız-kuğuzsuz sevişə bilmirsiz.

Azad seksin olmamasının ən pis, iyrənc fəsadları özünü bölgələrdə büruzə verir. Mətbuata baxanda adam dəhşətə gəlir: bir rayondan bacı qardaşdan hamilə qalır, birində əmi qardaşı qızını zorlayır, birində qardaş iki bacısını zorlayaraq görüntüləri telefona çəkir, ata qızını, oğul ananı, qayınata gəlinini zorlayır. Bunlar son dövrdə yerli mətbuatda oxuduğum xəbərlərdi.

Adamlara başa salmaq olmur ki, su içmək, yemək yemək, kürəyi qaşımaq, hava almaq kimi zəruri və normal ehtiyaclardan biri də cinsi yaxınlıqdı. Burada ayıb, çirkin, iyrənc, vulqar heç nə yoxdur. Vulqar, iyrənc, ayıb, çirkin olan sizin seksə münasibətinizdi. Vaxtında normal, azad, insanca yaşaya bilmədiyiniz üçün, əlinizə imkan düşəndə heyvan kimi, bunu sonralar qəhrəmanlığa çevirmə, öyünmə cəhdinizdi. Cinsi partnyorunuza münasibətinizdi. Onu gözdən salmaq, yaxınlığınızı telefonlara çəkib, internetə yerləşdirmək, bu yaxınlığı o qadının yaxınlarına çatdırmaq və bununla da guya onların üzərində çaldığınız məzlum, düşük «qələbəniz»di.

Belə-belə camaatın başı xarab olur. Təsəvvür edin ki, yemək yediyiniz yerdə videoya çəkilib, internetdə ifşa olunmaqdan qorxursuz. Başqa sadə analogiya tapa bilmədim. Adam bu qorxu ilə axı necə yaşaya bilər?

III hissə

Ədliyyə Nazirliyində işləyən mayorun seks videosu yayılandan sonra onu işdən qovdular.

Əvvəla, adamı nə üçün işdən qovursuz? Onun günahı nədir? Nə də ittiham olunur? Bəlkə, Ədliyyə Nazirliyində belə bir qayda var ki, əgər cəmiyyət tərəfindən “peysər” çıxarıldınsa, artıq Nazirlikdə işləyə bilməzsən? Bəlkə, orda işə götürülərkən adamdan “yaxçı oğlan” kriteriyasını tələb edirlər? Əgər bu absurd şərtlər yoxdursa, onda həmin adamın işdən çıxarılmasının bir səbəbi yoxdur axı. Formadadır? Yox. İş yerindədir? Yox. Qadına zorakılıq varmı? Yox. Qadın şikayətçidirmi? Yox. Azyaşlıya təcavüz var? Yox. Pis bir iş görürmü? Yox, yox, YOX.

Bəs onda bu adamı niyə işdən çıxarmısız?

İkinci və ən vacib məsələ.

Günəşi küləş kimi başa düşən adamlar elə yapışıb sekslə məşğul olan qadın və kişini söyməyə, əsas suallar yaddan çıxıb.

Bu videonu kim yayıb?

Bu video niyə yayılıb?

Bu videonu yayan adam nə üçün tapılıb, həbs olunmur?

Bəlkə, bir az bunlardan danışaq? Bu sualların cavabını tələb edək? Axı bizim konstitusiyamız var və həmin konstitusiyada belə bir maddə də yazılıb:

Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi şəxsi toxunulmazlıq hüququna ehtiva edir:

“Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır”.

Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Buna dövlət təminat verir.

Yaxşı, bəs harada qaldı həmin videosu çəkilən adamın şəxsi toxunulmazlıq hüququ? Qanun var. Bizim, onsuz da, qanunlarla bir problemimiz yoxdur. Həmin qanunların icrasıyla problemlərimiz var.

Mən, sən, Əli, Vəli bu hadisədən sonra necə əmin olaq ki, bizim də seks videomuz yayılmayacaq?

IV hissə

Zəhmət olmasa, götürün o iyrənc əxlaqınızı da, mentalitetinizi də, nə bilim, abrınızı da, dərhal qayıdın mağaraya, orda yaşayın. Heç mağarada da sizi bu ağılla, bu səviyyə ilə qəbul etməzlər. Çünki orda hamı hamının idi. Sizin kişiləriniz isə hər cür qələt edib, axırda bakirə qız arzulayarkən, qadınlarınız da yalançı, saxta əxlaq niqabına bürünərək, “vay dədəm vay, abır getdi əldən” deyib, altdan-altdan nə işlərlə məşğul olduqlarını, internetdə nəyə baxdıqlarını, bilirik.

Seks videosu yayılan və işdən qovulan adamın həyatı artıq məhv olub. Bilmirəm, bu yazını oxuyacaq, ya yox. Həm ona, həm də bundan sonra seks videosu çıxacaq adamlara acizanə bir dəstək olmaq istəyirəm:

“Sizi qınayan dostlarınızı, qohumlarınızı rədd edin getsinlər. Axı siz onlar üçün yaşamırsız. Sekslə məşğul olanda da, onlardan icazə almamışdız. Bunu səhv hərəkət bilib, bu səhvlə yaşamayın. İstənilən vəziyyətdə, istənilən fantaziyalarla sekslə məşğul olmaq səhv deyil. Səhv ondadır ki, sizin şəxsi həyatınızı necəsə gündəmə çeviriblər. Ac itlərin qarşısına ət atsan, bir-birinin ətinin didəcəklər. Sizi qınayan, söyən, sizə “peysər”, “fahişə” damğası vurub, cəmiyyətdən təcrid edən adamlar da o itlər kimidir. Bir az hürəcəklər və hər şey durulacaq. Bu hadisəni faciəyə çevirməyin. Hər şeyin sürətlə yaddan çıxdığı bir əsrdə yaşayırıq. Yaxşı olar ki, qırağa çəkilib, öz vaxtınızı gözləyəsiniz. Kimdənsə üzr istəməyə, kimdənsə utanmağa, çəkinməyə, qorxmağa ehtiyac yoxdur. Bunları etsəniz, yalnız bu halda, günahkar kimi görünəcəksiz”.

# 30379 dəfə oxunub

Oxşar xəbərlər

Konsertdə "İsrailli bəstəkar" etirazı

Konsertdə "İsrailli bəstəkar" etirazı

17:19 12 dekabr 2024
Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

Gənclər Kitabxanasında Ulu Öndərin anım günü ilə əlaqədar silsilə materiallar hazırlandı

16:26 12 dekabr 2024
Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açıldı

14:41 12 dekabr 2024
Selena Qomes evlilik təklifi aldığını bildirdi

Selena Qomes evlilik təklifi aldığını bildirdi

14:09 12 dekabr 2024
Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

Yazıçıların ən böyük səhvi nədədir? - Danışır Ulucay

13:00 12 dekabr 2024
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

12:46 12 dekabr 2024
# # #