Kulis.az Orxan Adıgözəlin “Divara qarşı” yazısını təqdim edir.
Psixologiya, insanın siqaretə və alkoqollu içkilərə aludəliyini onun dərin “boşluq”ları ilə əlaqələndirir. Belə vərdişlərin stressi azaltmaq kimi “yalançı” hisslər yaratması var. Əlbəttə şəxs ləzzət almaq naminə də fəal siqaret və içki düşkünü ola bilər. “Dərddən deyil, həzzdən” qaynaqlanan bu nüans Ziqmund Froydun məlum nəzəriyyəsi olan “şəxsiyyətin psixoseksual inkişafının spesifik mərhələləri”nin ilkin çağından qalma əlamətdir. Belə ki, uşağın 0-1,5 yaşa qədər olan “oral” mərhələsi, adından da göründüyü kimi ağızla bağlıdır. Oral dövrdə ilk həzz mərkəzi ağız hissəsidir və təbii olaraq uşağın əsas tələbi qida olur. Öz əhatəsi ilə əlaqə qurmağa can atan uşaqlar əlinə nə keçdi ağzına aparırlar. Oral dövrdə süddən tez kəsilmə olduqda və ya təbii təlabatı ödəmək üçün əmzik verilmədikdə, gələcəkdə həmin şəxslərdə asılılıq keyfiyyətinə rast gəlinir. Nəticədə əmzik və ana südünü yetərincə əmməyən uşaqların yetkin yaşda siqaret və alkoqollu içkilərə kəskin meyili “oral mərhələ”dən qalma mirasdır. Bütün bunlar təbii ki, şüurlu yox, şüuraltı səviyyəsində baş verir.
2003-cü ildə çəkilən “Gegen die Wand”(“Divara qarşı”) filminin qəhrəmanları da fəal siqaret və alkoqollu içki istifadəçiləridir. Film boyu çox az məqam ola bilər ki, onları siqaretsiz və ya içkisiz görə bilək. Türk mənşəli alman kinorejissor və ssenarist Fatih Akının çəkdiyi “Divara qarşı” bədii film ilə izləyiciyə psixoloji nöqteyi-nəzərdən çox şey ötürməyə çalışıb.
Hadisələr əsas etibarı ilə Almaniyada baş verir. Cahid, Sibel ilə klinikada rastlaşır. Onları bura gətirən səbəb intihara cəhddir. Cahid gecə klubunda təmizlik işləri ilə məşğul olan 40 yaşlı kişidir. O, həyat yoldaşının ölümündən sonra rahatlıq və amanlıq tapa bilmir. Buna görə sürdüyü avtomobili divara çırpıb həyatına qəsd etmək istəyir. Sibel isə Hamburqda doğulub böyüyən, ancaq qatı mentalitetin hökm sürdüyü mühafizəkar ailənin qızıdır. Onun da ilk evliliyi uğurlu olmur. Əsas istəyi isə ətrafdakı gənclər kimi müstəqil həyat yaşamaq, əylənməkdən ibarətdir. Ailəsi isə buna qəti qarşıdır və gənc qızın qarşısına tələb qoyub ki, “doğru-dürüst” bir türk kişisinə ərə getsin. Sibel biləyini doğrasa da ölümdən xilas olur. Eyni klinikada müalicə aldığı Cahidin türk olduğunu biləndən sonra ona evlənmə təklifi edir. Bu saxta evlilik Sibelin müstəqil olması üçün zəruridir. Cahid üçün isə həyat mənasızlaşıb və o, necəsə bu saxta nikahın reallaşmasına razılaşır.
Fatih Akın qəddar, eyni zamanda incə film yarada bilib. Qəhrəmanlara baxdıqca insanın ürəyi ağrıyır. Onların daxili boşluqları elə bil geniş borudan izləyiciyə ağırlıq havası ötürür. Film boyunca melanxoliya meydan sulayır və istər-istəməz insanı kədərlənməyə təhrik edir.
Sibelin hiperseksuallığı və ya nimfomanlığı uşaqlıqdan bəri qadağalarla idarə olunmasından qaynaqlanır. O, çoxlu kişi ilə cinsi yaxınlıq yaradır. Bu isə Cahidə ərə gəlib, “müstəqillik” əldə edəndən sonra reallaşır. Bu sayaq cinsi azğınlıq şüuraltının münbit şəraitdə üzə çıxan formasıdır. Ona görə gənc qıza “əxlaqsız” damğası vurmağa çalışmaq böyük anlayışsızlıq olardı.
Akının əksər filmlərindəki kimi onun doğulduğu şəhər olan Hamburq şərq və qərb kəsişməsinin başlanğıc yolu kimi göstərilir. Rejissor elə ilk məqamlardan şəhərin çirkli, qaranlıq yönlərinə və burdakı türklərin həyat nişalərinə işıq salır. Şəxsi identifikasiya tamamlanması, immiqratların ənənəvi çətinlikləri ilə bərabər, Akın öz filmi ilə türklərin Almaniyada doğulsalar da türk olaraq qaldığını çılpaqlığı ilə göstərir.
Bu yanaşma bəlkə də modern qəbilə təfəkkürünə və türk mentalitetinə qarşı atılan daşdır. Təzad ondadır ki, qəhrəmanların Türkiyəyə getməsi məsələsi təkcə “Divara qarşı” filmində yox, Fatih Akının digər filmlərində də özünü göstərməsi ilə müəllifin “özünə-kökünə qayıdış” prinsipini aşkar hiss etdirir.
Filmin başlanğıcında müğənninin İstanbulda dəniz kənarında, məscidin fonunda kədərli mahnı oxuması da müəllifin niskilindən, xalqı üçün olan kədərinin simvolik halından xəbər verir. Yanıla da bilərəm. Həmin səhnələr məndə o cür əhval oyatdı.
“Qızıl ayı” kinomükafatına layiq görülən “Divara qarşı” filmini maraqlı edən cəhət həm də oradakı sevgidir. Bu ənənəvi birləşmə və ya ayrılıqla bağlı bol dramatizm qoxuyan sevgi deyil. Əsas etibarı ilə sevginin ümumi orqanik tərəfi göstərilir ki, o, hətta sonda birləşmə gətirməsə də toxunduğu kəsləri sağaltma gücünə malik olduğunu göstərir. Bu gücün özü elə qələbənin rəmzidir.
Sibel və Cahidin rolunu oynayan aktyorlar rollarını o qədər məharətlə ifa edirlər ki, izləyici bu adamlara böyük simpatiya ilə bağlanır. Filmdəki çoxsaylı psixoloji detalları və daxili dünyanın dəyişikliyini əntiqə şəkildə nümayiş etdirdiklərinə görə hər iki aktyora – Sibel Kekilliyə və Birol Ünelə dərin təşəkkürümü bildirirəm. Belə zövq yaşatdığı üçün də təbii ki, Fatih bəyə də minnətdaram.
Müəllif “Divara qarşı” filmi ilə türkləri geriyə atan qəlibləşmiş mental fikirlərə və xurafata qarşı gəlir və izləyiciyə alman praqmatizmi ilə, türk emosianallığının qarışıq kokteylini təqdim edir. İçib, içməmək sizin seçiminizdir.