Sazımız, sözümüz, ruhumuz - Loğman

Sazımız, sözümüz, ruhumuz - Loğman
1 noyabr 2023
# 15:15

Kulis.az Loğmanın "Sazımız, sözümüz, ruhumuz" adlı yeni yazısını təqdim edir.

Rəmz

Saz təkcə musiqi aləti deyil, həm də rəmzdir, rəmzləşməkdir, hava ilə, havacatla yazılmış tariximizdir.
Yaddaşlara, ürəklərə həkk olunmuş tarix daha uzunömürlü, daha unudulmazdır, çünki nəsildən-nəslə ötürülür.
Kitablar məhv edilə, yandırıla bilər, amma xalqın yaddaşına döyülmüş yazılar ruhuna hopur, əbədi qalır.
Yaddaşımıza çəkilənlər sazla dərinləşir, yenilənir, durulur.
Saz – mənəvi dəyərlərimizin daşıyıcısıdır.
Saz – əməldir – ülvi mahiyyəti müqəddəslik səviyyəsinə qaldırmaqdır.
Şeh damlasında vətəni görməkdir.
Çiçəkdə, çəməndə yurda bağlanmaqdır.
Dağ ilə qardaş olmaqdır.
Bulaq suyu kimi təmizdir, safdır, bacı isməti kimidir – həyalıdır saz.
Saz – gözəlliyin ilahi tərənnümüdür.
Sazı dinləyən gözəlliyə biganə qala bilmir, vəcdə gəlir – gözəlliyə layiq.
Saz – vurulmaq mədəniyyətidir, durulmaq ləyaqətidir.
Gözəllik qarşısında, gözəl qarşısında, müqəddəslik qarşısında baş əyməkdir. Gözəlliyi yurda tən tutmaqdır.
Gözəlliyi and yerinə çevirməkdir.
Gözəllik uğrunda döyüşmək borcudur.
Gözəllik qarşısında özünü unutmaqdır.
Gözəllik qarşısında özünü itirməkdir.
Gözəllikdə itməkdir.
Aşiqlik səlahiyyətidir.
Saz – sehr məqamıdır, sehrlənməkdir.
Gözlərə köçmək.
Çöhrələrə qonmaq.
Çöllərlə bir olmaq.
Yollarla uzanmaq.
Üfüqlərə qovuşmaq.
Dağa dönmək, meşəyə dönmək, çay olmaqdı.
Yağış kimi yağmaq.
Kövşən ətrinə qarışmaq.
Toxum kimi səpilmək, zəmi kimi boy verməkdir.
Başqa cür ola bilməməkdir.
Vətənin hər şeyi olmaqdır.
Vətənləşməkdir!

Zəriflik

Tellərdə səhər mehinin xəfifliyi, dodaqlarda təbəssüm işığı, ləçəklərdə kəpənək ətri var.
Qürub çağı ayrılıq nisgilini, axşamlar qəriblik havasını gətirir içimizə.
Gəlin örpəyində ismət şölələnir, dünya həyalanır.
Durna qatarında son haray, qəm ləngərlənir.
Ana laylasında yaz təravəti, süd qoxusu könlümüzü ovsunlayır.
İxtiyar gözlərindəki hüznə əyilir, yazdan qabaq gələn bahar ruhuna qovuşuruq.
Zəmi kimi dənizlənir, dalğalanırıq.
Könlümüz xırman yerinə dönür – döyüldükcə-döyülür.
Önümüzdə açılır zəriflik üfüqləri, varlığımıza hakim kəsilir saz incəliyi.
Saz – çağırışdır.
Saz dünyanı eybəcərliklə, fəndgirliklə, müxənnətliklə – həmzəliklə döyüşə səsləyir.
Saz dünyanı zərifliklə, gözəlliklə, sevgi ilə görüşə səsləyir.
Zəriflik dünyanı təbəssümləndirir.
Dünya dəyişir.
Meşə ağac dilində, bulaq yarpız dilində, çəmən çiçək dilində, axşam qərib dilində, ağac yarpaq dilində, dağlar duman dilində, göylər bulud dilində, zəmi lalə dilində, insan sevgi dilində danışır.
Yurdun sinəsində saz adlı zəriflik bayrağı dalğalanır...

Söz

Sözün musiqiyə, musiqinin də sözə çevrildiyi yerdir – saz.
Sözün musiqiyə, musiqinin də sözə sevildiyi görüş yeridir – saz.
Sözün musiqiyə, musiqinin sözə qovuşduğu məqamdır – saz.
Çünki sözlə musiqi bir-birini alır, bir-birini tamamlayır, qoşa gedir, bərabər çiçək açır.
Saz – sözlə musiqinin ayrılmazlığının təsdiqidir, sözlə musiqinin vəhdətidir. Bu mənada aşıqlıq sözlə musiqinin aşiqliyidir.
Saz – sözün əməl mərtəbəsinə qalxmasıdır.
Sazın öz sözü – öz şeiri var, özgəsini tanımır, özgəsi havaya yatmır.
Bu, sazın doğmalığıdır, bütünlüklə xalqa məxsusluğudur, milliliyidir.
Söz müəyyən mənada soyumuzdur. Çünki hər sözümüz kökümüzdən xəbər verir. Ona görə də müdriklərimiz hər sözün üstündə əsirdilər.
Söz – müqəddəsdir. Əsilliyimiz sözümüzə bərabər olmağımızdır.
Sözünə bərabər olan fədakardır, dürüstdür, özünü ötməyi bacarandır.
Söz – gücdür. Çünki insanı mahiyyətə ucalda, qovuşdura bilir.
Sözün əmələ tən olmasının ən gözəl nümunəsi Koroğluluqdur.
Koroğluluq döyüşçülükdən daha böyük anlam daşıyan vətənsevərlikdir. Koroğlunun qələbələrində saz ruhumuzun yenilməzlik rəmzi kimi tərənnüm olunur.
Koroğlunun iki silahı var: biri qılıncdır, biri də qılıncdan qüdrətli söz.
Çünki Koroğlu da, dəliləri də sazın, sözün qüdrəti ilə dikəlir, qılınc kimi sıyrılır, düşmən üstünə yeriyirlər. Koroğlu əvvəlcə sazı dilləndirir, sonra döyüşə atılır, cidal burada saz çalmağın davamı kimi üzə çıxır.
Burada "dəlilik" əslində ölçüyə sığmazlıqdır.
Axı döyüşə belə vurulmaq, məftun olmaq, döyüşlə yaşamaq heç bir ölçüyə sığmır, dəlilik biçimində görünür.
"Dəli" özünü döyüşlə təsdiq edir.
Vətən uğrunda döyüşə getmək toy-bayrama çevrilir.
Vətən uğrunda döyüşə getmək saz dinləmək qədər adamı özünə çəkir.
Saz Vətən sevgisindən "dəli" olmağın rəmzidir.

Aşiqlik

Aşiqlik – vəcd anıdır.
Aşiqlik – dünyanın nağıl məqamıdır.
Aşiqlik – yanmaqdır; yanmaqla təmizlənmək, saflaşmaqdır; yanmasan, qanmazsan; qanmasan, arınmazsan.
Aşiqlik – sevgini dünya ilə tən tutmaq, insanı dünyalaşdırmaqdır.
Yalnız aşiq olan, insanın dəyərini bilər, dünyaya bərabər olduğunu anlayar.
Aşiqlikdən həmişə qəm ətri gəlir.
Çünki nə qədər sevsən, qovuşmağa yetməz.
Çünki sevgi sevdiyindən böyükdür.
Qovuşmaq sevginin zirvəsi deyil. O, sevgi adlı dağın yalnız ətəkləridir, amma dağın özü deyil, dağın o biri üzü deyil.
Qovuşmaq sevgini ifadə etməyin ən bəsit yoludur, cəhddir.
Sevginin dəyəri qovuşmaqda deyil, sevməyin özündədir.
Sevginin sevməkdən böyük mükafatı yoxdur.
Sevməkdən təmənna ummaq naşılıqdır. Bizdə sevgi yaradan, bizi aşiqlik zirvəsinə ucaldan gözəllik hər cür heyrətə, sevgiyə layiqdir. Bu mənada aşiq olmaq qovuşmaq üçün deyil, sevmək səlahiyyətidir, sevmək ixtiyarı qazanmaqdır.
Aşiqlik – sevgiyə verilən dəyərdir.
Çünki sevgini başqa cür qiymətləndirmək onu dəyərdən salır, kiçildir, endirir, cılızlaşdırır.
Aşiqlik həm də iç sözdür – sirdir.
Sirdən sirli danışmaqdır. Sirri bəyan etməməkdir, onu elə sirr kimi sevmək, sirr kimi əzizləmək, sirr kimi saxlamaqdır. Sirr bəyana sığmadığından onun gözəlliyi gizli qalmasındadır.
Aşiqlik – qəmlə barışmaqdır, qəmə sirdaş olmaqdır, qəmi qəlbə çağırmaqdır, qəmin sehrinə məftunluqdur.
Aşiqlik – sirrə boylanmaqdır, sehrə, nağıla qanadlanmaqdır.
Aşiqlik – ayrılıqdan yaz düzəltməkdir, ayrılığı sevgiyə bərabər tutmaqdır.
Sevgidən doğan, sevgidən yaranan nə varsa əvəzsizdir, müqəddəsdir.
Əsl sevgidə udmaq, uduzmaq yoxdur, çünki hər ikisi eyni səadətdir.
Aşiq olmayan dünyanın dəyərini anlamaz. Yalnız aşiq olan özünü və dünyanı tanıya, dərk edə bilər, dünyanın mahiyyətinə çatar, müdrikləşər, kamilləşə bilər.
Bu mənada aşiqlik elmdir, məktəbdir.
Aşiqlikdən böyük ariflik yoxdur!

Ruhumuz

Sazın göyləri ürəklərdir. Sazın səsi ürəklərə hopur, könüllərə yazılır, əbədi qalır.
Saz – mənəviyyatımızın pozulmaz, silinməz kitabıdır. Çünki saz qədər bizi, türklüyümüzü, ruhumuzu, halallığımızı, yaxşılığımızı ifadə edən ikinci bir yol yoxdur.
Saz – türkün sinəsindən çıxarıb dünyaya verdiyi ürəyidir.
Saz – bizim millət kodumuzdur.
Saz – ruhumuzun yenilməzliyidir.
Saz – türklüyümüzün himnidir.
Ruhunu bayraq edənlərin, dünya ilə döyüşə girənlərin qələbəsi möhtəşəmdir. Bütün qələbələrimizin kökündə ruhaniyyətimiz, bütün məğlübiyyətlərimizin kökündə unutqanlığımız dayanır.
Saz – qədimliyimizdir, qopuzun doğmaca övladıdır. Dədə Qorqudun ulusa söylədiklərini qopuzsuz təsəvvür etmək mümkün deyil.
Dədə Qorqud – ozanların piri, ozanların başıdır. Türk ulusunun dədəsi, ağsaqqalıdır. Türkə xas olan dəyərlərin bütöv yeridir, tamıdır Dədə Qorqud.
Dədə Qorqud – ağıl, zəka, düşüncə müəllimidir.
Dedə Qorqud – düzlük, sözünə tən olmaq, müqəddəs dəyərlər uğrunda döyüşmək və ölmək, ailə, insan sevgisini hər şeydən uca tutmaq, əxlaq və yaşam dərsidir. Hər kəsin, hər şeyin adını o qoyur. Çünki hər şeyin qiymətini, dəyərini o bilir.
Dədə Qorqud – Türk meyarıdır, ölçü vahididir. Bütün Türk dünyasının tarixi və əfsanəvi ulularının ən önəmlisidir.
Dədə Qorqud – Türkün ruhudur.
Saz – Dədə Qorqud ruhunu bu günə daşıyan əsgərdir.
Saz – ruhumuzun təlatümüdür.
Saz – zamanın soldura bilmədiyi dəyərdir.
Saz – yaddaşlarda qalan tarixdir.
Saz – milləti təsdiq edən sənəddir.
Saz – xalqın kimliyidir.

# 1392 dəfə oxunub

Oxşar xəbərlər

İranda hicabsız konsert verən müğənni saxlanıldı

İranda hicabsız konsert verən müğənni saxlanıldı

14:10 14 dekabr 2024
Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

Məşhur müğənninin anbardan naməlum mahnıları tapılıb

13:23 14 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin "Manas" Qırğızıstan-Türkiyə Universitetində tədbiri keçirilib

11:24 14 dekabr 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 13 dekabr 2024
Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

Lənət, dəhşətli cinayətlər və qara magiya - Ən məşhur 8 qotik roman

17:00 13 dekabr 2024
# # #