Şəhərdən qaçan insanlar - Sevda Sultanova yazır...

Sevda Sultanova, kino-tənqdiçi

Sevda Sultanova, kino-tənqdiçi

8 iyul 2022
# 17:00

Kulis.az Sevda Sultanovanın yeni yazısını təqdim edir.

Pandemiya dönəmində evlərə qapanmaq insanları alternativ həyat tərzi haqda düşünməyə vadar elədi. Və bu düşüncə bir qism insanı, hələ pandemiyadan öncə, 2010-cu illərdə meydana gəlmiş kotteckor (kottec sözündəndir) həyat tərzinə marağını artırdı. İlk dəfə bu tərz haqda 2018 ci ildə danışılmağa başlasa da, hərəkat pandemiya dönəmində sosial şəbəkələr vasitəsilə daha çox populyarlaşdı.

Sosial həyatdan təcrid olunan insanların müəyyən qismi bina evlərindən şəhərkənarı evlərə daşındılar və sosial şəbəkələrdə yeni həyat tərzini əks etdirən fotolar yerləşdirməklə bunu trendə çevirdilər.

Kotteckor estetikası keçmişə, ənənələrə qayıdışdır. Mahiyyətində keçmişə nostalgiya hissi dayanan kotteckor sadə kənd həyatını idealizə eləyir, urbanist həyatdan usanan fərd kənd işləri – bağçılıqla, dulusçuluqla, əkin-biçinlə məşğul olur. İnternetsiz, mobil telefonsuz həyat, bağçada gəzinti, kamin ətrafında qiraət, kiçik kənddə sakit, ölçülü yaşamaq getdikcə çox insana cazibəli gəlir.

Zamanla, sözügedən yaşam tərzini özündə təcəssüm eləyən geyim modelləri də meydana gəldi. Moda şirkətləri kotteckoru seçən insanlar üçün al-əlvan, naxışlı, çiçəkli-böcəkli, müxtəlif meyvələri əks etdirən parçalardan tikilmiş uzun, çoxqatlı, yüngül əlbisələr istehsal edirlər. Eyni zamanda həsir şlyapalar, kətan parçadan enli, rahat və toxunma geyimlər kotteckor üslubunu seçənlərin qarderobunun əsasını təşkil edir.

Bu üslub evin interyerinə də təsir göstərir.

Ümumiyyətlə, insanın psixikasına müsbət təsir göstərən hər şey bu trendin əsas xüsusiyyətləridir: naxışlı, rəngli pərdələr və qab-qacaqlar, plastik əşyalardan imtina, keramika və ağacdan düzəldilmiş predmetlərə üstünlük verilməsi, canlı yaxud qurudulmuş çöl çiçəkləri, dekorativ və bağça gülləri. Otaqları bəzəyən əşyalar, aksessuarlar bahalı olmamalı, əl işlərinə üstünlük verilməlidir. Bir sözlə, kotteckor təbii olan hər şeyi dəstəkləyir. Və interyerdə əsasən, pastel rənglər – bej, mavi, incə çəhrayı, yaşıl çalarlar nəzərə çarpmalıdır.

Kotteckor üslubunun xüsusiyyətlərini özündə birləşdirən toylar da tədricən dəbə düşdü. Toy mərasimləri yaşıl çəmənlikdə keçirilir, gəlinlər yüngül makiyaj edir, sadə gəlinlik geyinir, aksessuar kimi isə başlarına gül çələngi, əllərinə səbət götürməklə kifayətlənirlər.

Məşhurlar arasında bu həyat tərzini sosial şəbəkələrdə ilk təbliğ edənlərdən biri futbol ulduzlarından biri Devid Bekhem idi. Şəxsi hesabında yaşadığı kənd həyatını, arıçılıqla məşğul olduğunu əks etdirən fotolar paylaşan Bekhemin qarderobunda rezin çəkmələr, panamalar, toxunma sviterlər xüsusi yer tutur.

Aza qane olmağı, kiçik xoşbəxtiklərdən zövq almağı aşılayan kotteckor kimi hərəkatlara meyl, əslində, qədim dövrlərdə də mövcud olub. Avropa mədəniyyətində Arkadiya adlanan idillik, sakinləri təbiətlə harmoniyada yaşayan məkan anlayışı müəyyən dövrlərdə aktual olub.

Qədim Yunanıstanın tarixi vilayətlərdən sayılan, əhalisi əsasən maldarlıqla məşğul olan, toxunulmaz, bakirə təbiətin, sadəliyin metaforuna çevrilmiş Arkadiya konsepsiyası İntibah dövründə və Yeni çağda populyar idi.

Antik dövr ədəbiyyatında, çoban həyatını idilliya şəklində təsvir edən poeziya bukolika adlanırdı. Antik yunan şairi, çobanların həyatını poetik təsvir edən Feokrit bu poeziyanın əsas nümyəndələrindən sayılır. Həmçinin, Roma şairi Vergilinin şeirərində təbiət fonunda xəyali dünya, sevgi hekayələrini danışan çobanlar təsvir olunur.

Avropa ədəbiyyatında, musiqisində, təsviri sənətində geniş yayılan pastoral janrı da fransızcadan tərcümədə çobansayağı, kəndsayağı mənasını verir. Pastoral janrı sadə, hüzurlu kənd həyatını poetikləşdirirdi. Vivaldi, Bax, Bethoven və digər bəstəkarlar yaradıcılıqlarında pastoral janra müraciət ediblər.

Təsviri sənətdə isə Tisianın, Pussenin, Buşenin və digər rəssamların tablolarında hüzurlu kənd həyatı əksini tapıb.

Bəzi Avropa ölkələrində də müəyyən fərqlərlə analoji həyat tərzləri mövcuddur. Bunlardan biri Skandinaviya ölkələrində, xüsusən, Danimarkada yayılmış hyuqqe tərzidir. Komfort və rahatlığı ifadə edən hərəkat son illər Danimarka mədəniyyətində əhəmiyyətli yer tutur.

Bu, qayğısız, təhlükəsiz həyata can atan, psixoloji komfort, əmin-amanlıq arzusunda olan insanların seçimidir.

Hyuqqenin xüsusiyyətləri aşağıdakılardır: olduqları məkanda – ofisdə, evdə mümkün qədər rahat ortam yaratmaq, yaxın dostları qonaq çağırmaq, ləziz təamlar yemək və yemək hazırlamaqdan həzz almaq, aktiv həyat tərzi, rahat geyimlərə üstünlük vermək, kiçik xoşbəxtliklərdən həzz, zövq yaşadan hobbi ilə, yaradıcılıqla məşğul olmaq.

“The Guardian” qəzeti kotteckoru sağlam, təmiz ətraf mühiti fetişləşdirməyə çağıran vizual və obrazlı hərəkat adlandırır. Sadə, minimalist yaşamağı prioritetə çevirən kotteckora meylin əsas səbəblərindən biri müasir dövrün toksik informasiyalarından, böyük şəhərlərin yaratdığı böhrandan, stressdən qaçmaq cəhdidir. Hind əsilli amerikalı rejissor Nayt M. Şyamalanın “Kənd” filmində də qəhrəmanlar uşaqlarını cürbəcür təhlükələrdən qorumaq üçün qalın meşədə kənd tikir və oradan illərlə kənara çıxmırlar.

# 2279 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

Filarmoniyada “Üç gözəlin bir arzusu” konserti keçiriləcək

16:22 13 dekabr 2024
# # #