Şəhriyar del Gerani: "Azərbaycanlılar Qurana inanmır" - Müsahibə

Şəhriyar del Gerani, yazar

Şəhriyar del Gerani, yazar

18 fevral 2022
# 09:00

Kulis.az şair Şəhriyar del Gerani ilə müsahibəni təqdim edir.


- Şəhriyar, uzun müddətdir inzivaya çəkilmisən, mətbuatda da görünmürsən, sosial şəbəkələrdə də. Halbuki sən daim gündəmdə qalmağı, mövzu yaratmağı sevən biri idin. Niyə belə oldu?

- İki ildən artıqdır sosial şəbəkələrdə yoxam. Yersiz müzakirələr məni yorurdu. Feysbuk adamı zamanla gündəmşünasa çevirir. Bütün bunlar sənin iradən xaricində baş verir, sən fərqində olmursan. Hər şeyə münasibət bildirmək bezdiricidir. Hətta sən ondan qaçsan da, kimlərsə səndən o münasibəti istəyir, hətta tələb edir. Sən də münasibət bildirirsən, götürüb fikrini kontekstdən çıxarırlar, olur şəbədəçilik. Ümumiyyətlə, Azərbaycan yazı cəmiyyəti deyil axı. Yazı formalaşmayıb bizdə, yazı təfəkkürü yoxdur, şifahiçilikdir. Sözlə başa salırsan, anlayırlar. Amma dediyini ən sadə formada yazıya alırsan, başa düşmürlər. Bu da adamı çərlədir. Elçibəyin sözü olmasın, gedib Fransadan xalq gətirəsi deyilik ki? Olanımız budur.

- Mənə elə gəlir ki, Azərbaycanda yazarlar arasında ən çox linçə məruz qalan sən idin. Bu da uzaqlaşmağın üçün səbəb ola bilərdimi?

- Haqlısan. Bir yerə qədər, gənclik çılğınlığı dövründə o linçin ləzzətini tuta bilirsən hardasa. Amma zaman keçdikcə görürsən ən akademik bir mövzunu da gətirib ucuzlaşdırırlar, ətin tökülür. Tutalım, 90-larda Həmid Herisçiylə başlamış, 2000-lərin əvvəlində Rafiq Tağı ilə davam edən Mirzə Cəlil söhbətinə tamam ayrı kontekstdə, irihəcmli, konseptual bir məqaləylə yanaşmışdım. Onu da dartıb gətirdilər şouya, toyxanaya.

- O müzakirədə səni qane eləməyən nə oldu?

- Mən onda Kiyev Dövlət Universitetində magistr təhsili alırdım, Ukraynada yaşayırdım yəni, burdakı müzakirələrdə canlı iştirak edə bilmirdim. Arxivlərlə işləyir, Krım tatarlarını, türkoloqları, türklərə dair müəllifləri araşdırırdım. Bilirsən, Yusif Vəzir Çəmənzəminlinin də taleyindən keçib Kiyev ali və orta məktəbləri. Ciddi fəaliyyəti olub bu profildə. Xeyli əlyazması keçdi əlimə, nüsxələrini çıxartmışam. Mirzə Cəlilə də məktubları var. Uzun söhbətdir. Maraqlananlar o məqaləmi tapıb oxusunlar. Xülasə, o kontekstdə yazı yazmışdım. Bu da bilavasitə mənim magistr mövzuma aid idi deyə qabartdım. Açığı, qəsdim başqa idi. Yazım çıxdı, saytlarda, televiziyalarda, hətta radiolarda belə müzakirəsi oldu. Di gəl, fikir verdim, toxunduğum mövzuya münasibət o deyil.

- Yəni yazının mahiyyətini anlamayıblar?

- Hə, başa düşməmişdilər. Düzü, heç adamlara nə demək istədiyim lazım da deyildi. Onlara şou lazım imiş. Söhbətin üstündən üç-dörd ay keçmişdi, Bakıya qayıtmışdım, maşınla rayona gedirdim. Radioların hansındasa Mirzə Cəlil mövzusu müzakirə olunurdu. Sənə deyim, təxminən 6, 7, bəlkə də 8-ci sort professorları yığmışdılar ora. Gördüm, məni də çox lazımsız şəkildə tənqid edirlər. O-bu, sıtqım sıyrıldı AMEA-dan da. Adamlar, ümumiyyətlə, söhbətin nədən getdiyini qanmağa belə cəhd etməmişdilər.

- İndi dəyişdi Mirzə Cəlilə qarşı fikirlərin?

- Haqq qazandırdım ona. Mirzə Cəlil ədəbiyyatımızın “vor”udur. Ələ saldığı xalq onun arxasında axıra kimi durur. Başa düşdüm ki, Mirzə Cəlilin “qəhrəmanları” ilə mübarizə aparmaq sadəcə mümkün deyil. Ona görə də mən Mirzə Cəlildən üzr istədim. Başa düşdüm, gerçək sənətkar, dahi elə məhz Mirzə Cəlildir. Lağa qoyduğu, ələ saldığı, şəbədə qoşduğu qəhrəmanlar gəlib onu haqsız olduğu cəbhədə müdafiə edirlər. Paradoksaldır. Bu xalqa Mirzə Cəlil də azdır!

- Tək bu mövzuda yox, bir neçə mövzuda daimi şəkildə linçə məruz qalmısan. Hətta deyirdilər ki, Şəhriyara bu xoş gəlir, ona görə də qalmaqallı fikirlər səsləndirir. O vaxtı sanki Kəramət Böyükçöllə sənin aranda yarış gedirdi: gah Kəramət gündəm olurdu, gah sən. İndi bu cür gündəmdən uzaq həyat Şəhriyar üçün çətin deyil ki?

- Gündəm-in Gün-ünü özümə götürdüm, Dəm-ini Kərəmiyə saxlayıb çıxdım aradan (gülür). Zarafat bir yana, bezdim. Ləzzət eləmədi. O - adiliyin təntənəsi var haa, illərdir çənə döyürəm ondan, bax, mən onu tapa bilmədim. Halbuki nəinki Azərbaycanda, bütün dünyada çoxdandır adiliyin təntənəsi dövrüdür. Onu tapmaq lazımdır necəsə, nə cürsə. Lap açığı, Azərbaycanda sosial şəbəkələr əttökəndir. Nə qədər uzaq olsan, bir o qədər lüksün dietində yaşayarsan.

- O vaxtları bir status yazmışdın ki, mən “moyşik”in, fəhlənin şairi deyiləm. Özünü elit təbəqənin şairi hesab etmişdin. Və bu da çox qınanılmışdı. Həmin status son vaxtlar yenidən gündəmə gəldi. Bu dəfə də səni möhkəm qınadılar...

- O, status deyildi, şərh idi. Kimlərsə skrin edib saxlayıb. Allah köməkləri olsun. Diqqət etsən, şərh olduğu görünür. Onu da bir avara şərhə yanıt olaraq yazmışdım, ironik. Yəqin Şuşada - Vaqif Poeziya günlərində çıxış elədiyim üçün təzədən gündəmə gəlib. Xəbərim yoxdu.

- Ümumiyyətlə, səni o cür rəsmi yerlərdə, hakim dairələrə yaxın görmək istəmirlər, insanlara bu cür Şəhriyar xoş gəlmir...

- Qəribədir, bəlkə də haqlıdırlar. Ayxan, son vaxtlar özümə verdiyim sualların beş-altı cavabı olur. Hamısı da doğru, yaxud, yanlış. Məsələn, işıqfor effekti ilə götürək bunu. Mən cavabın qırmızılığına da inanıram, orda dayanıram, yaşılına da, orda keçirəm, sarısına da - orda tərəddüd edirəm, bəli. Amma görürəm, tərəddüdümdə də haqlıyam, yaxud tam əksi, haqsız. Adamlar gülməlidir. Mən hansısa hadisəyə tənqidi münasibət bildirəndə, deyirlər, o gün Prezidentin qabağında şeir deyirdin, indi nə oldu? Deyirəm, əvvəla, orda Prezidentin qabağında şeir demirdim, Molla Pənah Vaqifin məqbərəsinin qarşısında çıxış edirdim. Ümumiyyətlə, orda heç kəs Prezidentin qabağında deyildi, Vaqifin məqbərəsinin qarşısında idi. Sənə deyim, riyakar rəiyyət çox dəhşətlidir. Riyakar rəiyyət hər şeydən, hətta ədalətsiz hakimiyyətdən daha çox cinayətkar, daha çox ədalətsizdir. Bunlar Şuşadakı o boyda tədbirə, Poeziya bayramına gör hansı gözlə baxırlar.

- Bu cür tədbirlərdə olmağın birmənalı qarşılanmadı. Dedilər ki, Şəhriyar da titullu şairlər cərgəsinə qoşuldu...

- Qoşulmadı axı... (sözümü kəsir)

- Yəni Şəhriyar dəyişməyib?

- Əsla. Əvvəl necəydimsə, indi də eləyəm. Gedib o cür tədbirlərdə iştirak edəndə saray şairi olursan? Yaxud, gedib məsciddə şeir kitabı təqdim edirsən, onda olursan axund, ya molla? Kilsədə şam yandıranda da olacaqsan katolik? Gülünc düşüncədir. Bu, rəsmi tədbirdir. Sən buna Vaqifin tədbiri kimi bax. Məni dəvət ediblər Prezidentin iştirak etdiyi açılış mərasiminə, gedib iştirak etmişəm, şeirimi demişəm. Vəzifə istəməmişəm, ev istəməmişəm, iş istəməmişəm, sadəcə, dəvəti qəbul edib Poeziya bayramında iştirak etmişəm. Kim iştirak etməliydi ki?

- Ancaq insanlar düşünür ki, bunun arxasında bir niyyət, təmənna var...

- Heç bir merkantil niyyətdən, təmənnadan söhbət gedə bilməz və yoxdur. Sevgiyə, diqqətə qarşı sayqı duruşu var, vəssalam. ADA Universitetində Mehriban xanımın iştirakı ilə poeziya gecəsi olub, dəyərli şair dostum Nigar Həsənzadə dəvət edib, gedib iştirak etmişəm. Sonra orda oxuduğum şeiri Leyla Əliyeva şəxsi instaqram səhifəsində paylaşıb. Mən neyləyim? Deyim, mənim şeirimi paylaşma? Yaxşı eləyib paylaşıb. Leyla xanımın paylaşdığı şeiri öncələr də minlərlə oxucu paylaşıb. O şeir məndən çox o şeiri sevənlərin şeiridir. Bəlkə də elə Leyla xanımın şeiridir o şeir, kim bilir? Belə görürəm, hakimiyyətdə olan insanlar məni daha dəqiq və doğru tanıyırlar. Ən azı onlar daha səlis bilirlər ki, bu vaxta qədər heç bir təmənnam olmayıb onlardan. Və yəqin onlar da buna görə sevirlər məni bir şair kimi.

- Şəhriyar, səni həm sevirlər, həm də nifrət edirlər. Yəqin ki, özün də bu qəzəbi hiss etmisən. Hətta yadımdadır, “Xalqın şairi” verilişində iştirak etməyin tək oxucuları yox, iştirakçıların özünü də qıcıqlandırmışdı.

- Mənimcə, bu, çox normaldır.

- Səncə, niyə bu qədər qəzəblidirlər sənə?

- Sən özün də, ədəbi camiə adlandırdığımız məkandakı dostlar da bunun səbəbini çox yaxşı bilirsiz, mən o səbəbi desəm, təvazökarlıqdan uzaq olar.

- Hər halda desən yaxşı olar.

- Ramiz Rövşən demiş, beş-altı yaxşı şeiri adama bağışlamırlar. Səbəblərdən ən yekəsi çox yəqin budur.

- Bir neçə dəfə bu cür müsabiqələrə qoşulub qalib olmuşdun. Və onda deyirdilər ki, Şəhriyar özünü sübut etmək istəyir. Hər dəfə o müsabiqələrə qoşulub qalib olaraq ən yaxşı olduğunu göstərmək arzusundadır...

- (gülür) Bəlkə də haqlıdırlar, bu da var idi. Daha heç bir müsabiqəyə qoşulmuram. Getsinlər nə qədər istəyirlər mənim yerimə qalib olsunlar.

- Sən o müsabiqəyə - “Xalqın Şairi”nə qoşulanda bir neçə imza müsabiqədə iştirak etmək istəmədi, bir neçəsi imtina etdi, hətta şikayət eləyənlər oldu ki, niyə Şəhriyar bu yarışmada iştirak edir...

- Vay vay vay, nələr olubmuş? (gülür) Ümumiyyətlə, mən özümü uğurlu adam hesab edirəm. Söhbət yazıçı-şair taleyindən gedir. Ədəbi mühit də mənə qarşı çox ədalətli, mehriban davranıb həmişə. Məndən əvvəlki nəsil. Məsələn, Zahir Əzəmət 15 il qabaq kult.az-da ilk şeirlərimi elə gözəl təqdimatla vermişdi ki, xeyli diqqət çəkmişdi. Oxucuların da mənə münasibəti çox yaxşı oldu sonralar. Sanki bir boşluq vardı, mən gəlib o boşluğu doldurdum necəsə. Amma tutaq ki, bir övlad olaraq uğurlu biri deyiləm. Azərbaycan məişəti müstəvisində yaxşı oğul deyiləm. Yaxşı oğul bu vaxta qədər stabil bir iş tapmalıydı, onun konkret aylıq gəliri, evi, ailəsi, uşağı, qayınanası, qayınatası olmalıydı. Ən azı bacanağı olmalıydı, gedib bacanağının oğlunun sünnət toyuna pul yazdırmalıydı. Mən belə biri ola bilmədim. Alınmadı...

- Azərbaycan məişəti konteksində yaxşı oğul olmaq üçün addım atmısanmı? Tutaq ki, işlə bağlı. Səni bir yerdə çox qalmayan biri kimi tanıyırıq, tez-tez iş yeri dəyişirdin, sonuncu iş yerindən də ayrıldın. Bu nə ilə bağlıdır? Şair ruhu, ya başqa səbəb?

- Mən heç vaxt bu mövzuda publik danışmadım, publik danışmağı da sevən deyiləm. Deyəlim, bu kontekstdə mən günahkaram, onlar haqlıdırlar. Qoy o qurumlarda işləyə bilməməyim, müəyyən yerə qədər işləyib sonra çıxmağım şair ruhuma görə olsun. Olsun belə.

- Azadlığının əlindən alınmağı, standart iş yerinin yoruculuğu... Bunlar da ola bilər yəqin ki...

- Azərbaycan reallığında, bəli, mən günahkaram. İndiyə mənim oturaq işim də olmalıydı, jurnalistlərin binasından ev də almalıydım, kirayələrdən kənarda ailə həyatım da, hətta başımın altında bacanağımın oğlunun sünnət toyuna yazdıracaq pulum da. Nə etməli? Olmadı. Ya mən yerimi tapmadım Azərbaycanda, ya da mənə yer olmadı. İstənilən halda məmnunam.

- Elə biri olmaq istəyirdin?

- Bilmirəm. Bəlkə də. Amma ola bilmədim. Əsas odur narahat deyiləm buna görə. Allah hər şeyi görür və bilir. Heç vaxt Allahdan çox bilməyə tələsməmişəm.

- Tez-tez işsiz qalmısan, ancaq bundan səni şikayətlənən görməmişəm. Başqa yazarlar kimi özünü miskin və aciz vəziyyətdə təqdim etməmisən...

- Maraqlı müşahidədir. Nəinki sən, heç kim məni o cür görməyib. El dilində mənim kimi adamlara “quru bəy” deyirlər (gülür). Cibimdə 5 min manat olanda da, beş qəpik olmayanda da həmişə şuxluğumu, şaxlığımı saxlamışam. Həmin qəpiksiz günlərin biri də elə səninlə Tarqovıda gəzəndə olmuşdu. Yadındadır?

- Hə, hə...

- Onda sən mənə demişdin ki, Şəhriyar, elə gəzirsən, elə bil cibimizdə kalan pul var (gülüşmə). Görünür, bu, həm genetik məsələdir, həm də xarakterdir. Ümumiyyətlə, məzlumluğu sevmirəm. İnsan mübarizə aparmalıdır, sağ qalmaq, heç olmasa, diri qalmaq uğrunda. İnsan mahiyyətcə acizdir, bilirik, amma gərək o acizliyi üzünə vurmasın. Ən azı, öz üzünə. Rahat olmaq lazım. Məsələn, çoxları düşünür ki, görəsən, Şəhriyar niyə bizdən bu günə kimi pul istəməyib. Niyə kitab gətirib buna görə pul almayıb bizdən? Niyə hansısa məclisdə biz içəri girəndə ayağa qalxıb bizimlə xüsusi intonasiya ilə görüşməyib? Yeri gəlmişkən, Azərbaycanda dik dayanmağı da adama bağışlamırlar.

- Səni eqoist, heç kimi bəyənməyən biri kimi də tanıyırlar...

- Sənə deyim, eqoizmin çox gözəl tərəfləri var. Eqoist olmasan istənilən vaxt müti və dilənçiyə çevrilə bilərsən Azərbaycanda. Eqoizm həm də özünə, şəxsiyyətinə hörmətdir bu cəmiyyətdə.

- Ədəbi mühit sənin atanı tanıyır, hamımızla aşağı-yuxarı münasibəti var, görüşmüşük, çox yaxşı, üzündən nur yağan bir kişidir. Səndəki bu rahatlığı və azadlığın memarı da, deyəsən, elə həm də atandır.

- Dəqiq deyirsən. Atam mənim həm maddi dayağım olub, həm də mənəvi. Bayaqkı söhbətə gəldik dolayısıyla. Atamın pensiya kartı illərdir məndədir, özü verib. Harda işləmişəmsə, o, pensiya kartını məndən geri almayıb. Atam mənə öz təqaüd kartını veribsə, deməli, onun oğlu yaxşı qazanmır, qazanmayıb. İndi sən özün və bütün bu müsahibəni oxuyanlar qərar verin, mənim işlədiyim yerlərdə stabil olmamağımda günahkar kim olub? Mən, mənim şair ruhum, yoxsa bütün ömrünü saf və sağlam yaşayan, zəhmətkeş, sənin də qeyd etdiyin kimi üzü-gözü nurlu, ruhani bir kişinin pensiyasına göz dikmiş, o pensiyanı da verdiyi qısır maaşın üstünə gələn müdiriyyət yığını? Mənimlə işləyən müdir yoldaşlar ən azı atamın pensiya kartından utanmalıdırlar. Bunlar hamısı tarixdir. Əvvəl-axır utandıracaq utanılası olan hər kəsi. Təkcə mənim simamda yox, büsbütün ədəbiyyat adamlarımızın, imzalarımızın qarşısında utanacaq bütün ədalətsiz, təsadüfi adamlar. O gün uzaqda deyil. Allah hər şeyi görür.

- Atandan keçən həm də bir şey var səndə. Daha doğrusu, yaradıcılığında. Ruhani motiv... Bir dövr sən dini tənqid edirdin, daha sonra isə Hacı Şahinlə görüşməyin, məsciddə kitab təqdimatı eləməyin də linçə məruz qaldı...

- Mən dini yox, dindarların cəhalətini və mövhumatı tənqid etmişəm. Bunu bu gün də edirəm, sabah da edəcəm.

- Deyəsən, əvvəl aqnostik idin, ya da deist...

- Belə deyək, dini dünyagörüşcə bir dövr deizm çəkdi diqqətimi, sonra aqnostisizm və sonra təzədən qayıtdım ruhani mövqeyə.

- Sənin bu qəfil dəyişimin qəribə reaksiyalara səbəb oldu. Bunu kütləyə hesabladığını düşündülər.

- Kütləni də boş ver, bu nadan fikri səsləndirənləri də. Mənə görə, dinlərin içində ən gözəli İslamdır. Məsələn, biz şiəyik. İmam Hüseyn adı gələndə mənim tüklərim biz-biz olur. Evdə tək olanda belə Həzrət Əli adını ayaqüstə zikr edirəm. Mən burda rahatam və arxayınam. Vəssalam.

- Bizdə dini düşüncəni bu cür kəskin şəkildə dəyişmək niyəsə səmimi qəbul edilmir. Səni əvvəldən ateist görüblərsə, elə ateist olmağını istəyirlər...

- Yalnız ölülər fikirlərini dəyişmirlər.

- Bir dövr Şəhriyar çox məşhur idi. Ən çox haqqında danışılan şair idin. Bu şöhrətin sənə mənfi təsiri olmadı ki?

- Oldu. Amma düşünürəm ki, mən bundan qurtula bildim. 40 min izləyicisi, 5 min dostluğu olan akkauntumu sildim. 2 il feysbukda olmadım. Sonra yenidən qayıtdım və gördüm həmin kütlə yenidən formalaşır, təkrar sildim profilimi.

- Niyə bu get-gəllərdə oldun? Səni nə narahat edirdi ki? Halbuki şair, yazıçı bu cür auditoriyanın arzusundadır...

- Görünür, şöhrətli olmaqdan xoşum gəlmir. Azərbaycanda şöhrət bir müğənnilərə lazımdır, bir də həkimlərə. Ölkəni yekə bir toyxanaya və yekə bir xəstəxanaya çeviriblər. Mən televiziyaya baxanda, radio dinləyəndə heyrətə gəlirəm. Bütün TV-lərdə, radiolarda proqramlar klinikalara və toyxanalara dairdir, qonaqlar da ya həkimlərdir, ya da müğənnilər. Bu nə deməkdir? Yəni ölkənin 90 faizi fiziki olaraq, ruhi olaraq xəstədir və müğənnidir. Mənim nəyimə lazım bu şöhrət? Nə həkiməm, nə də müğənni. Amma çox yəqin, belə düşünürəmsə, xəstəyəm.

- O şöhrəti kapitala çevirə bilərdin?

- Onda da gərək manıslaşasan. Üzümüzdən iraq...

- Mən sırf messenantlıq institutunu nəzərdə tuturdum. Sənin yaradıcılıqla məşğul olmağın üçün imkanlı şəxslərin yardım etməsi məsələsi...

- Ağıllı adama o jesti heç kəs eləmir. Çox adam elə düşünür ki, Azərbaycanda messenantlıq ənənəsi yoxdur, amma elə deyil. Tağıyev kimi simamız var bizim. Tağıyevin messenantlığı gəldi harda bitdi? Heykəlləşəndə. Yəni messenantlıq Azərbaycanda heykəlləşdi. Ancaq fondlaşıb davam etsəydi, əlbəttə, faydalı olardı. Niyə davamı olmadı? Çünki Tağıyev bütləşdi. Biz indi Tağıyevə büt kimi baxırıq, messenant kimi yox. Lap əslində, Tağıyevin qızı acından öləndə Azərbaycanda messenantlıq da bitdi. Bizdə ənənə olmasa da, başlanğıc var idi. O başlanğıcın da balasını acından öldürüb özünü bütləşdirdilər. Mahiyyətcə, hər ikisi ölümdür.

- Bəlkə bunun bir səbəbi də var. Bizim xalqın təfəkküründə yazıçı, şair obrazı həmişə kasıb olub. Onlara elə gəlib ki, yazıçı, şair ac olanda daha yaxşı yazır...

- Ən faciəvi tərəfi, bizdə kitaba inam yoxdur. Belə danışanda da mənə deyirlər, dinə sataşırsan. Dinə sataşmıram e, deyirəm, Azərbaycan xalqı kitaba inanmır, yəni Qurana inanmır. Qurana inanan adam onu oxuyar. Oxumayıb axı. Azərbaycanda dindarlar belə Quranı oxumur. Quran mənim ən çox oxuduğum kitabdır, düz doqquz dəfə oxumuşam. Amma dindarlar oxumur. Şüursuz şəkildə inanırlar. Ona görə də Azərbaycan xalqı kitaba inanmır. Kitab da Qurandır. And olsun kitaba deyəndə ilk başda Quranı nəzərdə tuturuq. Ancaq digər kitablar da kitabdır axı. Kitab elə-belə məfhum olsaydı, Allah bəşəriyyətlə kitabla danışmazdı. Kitaba inanmadığı üçün bizim xalq yazıçıya da, şairə də inanmır. O inanır müğənniyə. Niyə? Çünki səsini eşidir. Eşitdiyinə inanır. Ona görə hansısa üçüncü sort müğənnini çağırır toyuna, 10 min verir. Amma Rəvan Cavidə, Ayxan Ayvaza, Seymur Baycana 3 min, 5 min manat vermir ki, get kitabını çıxart.

- Şəhriyar, Azərbaycanın müasir poeziyasını imzalara bölsək belə bir mənzərə yaranır: Ramiz Rövşən, Vaqif Bayatlı, Salam Sarvan, Aqşin Yenisey. Sonrakı ardıcıllıqda sənin imzan gəlir. Hər şair bir yenilik gətirdi. Bəs Şəhriyar şeirə nəyi gətirdi, nəyi dəyişdi? Səni daha çox Vaqif Bayatlı xətti hesab edirlər.

- Ayxancan, İradə Musayevaya, Cavanşir Yusifliyə, Elnarə Akimovaya veriləcək sualı mənə verirsən. Vallah, düzü, bilmirəm. Amma o şeirlərin bu qədər sevilməsi haqqında düşünəndə belə qənaətə gəldim ki, o şeirlərdə intonasiya yeniliyi var. O intonasiya sanki öz kökünü əruzdan alıb sərbəstə çevrilir. Orda azan sədası da var, muğam ladları da, caz da, bluz da, rep də.

- Təxminən Nazim Hikmətdəki kimi...

- Bəlkə sən də haqlısan. 22 hecalı, 16 hecalı, 15 hecalı, amma sərbəst şeirlər yazmışam. Hətta şair dostum Fərid Hüseyn maraqlı bir şey yazmışdı ki, Şəhriyarın “Küləklər” şeirini oxuyanda sənə elə gəlir, heca şeiridir, əslində isə burda hecalıq bir şey yoxdur, hamısı ahəng qafiyəsidir. Gerçəkdən, bunu yalnız Fərid kimi usta şeir duyucuları görər, o şeirdə bircə bənd belə heca vəzninin tələblərinə tam olaraq cavab vermir. Yeri gəlmişkən, mənim haqqımda ən gözəl esselərdən birini də sən özün yazmısan. Mətni sənin qədər duya bilən barmaqsayı imzalar var bizdə. Yəni özün çox yaxşı bilirsən söhbəti, sadəcə, məni danışdırırsan (gülür).

- Mən yazımda yazmışdım ki, sənin şeirlərinin oxucusu həm də o şeirlərin, misraların taleyini yaşayır...

- Dəqiq müşahidədir. Dostumuz Mövlud Mövlud intihar etmədən öncə “Yerin dibinə aparır bu şaquli darıxmaq" misrasını paylaşmışdı. Mən də feysbukda paylaşmışdım ki, şeiri mən yazdım, taleyini Mövlud yaşadı. Bir də eyni şeyi İkinci Mahmudda görüb diksinmişdim. “Əcəb içib sərxoş olub dəli olmalı gecədir bu gecə...” – belə bir misra keçən şeir paylaşmışdım. Mahmud girib şərh yazmışdı ki, əcəb içib dəli olmalı yox, əcəb içib ölməli gecədir bu gecə. Və səhəri gün eşitdim ki, infarktdan rəhmətə gedib. Ruhu şad olsun hər iki istedadlı və işıqlı dostlarımızın. Möhtəşəm insanlar və imzalar idilər. Dost kimi biz itirdik, imza kimi bütün Azərbaycan ədəbiyyatı.

- Öz şeirlərindən qorxduğun olubmu? Köhnə şeirlərini vərəqləyəndə...

- Olub. Elə şeirim olub, oxuyub heyrətə gəlmişəm ki, bunu hansı dalğada yazmışam görəsən?

- Yeni kitabın olacaqmı?

- Yaxında çap olunacaq. Həm birinci, həm ikinci, həm də kitablardan sonra yazılan, çap olunan və olunmayan şeirlər olacaq kitabda. Gözəl bir layihə çərçivəsində yayımlanacaq. Zamanında hamının xəbəri olacaq. Çox yəqin, martda.

- Adı necə olacaq kitabın?

- Adını yazıçı Vahid Məmmədli verdi: “Özümdən məşhur şeirlər”. Söhbət əsnasında yarandı bu ad. Dostlarla oturmuşduq – şair Qismət, Vahid bəy və mən. Vahid müəllim söhbətinə ayaq vermək üçün dedi ki, sənin filan şeirin var e, mən də dedim, hə, o şeir məndən məşhurdur. Dedi, nə əla dedin, elə kitabın adı da belə olsun “Özümdən məşhur şeirlər”. Beləcə də qərar verdik. Adiliyin təntənəsi (gülür).

- Sənin əsas iki şeir kitabın çıxıb: “Darıxmağın adı” və “Gecəniz şeirə”. Bu kitabların adları, xüsusən, “Gecəniz şeirə” tənqid olunurdu. Bəyənilməmişdi sanki...

- “Gecəniz şeirə” pandemiyaya düşdü (gülür).

- Bizdə “ikinci nəfəs” deyilən bir ifadə var. Adətən yaradıcılıqda növbəti mərhələni adlayanlar üçün deyilir. Sən “ikinci nəfəs”ə keçə bildinmi?

- Keçə bildim. “Gecəniz şeirə” kitabındakı şeirlərin 80 faizi “ikinci nəfəs”lə yazılmış şeirlərdir. Düzdü, onlar “Darıxmağın adı” kitabındakı şeirlər qədər populyar deyil, amma o şeirlər öz xoşuma gəlir.

- Sənin bir romanın da çapa hazırlanırdı. Nə oldu onun aqibəti?

- Hə, “Qara qutu” adlanır roman. Bu, Rusiyada – 2010-cu ildə Smolenskdə baş vermiş bir faciədən, avioqəzadan, daha dəqiq, Lex Kaçinskidən, İkinci dünya müharibəsi sonrası SSRİ və SSRİ sonrası Rusiyanın Sovetlər Birliyindən çıxmış müstəqil dövlətlərlə münasibətlərindən bəhs edir. Belə məsləhət oldu ki, romanın çapı problem yarada bilər. Ona görə də çapını dayandırdıq. Roman çap olunsa, çox güman qadağan olunacaqdı.

- Bu ikinci romanındır. İlk romanın “İntihar hörüyü”ndən necə, razısanmı?

- Yox, razı deyiləm. Gənclik havasında yazılmış roman idi. O romanın bircə təhkiyəsi xoşuma gəlir. Təhkiyə üslub yarada bilirsə, deməli, uğurludur. Hətta təhkiyənin orijinallığından yazanlar da oldu. Məsələn, Əkrəm Əylisli də yazmışdı roman haqda. Azadlıq Radiosunda müzakirə olunmuşdu deyəsən. Unutmuşam. Mən o romanı sadəcə təhkiyənin uğuru hesab edirəm. Orijinal təhkiyə idi. Roman kimi isə ortababdan aşağı roman sayıram onu. Amma o da Milli Kitab Mükafatında yer tutmuşdu. Yəqin elə məhz təhkiyəsinə görə.

- Bir dövrdən sonra şairlər tamamilə nəsrə keçirlər. Sən necə düşünürsən?

- Şeir - Allahın insana dediyidir, nəsr - insanın Allaha dediyi. Allahın mənə deyiləcək sözləri qurtaranda mən də tamamilə nəsrə keçəcəm yəqin.

- Şəhriyar, 35 yaşa yaxınlaşırsan. Evlilik barədə nə düşünürsən? Ailə qurmaq planın varmı?

- Bilirsən, yəqin ki, evlilik də tale məsələsidir.

- Sən o vaxt bir status yazmışdın ki, mənim evlənəcəyim qadın bu, bu kriteriyalara uymalıdır. Müəyyən sərhədlərin, qəliblərin var...

- İstənilən bir yaradıcı adamın həyat yoldaşı onu tanımalıdır, mahiyyətini dərk edib sevməlidir. Sevmədən yaradıcı adama dözmək çətin məsələdir.

- Həm də yaradıcılığını sevməlidir...

- Dəqiq. O bilməlidir ki, sənin çörək almağı unutmağın hansı hekayənin süjetinə və ya hansı misraya görədir. Evlilik gününü yada salmamağın hansı filmin təsirindəndir? Yəni sənin mahiyyətinə bələd olmalıdır. Bələd olmadıqca da problemlər yaranır. Hər qadın da bir neçə taledir axı. Kişi bir taledirsə, qadın beş taledir, on taledir. Azərbaycan cəmiyyətində xüsusilə belədir. Qadın atasının, qardaşının, anasının, bacısının, oğlunun, qızının taleyini yaşayır. Kişi isə bircə taledir, o da öz taleyi. Bu qədər çox taleyi olan qadını niyə üzəsən, niyə qırasan ki? Mən bunu istəməmişəm heç vaxt.

- Yəni bədbəxt olar səninlə evlənsə?

- Bədbəxt deməyək. Sarsılar sadəcə. Yəni onun sarsıntısını istəməmişəm. Öz taleyimin arxasınca düşüb gedən adamam. Taleyi idarə etməyə cəhd edənlər axmaqlardır. Ancaq qadınlara qarşı çox həssasam. İstəmərəm ki, o qadın məndə sarsılsın.

- Səninlə bacara bilməz? Onu deyirsən?

- Yorular yəni. Amma bu o demək deyil ki, məni başa düşən qadın yoxdur, filan-bəsməkan. Elə deyil. Azərbaycanda kifayət qədər möhtəşəm qadınlar var. Bəlkə də Azərbaycan qadını qədər sevməyi bacaran, fəda ola bilən qadın yoxdur.

- Sənin daxilində bir mühafizəkarlıq da var. Ona görə də çətin adam təəssüratı yaradırsan.

- Mühafizəkarlığı ümumən qorumaq, mühafizə etmək mənasında götürsək, eləyəm. Mən sevdiyim hər nəyə qarşı mühafizəkaram. Ayaqqabıma, avtomobilimə, kitabıma, o cümlədən qadınıma da. Mənimcə, sevgisinə qarşı hər kəs mühafizəkardır və ya belə olmalıdır. Türk kişisinə yaraşan qədər mühafizəkarlıq – nə artıq, nə də əskik.

- Sənin bu millətçiliyini də tənqid edirdilər. Dünyada yazıçı, şairin daha çox kosmopolit olduğunu deyənlər var.

- Kifayət qədər milliyyətçi şairlər, yazıçılar da var.

- Ancaq bugünkü dünyanın diktəsi bu istiqamətdədir. Millətçi olmaq sanki geridəqalmışlıq kimi qələmə verilir.

- Məncə, bunlar həll olunmuş mövzulardı. Heç bugünkü dünya da mənim könlümcə deyil, açığı. Dünyanı bambılıya çeviriblər əməlli-başlı. Mən türkəm də, neyniyim, gedim bu basabasda erməni olum?

- Bu millətçilikdə kütləyə oynamaq, xal qazanmaq meylləri vardımı?

- Qətiyyən. Dünya türklərdən ibarət deyil ki.

- Şəhriyar, yenidən aktiv dövrünə qayıdacaqsan? Nə düşünürsən bu haqda?

- Azərbaycan cəmiyyətində yox, bəlkə də Türkiyə cəmiyyətində qayıdacam.

- Yəni gedirsən Azərbaycandan?

- Vətən elə bir yerdir ki, ordan axıra qədər getmək olmur. Həmişə bir ayağın burda qalır. Mən qürbətin nə olduğunu yaxşı bilirəm, hər üzünü görmüşəm – təkadamlıq kameralarından, Təbrizlərindən tutmuş çoxadamlıq Kiyevlərinə qədər. Amma nə deyim? Mən öz yerimi tapa bilmədim buralarda. Yaxud, belə deyək, mənə bir yer tapılmadı. Bəlkə də o yer heç vaxt olmayıb və bundan sonra da heç vaxt olmayacaq. Sadəcə 5-10 şeirlik göy üzü, vəssalam...

- Qayıtmayacaqsan?

- Bilmirəm... (gözləri dolur və danışa bilmir)

# 7919 dəfə oxunub

Oxşar xəbərlər

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

Gizli-gizli sevişdiyim dostumun bacısı – Oğuz Ayvaz

15:28 11 dekabr 2024
“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

“Şuşa - İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” adlı kitab sərgisi təşkil olunub

13:00 11 dekabr 2024
Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

12:37 11 dekabr 2024
"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

"Avroviziya"da qaydalar dəyişdi - SƏRT QAYDALAR

11:30 11 dekabr 2024
Məşhur aktyor biznes qurur

Məşhur aktyor biznes qurur

10:00 11 dekabr 2024
"Kuruluş Osman"da daha yeni aktyor

"Kuruluş Osman"da daha yeni aktyor

09:30 11 dekabr 2024
# # #